Bəsit forma oyunları – Gənc şairləri tənqid etdilər

Bəsit forma oyunları – Gənc şairləri tənqid etdilər
23 iyun 2021
# 17:15

Kulis.az Rauf Ranın 3 həmkarı haqqında yazdığı tənqidi yazını təqdim edir.

Poeziyada mətn üzərində sırf müəyyən sözlər vasitəsi ilə məzmun yaratmağa çalışarkən poetik konsept yaranmırsa, yəni məzmun birbaşa seçilmiş hansısa sözlərin bəsit oyunları üzərində cəmləndirilirsə, bu zaman mətnin poetik qüvvəsi sadəcə bir-iki sözün yaratdığı ötəri görüntüdən və ya səsdən ibarət olur. Görüntü eyni formanın ikiləşməsinə - təqlidinə, səs isə həmahəng səslərin xüsusi mahiyyət kəsb etməyən harmoniyasına dönüşür. Ümumiyyətlə, belə olduqda şeir konseptuallıqdan uzaq olması ilə yanaşı, bəzi sözlərin sayəsində yalnızlaşan, yalançı "estetika" ilə tamamlanır.

Dəniz , dalğa, göyərçin
Liman, gəmi, adamlar
Səma, bulud, xəbərçi
qoca, eynək, bir damla

Liman, gəmi, adamlar

Siqnal, sevinc, həyəcan
Əsgər, qadın, sədaqət
Sürət, addım, balaca
Mərmi, tüstü, məhəbbət

Liman, gəmi , adamlar

Sərçə, dəniz, həmahəng
Ata, xoşbəxt, şaurma
Külək, azad, çərpələng
uşaq, xoşbəxt, dondurma

Liman, boşluq, mahi-tab
Qaya, qayıq, qayıqçı
Həyat, qırış, iztirab
Ömür, ömür, yarımçıq

Elşən Mehdi

No description available.

Bu arada yuxarıda yazdığım fikirlərdən sonra birbaşa Elşən Mehdinin yeni şeiri barəsində yazmağa başlasam da, həmin bəsit poeziya elementlərinin bu şeirlə bir əlaqəsi yoxdur, əksinə sözün hər iki mənasında sözlərlə yazılmış şeiri bütünlükdə bir "minimalist maksimalizm" mətn kimi də adlandırmaq olar. "Minimalist maksimalizm" bir qədər yad anlayış kimi səslənə bilər, əslində belə səslənməsi normaldır. Sadəcə çalışaq ki, bu ifadənin "minimalist" tərəfini olduğu kimi saxlayıb, səslənişdə "minimallıq"la dəyişməyək. Çünki bu yerdəyişmə anlayışın əsas anlamını tamamilə başqa tərəfə istiqamətləndirəcək.

Bu şeirdə seçilmiş sözlərin yaratdığı "hərəkət - hadisə - məzmun" üçlüyü seçilmiş sözləri özülünə - görüntü və səsə qaytarır. Burda danışılan görüntü və səs məfhumları başlıqda qeyd etdiyim vizual görüntü və bir an içində yoxa çıxan səsə bənzəmir. Yəni sözlərin ardıcıllığının yaratdığı təsvir və dinamika, sözləri təklikdə də təməl anlamına qaytarır.

Xüsusi seçilmiş sözlərin yanaşı işlənməsi ayrılıqda hər bir sözün hadisəyə çevrilməsinə zəmin yaradır. Məzmun sözlərin, sözlər isə məzmunun mexanizmini hərəkətləndirir. Bundan əlavə, bir sətri dolduran üç söz ayrılıqda bütün ipləri bağladıqdan sonra, üçlü halında xəyali bir sözə - hadisəyə çevrilərək altdakı sətri davam etdirməyə başlayır.

Qısaca belə də demək olar, ki, minimallıq pillə-pillə maksimallaşdırılır. Və şeirin sonuna qədər beləcə istiqamət itirilmir. Həssas və dəqiq işlənmiş mətn saat mexanizmini xatırladır, ki, bu mexanizmdə forma saatı, formanın kulisi isə zamanı kodlaşdırır.

Lakin seçilmiş bəzi sözlərin iki dəfə işlədilməsi formada, yəni saatın gedişatında eynilik yaradır. Məsələn, "Ata, xoşbəxt, şaurma" və "Uşaq, xoşbəxt, dondurma" misralarında saatın əqrəbləri iki dəfə "xoşbəxti" göstərir. Birində "ata" üçün, birin də "uşaq" üçün. Artıq belə olduqda forma kulisini - zamanın eyniliyini digər sözlərdən, misralardan fərqli olaraq dərhal hadisəyə çevirir. Söz neytrallaşır. Yəni təkrar istifadə olunan söz xəyali saat kodlaşdırılmasında "0"-a çevrilir. Məsələn, ayrılıqda "1", "2", "3" kimi görünən və səslənən sözlərdən ortada qalanı - ikincisi digər misraların birində də işlənirsə ("4", "2", "5") , bu zaman eynilik "2"-ni neytrallaşdırır. Söz hadisəni genişləndirmək xüsusiyyətini itirib, tez bir zamanda tamamlamaq xüsusiyyətini əldə edir. Və sadəcə forma və görüntü olaraq qalır. Yuxarıdakı kodlaşdırılmalar hadisəyə dönüşdükdə - "123" və "425"-dən "103" və "405"-ə çevrilir. Hərəkət qısalır.

"Ömür, ömür, yarımçıq" misrasında olduğu kimi, hansısa söz bir misrada ardıcıl işlədildikdə isə, sözlərdən yalnız biri neytrallaşır. Yəni "ömür, ömür..." ("1", "1" "n") gedişatı zaman kodlaşdırılımasında poetikliyi artırır, saat tərəfindən baxdıqda isə "yarımçığ"ın da təsiri ilə ilk söz "0"-a dönüşür.

Kəsəsi, digər misralar formanın arxasında hadisəyə çevrilirdisə, son misra birbaşa forma üzərində də hadisəyə - cümləyə çevrilə bilir. Çünki "11n" neytrallaşma zamanı "10n" yox, "01n", yəni "1n" olur. Hərəkət yenə qısalır, lakin bu qısalma hadisəni daha da genişləndirir.

Bu rəqəmlər sizi bezdirsə də, yazdıqlarımı daha da aydınlaşdırmaq üçün kodlaşdırmanın riyazi tərəfi və ən əsası sıfır ədədi haqqında qısa da olsa, yazmalıyam.

Sıfırın istər "omikron"dan, istərsə də Hindistandanın "şunya"sından gələn "heçnə"liyi, bu yazıda həm həqiqi mənada yoxluğuna, həm də digər mistikasına - "heçnə"nin yaradıcılıq xüsusiyyətinə yiyələnir. Yəni yuxarıdakı sıfırlar heçlik, lakoniklik və maksimallıq yaradır. Məncə, artıq burada sıfır nə zaman nəyi yaradırsa, aydındır.
Sadə, faktorial bərabərlik də yazsam, yerinə düşər:
"0! = 1!"

Bir taksiyə əyləşdim, dedim:
“Sürrrr hürrr küçələrə!”
Maşını söndürdü, acı-acı gülümsündü:
“Benzin bitib, düşşş küçələrə!”
Küçələr dolanır, küçələr sərxoşdu,
ayaqqabımın altı tutun şirəsin içib,
meyxoşdu.
Küçələr səssizdi, lal olub döngələr,
qışqırıram, səsimə kim gələr, kim gələr?!
bomujlar yığışır:
“it kimi mırılda
hürrrrr küçələrə!”
çün bu küçələrdə insanlar yaşamır,
insanlar ömür sürür...

Nadir Yalçın

No description available.

Nadir Yalçının yeni şeirinə isə ən başda yazdığım bəsit forma oyunlarını aid etmək olar. Sözlərin yaratdığı ötəri görüntünün və səsin fonunda nə poetik konsept, nə də əsl estetika var. Müəllif “sür“ və “hürr“ sözlərinin köməyi ilə estetika və konsepti tarazlamağa çalışsa da, buna nail olmayıb. Əslində tarazlığın pozulması ya iki tərəfdən birinin çəkisinin - gücünün artması, ya da tam tərsinin olması anlamına gəlir, yəni tarazlıq yoxdursa, ya estetika, ya da poetik konseptin gücü daha artıqdır. Lakin mətndə bu proses olmadığından, deməli, əslində tarazlıq var. Digər adı ilə desək, ümumiyyətlə tarazlığın pozulması üçün tərəzidə nəsə yoxdur. Kiçik parçaların yaratdığı fərqi nəzərə almasaq, hər iki tərəf boşdur. Xülasə, “ Sür“ və “hürr“ sözləri bəsitlikdən başqa nəsə yaratmır.

"Sürmək" demişkən, 2018-ci ildə "Formula 1" yarışlarında maşınlar üzərinə, sürücünün başının ətrafında yerləşən və sürücün başına toxuna biləcək obyektlərdən qorunmaq üçün bərk metaldan hazırlanan, "T" şəkilli dizayna malik "Halo" sistemi əlavə olunmuşdu. Düzü, ilk dəfə "Halo"nu maşınların üzərində gördükdə, maşınların estetik dzaynına uyğun olmadığı fikrində idim. "F1" sürücüləri də bu sistemin əleyhinə idilər. Amma iki il sonra "F1" sürücüsü Roman Qrojan yarışların birində qəzaya uğrayır və ondan sonra qəzanın - baryerlərlə toqquşmadan partlayışa qədər keçən 1.6 saniyə ərzində baş verənlərin kompüter modeli qurulur. Videoda Roman Qrojan daxil, demək olar ki, hər kəsin əleyhinə olduğu "Halo" sistemi baryerləri bir-birindən aralayıb yaratdığı yarımqövslə sürücünün başını qoruyur. Amma maşında onilliklərdir olan, əsas təhlükəsizlik sistemi - maşının arxa tərəfindəki təhlükəsizlik qövsü maşının iki yerə bölünməsinə və alovlanmasına səbəb olur.

Bu hadisədən sonra "Halo"ya qarşı münasibətim tamamilə dəyişdi, əksinə hazırda bu sistem mənim üçün sürücülərin təhlükəsizliyini qoruması ilə yanaşı, maşınların estetik dizaynını daha da artırır. Buna səbəb bu sistemin məqsədinin nə olduğunu videoda incəliyinə qədər görməyimdir.

Nadir Yalçının şeirindən F1-ə keçid etsəm də, sözümün canı odur ki, bəzən formanın estetikliyini və vacibliyini yaradan birbaşa forma arxasındakı oyunlar olur. Müəllifin bu şeirinə bu baxış bucağından baxdıqda belə, ciddi gedişat görmək olmur. Bəsit oyunların nəticəsində it də, ip də əldən çıxır. Lakin təbii ki, əvvəla poetik konseptin olmaması estetikaya da təsir edir. Necə deyərlər, əvvəl ip əldən buraxılır, ki, sonra da olacaqlar olur. Hər şeyin sonunda mətndən geriyə, artıq keçməkdə olan ayaqqabı meyxoşluğu qalır.

Ailə, az-çox gənclik, aztəminatlı xatirələr,
Arzular, çoxtəyinatlı ümidlər.
Kütləvi ritual gecəsinə düşən bürc,
Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatlı borc,
Ünvansız asosial yardım.
Şəkilsiz şəxsiyyət təsdiqi.

Qeyri-konstruktiv mövqe.
“N” saylı şüşə qəsr, doğma qeyri-normativ leksika və etibarlı dəmir qübbə,
Hədəf təyinatının avtomatlaşması,
Ulduzun radara görünmə sahəsi,
Radardan ulduza olan məsafə.
Nifrət, qisas və ədalətin dərhal, tərəddüdsüz, ürəyəyaxın, başadüşülən icrası.
Tanrı boyda boşluğun 7.62 mm-lik tıxacları.
Neytral ərazilərin özünüifadəsi,
Adsız yüksəkliyin şəxsiyyət pozuntusu,
Müəyyən dairələrin məhvetmə radiusu.
Fədakar dəyişkəntəcilli yardım,
Qanköçürmə institutunun qan bankı.

Adambaşına düşən 1.5 barrel Azeri Light,
Oğul dalıyca atılan suyun dama dama dəniz olması,
Dənizi dünya okeanına bağlayan keçidlərin süniliyi,
40 damcı korvalol.

Fuad Novruzlu

No description available.

Bu şeir bu günlərdə qarşıma çıxdı, müəllifdən oxuduğum ilk və tək şeirdir. Mətni oxuyarkən formanın "gizlədici qabiliyyəti"nin nə qədər effektiv olub-olmadığı barəsində düşünməyə başladım. Formanın bu xarakterini sadə şəkildə şərh etmək üçün, memarlıqda istifadə olunan görüntü texnikalarını göz önünə gətirmək olar. Məsələn, çay daşlarından hörülmüş divarın üzərində fərqli üsullarla kərpicdən hörülmüş divar görüntüsü yaratmaq olur. Bu görüntü peşakarlıqla hazırlandıqda formanın arxasındakı çay daşlarının səliqəsiz düzülüşünü xatırlamaq çətin olur. Bir növ unudulur. Lakin, əlbəttə ki, bu reallığı dəyişmir. Bu mətnin forması arxasındakı səliqəsizliyi unutdurmağa cəhd etsə də, bacarmır. Bu arada xatırladım ki, "səliqəsiz çay daşları və onun üzərində aparılan görüntü işləri" yazmağım anlaşılmazlıq yarada bilər, bunu düzülmüş, kiçik fiqurlar üzərinə örtülən - çəkilən düzbucaqlı kərpic fiqurları kimi də ifadə etmək olar. Yəni bu ifadələrin ağla gələn "altı təzək, üstü bəzək" deyimi ilə heç bir əlaqəsi yoxdur.

Sadəcə, bu mətn üzərində də kodlaşdırma aparsaq, artıq saatın mexanizmində yüksək həssaslıq və dəqiqlik görə bilməyəcəyik. Çünki riyazi ünsürlərə qayıdışda mətn üzərində formanın "gizlədici qabiliyyəti" sayəsində yaradılmış yarımçıq görüntü - forma üzərinə geyindirilmiş daha bir forma rəqəmlərin sanki kvadrata yüksəldilməsinə bənzəyir. Lakin alınan cavabları geriyə qaytarmaq - kök altına salmaq istəsək, artıq bu istək baş tutmayacaq və bu kodlaşdırma sadəcə forma üzərində qalacaq.

İstənilən halda müəllifin belə bir mətn üzərində işləməsi təqdirəlayiqdir.

Gallery

# 2309 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #