Ağcaqanadların şəxsi həyatı - Həmid Piriyevdən yeni hekayə

Ağcaqanadların şəxsi həyatı - Həmid Piriyevdən yeni hekayə
5 yanvar 2021
# 09:01

Kulis.az hər çərşənbə axşamı tezdən yayımlanan “Hekayə günü” layihəsindən yazıçı Həmid Piriyevin “Ağcaqanadların şəxsi həyatı” hekayəsini təqdim edir.

...Qanadlarım hələ təmiz qurumayıb. Gözümüzü açandan sonra suyun səthinə çıxıb gözlədik ki, bədənimizin suyu süzülsün, xeyli oturduq, məndən olsa hələ də oturardım. Nəm qanadla uçmaq təhlükəlidi, qanad qopub düşə bilər. Düzdür, hələ heç bir ağcaqanadın başına belə şey gəlməyib, amma ehtiyatlı olmaqda fayda var. Gözümüzü açan kimi genlərimiz çox şeyi bizə diqtə edir, özünüqoruma instinkti də işə düşür. Məsəlçün, doğulduğumuz gölməçənin qırağında sıraynan düzülən, arabir quruldayan yaşıl şeylərin nə olduğunu bilməsək də, onlardan uzaq gəzməyin lazım olduğunu hiss edirdik. Doğrudan da, qanadı hələ yaş ağcaqanadlardan biri hövsələsizlik edib uçmaq istədi, yaş qanadla çox uzağa gedə bilmədiyi üçün o yaşıl şeylərin yanına düşdü. Yaşıllardan biri o saat dilini uzadıb ağcaqanadı uddu. Qorxsaq da yerimizdən tərpənmədik. Yaşıllar suya girmirdi. Burda rahat idik. Deyirdim yəqin bir neçə saat da oturaram. Amma o biri ağcaqanadların uçmağa başladığını görüb mən də onlara qoşuldum. Çox idik, yüzlərlə, bəlkə də minlərlə. Hələ birinci uçuşumuz idi, naşılığımız hiss olunurdu. Düz uça bilmirdik, sağa-sola meyillənirdik. Açığı, heç hara uçduğumuzu da bilmirdik. Həyata təzə atılan ağcaqanadların məşqi idi bu uçuş. Erkəklər özünü dişilərə göstərməyə çalışırdı, bir-biriynən ötüşür, başqalarından daha yüksəyə uçmağa çalışırdılar. Amma mən o hayda deyildim. Həyəcanlıydım yaman. Yaxşı ki, böyük ağcaqanadlara rast gəldik, yoxsa məqsədsiz uçmağa davam edəcəkdik. Bizi ağcaqanadların yığışdığı zirzəmiyə apardılar.

İndi burda, bir küncdə oturub qorxa-qorxa ətrafa baxıram, həm də gözləyirəm qanadlarım təmiz qurusun. Amma çətin quruya, zirzəmi nəmişlikdi. İçəridə nə qədər ağcaqanad var?! Saymaqnan qurtarmaz. Dəstə-dəstə yığışıb söhbət edirlər, bəzi dəstələr uçub gedir, yerinə təzə dəstələr gəlir.

“Salam,” arıq bir ağcaqanad uça-uça üzbəüzümdə dayanıb mənə baxır, gülümsəyib yanımda oturur.

“Salam,” deyirəm.

“Bu gün gələnlərdənsən, deyəsən”.

“Hə”.

“Görünür. Nədən sıxılırsan?”

“Bilmirəm, hələ öyrəşməmişəm, yəqin ondandı”.

“Eybi yox. Təzə gələndə mən də beləydim”.

“Çoxdan burdasan?”

“Beşinci günümdü”.

Birdən içəri sakitlik çökür. Sonra zirzəminin nəfəsliyi tərəfdə canlanma yaranır, hamı çəkilib bir ağcaqanada yol verir. Ağır-ağır uçan ağcaqanad hamımızdan iridi, həm də ətli-canlıdı. Hamı ona baş əyir, osa heç kimə fikir vermədən keçib zirzəminin tavanındakı işıq lampasının üstündə oturur. Tezliklə yuxuya getdiyini görürük, ağır-ağır nəfəs alır, nəfəs aldıqca pərləri qalxıb-düşür. Yavaş-yavaş pıçıldaşmalar başlayır. Bir çox ağcaqanad uçub bayıra çıxır. Yanımdakı ağcaqanad da mənə işarə edir ki, gedək. Uçub bayıra çıxırıq.

“O kimdi?” soruşuram.

“Burdakı ən yaşlı ağcaqanaddı, hamımızın anasıdı. Deyirlər, keçən ildən qalıb, amma dəqiq bilən yoxdu. Özündən soruşmağa heç kimin cəsarəti çatmır”.

“Bəs qışı harda keçirdib?”

“Elə bu zirzəmidə”.

Bir az uçub çəpərin üstünə qonuruq. Demək olar ki, ağcaqanad gözə dəymir.

“Bayaq içəridən çıxanlar necə oldu?” soruşuram.

“Uçub getdilər”.

“Hara?”

“Hara olsa. Çox az ağcaqanad burda qalır. Bizdə yuvaya bağlılıq yoxdu. Biz də hara istəsək uçub gedə bilərik. Heç kim də bizi axtarmaz. Hər gün nə qədər təzə ağcaqanad doğulur. Sayı-hesabı yox. Yerimiz tez dolur. Hələ adamların öldürdüklərini demirəm”.

Başqa həşəratları müşahidə edirik. Yanımdakı ağcaqanad onlar haqda danışır.

“Bax, bunlar milçəklərdi. Bu parabüzəndi. Qəşəngdi, hə?”

Başımla təsdiqləyirəm. Rəfiqəm çəpər taxtaları arasında tor hörən uzun ayaqlı həşəratı göstərir.

“O hörümçəkdi. Onun torundan ehtiyatlı ol. Yapışsan qopa bilməyəcəksən”.

Bir az da otururuq.

“Bəlkə gedək qan içək?” soruşur.

Çiyinlərimi çəkirəm, yəni gedək də.

“Gəl birinci heyvanlarda yoxlayaq. Adamları axşam yoxlayarsan”.

Uçub tövləyə giririk. Özü qapının üstündə oturur.

“Get,” deyir.

Yarı yolda dayanıb ona baxıram.

“Qan dadlıdı?” soruşuram.

“Belə də. Heyvan qanı o qədər də yox, amma adam qanı şirindi. Axşam onun da dadına baxarsan”.

İnəyə tərəf uçuram.

“Ona yox. Dananın qanını iç. İnəyin gönü qalındı, danada incədi bir az. Hələ xortumun yaxşı bərkiməyib, danadan başla”.

Dananın üstündə uçuram, bilmirəm harasına qonsam yaxşı olar.

“Belinə qon,” rəfiqəm deyir. “Boynuna qonsan, diliylə səni vura bilər, yançağına qonsan, quyruğuyla. Belinə nə dili çatır, nə də quyruğu”.

Məsləhətinə əməl edirəm. Xortumumu belinə sancıb sormağa başlayıram. Qatı maye xortumuma dolur, ordan ağzıma axır. Dadı birtəhərdi, ürəyim bulanır. İstəyirəm tüpürüm.

“Tüpürmə,” rəfiqəm deyir. “İndi içməsən, bir də içə bilməyəcəksən. Çalış udasan”.

Öyüsəm də, dediyini edirəm. Amma ikinci qurtumu içə bilməyəcəyəm. Uçub havaya qalxıram.

“Afərin,” rəfiqəm məni tərifləyir. “Gedək”.

Bayıra çıxıb yenə çəpərin üstündə otururuq.

“Yaxşısan?” soruşur.

“Ürəyim bulanır,” deyirəm.

“Eybi yox, keçib gedəcək. Birinci dəfə içəndə məndə də belə oldu”.

Birdən yaxınlıqda səs eşidirik.

“Sənə deməmişəm bir də buralara gəlmə?”

Aedes Aegypti mosquitos in a lab in El Salvador

Çəpərin dibindəki gülün qönçəsindən bir ağcaqanad çıxıb cəld uzaqlaşır. Dalınca sarı bir həşərat çıxıb deyinir, sonra qönçənin içinə girir.

“Bu arıdı,” rəfiqəm deyir.

“Bəs ağcaqanad gülün içində neyləyirdi?”

“Şirə çəkirdi”.

“Bəs o qan içmir?”

“Yox. O erkəkdi. Qanı ancaq dişi ağcaqanadlar içir. O da yumurtaları üçün. Qan içməsək yumurta qoya bilmərik. Erkəklərsə ancaq gül, bitki şirəsi içməklə dolanır”.

“Bəs arı nə üçün onu qovdu?”

“Arılar da gül şirəsi çəkirlər. Ona görə. Ağcaqanad gülün şirəsini çəksə, arıya çatmaz. Erkəklərlə tanış olmaq istəyirsən?”

“Hə”.

“Gəl”.

Uçub o biri həyətə gedirik. Burda iri qızılgül kolları var. Bayaq arının qovduğu ağcaqanad burdadı. Çəpərin üstündə otururuq. Rəfiqəm qanadlarını bir-birinə sürtür.

“Sən də belə elə. Bu erkəkləri çağırmaq üçün işarədi”.

Dediyini edirəm. Doğrudan da erkək ağcaqanad bizə baxıb gülümsəyir, uçub yanımıza gəlir. Rəfiqəmin yanında oturur. Xortumlarını bir-birinə sürtürlər, sonra erkək uçub rəfiqəmin üstünə qonur. Utanıb üzümü çevirirəm, amma bir neçə saniyə sonra erkək uçub gedir.

“Elə bu?” soruşuram.

“Hə. Bəs nə istəyirdin?” soruşur.

Çiyinlərimi çəkirəm.

“Bilirsən nə üçün səni yox, məni seçdi?” soruşur.

“Yox,” deyirəm.

“Erkəklər həmişə təcrübəli dişiləri seçir”.

“Bəs o sənin təcrübəli olduğunu hardan bildi?” soruşuram.

“Qanadlarımı sürtməyimdən”.

“Onda məni seçən olmayacaq? Təcrübəsizəm axı”.

“Olacaq. Gərək erkək çox olan yerə gedək. Əgər burda erkək iki dənə olsaydı, biri səni seçəcəkdi”.

“Sən artıq yumurta qoymusan?”

“Hə. Bir dəfə qoymuşam. Gəl indi gedək dincələk. Axşam gedərik adam qanı içməyə”.

Uçub zirzəmiyə gedirik.

***

Rəfiqəm xortumuynan məni dümsükləyir.

“Nə yaman çox yatırsan,” deyir. “Dur, vaxtdı”.

Havaya uçub özümü silkələyirəm. Zirzəmidə ancaq erkək ağcaqanadlar qalıb. Bir də hamımızın anası. Uçub bayıra çıxırıq. Hava qaralıb, amma aydınlıqdı, ulduzlar parıldayır. Bəzi evlərdən işıq gəlir. Yaxınlıqdakı evə tərəf uçuruq, daha doğrusu rəfiqəm mənə istiqamət verir, onu izləyirəm. O evin işıqları sönükdü.

“Yatıblar, gəl,” deyir.

Pəncərələr açıqdı, amma hamısına tor vurulub.

“Bu yana gəl”.

Rəfiqəm yola bələd olanlar kimi məni evin dal tərəfindəki pəncərəyə aparır.

“Bu pəncərədəki tor zədəlidi, deşiyi var”.

Əvvəlcə özü girir içəri, dalınca mən də özümü deşikdən dürtürəm. Ayın işığı çarpayıdakı adamların üstünə düşür. Rəfiqəm kişinin qoluna qonur, mən hələ havadayam. Günorta içdiyim qanın dadı yadıma düşür, yenə ögümək tutur məni.

“Gəl də. Nə gözləyirsən?”

“Deyəsən bacarmayacağam,” deyirəm.

“Adam qanı daha dadlıdı. Otur, özün görəcəksən”.

Naəlac mən də qadının sinəsinə qonuram. Rəfiqəmlə eyni vaxtda xortumlarımızı batırırıq, amma sormağa macal tapmamış qadın tərpənir. Qorxub havaya qalxıram. Qadın bir az qurcalanıb sakitləşir. Rəfiqəmə baxıram, göz edir, işarəylə başa salır ki, təzədən oturum. İkinci dəfə də oturan kimi qadın qurcalanır, bu dəfə əlini sinəsinə də çəkir. Yenə havaya qalxıram, bir az geciksəydim əlinin altında qalacaqdım. Nəhayət, üçüncü cəhddən qan sora bilirəm. Rəfiqəm düz deyirmiş, adam qanı şirin imiş. Bu dəfə ürəyim bulanmır. Yenə içmək istəyirəm. Bir az uçandan sonra qadının ayağına qonuram, bir qurtum da burdan içirəm. Qadın ayağını tərpədir, əliynən qan içdiyim tərəfə vurur. Yaxşı ki, bu dəfə də cəld tərpənirəm, zərbə məni tutmur. Rəfiqəm də havadadı.

“Kişiyə bax, daş kimi yatıb,” deyir, “neçə yerindən sancdım, heç ruhu da incimədi”.

Bu biri otağa uçuruq. Çarpayıda qız yatıb.

“İçmək istəyirsən?” soruşur.

“Yox,” deyirəm, “doydum mən”.

“Hələ qarnın balacadı. Bir-iki günə çox içəcəksən. Sən dayan, mən bir az da içim, gedək”.

Qızın üzünə qonur, xortumunu sancan kimi qız üzünə şillə çəkir. Rəfiqəmin ayağı əzilir, qışqıra-qışqıra havaya qalxır, özünü ora-bura vurur. Dalınca uçub sakitləşdirməyə çalışıram, xeyri olmur.

“Deyəsən ayağım sındı,” deyir.

Dəli kimi ora-bura uçmağa davam edir.

“Dayan baxım”, deyirəm. İstəyirəm ayağından tutub tərpədim, görüm doğrudan sınıb, ya yox. Əlimi ayağına vuran kimi qiyyə çəkir, tavanın küncünə millənir. Vızıldamağa başlayır. Künc zülmətdi, uzaqdan nə etdiyini görmürəm, yaxınlaşanda görürəm ki, hörümçək toruna ilişib. Demə tavanın küncündə hörümçək tor qurubmuş. İstəyirəm onu xilas edim, tutub dartım.

“Gəlmə,” deyir, “sən də ilişərsən”.

“Bəs sən?”

“Sən get. Mən onsuz da çox yaşamayacaqdım. Beləsi daha yaxşı oldu. Az ağrı çəkərəm. Sən get”.

Hörümçək uzun ayaqlarını torun saplarına basa-basa rəfiqəmə yaxınlaşır. İki ayağıyla rəfiqəmi tutub fırlatmağa başlayır, ağzından çıxartdığı yapışqanlı sapa dolayır. Çarəsizlik içində rəfiqəmə baxıram. Rəfiqəm sap yumağının içində qalır, tezliklə vızıltısı da kəsilir.

Hörümçək onunla işini qurtarandan sonra mənə baxır. Özümə gəlirəm, burdan uzaqlaşmalıyam. Ağlaya-ağlaya içəri girdiyimiz pəncərənin yanına gəlirəm. Gözlərim dumanlı görür, birtəhər deşiyi tapıb bayıra çıxıram.

Rəfiqəm öldü. Hər gün ölən yüzlərlə ağcaqanad kimi. Heç kim onun yoxluğunun fərqində olmayacaq.

Çox heyf!

***

Bilmirəm neçə gün keçib, günləri saymıram. İki dəfə yumurta qoymuşam. Özüm də xeyli böyümüşəm, artıq çox qan içirəm. Özü də tək gecələr yox, günortalar da içirəm, çünki gündüzlər erkəklərlə görüşürəm, buna görə dəacıyıram. Üstəlik, yumurtalar da qan tələb edir.

Hamımızın anası artıq yoxdu. Ən qoca ağcaqanadı deyirəm. İki gün qabaq zirzəmidən çıxdı, bir də geri qayıtmadı. Başına nə gəldiyini bilmirik. Yəqin kiminsə şilləsinə tuş gəlib.

Zirzəminin nəfəsliyindən bir dəstə ağcaqanad girir. Qanadları hələ tam qurumayıb, ürkə-ürkə oyan-buyana baxırlar. Bu gün yumurtadan çıxanlardı. Aralarında mənim də balalarım var. Amma hansılardır, bilmirəm. Heç vaxt da bilməyəcəm.

Onları müşahidə edirəm. Yavaş-yavaş köhnə ağcaqanadlara qaynayıb-qarışırlar. Biri isə bir küncə çəkilib oturur. Ona baxanda birinci dəfə bura gəlməyim yadıma düşür. Uçub yanında otururam.

“Salam,” deyirəm.

“Salam,” deyir.

“Qorxursan?” soruşuram.

“Hə,” deyir.

“Qorxma. Təzə gələndə mən də beləydim. Öyrəşəcəksən,” deyirəm...

2020-nin iyulu

# 3171 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #