Bu çayın suyu lilli... - İsi Məlikzadənin hekayəsi

Bu çayın suyu lilli... - İsi Məlikzadənin hekayəsi
18 fevral 2020
# 08:55

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Bu çayın suyu lilli...” hekayəsidir.

Gözləmə otağında iki-üç adam oturmuşdu, Nəsib onlara məhəl qoymadı, icazə-zad da istəmədi, qapını ürəkli-ürəkli itələyib girdi müdirin kabinetinə. Güman eləyirdi ki, bu məmləkətdə onunçün bağlı qapı yoxdu, çünki o, iki il sərasər Əfqanıstanda düşmənlərlə vuruşub, ölümün iti, amansız caynağından sağ-salamat çıxıb. Nəsib o qərib ölkədə bircə saniyənin içində məhv ola bilərdi amma. Demək, hələ əcəli tamam deyilmiş; qırmızı gülləyə tuş gəlmədi orda. Anası deyirdi ki, Allahın işidi bu – Allaha qurban olum. – Nəsib özü də bilirdi ki, Allahın işidi bu. Xudavəndi-aləm hamını qanadının altına almır, axı. Allah-təala nəzərini Nəsibin üstündən çəksəydi, Nəsib bir çox tay-tuşu kimi evlərinə gümüşü tabutda qayıdardı.

Nəsib təklif-zad gözləmədən stulu altına çəkib, müdirlə üzbəüz əyləşdi.

Müdir bayaqdan gözlərini tavana zilləyib telefonla danışırdı. Nəsibin içəri girməyindən elə bil xəbər tutmamışdı. Dəstəyi yerinə qoyandan sonra, deyəsən, gördü Nəsibi. Nazik qaşlarını çatıb:

- Xeyir olsun, – dedi və tez də yumruğunu alnına ehmalca vurdu. – Hə, yadıma düşdü... İş məsələsi... Srağagün olmusan burda.

Nəsib gözlərini müdirin nazik qaşlarına zilləyib çiynini çəkdi.

- Neyniyim?.. Darıxıram.

- Xəstə tələsər, armud vaxtında dəyər.

Müdir Nəsibin üzünə elə baxdı ki, day bu baxışdan sonra Nəsib durub getməli idi, amma getmədi. Dedi:

- Yoldaş Səfərov, iki aydı ayaq döyürəm bura. Hər dəfə də deyirsiniz, on-on beş gündən sonra gəl.

Səfərov oğlanın işıqlı, oynaq gözlərinə, donqar uzun burnuna, sivri çənəsinə baxdı və ona elə gəldi ki, yer üzündə bu oğlandan sırtıq adam yoxdu. Dedi:

- Bura bax, ə, sənə borcum-zadım var mənim? Birinci kərə səni qapıdan qaytara bilərdim. Deyərdim, iş yoxdu, heç olmayacaq da. Tem bolee, səni mənə yuxarıdan tapşıran olmayıb.

Müdirin qırımından Nəsib qorxdu. Bu dəfə Nəsibin səsi yumşaq çıxdı.

- Axı, atam da burda işləyib... – Bilirsiniz...

Səfərov kürəyini stulun söykənəcəyinə dirəyib köks ötürdü. O da yumşaldı.

- Allah Dadaşa rəhmət eləsin, – dedi. – O burda şofer işləyəndə mən qlavnı inciner idim.

İndi Nəsibin göz dikdiyi o köhnə yük maşınını atası Dadaş beş il bundan qabaq Bakıdan sürüb gətirmişdi. Maşına qulluq eləyən adam idi. Əyin-başından çox, maşının təmizliyinə fikir verərdi. Lap dünya dağılsaydı, yanğın olsaydı, yenə sükanından yapışdığı miniyin yerişinə haram qatmazdı. Bu sakit, astagəl kişi günlərin bir günündə maşını “Taxta körpü”dən uçurtdu. Özü öldü, maşın da şil-küt oldu. – Onda Nəsib əsgərliyə təzəcə getmişdi.

Müdirin gözləri yol çəkirdi, sanki onu səksəndirməmək üçün Nəsib asta-asta, dirənə-dirənə dedi:

- Minskdə qulluq eləyəndə şoferlik oxudum. Sonra Əfqanıstana apardılar...

Müdir fikirdən ayrılıb stolun üstündəki kağız-kuğazı sahmana salmağa başladı.

- Bilirəm, ə, bilirəm, danışmısan, – dedi. Sonra əl saxlayıb, Nəsibin gözlərinin içinə baxdı. – Gəlsənə ayrı iş verim sənə... Slesar... Tem bolee, bizdə slesar çatışmır.

Nəsib başını buladı.

- Yoox, mən şoferlik oxumuşam.

- Noolsun, ə? Mən də ali təhsilli tarixçiyəm. Vur-tut bircə il müəllim işləmişəm. Sonra çəkib apardılar ispolkoma. İndi də görürsən ki, müdirəm. Tarix hara, kommunxoz hara?

Nəsib yenə başını buladı.

- Yoox, mənim əhdim var: atamın maşınında işləmək.

- Yaman arıqsan ey. Bu can-cəsədnən Əfqanıstanda o zırıltıya nə təhər dözmüsən? Bilmirəm, maşına gücün çatacaq, ya yox.

- Əfqanıstanda ondan da ağır maşın sürmüşəm.

Nəsib gözlədi ki, görsün müdir day nə deyəcək, amma müdir heç nə demədi, yenə fikrə getdi. Özü də fikrə gedəndə gözlərini üzbəüzdəki qapının üstünə zilləyirdi, elə bil orda, nəsə, kədərli bir şey yazılmışdı, o yazını oxuyurdu. Yaşlı deyildi, ancaq saçı da, bığı da çallaşmışdı. Goppuş üzündə bir sarılıq, lırtlıq vardı. Baxışları dalğın idi, ona görə də huşsuz adama oxşayırdı.

Səfərov handan-hana nəzərlərini müşəmbəli qapının üstündən çəkib dedi:

- Ə, adın da yaman zəifdi: Nəsib. Üfürsən, yıxılar. Elə bil dilinin ucuna bir sap qırığı yapışıb, tüpürürsən, düşmür: Nəsib. Kişinin adı olar: Şiraslan, Əmiraslan, Şirməmməd.

Nəsib astadan dedi:

- Ağa Məhəmmədşah Qacar.

Müdirin qaşları çatıldı.

- Dolayırsan, ə, məni? – Amma hirslənmədi, nə fikirləşdisə, gülümsədi. Dedi: – On-on beş gündən sonra mənə dəyərsən. Düzələr, inşaalah.

Nəsib o dəqiqə qalxdı ayağa.

- Mən Əsfqanıstanda vuruşmuşam, mənə iş verməlisiniz.

Səfərov heç eynini də pozmadı.

- Mənim atam müharibədən qayıtmayıb. Könlümdən də böyük vəzifə keçir. Noolsun?

Nəsibə elə gəldi ki, üz-gözündən huşsuza oxşayan bu kişi Əfqanıstanda vuruşmağın nə olduğunu başa düşmür. Bir də inadla dedi:

- Mən Əfqanıstanda vuruşmuşam.

Səfərova da elə gəldi ki, üz-gözündən sırtığa oxşayan bu oğlan iş tapmağın nə olduğunu anlamır. Müdir, Nəsibin kütlüyünə hirslənmədi. Sakit-sakit dedi:

- Bizdə üç cüt, bir tək maşın var: biri su maşınıdı, ikisi zibil daşıyır, biri də ki o söz... zaxod maşını... Qaldı Məzahirin sürdüyü – rəhmətlik atan gətirəni deyirəm – onun da hay-hayı gedib, vay-vayı qalıb. Tem bolee, avariyaya düşüb.

- Mən onda işləmək istəyirəm.

- Demişəm sənə: nazirlik bu yaxınlarda bizə təzə maşın verəcək – Məzahir keçər ona, sən də onun maşınını sürərsən.

- Atamın maşınını.

- Mən söz verdim, qurtardı. Sözümün yiyəsiyəm.

Nəsib, işi düzəldibmiş kimi, sevinə-sevinə qapıya tərəf getdi. Üç-dörd addım atıb dayandı. Dünən Xalidə bir sual vermişdi Nəsibə, Nəsib də qalmışdı gözlərini döyə-döyə. İndi o sualın cavabını öyrənmək istədi. Soruşdu ki:

- “Kommunxoz” nədi?

Müdir əvvəlcə Nəsibə mat-məəttəl baxdı, sonra nazik qaşlarını çatıb dedi:

- “Kommunxoz?”... Yəni kommunal təsərrüfat...

- Təsərrüfatı mən də bilirəm, bəs “kommunal” nədi?

- Kommunal? – Müdir çiynini çəkdi. – Kommunal də.

- Bəlkə, “Kommunizm” sözündəndi?

Müdir, Nəsibin başına çırpmaq üçün nəsə axtarırmış kimi uzun, enli stolun üstünə göz gəzdirdi.

- Rədd ol, ə, burdan! Beynimi xarab eləmə!

Nəsib çölə çıxanda gördü ki, Məzahirin maşını dayanıb həyətdə, ancaq Məzahir özü yoxdu. Qocalmışdı maşın. Qabaq qanadları pas atmışdı, ayaqlığın biri laxlayırdı. Çala-çuxura düşəndə kuzov elə silkələnirdi, deyirdin bəs taxtaları indicə töküləcək yerə.

Nəsib qalxdı kabinəyə, sükandan ikiəlli, bərk-bərk yapışdı. Bu qara sükandan bir vaxtlar Nəsibin atası Dadaş yapışmışdı, yayları cırıldayan oturacaqda Dadaş oturmuşdu. Nəsib elə bilirdi hələ atasının nəfəsi dolanır bu kabinədə, Dadaşın əllərinin hərarəti hələ sükandan getməyib. Xaraba qalsın “Taxta körpü”nü, Dadaşdan savayı orda qəzaya düşən olmayıb. Ensiz, dayaz çaydı. Bəs necə oldu ki, o boyda kişi – neçə ilin şoferi – maşını körpüdən keçirə bilmədi. “Ah, ay ata! Əlini düyməyə qoyub uzun-uzadı siqnal verdi. – Gərək ehtiyatlı olaydın”.

Məzahir gəlib çıxdı.

- Nə olub? – dedi.

- Heç nə. Təzə maşının gəlməyinə az qalıb.

- Yaman tələsirsən ha.

Nəsib kabinədən düşdü.

- Əsgərlikdən gələni maşın sürmürəm. Üç aya yaxındı. – Barmaqlarını qapının dəstəyinə sürtdü. – Kuzovu dəyişdirəcəyəm, motoru təzədən yığdıracam. Maşını rənglətdirəcəm, olacaq anadangəlmə. Təzələyəcəm bunu.

- Allah qoysa... İnşallah...

Məzahir yeddi-səkkiz yaş böyük idi Nəsibdən. İki uşaq atasıydı, amma Nəsibnən danışanda yanaqlarına qızartı çökürdü. Yəqin Dadaşın maşınında işlədiyi üçün özünü Nəsibə borclu bilirdi. Yaxşı ki, Məzahirə qismət olub bu maşın. Məzahir özgə deyil ha, Xalidənin qardaşıdı. Nəsib inanırdı ki, Xalidəyə münasibətindən Məzahir xəbərdardı. İki il məktublaşıb Xalidəylə, səhər-axşam evlərinin həndəvərində dolanıb. Məzahirin arvadı məsələnin içindədi, demək, ərinə də nəsə andırıb. Gəlinlər baldızla bağlı belə xəbərləri ərlərinin ovcuna tez qoyurlar.

Məzahir kabinəyə oturub qapını çırpdı.

- Sən darıxma, – dedi. – Səfərov tüpürdüyünü yalayan kişilərdən döyül. Atandan qalma maşındı də – səninkidi – sağlıqla işlədəsən...

Nəsib küçədə döyüküb qalmışdı, bilmirdi hara getsin. Hava isti idi, toz aləmi bürümüşdü. Gəlib-gedən maşınların ardı-arası kəsilmirdi. Balaca bir rayonda nə qədər maşın olarmış? İki il bundan qabaq – Nəsib əsgərliyə gedəndə – burdakı maşınları barmaqla saymaq olardı. İndi rayonun tozlu-torpaqlı, çala-çuxur yollarına gör nə qədər şəxsi maşın səpələnib. Maşallah, maşallah! Yəni camaat iki ildə belə varlı-hallı olub?

Nəsib hamamın qabağındakı çayxananın yanından ötdü – hər gün dönərdi ora, tay-tuşlarla laqqırtı vurmaqçün bu rayonda ordan yaxşı yer yox idi. Aptekə tərəf gedə-gedə fikirləşdi ki, day avaraçılığın daşını atacaq; inşallah, işi düzələndən sonra veyllənməyə heç vaxtı olmayacaq. Tələf-xərclik eləməsə, pul da yığa bilər, o pula maşın alar. Kimdən əskikdi, axı? Rayonda hər gədənin altında bir “Jiquli” var. İndi maşını olmayanı kişi hesab eləmirlər.

Aptekə girmədi; müdirdən qorxurdu. Alış həkim əvvəllər onu təbəssümlə qarşılayırdı. Biləndə ki, Nəsib Xalidəyə görə gəlir bura, day Nəsibə üz vermədi.

Nəsib keçdi aptekin dalına; hava isti olanda arxadakı qoşa pəncərəni açıq qoyurdular.

Xalidə pəncərənin yanında idi, elə bil Nəsibin yolunu gözləyirdi.

- Nooldu, Nəsib, nə xəbər var?

Nəsib gündən qamaşan gözlərini qıyıb dedi:

- Köhnə hamam, köhnə tas... Yenə dedi, on-on beş gündən sonra gəl.

Xalidə dedi:

- Ürəyini sıxma. Məzahir axşam evdə danışırdı ki, dörd-beş günə təzə maşın götürəcək... Bura bax, “kommunxoz” sözünün mənasını öyrəndin?

- Səfərov cinnənib çıxdı özündən. Kommunxozun müdiri “kommunxoz” sözünün mənasını bilmir.

Aptekin arxasındakı yolnan adamlar gedib-gəlirdilər, Nəsiblə Xalidənin pəncərə söhbətini görürdülər. Qoy kim görür, görsün. Nəsiblə Xalidənin məhrəm olduqlarını bilənlər bilirlər, bilməyənlər qoy heç bilməsinlər – dünya dağılmayacaq... Səkkizinci sinifdən bir-birlərinə mehr salıblar – gör neçə ildi. Xalidə ağbəniz, alagöz bir qız idi, Nəsibdən qat-qat gözəl oğlana könül verə bilərdi – məktəbdə o qədər yarlı-yaraşıqlı oğlan vardı ki, amma naziksifət, caydaq Nəsibi seçdi, Nəsib yalan bilmirdi, məkrli, xəbis deyildi və Xalidə onun ürəyini açıq kitab kimi oxuyurdu. Qız Bakıda əczaçılıq texnikumunu qurtarandan sonra da fikrindən dönmədi. Saf niyyətlə yaxınlıq eləmək istəyənlərə məhəl qoymadı.

Xalidənin bir gözü ara qapıda idi.

- Alış həkim görsə... Day bura gəlmə... Eşitmirsən?! Nəsib! Ay Nəsib!

Öz adını eşidəndə bayaq Səfərovun dediyi söz Nəsibin yadına düşdü.

- Xalidə, mənim adım pis addı?

- Bu, hardan ağlına gəldi?

- Səfərov deyir, “Nəsib” zəif addı, üfürsən yıxılar. “Nəsib” nə deməkdir? Hə, Xalidə?

Qız, ala gözlərini bir az qıyıb, oğlanın başı üstdən harasa baxıb, fikirləşdi. Sonra gülümsədi:

- Eşitmisən, deyirlər: filan şey filankəsə nəsib oldu. Yəni qismət oldu. – Nəsib – qismət deməkdi.

- Yəni pis ad deyil ki?

- Qismətin nəyi pisdi, ay dəli?

Ara qapının o tərəfində Alış həkim iki-üç dəfə bərkdən öskürdü. O dəqiqə Xalidə pəncərənin qabağından yoxa çıxdı.

İş barədə anasına heç nə demədi. Ana da heç nə soruşmadı ondan. Bir xeyli üzbəüz dinməz-söyləməz oturdular. Axırda ana bu sükuta tab gətirmədi.

- Hardasan, ay oğul?

- Küçələrdə veyllənirəm.

- Yemək gətirim?

- İstəmirəm.

- Yəqin hardasa yemisən.

- Heç harda heç nə yeməmişəm. İştahım yoxdu, vəssalam.

- Bəs niyə bikefsən? Hər gecə qanın qara olur.

- Hər gecə atam gəlib durur gözlərimin qabağında.

Atasının yoxluğuna inanmırdı Nəsib. Elə bilirdi kişi, harasa, uzaq səfərə gedib, nə vaxtsa qayıdacaq. Əvvəllər olduğu kimi Nəsibə o səfərdən hədiyyə gətirəcək. Atasından hədiyyə gözləyən vədələrində Nəsib uşaq idi və elə onda uşaq ağlı ilə fikirləşirdi ki, bir gün gələcək, o da uzaq səfərlərə gedəcək və o uzaq səfərlərdən ata-anasına sovqat gətirəcək. Qismət olmadı. Ata qulluğunda dayanmağı da çox gördü tale ona. Heç əməlli-başlı ata-oğulluq eləmədilər. Vaxt macal vermədi. “O körpüdən maşın aşar? O çayda adam ölər?”

Ana elə bil oğlunun ürəyindən keçənləri duymuşdu. Köks ötürüb dedi:

- Qəzanın dörd barmağı var, bala: ikisiynən adamın gözlərini bağlayır, ikisiynən qulaqlarını. Onda adam ensiz arxdan hoppananda da ölə bilər.

Nəsib qəhərlənə-qəhərlənə dedi:

- Atam öləndən beş ay sonra xəbər verdiniz ki, kişi qəzaya düşüb.

- Sənin bağrını yarmaq istəmədik.

- Mənim bağrım indi yarılır, ana. Yanıram, odlanıram: son mənzilə çiynimdə apara bilmədim onu. Buraxardılar əsgərlikdən, heç olmasa, cənazəsinin bir tərəfindən də mən tutardım. Qəbrinin üstündə doyunca ağlayardım. İndi ağlaya bilmirəm.

Ana başa düşürdü ki, oğlu haqlıdı. Gərək Nəsibi çağıraydılar. Gərək Nəsib atasını öz əlləriylə qara torpağa tapşıraydı. Dedilər: “Uşağı bağır-dalaq eləməyin”. Kim dedi bu sözü? Kimin ağlına gəldi bu? Bir adam ki əsgərliyə gedə, əlinə tüfəng ala, onun nəyi uşaqdı? Uşağı da cəhənnəmə, ölümün qucağına atarlarmı, yarəb? Yox, vallah, Nəsib uşaq deyil!

Ana oğluna naçar-naçar baxıb dedi:

- Nə bilim, isti-isti ağlımız gətirmədi, ehtiyat elədik ki, birdən ağlın-huşun özündə olmaz, başına qəza-zad gələr.

- O qərib ölkədə, onsuz da, hər saniyə ölə bilərdim. Gözümün qabağında neçəsi qanına qəltan oldu.

- Allah özü rəhm eləsin cavanlarımıza, Xudavəndi-aləm balalarımıza dava-qırğın göstərməsin.

Ananın Allaha yalvarmağı da, köks ötürməyi də Nəsibi təbdən çıxartdı.

Nəsib o biri otağa keçib, qapını daldan cəftələdi və paltarlı-zadlı çarpayıya uzandı.

“Taxta körpü” rayonun lap qurtaracağında idi. Ensiz, dayaz çayın üstündə dəmirdən, betondan körpü salmışdılar. Burda taxtadan körpü olanda Nəsib bu dünyada yox idi - Allah bilir, nə vaxt tikmişdilər o taxta körpünü – indi adı qalmışdı.

Nəsib nazik dəmir məhəccərə söykənib çaya baxdı. Neçənci dəfəydi gəlirdi bura, neçənci dəfəydi gözlərini lilli suya zilləyib dururdu.

Su qırçın-qırçın olub asta-asta axırdı; şırıltısı adama yuxu gətirirdi. Sahildə gömgöy qurbağalar quruldayırdı. Yan-yörədə ot-əncər quruyub yerə yapışmışdı, sapsarı qamışların süpürgə başı hərdən yellənirdi. Nəsib maşını götürən kimi sürəcək bura. Bu lilli suyla altını, üstünü yuyacaq onun. Sonra da deyəcək – “Ruhun şad olsun, ay ata, yerin boş qalmadı”.

Su çiy kərpic rəngində idi. Nəsibin nəzərləri xırdaca ləpələrə qovuşub axdı, gözlərinin toyşu getdi. Birdən ürəyində bir səs, bir musiqi eşitdi. Həzin, kədərli bir mahnı idi. Mahnının ilk misrasını da eşitdi: “Bu çayın suyu lilli...” Diqqətini çox topladı, beynini çox gücə saldı, sözün ardı gəlmədi ki, gəlmədi. Harda eşitmişdi bu musiqini, bu sözləri? Yadına sala bilmədi. Gülümsədi. “Mənim bəstəkarlığım, şairliyim də varmış. Göyə baxdı: səma şəffaf, tər-təmiz idi. Ətrafına nəzər saldı: hər yan çör-çöplü, nəhəyətsiz, isti düzəngah idi. Günəş aləmi yandırıb-yaxırdı. Nəsibin başına elə bil qızmar şiş basırdılar, təpəsinin ortası cızıldayırdı. Ürəyi isə bayaqdan bəri bircə misranı elə hey oxuyurdu: “Bu çayın suyu lilli...”

Nəsib qapının dəmir dəstəyindən ürəkli-ürəkli yapışdı. Allah bilir, bu müşəmbəli qapını neçə dəfə itələyib açmışdı – say-hesabını özü də itirmişdi.

- Olar, yoldaş Səfərov?

- Ə, yenə içəri girəndə icazə almadın?

- İcazə alıram də. Gəlmək olar?

Müdirin gözlərinə yorğunluq ifadəsi çökdü.

- Məndən nə istəyirsən, qurban olum sənə? Niyə əl çəkmirsən yaxamdan?

- Deyirəm, o məsələ necə oldu?

- Hansı məsələ?

- İş məsələsi... Maşın...

Səfərov az qala yalvara-yalvara dedi:

- Məni infarkt, eləmə, Nəsib. Yəni deyirsən, sənin əlindən baş götürüb qaçım burdan? Ə, niyə qoymursan balalarıma çörək qazanım? Vallah, ərizə verib çıxacam işdən. Bay atonnan yeri yet yiyəsi!

Nəsibin müdirə yazığı gəldi. İstədi dönüb çıxsın otaqdan, amma səssiz-səmirsiz çıxmaq da kişilikdən deyildi. Dedi:

- Darıxıram, yoldaş Səfərov.

- Axı, məni də darıxdırırsan, rəhmətliyin oğlu. – Müdirin gözlərindəki yorğunluq ifadəsi üzünə də yayıldı. Üzü elə bil qəflətən bir az da saraldı, lırtlaşdı. Səsi gücdən düşdü. – Vallah-billah, maşını sənə verəcəm. Atamın goru haqqı, balalarımın canıçün maşın sənindi. Yeri get, səbrimi daraltma mənim. Tem bolee, nervinni adamam mən.

Xalidə işdən çıxanda gördü ki, Nəsib aptekə tərəf gəlir. Çatan kimi dedi:

- Day aptekə gəlmə, Nəsib.

Nəsib gözlərini döyə-döyə düşdü qızın böyrünə, onun sözlərindən bir mətləb anlamadı.

- Dünən axşam Məzahir bərk təpindi mənə. Dedi, özünü yığışdır, günün günorta çağı pəncərədən danışmaq ayıbdı, gendən min göz baxır.

Nəsib yenə heç nə başa düşmədi. Dedi:

- İndi küçəylə gedirik, yəni camaat bizi görmür?

Nəsibin sözlərində bir həqiqət vardı, amma Xalidə özünü o yerə qoymadı. Dedi:

- Küçə ayrı, pəncərə ayrı.

- Yoxsa mənnən görüşməyə day qorxursan?

- Qorxuram. Birdən məni almadın, sənin adını üstümdən necə götürüm? Birdən mən fikrimi dəyişdim, sənə ərə getmək istəmədim. Onda necə olsun? Genə sənin adın üstümdə qalacaq.

Nəsib qızın qolundan yapışıb tez də əlini çəkdi.

- Sənin zarafatından qorxuram, – dedi. – Heç Əfqanıstanda düşməndən belə qorxmamışam.

- Nəsib, doğrudan, qorxmamısan?

- Kim desə ki, ölümdən qorxmuram, yalan deyir, inanma. Orda ölüm bizimlə qol-boyun gəzirdi.

- Orda sən də öldürmüsən, Nəsib?

- Yox. Amma orda ən tez bada gedənlər şoferlər idi. Gecə-gündüz yollardaydıq. Əfqanlar pusquda dururdular, birinci gülləynən şoferin işini bitirirdilər... Bir türkmən dostum vardı, o da şofer idi. Maşında getdiyi yerdə atmışdılar. Güllə bir gicgahından girib, o biri gicgahından çıxmışdı. Ondan sonra maşında yol gedəndə həmişə gicgahlarım ağrıyırdı, elə bilirdim, bu dəqiqə gicgahımı gülləynən deşəcəklər.

Xalidənin əti ürpəşdi.

- Bəsdi, sən Allah, küçə söhbəti deyil bu.

Bir qədər səssiz-səmirsiz addımladılar. Amma Nəsib, görünür, o acı günlərin ağır xatirələrindən asanlıqla ayrıla bilmirdi. Fikrini yarıda qırmağa, başqa səmtə yönəltməyə çətinlik çəkirdi. Dedi:

- Tez-tez yuxuma girir Əfqanıstan. Hər dəfə də yuxunun axırında çalmalı, çuxalı, yaşlı bir əfqan qovur məni. Nə illah eləyirəm, qaça bilmirəm, ayaqlarım pudluq daşa dönür. Arxada əfqanın gülləsi açılanda qışqırıb yuxudan ayılıram, görürəm qan-tər içindəyəm.

Xalidə yanıb-yaxılan adam sayağı dedi:

- Nəsib, sənin yerində kim olsaydı, sevdiyi qızın yanında öyərdi özünü: “Belə vurdum, belə öldürdüm, belə asıb-kəsdim”. Sən niyə yalan demirsən? De də. Desən, inanaram, axı.

- İstəyirsən indi bir yalan deyim... Şeir yazmışam.

- İnanan daşa dönsün.

- “Taxta körpü”yə getmişdim. Lilli suya baxdım, birdən ürəyim birtəhər oldu. Dilimdən şeir çıxdı. “Bu çayın suyu lilli...”

Xalidə ha gözlədi, şeirin ardı gəlmədi. Soruşdu ki:

- Bəs sonra?

Nəsib çiynini çəkib gülümsədi:

- Sonrası yoxdu. Gəldim, evdə ha fikirləşdim, xeyri olmadı.

Xalidə bilirdi ki, bir misra hələ şeir deyil, amma Nəsibin qəlbinə dəymədi. Dedi:

- Nəsib, sənə vergi verilib.

Nəsibin ürəyində qəribə bir istək, bir arzu baş qaldırdı: kaş lilli sudan “Taxta körpü”dən, Dadaşın ölümündən ağıya, bayatıya oxşayan bir şeir yaza biləydi. O şeiri atasının qəbri üstündə oxuyaydı. Vallah, bu şeirdən Dadaşın məzarı nurla dolardı.

Nəsib eşidəndə ki, təzə maşın gəlib, başıalovlu qaçdı kommunxoza. Gördü ki, Məzahir həyətdə təzə maşının güzgüsünü silir. Soruşdu ki:

- Bəs mənim maşınım hanı?

Məzahir üzünü yana döndərdi.

- Səfərov yerindədi, – dedi, – gir onun yanına...

Müdir Nəsibi görən kimi başladı odlu-odlu danışmağa.

- Mən bu xarabada müqəvvayam, kuklayam! İşə adam götürməyə ixtiyarım yoxdu, süpürgəçini də yuxarıdan göndərirlər! Sözlərinə baxmasam, bəhanə tapıb məsələni qoyacaqlar büroya, partiyadan çıxardacaqlar, işdən qovacaqlar. Tem bolee, bu dəqiqə damlamağa adam axtarırlar. Bəs demokratiya, aşkarlıq hara getdi, ə?! Vallah, elə şeylər bura gəlib çatmayıb!

Nəsib başa düşə bilmirdi ki, müdir niyə belə qışqıra-qışqıra danışır. Soruşdu ki:

- Mənim maşınım hanı?

Səfərov birdən-birə süstləşdi. Yorğun, xırıltılı səslə dedi:

- Ə, bəs bayaqdan boğazımı niyə yırtıram mən? Bir cavan oğlan göndərdilər, dedilər oformit elə. Kiminsə qohumudu.

Nəsibin dili ağırlaşdı ağzında.

- Nə oğlan? Onu kim göndərib bura?

- Birinci katib özü.

Nəsib bilmədi nə desin. Qıçları sözünə baxmırdı. Bədəninə dayaq verməkçün əllərini stola dirədi.

- O oğlan Əfqanıstanda olub? – Acıq, qəhər Nəsibin dilçəyini göynədirdi. İstədi sözünü bərkdən desin, amma səsi yavaş çıxdı. – Mən Əfqanıstanda vuruşmuşam. Mən...

Müdirin hövsələsi daraldı.

- Bu Əfqanıstanı mənim başıma tez-tez çırpma! Səni ora mən göndərməmişəm!

Çöldə də Nəsibin qıçlarının titrəməyi dayanmadı. Köhnə maşını görəndə bədəninə qızdırma gəldi. Qarabəniz cavan oğlan kabinədən düşüb, damağındakı siqareti tüstülədə-tüstülədə idarəyə tərəf getdi.

Nəsib oğlanın qabağını kəsdi.

- Səni bu maşının boynunda kim otuzdurub?

Oğlan siqareti damağından götürüb sakitcə soruşdu ki:

- Nə deyirsən?

Nəsib coşdu.

- Sən Əfqanıstanda olmusan?!

Oğlan heç əhvalını da pozmadı. Dedi:

- Mənim Əfqanıstanda nə itim azıb, ə?

Nəsib başıyla köhnə maşına işarə elədi.

- Mənim atamındı bu.

- Heç kimin dədəsindən maşın qalmayıb, Maşın hökumətindi. Hər şey hökumətindi: yer də, göy də, lap sən də. – Oğlan Nəsibin yanından ötüb girdi idarəyə.

İndi Nəsibin içini də əsməcə tutdu. “Bəs Səfərov deyirdi, mən kişiyəm, sözümün ağasıyam? Ağaya bax!... Ağalara bax! Sizi yerə soxum, ay belə ağalar!”

Bir də gördü kabinədədi. Açar yerindəydi. Açarı burub motoru işə saldı. Köhnə maşın ləngərlənə-ləngərlənə, daranqa-durunqla kommunxozun həyətindən çıxdı. Daşlı-kəsəkli, çala-çuxur yolda toz qaldıra-qaldıra “Taxta körpü”yə tərəf getdi. Maşın bütün gücünü toplayıb son sürətilə uçurdu. Nəsib sükandan bərk-bərk yapışıb kimlərisə elə hey söyürdu: “Ay siz öləsiniz?! Əclaflar! Cəlladlar!”

Söydükcə hirsi-havası yavaş-yavaş soyuyurdu, amma içində bir ağrı qalmışdı. Görəsən, bu ağrının hovunu nəynən almaq olar, onun məlhəmi hardadı, nədədi? O bircə misra yadına düşdü. “Taxta körpü”yə gedən bu çala-çuxur yolda ürəyi həzin, qəribə bir mahnı oxudu. “Bu çayın suyu lilli... Bu çayın suyu lilli... Bu çayın suyu lilli...”

Bu da “Taxta körpü...” “Burdan heç maşın aşar? Burdan heç...”

Nəsib fikrini tamamlaya bilmədi. Gördü ki, maşın düz dəmir məhəccərin üstünə gedir. Əyləci basmağın xeyri olmadı. Maşın nazik məhəccəri yarıb burnu üstə çaya düşəndə Nəsibin alnı kabinənin harasınasa bərk dəydi. Nəsibin alnından bir anlığa şiddətli ağrı qopdu və bu onun ömründə duyduğu son ağrı oldu.

...Nəsibi də, maşını da iki saatdan sonra çıxartdılar çaydan. Başı suda qaldığından Nəsibin gözlərinə lil dolmuşdu.

Peredelkino. 1989

# 4155 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #