Bütün yazdıqları zarafat olan yazıçı – Dalğa Xatınoğludan esse

Bütün yazdıqları zarafat olan yazıçı – Dalğa Xatınoğludan esse
14 dekabr 2020
# 12:20

Kulis.az “Sözün güneyi” layihəsindən əslən təbrizdən olan şair-esseist Dalğa Xatınoğlunun “Modern ədəbiyyatın yolu: Gözəllik nədir?” essesini təqdim edir.

Oxucu, yoxsa yardıcı zövqü? Budur yazarları bir-birindən ayıran janrların və məktəblərin yaranma səbəbi.

Kant incəsənətdəki gözəllik haqda nə düşünür? “İnsan incəsənətdəki gözəlliyi xeyir və qazanc güdmədən sevir.” Tamamilə doğrudur, ancaq bu yanaşmada böyük bir nöqsan var

Nitsşe Stendalın dilindən, əslində, Kanta hücum edərək deyir: “Gözəllik xoşbəxtliyin müjdəsi, xoş xəbəridir.”

Budur dəqiq sənətkarın və yaradıcının gözəlliyə yanaşması.

Nitsşe haqlı olaraq Stendalı Fransanın sonuncu psixoloqu adlandırıb. Özü də sevgi psixoloqu!

Yəqin, siz “Stendal sindromu” haqda eşitmisiniz: İnsanın birdən gözəllik önündə bayılacaq duruma düşməsidir. Dəqiq budur vəcdin nə olduğu, budur xoşbəxtliyin müjdəsi və yaradıcılığın qığılcımı.

Satira və Yumor

Tarix boyu qeyri-ciddi yanaşılan və modern dövrə qədər təxminən ədəbiyyata keçməsinə icazə verilməyən satira və yumor, bu gün sənətin ən parlaq elementlərindəndir. Klassik ədəbiyyatda biz bunu qəti görə bilmirik, hətta Homerdə də nümunə yoxdur.

Zənnimcə, satira və yumor modern sənətkarların ixtirasıdır. Çağdaş demirəm, buna görə ki, intibah dövründən 18-ci əsrə qədər beş yazarda bu elementləri aydın görürük: Fransua Rable, Migel de Servantes, Uilyam Şekspir, Deni Didro, Volter.

Şeir sənəti də eynən belədir. İstər Şərq, istərsə Qərbdə, İntibah dövründən bəri, özəlliklə lirik şeirlərdə yumor və satira öz yerini tutub. Yaxın örnəyi Füzulinin qəzəlləridir. İnsan çox zövqsüz olmalıdır ki, beynində Füzulinin simasını, dodağında bir gülüş olmadan canlandırsın.

Rable, Servantes və Didro ilkin romançılar olaraq, hadisələrə və hisslərə daha təbii yanaşırdılar. Milan Kunderanın dili ilə desək, tamamilə macəra romançıları idilər.

Onlar, sənət texnikaları ilə duyğu və düşüncələri təhrif etmədən, sistem yaratmaq üçün götür-qoy eləmədən, ildırım kimi üstlərinə gələn duyğular və düşüncələri olduğu kimi təsvir ediblər.

Nitsşe filosoflar haqda da eyni fikirdədir: “Can verə-verə, uzun-uzadı düşünüb sistem qurmaq yerinə, vəcd ilə çevik düşünüb, yazanlar…”

Sözümü bir qısa örnəklə açıqlayım. Rable və adını çəkdiyim yazarlar yalnız vəcdə gəldikləri düşüncələr və hisslərdən yazıblar. Heç nəyi vəsf etmirlər, sistem yaratmırlar, sadəcə, üstünə ildırım kimi şığayan düşüncələr, təsvirlər və hissləri olduğu kimi köçürürlər. Yazıları yumor və vəcd ilə doludur.

Rable “Qarqantua və Pantaqruel” əsərində bir neçə səhifə çox dərin və fəlsəfi məsələlərdən danışdıqdan sonra, birdən körpə Qarqantuanın tualetdən sonra arxasını silmək üçün kəşf, ya da icad etdiyi bir xeyli vasitə və yolların siyahisini açıqlayır. Eyni məqamları “Don Kixot” əsərində də görürük.

Didro “Fatalist Jak” əsərində Jakın familiyasının nə olduğunu yazmır, onun ustadının da nə adı var, nə soyadı. O qədər maraqlı hadisələr və macəralar yada da düşmür. Bunun özü özlüyündə bir yumordur.

Volterin “Kandid” əsəri də elədir və ümumiyyətlə Kilsənin, habelə Qotfrid Leybnits ilə Aleksander Popun dünyasına və düşüncələrinə hücum edib, onları lağa qoyur. Onlar nə deyirdi: “Dünya ən ideal vəziyyətdə yaranıb və hər şey xoşbəxtliyə yönəlik, hər işin sonu yaxşılığa doğrudur.”

Açıq bir aldanış deyilmi?

Sistem yaratmaq çabasını biz Balzak, Tolostoy, Dostoyevski və bir çoxlarında görürük. Bunlar səhnə və xarakter yaratmaq ustalarıdır.

Səhnə və xarakter yaratmaq çabasını bir qırağa qoyub, duyğular və hadisələri əsas götürmək cəhdi, yenidən Floberlə roman dünyasına qayıtdı və indi dünya ədəbiyyatında ən çox diqqət mərkəzində olan bir elementdir.

Duyğular və olaylar…

Ən azı iki modern yazar – Frans Kafka və Edqar Allan Po özlərinin dediyi kimi əsrlərini qəhqəhə ilə yazıblar. Onsuz da sağlam zövqü olan birisi onları oxuyanda bunu dərhal hiss edir.

Söz çeşidli yazarlardan getməsin deyə, yalnız Milan Kunderanın yazılarına diqqətinizi çəkmək istəyirəm. Özəlliklə yuxarıda yazdıqlarımın böyük hissəsinə o da toxunub.

Kunderanın variantları

Qısa desəm, durumun dəyişkənliyinin insan xarakterinə buraxdığı təsiri sənətkarcasına göstərən bir yazardır. Bir az bəsit desəm, Milan Kunderanın yaratdığı xarakterlərin vücudu, situasiyadan yaranan və ondan asılı olan variantlardır.

Onların heç biri xarakter deyil, yalnız variantdır. O, insanların vücudu haqda deyil, sırf varlığı haqda danışır. Xarakterləri haqqında da çox cüzi məlumat verir. Onun üçün xarakterlərin özü yox, varlıqları maraqlıdır. Bir neçə məqaləsini, müsahibəsini və iki tənqidi əsərini oxumuşam. Özünə də romanlarındakı xarakterlər kimi davranır. Yəni, keçmişi ilə bağlı danışmaqdan boyun qaçırır. Yəqin Kundera da Floberin ideasını qulağına sırğa edib: "Yazar yaratdığı xarakterin arxasında öz mənliyini gizlətməlidir".

Ən doğrusu elə budur!

Bioqrafiyası ilə əsərlərindəki xarakterləri qarşılaşdırsaq, xaratkerlərin hamısı Kunderanın vücudunun bir variantıdır, təkcə durumlar fərqli olduğu üçün, çeşidli xarakterlər ortaya çıxıb. Buna görə, Kundera heç vaxt həqiqəti göstərməyə, yaxud incələməyə çalışmır, çünki durum dəyişdikcə insanlar dəyişir və insan dəyişdikcə, həqiqət də dəyişir.

“Zarafat” (The Joke) romanında açıq görürük ki, bir insanın faciəsi, nəinki başqasının zarafatından yarana bilər, hətta başqalarına zarafat kimi də görünə bilər.

Alman Nitsşe demişkən, hər kəsin öz həqiqəti varsa, demək, sonsuz həqiqətlər var, yəni, mütləq həqiqət yoxdur.

Bu növ baxış, bu gün sadə və çoxlarına bəlli bir mövzu kimi görünür, ancaq dərin baxanda, Kunderanın bu baxımdan yazıya yanaşması, bütünlüklə özündən öncəki modern ədəbiyyatın söykəndiyi təməlləri dağıdır.

Modern ədəbiyyatda, insan mərkəzdədir, onun keçmişi, nə hiss etdiyi və nə düşündüyü (bir daha vurğulamaq istəyirəm: necə hiss etdiyi yox, nə hiss etdiyi), çatdığı həqiqətlər, əzabı və sevinci olduqca incələnib çözülür. Ancaq Kunderanın əsərlərində hər xarakter sırf hansısa bir durumdan yaranan və asılı variantdır.

Kunderanın keçmişinin detalları haqda danışmaq səmərəsizdir. Qısa desəm, Çexiyada doğulub, Kommunist Partiyasından qovulub və canını götürüb Fransaya qaçıb. Onun həyatı haqda bu qədər bilmək kifayət edər.

Baxmayaraq ki, əsərlərinin mütləq əksəriyyəti təxminən SSRİ-nin Çexiyanı işğal etməsi ilə bağlıdır, az bir hissəsi bu günlərdən bəhs edir. Onun özü ilə bağlı, məncə, ən əsas məqam budur ki, atası musiqiçi olub, özü də yeniyetmə yaşlarınadək musiqi ilə məşğul olub, sonra şeir yazıb və nəhayət roman yazmağa başlayıb.

Kunderanın əsərlərinin çoxu yeddi hissəyə bölünür. Hər hissə bir musiqi notu kimidir. Musiqi dili ilə desək, hər roman bir polifonik (çoxsəsli) əsərdir.

Romanlarının dili tamamilə şairanə, hətta musiqili dildir.

İlk romanı “Zarafat” da yeddi hissədən ibarətdir. Hər hissədə bir xarakter danışır (bütövlüklə 4 xarakter var), ikinci hissədə ikinci xarakter danışanda, görürük ki, həqiqət başqa şey imiş, digəri danışanda, görürük, əslində, həqiqətin hamısı öncə danışan xarakterlərin sözlərində deyilmiş və axıra kimi roman gedir, nəhayət oxucu başa düşür ki, həqiqət bunların heç birinin dediklərində deyil, özünün gəldiyi qənaətdədir.

Postmodern romanlarda oxucu da yazar qədər romanın yazılışında iştirak edir.

32 yaşında Çexiyada yazdığı bu romanın qısa mesajını Kunderanın öz dilindən desək, bu cürdür: "Bizi həyata bağlayan ən güclü ip zamanla əpriyib məhv olur və axırda adama qalan bir naməlum nostalgiyadır".

Son romanı "Varlığın dözülməz yüngüllüyü" də yeddi hissəlidir. Həmçinin, “Ölməzlik”, "Gülüş və unutmaq" romanları da. Hətta ədəbi tənqid əsərləri - "Roman yazmaq sənəti""Sənət və unutmaq" da yeddi hissədən ibarətdir. Qısa hekayələr toplusu "Gülməli sevgilər" yeddi hekayədən ibarətdir. Dediyim kimi, Kundera romana bir musiqi bəstəsi kimi baxır: vəcdlə, ıldırım kimi üstünə gələn hisslər və düşüncələr.

Musiqi həqiqəti izah etmir, yəni bir musiqiyə qulaq asıb, onu arqumentlərə və fəlsəfi düşüncəyə çevirmək olmaz, ancaq musiqi adamı düşündürür, adam hiss edir ki, hansısa həqiqətə çatıb və öz həqiqətini yaratmağa başlayır.

Musiqi zatən yumoristik və şəndir.

Təxminən bütün əsərləri üzdə siyasi və ictimai temaya malikdir, ancaq dərindən baxanda sırf zarafatdır, acı yumordur.

“Zarafat” əsərində qız dostu ilə ideoloji bir zarafat üstündə oğlanın həyatı məhv olur, həbsə düşür, yaxud rəsmi iclasda ciddilik nümayiş etdirən bir insan, tualetə getmək üçün iclası tərk etməyən, axıra kimi iştirak etməyə qərar verən birisinin sidik kisəsi partlayır, ölür. Ciddiliyin bu qədər rüsvayçı, gülünc vəziyyətlə qurtaracağını, yaxud adi bir zarafatın faciə ilə bitəcəyini Kundera qədər yaxşı göstərən yazıçı çətin tapmaq olar. Onun ən əsas əsəri "Varlığın dözülməz yüngüllüyü"dür.

Roman yüngüllük və ağırlıqla başlayır, həyat laqeydliklə keçirsə, insan yerdən və özündən uzaqlaşır, yüngülləşir, ancaq nəyəsə bağlı bir insan yük kimidir, ağırlaşır, yerə daha yaxın olur və özü ilə daha kipləşir. Hekayənin gedişi ardıcıl hadisələr deyil, bəzən Kundera şəxsən ortaya çıxıb, oxucu ilə birbaşa monoloqa başlayır, fəlsəfi qavramlarla doludur, kitabın yarısında əsas xarakterlərinin öləcəyini əvvəlcədən deyir. İt öldüyü an yiyəsinə (Tumanın qadını Treza) elə baxır, qadın hiss edir ki, ömründə heç kim bir daha ona belə baxmayacaq. O, bir baxış növünün, sonuncu dəfə şahidi olur.

İtin ölüm səhnəsi, insanların acı taleyindən daha acı təsvir olunub. Həmişə bu fraqment yadıma düşəndə, bir tərəfdən Nitsşenin şallaqlanan atın boynunu qucaqlayıb ağlamasını xatırlayıram, digər tərəfdən Dekartın heyvanları "təbiətin canlı maşınları" adlandırması beynimə gəlir. Kundera Dekartın qənaətinə daha qalın qələmlə qırmızı xətt çəkə bilib.

Romandakı itə ad da verib: Karenin. Müxtəlif durumlara düşsə də xarakteri dəyişməyən bir it, ümumiyyətlə dəyişməyi istəməyən bir it... Karenin sözü Tolostoyun Anna Karenina əsərində Aleksis Alexandroviç Karenini yadınıza salmırmı?

Necə də məzəlidir!

Bu romanın sonu musiqi ilə bitir, həqiqətən musiqi ilə... Sonuncu cümlə belədir: "Aşağıdan piano və skripka səsi, uzaqdan gəlirmiş kimi eşidilirdi".

# 2926 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #