Qoca Mayorun üsyankar nitqi

Qoca Mayorun üsyankar nitqi
24 iyun 2011
# 10:00
Azərbaycan oxucusu, nəhayət ki, Corc Oruellin “Heyvanıstan” povestini oxumaq imkanı qazandı. XX əsrin totalitar quruluşlarına satirik cavab olan əsərdəki (tərcüməçi Vilayət Quliyevdir) personajların bir çox prototipləri məlumdur. Stalin, Buxarin, fəhlə Staxanov və s. Lakin mübahisə mövzusu olan bir obraz – qoca Mayorun kimliyi bilinmir. Bütün ölçüləri ilə qoca Mayor “proletariatın ölməz rəhbəri” Lenini xatırladır. Bununla belə, heyvanları insanlar əleyhinə qaldırmış donuzun Marksa da “bənzərliyi” var.

“Heyvanıstan” povestində qoca Mayorun əzilən, döyülən ev heyvanlarını İnsan əsarətindən xilas olmağa səsləyən çağırış nitqi var. Bu nitqi və heyvanların himnini oxuyun. Bəlkə, o, prototip haqqında düşüncələr olmasa da, yaxın keçmişi xatırlamaq üçün bir vəsilə olacaq.


Yoldaşlar, yəqin dünən gecə qəribə yuxu gördüyümü eşitmisiniz. Bu söhbətə sonra qayıdacağam. Lakin əvvəlcə başqa sözüm var. Yoldaşlar, bundan sonra hələ uzun müddət sizinlə birlikdə olacağımı düşünmürəm. Ona görə də ölməmişdən əvvəl həyat təcrübəmi hamınızla bölüşməyi özümə borc sayıram. Mən uzun ömür sürmüşəm. Donuz damında tək-tənha qaldığım gecələrdə fikirləşmək üçün çox vaxtım olub. Sizi əmin edə bilərəm ki, yer üzündə mövcudluğun mənasını indi hər bir heyvandan daha yaxşı anlayıram.

Sizinlə də elə bu barədə danışmaq istəyirəm.

Beləliklə, yoldaşlar, mövcudluğumuzun mənası nədədir? Gəlin həqiqətin gözünə dik baxaq: həyatımız qısa və miskindir, ağır zəhmətlə doludur. Doğulduğumuz gündən bizə ancaq nəfəsimizi canımızda tutmağa kifayət edəcək qədər yemək verirlər. Kimin bədənində təpəri, gücü varsa, son nəfəsi ağzından çıxana qədər işləməlidir. Günlərin birində, artıq işə yaramayanda tərəddüdsüz-filansız hamımızı sallaqxana bıçağının altına göndərirlər. İngiltərədə bir yaşına çatmış elə heyvan yoxdur ki, haqqı çatan istirahətin, yaxud xoşbəxtliyin nə olduğunu bilsin. İngiltərədə heç bir heyvan azad deyil. Bütün yaşayışımız başdan-başa miskinilik və köləlikdən ibarətdir. Həqiqət belədir.

Bəlkə, bu, təbiətin adi bir qanunudur? Bəlkə bütün bunlar ona görə belə olur ki, torpaqlarımız məhsuldar deyil, sakinlərinin həyatını təmin edə bilmir? Yox, yoldaşlar, min dəfə yox! İngiltərənin iqlimi mülayimdir, torpağı barlı-bəhərlidir. Bu ölkə indiki sakinlərindən qat-qat artıq heyvanı yedirib bəsləməyə qadirdir. Təkcə bizim fermada bir düjin at, iyirmi inək, yüzlərlə qoyun saxlamaq olar.

Onların həyatlarının rahatlıq içərisində, təsəvvürünüzə gətirmədiyimiz şəxsi ləyaqət, hər kəsin izzəti-nəfsinə hörmət şəraitində keçməsini təmin etmək olar. Bəs elə isə biz niyə bu cür acınacaqlı vəziyyətdə yaşayırıq? Çünki zəhmətimizin bütün bəhrələrini İnsan oğurlayır. Budur, yoldaşlar, qarşımıza çıxan bütün sualların cavabı! Bu cavab tək bir sözdən ibarətdir-

İnsan! Bizim yeganə düşmənimiz İnsandır! İnsanı səhnədən uzaqlaşdırın, o zaman aclığı və kölə əməyini döğuran səbəblər də aradan qalxacaq!
Insan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə ağalıq edir. O, süd vermir, yumurtlamır; kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır. O zavallı heyvanları qul kimi qabağında işlədir, onlara yalnız acından ölməmələri üçün yem verir. Qalan nə varsa hamısına özü sahib çıxır. Torpaq bizim zəhmətimizlə becərilir, peyinimizdən gübrə kimi istifadə olunur.

Ancaq heç birimizin dərimizdən savayı özgə sərvətimiz yoxdur. Bax siz, qarşımda uzanıb gövşək vuran inəklər, keçən il neçə min qallon süd vermisiniz? Onunla heç olmasa, buzovlarınızı doyunca əmizdirə bilərdiniz. Amma xəbəriniz də yoxdur ki, süd hara getdi, necə oldu? Aydın məsələdir, düşmənlərimiz son damlasına qədər boğazlarına töküblər. Siz, toyuqlar, ötən il nə qədər yumurtlamısınız, vermisiniz, nə qədər cücə çıxarmısınız? Hanı onlar? Hamısı bazara göndərilib.

Çünki Consun və adamlarının əlləri daim pulla oynamalıdır. Klover, de görüm əziyyətlə böyütdüyün dörd balan hardadır? Axı qoca vaxtında onlar sənin arxan, təsəllin olmalı idilər. Hamısı bir yaşlarına çatan kimi satılıb. Dayçalarının heç birinin üzünü ömrün boyu görə bilməyəcəksən. Dörd ağır döğuşdan, kotana qoşulub bu qədər yer şumlayandan sonra bir ovuç yulafdan və küncünə qısıldığın uçuq tövlədən başqa nəyin var?

Hətta bu miskin həyatımızın da təbii axarı ilə sona çatmasına imkan vermirlər. Özümlə bağlı şikayətçi deyiləm. Hər halda bəxtim gətirib. On iki il ömür sürmüşəm, dörd yüzdən çox övlad dünyaya gətirmişəm. Normal donuz ömrü yaşamışam. Lakin heç bir heyvan ömrünün axırında canını amansız bıçaqdan qurtara bilmir. Bax siz, qarşımda oturan gənc, məsum donuz balaları, bir il keçməmiş hamınızın həyatı bu hasarın çölündə sona yetəcək.

Heç nə görmədən dünyadan köçüb gedəcəksiniz. Bu dəhşətli tale inəkləri, qoyunları, donuzları, toyuqları-bir sözlə, hamımızı gözləyir. Hətta atların və itlərin də bəxti gətirmir. Bax, Bokser, zaman keçəcək, qüvvətli əzələlərin gücdən düşəndə Cons tərəddüd etmədən səni sallaqxanaya satacaq. Orada başını kəsəcəklər, leşindən itlərə yem bişirəcəklər. Amma itlər də sevinməsinlər. Qocalıb dişləri töküləndə, işə yaramayanda Cons onların da boyunlarına kərpic bağlayıb yaxınlıqdakı nohurda batıraçaq.
Bütün bunlardan sonra, yoldaşlar, fəlakətlərimizin insan nəslinin zülmündən qaynaqlandığı sizə gün kimi aydın deyilmi? Biz İnsanı devirməliyik, yalnız o zaman zəhmətimizin bəhrəsinə sahib çıxacağıq. İstəsək, hətta bir gecə ərzində zənginliyə və sərbəstliyə qovuşa bilərik.

Bunun üçün nə etməliyik? Gecə-gündüz çalışmalıyıq, bədənimizi və ruhumuzu insan nəslinin hakimiyyətini devirməyə hazırlamalıyıq.

Yoldaşlar, mən sizi Üsyana səsləyirəm. Bilmirəm, bu Üsyan nə vaxt olacaq- bir həftə, yoxsa yüz il sonra?! Lakin altımdakı samanı gözümlə gördüyümə inandığım kimi ədalətin də tez ya gec zəfər çalacağına o qədər inanıram. Bu fikri əsla fikrinizdən çıxarmayın, yoldaşlar! Həyatınızın son saatına qədər onun gerçəkləşməsi üçün çalışın. Bir də hamınıza vəsiyyət edirəm ki, dediklərimi özünüzdən sonra gələnlərə çatdırın. Qoy gələcək nəsillər qələbə əldə olunana qədər mübarizəni davam etdirsinlər.

Yoldaşlar, onu da bilin ki, qətiyyət və iradəniz sarsılmaz olmalıdır. Qoy heç bir dəlil-sübut sizi tutduğunuz yoldan çəkindirməsin. İnsanın və heyvanların ümumi maraqlarının olması, bir tərəfin inkişaf və tərəqqisinin o biri tərəfin də rifahına yol açması haqqında deyilənlərə heç vaxt qulaq asmayın. Bunlar hamısı yalandır. Insanı öz şəxsi maraqlarından başqa heç bir canlının mənafeyi düşündürmür. Biz heyvanlar arasında isə bundan sonra qoy sarsılmaz birlik, mübarizədə bərkiyən dostluq ruhu hökm sürsün. Bütün insanlar-düşməndirlər! Bütün heyvanlar-dostdurlar!

Deyiləcək bir neçə sözüm də var. Dönə-dönə təkrar edirəm: Insana, onun bütün istəklərinə qarşı düşmənçiliyin hər birinizin borcu olduğunu heç vaxt unutmayın! İki ayağı üstə gəzən hər bir canlı düşmənimizdir. Dörd ayağı üstə gəzən, yaxud uçan hər canlı-dostumuzdur. Bir şeyi də yadınızda saxlayın: İnsana qarşı mübarizə apararkən biz heç vəhclə ona bənzəməməliyik.

Hətta mübarizə qələbə ilə başa çatandan sonra da İnsanın həyat tərzini qəbul etməyin. Evdə yaşamaq, yorğan-döşəkdə yatmaq, paltar geymək, spirtli içki içmək, siqaret çəkmək, pulla oynamaq və ticarətlə məşğul olmaq heç vaxt, heç bir heyvanın ağlına da gəlməməlidir. İnsan vərdişlərinin hamısı pisliklərdən ibarətdir. Nəhayət, heç bir heyvan öz həmcinsinə zülm etməməlidir. Zəif, yaxud güclü, ağıllı, yaxud səfeh olsaq da, hamımız qardaşıq! Heç bir heyvan digər heyvanı öldürməməlidir. Bütün heyvanların hüquqları bərabərdir.

İndi isə yoldaşlar, dünən gecə gördüyüm yuxunu sizə danışmaq istəyirəm. Yuxuda qovuşduğum arzunu sözlə təsvir etməkdə acizəm. Bu üzərində İnsan yaşamayan torpaqla bağlı arzudur. Yadıma çoxdan unudulmuş saydığım şeylər düşdü. Uzun illər bundan əvvəl, mən hələ balaca çoşka olanda anamla rəfiqələri köhnə bir mahnı oxuyurdular. Ancaq onlar mahnının yalnız melodiyasını və ilk üç sözünü bilirdilər. Balaca vaxtı mən də bu melodiyanı öyrənmişdim. Amma sonra unutdum. Və qəribədir dünən gecə yuxumda həmin melodiyanı xatırladım. Ən təəccüblüsü budur ki, mahnının sözləri də yadıma düşdü. Heyvanların bu mahnını çox-çox illər bundan əvvəl oxuduqlarına, sonra isə nəsillərin yaddaşından silindiyinə inanıram. Yoldaşlar, indi həmin mahnını sizə oxuyacağam. Artıq qocalmışam, səsim xırıltılı çıxır. Ancaq əminəm ki, melodiyanı və sözləri sizə öyrədəndən sonra onu məndən də yaxşı oxuyacaqsınız. Mahnı "İngiltərənin heyvanları" adlanır.

Qoca Mayor boğazını təmizləyib oxumağa başladı. Səsi həqiqətən də xırıltılı çıxırdı. Lakin yetərincə yaxşı oxuyurdu. "Clementine" və "La Cucaracha"nı xatırladan melodiyanı həyəcansız dinləmək olmurdu. Sözləri də gözəldi:

İngiltərə, İrlandiya heyvanları,
Ormanların, iqlimlərin canlıları!
Qulaq asın müjdə dolu xəbərimə,
Yaxınlaşır gələcəyin xoş anları!

Əvvəl-axır o xoş günü görəcəyik,
Qəddar İnsan taxt-tacından devriləcək!
Bol bəhrəli İngiltərə torpaqları
Heyvanların özlərinə veriləcək.

Buruntaqlar açılacaq burnumuzdan,
Kürəyimiz ağır yükdən qurtulacaq.
Bizi xofa salmayacaq qırmanc səsi,
Aclıq, əzab həmişəlik yox olacaq!

Göz önündə canlandırın bu səhnəni:
Arpa, buğda, zərif yulaf, yaşıl otlar...
Yonca, paxla, silos, şəkər çuğunduru...
Gün görəcək həm atalar, həm övladlar!

Nur yağacaq İngiltərə çöllərinə,
Axar sular durulacaq, çağlayacaq!
Biz azadlıq arzusuna qovuşanda,
Sərin yellər ruhumuzu oxşayacaq!

O günlərə qovuşmadan olsək belə,
O günlərin xatirinə çalışaq biz!
Ey inəklər, atlar, qazlar, hinduşkalar,
Azadlığın eşqi ilə alışaq biz!

İngiltərə, İrlandiya heyvanları,
Ormanların, iqlimlərin canlıları!
Hər tərəfə yayın müjdə xəbərini,
Yaxındadır gələcəyin xoş anları!
# 992 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #