Hind filmlərindən təsirlənən milli komediyamız - Aygün Aslanlı yazır...

Hind filmlərindən təsirlənən milli komediyamız - Aygün Aslanlı yazır...
12 fevral 2021
# 13:44

Son bir neçə ildə Azərbaycanda istehsal olunan, afişalarında janr olaraq “komediya” yazılan filmlərə baxıb tez-tez “niyə bizdə ancaq komediya çəkirlər, digər janrlara niyə az diqqət ayrılır?” deyə şikayətlənirik, bunun səbəblərini maddiyatda axtarırıq, tamaşaçıların da, o filmlərin yaradıcılarının da intellektual səviyyəsini sorğulayırıq.

Əslində, o qədər də yanılmırıq. Belə baxanda, həqiqətən də, komediya çəkmək digər janrlara nisbətən daha ucuz başa gəlir və riski azdır. Digər janrlarda bu məsələ bir az qəlizdir. Detektiv, melodram, psixoloji-dram, hətta triller, döyüş, qorxu filmləri də dəqiq işlənmiş ssenari, daha mürəkkəb dramaturji struktur, dərin personajlar, maraqlı, cəlbedici vizual həll tələb eləyir. Bu isə daha müasir texnika, daha böyük yaradıcı heyət və deməli, daha çox maliyyə deməkdir.

Amma sadalananlar aysberqin sadəcə üst qatıdır. Bizim xalq olaraq komediya sevdamızın kökləri iki əsr əvvələ - düz Mirzə Fətəli Axundova qədər uzanır.

Heç özünüzə sual vermisiniz ki, mədəniyyətində ağırbaşlı muğamatın, romantik-poetik aşıq havalarının, sevgi, qəhrəmanlıq dastanlarının üstünlük təşkil etdiyi bir məmləkətdə M.F.Axundov niyə komediya janrını seçmişdi? Çünki Avropa maarifçiliyinin nümayəndələrini oxuyan, rus mədəniyyəti ilə yaxından tanış olan Axundov öz xalqının tərəqqisini, yenilənməyini istəyirdi, yəni o da maarifçiliyi özünə ideologiya seçmişdi. Bir də tanış olduğu avropalı müəlliflər arasında ona ən çox fransız dramaturqu Jan Batist Molyer təsir eləmişdi. “Sərgüzəşti Mərdi-Xəsis” (“Hacı Qara”), “Hekayəti Xırsi-Quldurbasan” “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və s. pyesləri məhz Molyerin təsiri altında yazılmışdı. Axundova “müsəlman Molyeri” titulunu əbəs yerə verməmişdilər ki?!

Mirzə Fətəli Axundov Azərbaycan ədəbiyyatında yeni bir yol salmışdı və sonrakı illərdə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və digərləri də - “Molla Nəsrəddinçilər” - həmin yolu – cəmiyyətin qüsurlarını öldürücü satira dili ilə göstərməyi seçmişdilər.

Odur ki, bizim komediya janrına daha meyilli olmağımız o qədər də təəccüblü fenomen deyil. İndi, gəlin, köklərimizdən müasir dövrə, vizual sənətə qayıdaq.

Əvvəlcə onu qeyd edək ki, Sovet dönəmi və daha sonra müstəqillik illəri də daxil olmaqla Azərbaycanda komediya janrında çəkilən filmləri şərti olaraq üç mərhələyə bölmək olar.

60-cı illərə qədər olan dövr – bura sosialist realizminin, tənqidinə icazə verdiyi problemlərə toxunan filmlər aiddir – “Mavi dənizin sahilində” (rej: Səməd Mərdanov, Boris Barnet; 1935), “Məhəbbət oyunu” (rej: A.M.Şərifzadə;1935) və s. Kommunizm qurmağa mane olan və ya bu prosesdə iştirak etməyən “ünsürləri”, tənbəlliyi, istehsalat tüfeyliliyini hədəf seçən bu tip filmlərə 50-60-cı illərdə musiqi də əlavə olunur. Belə ki, həmin illərdə SSRİ Hindistanla yaxın münasibətlər qurmuşdu və bu çərçivədə Sovet İttifaqının respublikalarında hind kinosu həftələri keçirilirdi. Təbii ki, Azərbaycan da istisna deyildi. Hind filmlərinin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanması yerli kinoda musiqinin dominantlığı ilə nəticələnmişdi: “Bəxtiyar” (rej: Lətif Səfərov; 1955), “Görüş” (rej: Tofiq Tağızadə; 1955), “Romeo mənim qonşumdur” (rej: Şamil Mahmudbəyov; 1963), “Ulduz” (rej: Ağarza Quliyev; 1964) və s.

Elə burdaca bir haşiyə çıxıb deyək ki, sovet dövründə Azərbaycan kinosunda komediya, tez-tez müraciət edilən bir janr olmayıb. Hətta “Arşın mal alan” (rej: T.Tağızadə; 1965), “Poçt qutusu” (rej:H.Seyidzadə; 1956) kimi ekranizasiyaları nəzərə almasaq, təxminən, 70-ci illərin sonu 80-ci illərə qədər komediyalar çəkilməyib. Bunun bir səbəbi film istehsalının məhdudluğu idisə (ildə 3-4 film), digər səbəbi də komediya janrının təhlükəli olmasıydı. Komediya – gülüş istər fərdi, istər ictimai anlamda, demək olar ki, həmişə hansısa problemləri hədəf alır. Sovet dövründə də hər şeyi gülüş hədəfinə çevirmək mümkün deyildi.

70-ci illərin sonlarından 90-lara qədərki mərhələdə - cəmiyyətdə siyasi ab-havanın bir qədər mülayimləşdiyi, insanların yavaş-yavaş Stalin dövrünün gərginliyindən qurtulub rahatlaşmağa başladığı dövrlərdə bu vəziyyət qismən dəyişir. Yox, tənqid yenə icazəliydi, lakin artıq müəlliflər sözlərini deyə bilməkdən ötrü fərqli üsullardan istifadə eləyə bilirdilər.

Bu mərhələ üçün xarakterik olan filmlərdən “Qorxma, mən səninləyəm” (rej: Yuli Qusman; 1981), “Vah” (rej: Cahangir Mehdiyev; 1980), “Yol əhvalatı” (rej.Teymur Bəkirzadə; 1980), “Evlənmək istəyirəm” (rej: Cahangir Mehdiyev; 1983) və s. adlarını çəkmək olar. Bu dövrə bir də Vaqif Mustafayevin “Musiqili xaş” (1984), “Yaramaz” (1988), “Yapon və yaponiyalı” (1990) filmləri də daxildir. Yeri gəlmişkən, Vaqif Mustafayev və filmləri – “Musiqili xaş”dan “Nakəs” (1991), “Fransız” (1995), “Hər şey yaxşılığa doğru” (1997), “Milli bomba” (2004), “Yoxlama” serialı (2006) və adlarını bura sığdıra bilmədiyim digər filmlərinə qədər hamısı - öz dəsti-xətti, vizual həlli, mizanları, personajları, hətta janrı ilə (qara komediya elementli absurd tragikomediyalar) Azərbaycan kinosu tarixində ayrıca bir istiqamət olduğuna görə, bu mövzunu başqa məqaləyə saxlayırıq.

Beləliklə, yuxarıda sadalanan filmləri üslubuna, ironik dilinə, toxunduğu mövzuların kəskinliyinə görə C.Məmmədquluzadə, Sabir satirasına qayıdış adlandırmaq mümkündür. Bu filmlərdə artıq çox ciddi, cəmiyyətin bəlasına çevrilmiş problemlərə - qohumbazlıq, yerlibazlıq, rüşvətxorluq, cəmiyyətin təbəqələşməsi - toxunulur.

80-ci illərdən danışanda Ramiz Həsənoğlu, Tariyel Vəliyev kimi istedadlı rejissorların gəlişi ilə başlayan, həm Azərbaycan televiziyası tarixinə, həm də tamaşaçıların “önünə” bomba kimi düşən (“V.Mustafayevin “Milli bomba”sından) telekomediyaları xatırlamasaq, olmaz. Bu tamaşalarda - “Evləri köndələn yar” (ssen: Anar; 1982), “Yaşıl eynəkli adam” (ssen: Vaqif Səmədoğlu; 1987), “Ordan-burdan” (rej: Ramiz Həsənoğlu; 1987) – daha çox Eldar Ryazanov filmlərinin təsiri duyulur. Hətta “Evləri köndələn yar”da “Taleyin ironiyası” filminə açıq göndərmə də var: elçiliyə gələn personajlar binaları səhv salırlar.

Ancaq onları əhəmiyyətli eləyən bu deyil. Sözügedən teletamaşalarda və filmlərdə artıq Cəlil Məmmədquluzadə, Sabir satirasına dönüş vardı, tənqid daha kəskinləşmiş, yumor daha keyfiyyətli olmuşdu.

Və nəhayət, üçüncü mərhələ - 80-ci illərin sonları və 90-cı illər – absurd komediyalar dövrü.

Sovet İttifaqı artıq son günlərini yaşayırdı, demək olar ki, 15 respublikanın 15-də də azadlıq hərəkatları başlamışdı. Bir sözlə, ölkə qaynayırdı və təbii ki, hərarəti kinoya da keçmişdi. Məsələn, 1989-cu ildə lentə alınmış, hökumət binasını partlatmağa gələn Əhmədlə (Əjdər Həmidov) Məmmədin (Yaşar Nuri) liftdə qalması ilə başlayan “Lətifə” filmində (rej: Nizami Musayev, Yefim Abramov) dövrün, az qala, bütün qüsurları, xaosu göstərilir. Bir neçə xətt üzrə cərəyan edən hadisələr – nazirin qəbul otağında baş verənlər, tədbirə hazırlaşan komsomolçular, haqsız yerə həbs olunmuş oğlu üçün ədalət axtaran ana və s – get-gedə absurdun pik həddinə çatır və film gözlənilməz şəkildə - uşaqların binanı ələ keçirib hərbi çevriliş etməsiylə bitir. Müəlliflər bir bina, qrotesk situasiyalar və rəngarəng personajlar vasitəsilə həm böyük bir quruluşun sonunu, həm də bu sonu gətirən səbəbləri göstərməyə nail olurlar. Yəqin, elə bunun nəticəsi idi ki, “Lətifə” filmi sovet ekranlarına vəsiqə alsa da, partiya bəzi vilayətlərdə nümayişinə qadağa qoymuşdu.

1991-ci ildə çəkilən “Girişmə, öldürər” filmində də müəlliflər (Rej.Cahangir Mehdiyev, ssen: Ramiz Fətəliyev) “Lətifə”nin üslubundan istifadə ediblər. Sadəcə burada hadisələr binada yox, “Azərbaycan” adlı gəmidə baş verir.

Gəldik, çıxdıq öz əsrimizə... “Kommersiya” komediyalarına... Azərbaycanda belə komediyaların istehsalına çoxdan başlanılsa da, proses son bir neçə ildə, daha dəqiq desək, 2014-2015-ci illərdən sonra kütləvi hal almağa başlamışdı və keçmiş günlərin, dolu kinozalların həsrətini çəkən insanları ümidləndirmişdi. Çünki kommersiya kinosunun inkişafı həm də prokatın, müstəqil müəllif kinosunun inkişafı demək idi. Qismən belə də oldu. Yerli tamaşaçı yenidən kinozallara qayıtdı, yerli filmlərə baxış statistikası əcnəbi filmlərin statistikasına nəinki bərabərləşdi, hətta zaman-zaman onu keçdi. Tamaşaçıların zallara qayıtması fərqli janrlarda işləmək istəyən rejissorları, film istehsalçılarını da ruhlandırdı. Məsələn, məhz “kommersiya komediyaları”nın axınında ekranlara çıxan Emil Quliyevin “Pərdə” (ardınca “İkinci pərdə”) dramı kifayət qədər ciddi rezonans yaratmışdı. Əfsus ki... Ya da yox, əfsus deməyək.. Bəli, “kommersiya filmləri bumu” gözləntilərimizi tam doğrultmadı, ancaq yerli kinoda canlanma yaranmasına səbəb oldu və həmin canlanma artıq dirçəlmə mərhələsinə keçib. O ki qaldı gözləntilərə... Buddanın dediyi kimi, gözləntilərimiz nə qədər az olsa, bir o qədər az məyus olarıq.

# 2890 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #