Ay qız, birdən səni qaçırdarlar ha! - İsi Məlikzadənin hekayəsi

Ay qız, birdən səni qaçırdarlar ha! - İsi Məlikzadənin hekayəsi
17 dekabr 2019
# 09:04

Kulis.az hər ikinci gün saat 9-da tanınmış yazıçı İsi Məlikzadənin hekayələrindən birini yayımlayır. Xatırladaq ki, bu nümunələr internet resurslarında yoxdur. Təqdim etdiyimiz növbəti hekayə “Bünövrə”dir.

Yol boyu heç kim danışmadı: nə arxada oturan sərnişinlər, nə də Əlimərdan. Axı, tanımadığı adamlarla Əlimərdanın nə söhbəti?

Maşın kəndin qırağında dayandı. Sərnişinlər düşdülər. Orta boylu, dolu bədənli arvad əlində hazır saxladığı pulu Əlimərdana uzatdı. Əlimərdan pulu görən kimi tez üzünü yana tutub dedi:

- Adama əlli qəpik verəcəksiniz.

Arvad dönüb yolun kənarında dayanan qarabəniz, cavan qıza təəccüblə baxdı. Sonra da Əlimərdana tərəf çevrildi:

- Ay bala, axı avtobus on qəpiyə aparır.

Əlimərdan acıqla dilləndi:

- Görürsən ki, bu avtobus döyül... Bu «Pobeda»dır. Oradan bura maşının nəfəsini on qəpikdən ötəri kəsməmişəm ki. Tez olun, ləngitməyin görüm.

Arvad qıza baxıb başını buladı:

-Sənə dedim ki, belə dəllalların maşınına minməyək.

-Eybi yoxdur, ay ana, – deyib qız irəli yeridi, əlində tutduğu qırağı göy haşiyəli ipək dəsmalının düyününü açdı. Pul çıxarıb Əlimərdana verdi. Oğlan pulu alıb şalvarının yan cibinə qoydu, maşını yerindən tərpətdi.

***

Günün batmağına hələ xeyli qalmışdı. Arabir xəfif meh əsirdisə də hava yenə isti idi. Uzaqdan tozlaya-tozlaya gələn sarı “Pobeda” asfalt yola çıxmağa can atırdı. Maşın təpəni enib Hüsülü dərəsinə girəndə sürətini azaltdı. Bir az gedib tamam dayandı. Mator dərindən xorultu çəkib susdu. Əlimərdan başını pəncərədən çıxarıb dal təkərə baxdı və tüpürdü. Qalın dodaqlarını çeynəyib fikrə getdi. Üstü çat-çat olmuş əlini qırmızı yanağına çəkdi. “Motor bir yandan xarab oldu, təkər də bir yandan” – deyə düşündü. Maşının arxasına keçib çöməldi, təkərə baxdı. “Tfu! Yaxşı yerdə gecələdim. Bu yoldan hələm-hələm maşın keçmir, yoxsa, yedəyə qoşardım”. Əlimərdan parusin şalvarının yan cibini əlləşdirdi. Əzilmiş “Belomor”u çıxartdı. Qutuda cəmi iki papiros qalmışdı. Onlardan da biri sınıq idi. Əlimərdan sınıq papirosu tulladı, o birisini də yandırıb irəlidəki kəndə baxırdı. Yan-yana tikilmiş üstü şiferli evlər asfalt yolun sağında idi. Sol tərəfdə isə daşdan barısı olan böyük sahəli pambıq məntəqəsi yerləşirdi.

Günəş yavaş-yavaş evlərin arxasında gizlənirdi. Əl-ayaq çəkilmək üzrə idi. Əlimərdanı fikir götürmüşdü. “Maşını qoyub getsəm, Mürsəl beynimi dağıdar... Bəs mən yazıq başıma nə çarə qılım? Bu kənddə bir tanışım da yoxdur ki, evində qalım... Bütün gecəni ac-susuz burada necə durum?” Əlimərdan səhərdən bəri ac olduğunu yalnız indi duydu. Uzaqdan eşidilən gülüş səsləri onu fikirdən ayırdı. Əlimərdan maşından aralanıb yolun soluna çıxdı. Gələn bir dəstə qız idi. Onlar, deyəsən, pambıq tarlasından qayıdırdılar. Qızlar bir-birləri ilə zarafat edib gülüşürdülər. Onlar əlində bardaq hamıdan qabaqda gedən alçaqboy, qarabəniz qıza sataşdılar:

- Ay göyçək, maşın səni gözlüyür ey!

- Ay qız, birdən səni qaçırdarlar ha!

- Sus, od aparmış, şofer eşidər, – deyə qabaqdakı qız ona sataşan rəfiqəsinə təpindi. Qızlar oğlanın yanına çatan kimi səslərini kəsdilər. Əlimərdan əlini belinə qoyub maraqla qızlara baxırdı.

- Qızlar, sizdə papiros olmaz ki? – deyə Əlimərdan gülə-gülə soruşdu. Qızlar başlarını aşağı salıb gülüşdülər. Təkcə qabaqda gedən qız gülmədi. Görünür, oğlanın atmacası onun xoşuna gəlməmişdi. Əlimərdan qızın adını indicə eşitmişdi. Ona görə də:

- Göyçək bacı, bardağında su varsa, ver ürəyimin odunu söndürüm, – dedi.

Qız adını eşidib Əlimərdanın üzünə tərs-tərs baxdı. Oğlanın alnına tökülmüş saçı, qara bığları, qaynayan gözləri elə bil Göyçəyi qorxutdu. O, tez başını aşağı saldı. Əlimərdan yolun kənarı ilə addımladı.

- Göyçək bacı, maşınım xarab olub, qalmışam yolda. Qonağa hörmət elə, bir az su ver içim, xəcalətindən çıxaram...
Qız bardağı hirslə başı aşağı çevirdi:

- Qonaq, baxın, görürsünüz ki, suyum yoxdur. Mənim adım da Göyçək deyil, sizi də tanımıram!

Əlimərdan dayandı. O, bu qızı harada görmüşdü? Fikirləşdi və tez də yadına düşdü. “Həmin qızdı, anası ilə mənim maşınıma minmişdilər”. Bir neçə gün bundan əvvəl yolda olmuş əhvalatı xatırladı. Deyəsən, Göyçək də onu tanımışdı...
Qızlar bərkdən danışa-danışa dərəyə endilər. Əlimərdan onların ardınca xeyli baxdı. Sonra dönüb maşına tərəf addımladı. Artıq axşam düşmüşdü. Kəndin evlərində işıq yandırılmışdı. Papirossuzluq Əlimərdanı darıxdırırdı. Ətraf sakitlik idi. Əlimərdan maşının qapısını açıb içəridə oturdu. Başını söykənəcəyə qoyub gözlərini yumdu. Qulağının dibində fırlanan ağcaqanadın zümzüməsini eşidib dikəldi. Pəncərələrin şüşəsini qaldırdı. Dəyirmi çənəsini rula dirəyib fikirləşdi. Bardaqlı qızı xatırladı. Göyçəyin qara gözləri, çatma qaşları, düz burnu, mütənasib bədəni Əlimərdanın xəyalında yenidən canlandı. Ona elə gəldi ki, qızın mülayim səsini eşidir. “Qonaq, baxın, görürsünüz ki, suyum yoxdur”. Sonra Əlimərdan dərədəki pul əhvalatını yadına salıb gülümsədi. “Məni tanıdı, gərək mən pul üstündə deyişməyəydim. Yaxşı deyiblər, dağ-dağa rast gəlməz, adam-adama rast gələr... Eh, ondan ötəri ürəyimi niyə sıxıram, məni nə tanıyır”. Sonra o, səhər Mürsələ nə cavab verəcəyi haqda düşündü. “İndi gəl onu inandır görüm necə inandırırsan. Elə biləcək özüm üçün kefə getmişəm. Yenə tənbeh, tənəli sözlər... Doğru deyiblər, artıq tamah baş yarar. Maşının xarab olduğunu bilə-bilə yenə nəfsimi saxlaya bilmədim. O kənddən bu kəndə bir dəfəyə altı adam mindirdim... Pah atonnan, altı adam... Mən lap başımı itirmişəm”.

Əlimərdan yerində qurcalandı. Gecənin çoxdan düşdüyünə baxmayaraq, hava hələ bürkülü idi. Yatmaq olmurdu. Çölün düzündə yaxşı bir süfrə arzuladı. “Yarpaq dolması, sarımsaqlı qatığnan... üstündən də bir boşqab salmanca dovğa... Əşi, yay vaxtı qatıq, süd də pis deyil. Heç olmasa, bir dilim qarpız ola, pendir-çörəklə”.
Əlimərdan zəif bir səs eşitdi. Sanki onu quyunun dibindən çağırırdılar.

- Ay əmi! Ay şofer əmi!

Əlimərdan əlini uzadıb maşının işıqlarını yandırdı. Maşının qabağında on dörd-on beş yaşlı oğlan uşağı gözlərini qıyıb dayanmışdı. Onun bir əlində bağlama, bir əlində də balaca bardaq vardı. Əlimərdan iki-üç dəfə «bismillah» deyəndən sonra uşağı səslədi:

- Yaxın gəl görüm, a bala, kimi istəyirsən, kimsən?

- Məhərrəmin oğluyam, dəyirmançı Məhərrəmin.

Əlimərdan təəccüblə dodaqlarını büzdü. Qapını açıb aşağı düşdü.

- Məhərrəm kimdir, ə?

Uşaq yaxına gəldi. Bağlamanı və bardağı Əlimərdana uzatdı.

- Göyçəyin qardaşıyam.

- Göyçəyin?

- Hə, dedi ki, bunları apar ver şoferə, yazıqdı.

Əlimərdan “yazıq” sözünü eşidib birtəhər oldu. Lakin üstünü vurmayıb tez bağlamanı alıb açdı. İsti təndir çörəyinin arasına üzlü pendir qoyulmuşdu. Əlimərdan çörəyi dürməkləyib böyük bir dişdəm vurdu. O, marça-marçla yeyir, uşaq isə baxıb gülümsəyirdi. Sonra bardağı başına çəkdi. Su onun dodaqlarından boynuna, sinəsinə axdısa da ağzını bardaqdan çəkmədi. Doyunca içdikdən sonra əlinin arxası ilə islanmış bığını, çənəsini sildi.

- Ona deyinən ki, Əlimərdan deyir, sağ olsun.

- Kimə?

- Göyçəyə.

Uşaq dəsmalı, bardağı götürüb ayağa qalxdı.

- Tək gedə biləcəksənmi?

- Gedərəm.

- Gəl aparım ötürüm.

- Yox, sağ ol, özüm gedərəm, heç nədən qorxmuram.

Əlimərdan istədi uşaqdan atası olub-olmadığını soruşsun. Əgər evlərində kişi xeylağı varsa, bir-iki papiros istəsin. Ancaq “bu lap ağ olar”, deyib fikrindən döndü. Əlimərdan uşağın ardınca qışqırdı:

- Bax, yadından çıxmasın ha-a! Mənim sözlərimi Göyçəyə yetir. Denən o “yazıq” çörəyin hamısını yedi.

- Yaxşı!!!

Əlimərdan uşağın qaraltısı gözdən itincə baxdı. Dərindən nəfəs aldı. “Kaş bir papiros olaydı”. O, yerə göz gəzdirdi. Aşağı əyilib bayaq tulladığı qırıq papirosu axtarıb tapdı. Yandırdı. Papiros gödək olduğundan bığları ütüldü. O, kötüyü dodağından aldı. Deyinə-deyinə bığlarını sığalladı. Yenidən tüstünü ciyərlərinə çəkib gözlərini qırpmadan kəndə baxdı. Bütün eyvanlarda lampalar sayrışırdı. – Onların işığı ayın ziyasına qarışıb əriyir, yox olurdu. “Görəsən, Göyçəkgilin evi hansıdır? – deyə Əlimərdan düşündü. – Kaş onun məndən keçən işi olaydı. Bəlkə onda xəcalətindən çıxa biləm”. Sonra özünün də bu fikrə gülməyi tutdu. “Göyçəyin mənə nə işi düşəcək?.. Mən kiməm ki?” Əlimərdan maşının qapısını açdı. Oturacağa uzandı. Uzun-uzadı Göyçəyin barəsində fikirləşdi. Nəhayət, yuxuya getdi.

***

Əlimərdan maşını yedəyə qoşub həyətə gətirəndə artıq günorta olmuşdu. Üz-gözü, boyun-boğazı toz içində idi. O, üst-başını çırpa-çırpa artırmaya çıxdı. Evdə heç kəs yox idi. Əlimərdan tut ağacının dibindəki yanı üstə yıxılmış vedrəni götürüb quyuya tərəf getdi. Su çəkdi, əl-üzünü yudu. Deyindi: “Mənim günümə, diriliyimə bax”. Cibindən əzik, kirli dəsmalını çıxarıb əl-üzünü sildi. Bu vaxt həyət qapısı cırıltı ilə açıldı. Əlimərdan dönüb baxmadı da. O, bilirdi ki, ayaqlarını yerlə sürüyə-sürüyə gələn analığıdır. Arvad qapını aça-aça:

- Dünəndən bəri yenə itib-batmısan, – dedi. – Mürsəl bacısı ölmüşün bura gəlib-getməkdən dabanı qabar olub. Hara yoxa çıxmışdın, ədə?

Əlimərdan səsini çıxartmadı. “Sən də qardaşın Mürsəldən qalmazsan. İkiniz də bir yuvanın quşusunuz” – deyə ürəyində fikirləşdi.

O, analığının xasiyyətinə yaxşı bələd idi. Bilirdi ki, danışsa axırı dava ilə qurtaracaq. O, bu vaxta qədər analığından nəvaziş görməmişdi. Atası sağ olanda da evdə böyüklüyü Saray edərdi. Ancaq kişi hərdən onun ipini çəkər, Əlimərdanı acılamağa qoymazdı. Saray gününü toyda, yasda keçirdiyindən, Əlimərdan onun üzünü gec-gec görərdi. Bir yerdə olanda da sözləri düz gətirməzdi. Arvad nə fikirləşdisə qapını təzədən qıfılladı. İri bədənini yırğalaya-yırğalaya darvazaya tərəf yönəldi. Dayandı. Dönüb Əlimərdana çəpəki bir nəzər saldı.

- Mən Sənəmgilə paltarbiçdiyə gedirəm. Tez ol, qaç Mürsəlin dükanına, cibindəkiləri ver, tez ha, – deyib həyətdən çıxdı.

Əlimərdan “cibindəkiləri” Mürsələ vermək üçün darvazaya tərəf yönəldi.

...Əlimərdan iki gün tər tökə-tökə işlədikdən sonra maşını düzəltdi. Günorta olmamış həyətdən çıxdı. Lakin bu dəfə sərnişin dalınca böyük yola deyil, başqa səmtə buruldu. Açıq pəncərədən içəri dolan isti yel onun üzünü, boynunu yalayır, saçlarını oynadırdı. Əlimərdanın ürəyi narahatlıqla döyunürdü. Pambıq tarlasına çatanda döyükə-döyükə o tərəf-bu tərəfə baxdı. O, uzaqda bir neçə qaraltı görüb tələsdi. Maşını kənarda saxladı. Qapını açıb başını çıxartdı:

-Ay xala, arvadlar harda pambıq yığır?

- Yoxsa biz arvada oxşamırıq, ay oğul.

Hamı gülüşdü. Əlimərdan pərt oldu.

- Yox... mən elə demək istəmirdim... Mən...

- Yoxsa cavan qızları soruşursan? – deyə arvadlardan biri dilləndi. – Odur ey, o torpaq yolnan kanalboyu sür. İrəlidə qız çoxdur, bəlkə axtardığını tapdın. Yeri, bala, işin avand olsun!

Kanalın sol tərəfində, pambıq tarlasında o qədər adam işləyirdi ki, Əlimərdan maşını saxlayıb bir xeyli dinməz-söyləməz oturdu. Xəyalına qəribə fikirlər gəldi. “Mənə deməzlərmi burada nə gəzirsən, kimi axtarırsan?.. Bəlkə Göyçək heç mənə məhəl qoymadı, onda necə olsun? Bəlkə dedi ki, elə, doğrudan da, yazığım gəlib, sənə çörək göndərmişəm. İndi nə istəyirsən?..” Əlimərdanın ürəyi əsdi. Bura gəldiyi üçün özünü danladı. Sonra özünə təsəlli verərək fikirləşdi: “Deyərəm ki, sağ ol, sənin yaxşılığını unutmaram. Deyərəm ki, Göyçək, məni bağışla, sizə pislik etmişəm, günahımı yuyuram. Elə bunları desəm bəsdir”.

Əlimərdan motoru söndürüb maşından düşdü, bir xeyli dayanıb ətrafa göz gəzdirdi. “Nə olar-olar” – deyib irəli yeridi, arxı tullanıb tarlaya girdi. O, cərgələrin arası ilə gedə-gedə yan-yörəsinə baxır, Göyçəyi axtarırdı. Tər onun üzündən, boynundan süzülüb ağ köynəyinin yaxasını isladırdı. Qızların bəziləri onu görcək dikəlib baxır, bəziləri heç başını da qaldırmırdı. Əlimərdan tarlanın axırına gəlib çıxdı. Ancaq Göyçəyi tapa bilmədi. Utana-utana yaxındakı qızdan soruşdu. O da əlini sağ tərəfə uzadıb pambıqyığan maşını nişan verdi. Əlimərdan tərəddüdlə yaxın gəldi.

- Göyçək, – deyə qıza müraciət etdi. – Çox sağ olun, o günü mənə böyük yaxşılıq elədiniz. Mən bunu unutmaram.

- Unutsanız yaxşıdır, böyük bir şey olmayıb, – deyə, Göyçək laqeyd cavab verdi.

- İstəsəniz işdən sonra gəlib sizi apararam, eviniz uzaqdır.

- Zəhmət çəkməyin, mən piyada getməyi xoşlayıram.

Pambıqyığan maşın gurultu ilə tərpəndi. Oğlan durub baxırdı. Maşın sahəyə səs salaraq irəliləyir, pardaqlanmış qozalardakı pambıq sovrulub tor tutacağa tökülürdü.

...Gün enməmiş Əlimərdan maşını gətirib pambıq tarlasının aşağısındakı yolda saxladı. Adamlar dəstə-dəstə onun yanından keçirdi. Əlimərdan uzaqdan gələn qızların içində Göyçəyi axtarırdı. Göyçək bu dəfə irəlidə deyil, yoldaşlarının arasında gəlirdi. O, yaşıl nazik parçadan don geyinmişdi. Qolları yarıya qədər açıq idi. Ayağında yastıdaban yüngül ayaqqabı vardı. Qızlar Əlimərdanın yanından ötüb keçdilər. Əlimərdan canını dişinə tutub dilləndi:

- Gəl otur, Göyçək.

-...

-Göyçək...

-Biz çoxuq, – deyə Göyçək qızara-qızara cavab verdi.

Əlimərdan nə edəcəyini bilmədi. «Bir də çağırımmı? Gəlməz, yoldaşlarını qoyub gəlməz... Tərs kimi onlar da çoxdur». Qızlar bir-birilərinə baxıb pıçıldaşdılar.

- Get böyük maşın gətir, biz ora sığışmarıq, – deyə onlardan hansısa dilləndi.

Qızlar gülüşdülər. Göyçək də onlara qoşuldu. Əlimərdan bunu öz gözləri ilə görməsəydi, bəlkə də qanı qaralmazdı. Əlimərdan hiss etdi ki, Göyçək yoldaşlarından ayrılmayacaq. O, maşını kənara verib qızların yanından keçdi. Toz qaldırmasın deyə bir az asta sürdü. Maşın qızların qəhqəhəsindən ürkübmüş kimi üzü aşağı – Hüsülü dərəsinə doğru götürüldü. Əlimərdan başını yana çıxarıb uzanan yola baxdı. Onun qəlbi heç vaxt bugünki kimi həyəcanla döyünməmişdi. Bir əli qeyri-iradi olaraq düyməni basır, qoşa siqnal dərəyə haray salırdı. Maşın ildırım sürəti ilə uzaqlaşırdı, Əlimərdan ürəyini dərədə qoyub gedirdi. Onu aparan ayaqları deyil, bütün hisslərdən məhrum, sevincə də, qəmə də biganə olan dörd təkər idi.

***

Mürsəlin işləri mağazada düz getmirdi. Ona görə də qanı qara idi. Əlimərdan onun yanına əliboş getməyə qorxurdu. “Zalım oğlunun gözü doymur, – deyə fikirləşirdi. – Bir yandan mağazadan dartır, bir yandan da məni qazanca göndərir... Adamda nəfsə bir bax”.

Mürsəl iş-gücünü buraxıb maşını soraqlaşır, tapa bilmirdi. “O, haramzadanı qoduqluğa basdırmasam, mən heç atamın oğlu deyiləm”, – deyə Əlimərdanı hədələyirdi. Bu sözlər Əlimərdanın qulağına çatmışdı. O, bilirdi ki, əvvəl-axır Mürsəllə üz-üzə gələcək. Lakin Göyçək olan yerdə belə şeyləri fikirləşməyin mənası vardımı?

...Əlimərdan bu gün də maşını tarlanın qurtaracağındakı yolda saxladı. “Nə olur olsun, evlərinə qədər gedəcəyəm. Daha canım boğazıma yığıldı. Gecələr yuxuda da rahatlığım yoxdur”. İndi Göyçəkgilin kəndində onu çox adam tanıyırdı. Qızların hamısı onun adını bilirdi. Mətləb aydın idi. Əlimərdanın bu yerlərdə tez-tez görünməsi heç kimdə təəccüb doğurmurdu.

Əlimərdan son günlər tanınmaz olmuşdu. O, özünə diqqət yetirir, əyin-başını təmiz saxlamağa çalışırdı. Onun sifəti də dəyişmişdi: bir az arıqlamışdı. Əlimərdan sevirdi! Bu vaxta qədər özündən güclü adam tanımayan Əlimərdan, indi ona qəribə görünən hisslərin pəncəsində əzilirdi.

Əlimərdan bir xeyli hərəkətsiz dayandı. Ətrafa göz gəzdirdi. Sonra tərəddüd içərisində maşını irəli sürdü. Uzaqda qaraltı görüb sürəti artırdı. Tarlada cəmi üç nəfər adam qalmışdı. Əlimərdan onların içində Göyçəyi seçə bildi. Göyçək pambıqyığan maşının yanında dayanıb iki nəfər qızla nə haqdasa danışırdı. Əlimərdan “Pobedanı” yolun qırağında saxlayıb sürətli addımlarla tarlaya girdi. Qızlara yaxınlaşıb salam verdi.

- Hamı çıxıb gedib, bəs siz burada neynirsiniz? – deyə soruşdu.

Göyçək onun gəlişinə təəccüblənmədi. Sanki, bunu əvvəlcədən bilirdi. Motorun üstünə əyilib nəyi isə əlləşdirdi. Göyçəyin rəfiqələri yana çəkildilər. Əlimərdan irəli yeridi:

- Nə olub?

- Karbüratora yanacaq gəlmir. Düzəltmək istəyirəm...

- Səhər tezdən düzəldərsən də.

- Onda gec olar.

-Yaxşı, açarı bəri ver.

Göyçək təbəssümlə ona baxdı. O biri qızlar da irəli yeridilər. Əlimərdan karbüratorun yanındakı balaca qaykanı sola burub boşaltdı. Maye yanacaq gələn nazik borunu qaldırıb üfürdü.

- Dayan bu saat gəlirəm, – deyib öz maşınına tərəf götürüldü. Onun qəlbi sevinclə döyünürdü, sanki həyatda ən böyük arzusuna çatmışdı. Bəstəboy, qarabəniz bu qızın yolunda Əlimərdan hər cəfaya dözərdi. O, yük qoyulan yeri cəld açıb nasosu götürdü. Qapını örtməyi belə unudub dala qaçdı.

- Bu saat düzələcək, – dedi. Nasosu boruya keçirib dəstəyini endirib qaldırdı. Göyçək onun belə ürəklə işləməsinə baxıb gülümsədi. Oğlan karbüratoru yoxladı. Yanacaq gəlirdi. Əlimərdan işin tez qurtarmasından təəssüflənərək:

- Elə bu? – deyə Göyçəyə tərəf döndü.

- Vəssalam.

- Daha xarab yeri yoxdur ki?

- Hələ ki, yox.

Göyçək maşını işə saldı. Bayaqdan bəri sakitliyə qərq olmuş tarlaya səs düşdü. Əlimərdan sinə dolusu nəfəs aldı. Qız motoru söndürdü.

- Sağ olun, bu köməyinizi unutmaram.

- Dəyməz, boş şeydir.

- Ay Göyçək, gecə düşdü axı, evdəkilər dəli olublar, bizi axtarırlar, – deyə qızlardan biri dilləndi.

Göyçək əlindəki əskini maşının oturacağına atdı, Əlimərdana ötəri nəzər salıb yola tərəf yeridi.

- Maşın sürməyi harda öyrənmisən? – deyə Əlimərdan onun yanınca addımladı.

- Şəhərdə.

- Şəhərdə?

- Axı, Bakıda mexanizasiya məktəbi var. Mən sürücü mexanikəm, birinci ildir ki, maşınla pambıq yığıram.

Qabaqda pıçıltı ilə danışa-danışa gedən qızlar yola çıxıb dayandılar. Əlimərdan əlini maşına tərəf uzatdı:

- Əyləşin!

Qızlar, icazə istəyirlərmiş kimi, Göyçəyin üzünə baxdılar. Sonra qapını açıb arxada əyləşdilər. Göyçək irəlidə oturdu. Əlimərdan, ürəyində sevinc, gözlərində təbəssüm, sükandan yapışdı. Maşın düz yola çıxıb sürətlə irəlilədi. Əlimərdan tez-tez köks ötürür, Göyçəyə tərəf baxırdı. Onun beynində qarmaqarışıq fikirlər dolanırdı. “Yoldaşları burada olmasaydı, ona bir-iki kəlmə söz deyərdim... Belə fürsət ələ düşməz”.

- Bəs siz işləmirsiniz? – Göyçəyin qəflətən verdiyi sual Əlimərdanın fikrini yarımçıq qoydu.

- Bu iş deyil? – Əlimərdan suala sualla cavab verdi. Birdən-birə tutuldu. “Göyçək bilsə ki, maşın özümün deyil mənə necə baxar?” O, sanki, ağır bir yük altında qaldı.

- Ay qız, gəlsənə dəmir körpüdən gedək, – deyə rəfiqələrindən biri Göyçəyə müraciət etdi.

Göyçək arxaya çevrildi:

- Yox, ay Yetər, onsuz da gecikmişik.

- Burax, sən allah, maşının əlində nə var ki, on dəqiqəyə çatarıq. Heç olmasa bir az gəzək.

- Əlbəttə, düz deyirlər. – Əlimərdan arxada oturmuş qızların sözünü təsdiqlədi. Bu təklif onun ürəyindən idi. Göyçək maşının əvvəlki yoldan çıxdığını görüb daha etiraz etmədi.
Çölün düzü süd kimi işığa qərq olmuşdu. Ay yavaş-yavaş süzür, yerində sayan ulduzlar həsrətlə onu seyr edirdi. Ətraf sakitlik idi. Təkcə Əlimərdanın qəlbi narahatlıqla döyünürdü.

Maşın sağa burulub asfalt yola çıxdı. Birdən Əlimərdan ilan vurmuş adamlar kimi səksəndi. Mürsəli körpünün üstündə görüb özünü itirdi. Yanından keçib getmək istədi. Lakin hansı bir daxili qüvvəsə onun qərarını pozdu. Maşın Mürsələ çatanda təkərlər yerlə sürünüb tükürpədici səs çıxartdı. Mürsəl protez qolunu yanına salıb Əlimərdana tərəf yeridi. Başını pəncərədən içəri saldı. Gah Əlimərdanı, gah da qızları süzdü. Onun baxışı adamın ürəyinə qorxu salırdı. Uzun tüklü qaşlarını bir neçə dəfə səyridib acıqlı, boğuq səslə dilləndi:

- Bilirdim ki, əvvəl-axır buradan gəlib keçəcəksən... Ə, haramzada, bu dədəyin maşınıdı, ora-bura çapırsan, hay? Mən səni iş dalıycan göndərmişəm, yoxsa qız dalıycan?

Əlimərdan pərt-pərt Mürsələ baxırdı. O, xəcalətdən üzünü qızlara tərəf çevirə bilmirdi. Mürsəl zəhmli gözlərini Göyçəyin üzünə zillədi. Sanki bütün təqsirlər onda imiş.

- Düş aşağı, a-az! Dədəyin olanda minərsən! Neçə vaxtdı ki, gədəni çəkmisən dəmə!

- Onda işin olmasın, Mürsəl!!!

- Qoduqlanma, ə! Yaxşılıqlarımın əvəzini belə çıxırsan?

Qızlar daş kimi susub qalmışdılar. Göyçəyə bıçaq vursaydın qanı çıxmazdı. O, məzəmmət dolu baxışlarla Əlimərdanı süzdü. Maşından düşüb qapını çırpdı. Yoldaşları da onun ardınca çıxdılar. Əlimərdan az qalırdı ağlasın. Acığından dilini, dodağını gəmirirdi. O, maşından düşüb tərs-tərs Mürsələ baxdı.

- Zəhmət çək, özün sür get.

- Qudurma, haramzada, qarnındakı bağırsaqlarına da mənim adım yazılıb. Boynunda haqqım var. Mən sənə bacım Sarayın xatirinə hörmət...
Əlimərdanın səbri tükəndi. İkiəli ilə Mürsəlin yaxasından yapışıb silkələdi:

- Ağzını təmiz saxla, yoxsa dişlərini qarnına dolduraram!

Əlimərdan onun sallanan şikəst qoluna baxıb yaxasını buraxdı. Sonra asfalt yolla uzaqlaşan üç qaraltının ardınca götürüldü.

***

Üstünə pambıq kisələri yığılmış qara rəngli yük maşını ağır-ağır yerindən tərpəndi, yolun qırağında dayanmış Göyçək əlini qaldırıb şoferi salamladı. Oğlan gülümsəyib başını tərpətdi.

-Ağrın alım, Əlimərdan, cəld ol, – deyə onun yanında oturmuş briqadir dilləndi.

Maşın Hüsülü dərəsinə enəndə, Əlimərdan boylanıb irəli baxdı. Göyçəkgilin evindən bir az aralı ağ, iri daşlar tökülmüşdü. Burada təzə binanın bünövrəsi qoyulmuşdu. Briqadir Əlimərdanın ora diqqət yetirdiyini gördü.

- İçində sağlıqla oturasan, eloğlu. Neçə göz olacaq?

- İki göz.

Əlimərdanın xəyalı gələcəyə uçdu. Bünövrə onun nəzərində birdən-birə ucaldı. Yaraşıqlı, səliqəli binaya çevrildi. O, həmin binanın eyvanında dayanan Göyçəyi də gördü. Bu xəyal Əlimərdanın ürəyini sevinclə doldurdu. O, gülümsədi. Sonra qısa günlüklü kepkasını gözünün üstünə itələyib maşının sürətini artırdı.

1961

# 6849 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
# # #