“İslam dini inamla əvəz olunmalıdır”

“İslam dini inamla əvəz olunmalıdır”
17 iyun 2011
# 10:50
Mütləqə İnam Ocağının yükümlüsü Soylu Atalının Kulis.az-a müsahibəsi


- Ocağa qəbul qaydaları necədir? Hansı meyarlar var?

- Öncə sizə belə bir müsahibə təşkil etdiyinizə görə təşəkkür edirəm. Sizin özünüzün münasibəti mənə bəllidir, bu cəhətdən mən ona çox önəm verirəm.

Doğrudur, cəmiyyətimiz böyükdür, biz ocaqla bağlı kifayət qədər məlumatlar vermişik. Məsələn, mən, Azərbaycanın 40-dan çox rayonunda olmuşam, məktəblərdə, alı məktəblərdə, ziyalılarla, yaradıcı adamlarla görüşlərdə bu haqda məlumat vermişəm.

- Təbliğat xarakterli...

- Təbliğat deməzdim, quruculuq, yayıcılıq... həm də təbliğat. Ancaq biz nə qədər iş görsək də, cəmiyyət böyükdür; cəmiyyətin bilməyən kəsimi kifayət qədər çoxdur; aktiv zümrə azdır, ona görə razıyam ki, bizi lazımı qədər tanımırlar. Asif ata Moskvada təhsil alarkən özünü təhsillə məşğul olub. Dünyanı bütöv şəkildə öyrənməyə başlayıb: ədəbiyyat, tarix, mifologiya, fəlsəfə, din, musiqi və s. Onda hələ gənc tələbə idi, öz-özünə deyir ki, mən 6 cildlik dünya tarixini oxudum, amma heç bir yerdə “Azərbaycan” adına rast gəlmədim. Onun işini tərpədən ilk bu məqam oldu – niyə Azərbaycanın adı heç bir yerdə yoxdur, doğrudanmı belə olmalıdır, doğrudanmı Azərbaycan buna layiq deyil?

Azərbaycan haqda ciddi öyrənməyə qərar verir, ancaq hardan, necə, Azərbaycan haqda elə də dərin məlumatlar, dərin ədəbiyyatlar yoxdur axı. Amma düşünür ki, hər halda nələrsə də var. Axtarır, araşdırır, eyni zamanda fəhminə də güvənərək, məntiqinə güvənərək bu qərara gəlir ki, Azərbaycan dünyanın ən yaradıcı və ən fəlakətli xalqıdır. Yaradıcılığı, məsələn, peyğəmbərlik hadisənin belə Zərdüştlə Azərbaycandan başlaması ola bilər. 124 min peyğəmbər-zad, bunlar boş söhbətlərdir, çünki əski yəhudi hökmdarlarının hamısına peyğəmbər deyirdilər: Solom, Yaqova və s. Əsil Peyğəmbərlik Zərdüştdən başlayır, ondan sonra Budda gəlir (bunu səmavi dinlər qəbul etdi-eləmədi). Bununla da Asif Ata Azərbaycanın işıqçılıq mahiyyətini üzə çıxartdı – işıqçılıq Zərdüştdən başlayır.

Zərdüştlük bütpərəstlik deyil, işıqpərəstlikdir. Bundan sonra tədqiq etdi, üzə çıxartdı Dədə Qorqudluq hadisəsini. Deyirdi ki, semitlərdə peyğəmbər nədirsə, türklərdə ağsaqqal odur. Daha sonra Babək Xürrəmilik hadisəsi – bu özü də mənəvi işiqçılıqdır. Sonra gəlir hürufilik - ənəl-həqq ideyası. İnsan Tanrıdır ideyası – böyük ideyadır, heç bir xalq onu deməyib. Füzulilik də işıqçılıqdır, Füzuliyə təkcə eşq şairi kimi baxmaq olmaz. O, eşqi din səviyyəsinə qaldırdı. Bunlardan sonra pillə sənəti olan muğamlığımız. Sufilərin təbiri ilə desək, insan pillə-pillə Allaha qovuşur. Nəhayət saz – xalqımızın yeganə şəriksiz dəyəri!

O dəyər türkün xarakterini açır. Ata deyirdi ki, türkdə iki bəşəri keyfiyyət ciddi birləşir, zəriflik və möhtəşəmlik və sazda bu gözəl ifadə olunur. “Yanıq Kərəm”də Füzulu naləsi, yanıqlıq, incəlik var, amma “Misri”də döyüşkənlik, yenilməzlik, Babək, Koroğlu var. Bütün bunlar Asif Atanın Azərbaycan haqqında dürüst qənaətə gəlməsi üçün çox önəmli idi. Qədimliyimizi öyrəndi və dedi ki, bunlar bizim qədimliyimiz. Bəs bu günümüz?! Onu öyrəndi və dedi ki, bu günümüz yoxdur! Sabahımız?! O sualı özünə verəndə dedi ki, düşündük, daşındıq, Ocaqlaşmalı olduq. O dövrlər çox çıxışlar edirdi, BDU-da etika və estetika tərbiyə klubu yaratmışdı, ora çoxlu sayda insanlar gəlirdi. O deyirdi ki, hesab edirəm, biz özümüz hakimiyyəti dəyişə bilərik, istədiyimiz Azərbaycanı yarada bilərik. Lakin Sovet DTK-sının təqibləri başlayan kimi hamı qaçdı-dağıldı. Onda dedi ki, Ocaqlaşmalıyıq.

- Ocaqlaşma nədir ki?

- O hələ Azərbaycana gəlməmişdən, Moskvada olarkən belə qərara gəldi ki, Azərbaycana qayıtmaq gərəkdir, yeni inam lazımdır. Ancaq necə, nə cür – bunlar hələ rüşeymdir. Axı mənasız iddia ilə dünyaya açılmaq mümkün deyildi. Ədəbiyyatdan başladı, ədəbi tənqidçilikdən başladı. Belə qənaətə gəldi ki, sovet ədəbiyyatı dairədədir, ordan çıxa bilmir. Tənqid də standart idi. Onun ilk yazısı rusca idi – “Literaturnıy Azerbeydjan” jurnalında çıxırdı “Tənqid və Zəmanə”. Bu yazını sovet dövründə yazmaq asan deyildi və dərhal təqibə məruz qaldı. Bu təqibləri sürətləndirən başqa bir amil də oldu: Türkiyənin “Ankara” radiosu elan vermişdi ki, sovetlərdə belə bir gənc meydana çıxıb, o quruluşu, sosializm ədəbiyyatını qəbul eləmir. 60-cı illərdə belə şeylər gözlənilən deyildi. Bundan sonra dəhşətli təqiblər başladı, valideynlərinə zəng vurub deyildilər ki, körpünün altında öldürüb atıblar, gəlin meyitxanadan aparın. Şəxsən mən 80-ci illərdə Bakıya gələndə Asif Ata haqda ilk eşitdiyim bu oldu ki, ruhi xəstədir. Yazdıqlarını oxumuşdum, özünü tanımırdım, amma elə hesab edirdim ki, o hamıdan fərqlidir. Bizim institutda onunla görüş keçirildi, gördüm ki, ruhi xəstə belə olmaz, bunun ağzından “Azərbaycan” tökülür. Ondan sonra başa düşdüm ki, bu cür təbliğatların səbəbi nədir. Antisosialist, antimarksist, pantürkist və başqa “damğaları” vardı.

Faşist də deyirdilər ona, çünki o, “dövlət ruhani olmalıdır”, deyirdi. Bu faşizmdə də var, amma Ata o formada demirdi. Dinə inanmırdı. Belə oldu, 1979 ocaq yarandı, amma təkmil deyildi. 82-ci ildə DTK onun ailəsini dağıtdı, ona qarşı kampaniyalar, şər-böhtan başladı... Amma o həqiqəti tapmışdı, belə adamlar üçün hər ey dünəndə qalır. Ocaqlaşma ilə məşğul idi, yanında olan 3 nəfəri Ocağa qəbul etdi. Qəbul nədir? Bu suala cavab vermədən əvvəl “Ocaq nədir”ə cavab verək. Asif Ata deyir ki, yurdumuzdan kənarda ruhani intibah həyata keçirməyə çalışırıq. Ruhani intibah bir növ mənəvi dirçəliş deməkdir. Bunun 6 ideyası var - Mütləqə inam, Kamil insan, Xəlqi birlik (ruhani cəmiyyət), Müstəqil Vətən, Özgür şəxs, Ləyaqətli bəşər. Mütləqə inam üçün Asif Ata deyir ki, yeri-göyü yaradan Allaha inanmıram, yer-göy yaradılmayıb: dünya oyun-oyuncaq deyil, onun baxışla yaratmaq olmaz – bu elmə, məntiqə ziddir. Dünya var, dünyalıq var. Kədər var, göz yaşı var. Kədər göz yaşını quraşdırmır, onda təzahür edir. Dünya da dünyaçılıqdan təzahür edir, yaranır (yaradılır başqadır, yaranır başqa). Həyat da, insan da onun kimi.

Kamil insan – Ata deyirdi ki, bu bizim sözümüz deyil, bizdən də qabaq olub. Ancaq kamillik mənası, məzmunu özümünküdür. Bunun başqa adı da insanlaşma ideyasıdır. İnsanlaşma özünlə döyüşdür, özünü yaratmadır. Bəşər tarixinin bütün mütəfəkkirlərinin özünə sualı “mən kiməm” olub. Yəni dünyaya niyə gəlmişəm, hara gedirəm?! Ata dedi ki, bəşər övladı dünyaya məxluq kimi göz açır, adam kimi böyüyür, insan kimi yenidən doğulur. O deyir ki, məxluqun vətəni yoxdur, heyvani hisslərlə yaşayır; adam yarı məxluq, yarı insandır – vətənini sevər, amma onun üçün ölümə getməz; insan isə özünü tanıyan, özünü etiraf edəndir.

Xəlqi birlik (ruhani cəmiyyət) – kamil, özünü yaradan uca fərdlərdən ibarət toplum deməkdir. Əlbəttə, bütün insanlar kamil ola bilməz, amma hər birinin haqqı və imkanı var. Mən bunu belə izah edirəm – 6 milyard insanın hamısı kapitalist, yəni pulçu deyil, amma dünya kapitalist dünyası kimi qəbul olunur. Deməli, ayrı-ayrı insanlar mühit yarada bilər. Asif Atanın “ruhani cəmiyyət ideyası budur, nə kapitalizmi, nə də sosializmi qəbul edir.

Asif Ata yeganə peyğəmbəridir ki, Müstəqil Vətən ideyasını qoyub. Müstəqillik nədir – azad fərdlər mütləq şərtdir, amma bundan əlavə 3 əsas prinsip var: müstəqil siyasət, müstəqil iqtisadiyyat, müstəqil mədəniyyət. Bax ocağa qəbul olmaq üçün mütləq bunları öyrənmək, dərk eləmək və bunların uğrunda mübarizə aparmaq lazımdır.

- Ocağa üzv olan adam hansısa dinin daşıyıcısı ola bilərmi?

- Ocağa gələn adamın keçmişinin dəxli yoxdur, duyğuları məhv olmamış, sağlam ruha malik şəxslər ömürlərinin yönünü dəyişə bilərlər. Amma həm ocaqçı, həm müsəlman olmaq da, partiya mənsubu olmaq da, mümkün deyil. Niyə? Çünki Asif Ata hesab edirdi ki, ocaqçılığın özü bir ömrə sığmır. Bir ömrə sığmayan hadisəyə yarı-yarımçıq yanaşma özünü doğrultmur.

- Ocaqçı Ocaqdan hansı hallarda çıxardılır?

- Birinci növbədə İnama, Ataya şübhə edəndə.

- Yəni Asif Atanın hansısa fikri ilə razılaşmayanda?

- Yox, elə deyil. Əvvəla, adamın içində axtarış gedir. Özü gəlir harasa çıxır. Axtarış başqa şeydir. Mən özün o qədər Atanı qınamışam, amma naşı olmuşam, sonra axtarıb-araşdırıb tapmışam ki, o niyə belə edib. Məsələn, “Mütləqə inam”a tapınıb, sonra da durub deyirəmsə ki, yeri-göyü yaradan Allah doğrudur – bu qəbulolunmazdır.

Sonra hansısa bir səbəbdən Ocaqla əlaqəni kəsən adam da Ocaqdan uzaqlaşdırılır. Çünki Ocaq həyat istəyir.

- Yəni Amerikada olub ocaqçı olmaq olmaz?

- Olar, o istisna haldır. İndi bizim Almaniyada ocaqçımız var. Harada olursan ol, Ocağı yarat.

- Spirtli içki içmək qadağandırmı?

- Yox, ocaqda qadağa yoxdur. Məsələn, mən özüm ocaqda ola-ola içki də içmişəm, papiros da çəkmişəm, kart da oynamışam. Amma ocağın ilkin illərində. Bacarmırdım, imtina etmək asan deyil. Dərk eləmək də, imtina etmək də çətindir. Ata öləndən sonra papirosu ata bildim.

- Yəni cəza yoxdur, adam özü anlamalıdır...

- İnsan özü-özü ilə döyüşməlidir, başqası onun əvəzinə döyüşə bilməz. Cəzalandırma budur ki, insan özünü tərbiyə edə bilmirsə, insanlığa zidd olan hərəkətlər edirsə, onu Ocaqdan kənarlaşdırmaq olar.

- Bəs zina necə, icazə varmı?

- O şey ki, insanlığa ziddir, ona yol verilmir. Asif Ata deyir ki, insan özünü yaratdıqca, daxili fərəhi yaranır, araq süni fərəhdir. Biz əvvəllər kal idik, Atanı çox incitmişik. İnstitut vaxtlarında ocaqçı qızlar var idi, dar şalvar geyinirdilər və biz də bunu qəbul etmirdik. Ataya bu barədə çox dedik, axırda hiddətlə dedi ki, mən şalvar Atası deyiləm, Ocaq Atasıyam!

- Asif Atanı Sovet vaxtı AYB-dən çıxarılmışdı. Deyəsən sonra onu bərpa etdilər.

- Yox, AYB-dən yox, partiyadan çıxarılması qaldırılmışdı. Amma çıxartmadılar. O partiyanı vasitə olaraq saxlayırdı, amma auditoriyalarda onun əleyhinə çıxırdı. Sonradan özü partiyadan imtina etdi. Diplomlarından da özü imtina edib.

Bir dəfə görüşlərin birində Ataya sual vermişdilər ki, inqilabçı Bala Əfəndiyevə münasibətiniz necədir? O da demişdi ki, bu suala mütləq cavab verməliyəm? İsrarlardan sonra çox sərt şəkildə dedi ki, mənim Azərbaycanın başını tutanlarla əlaqəm yoxdur, Bala Əfəndiyev adında da əmim. Mənim əmim Dədə Qorquddur, Babəkdir, Nəsimidir...

- Sizin qrup bir az marjinaldır, genişlənmək barədə düşünürsünüzmü?

- Əslində Atanın ideyalarından da görünür ki, bu iş uzun illərin işidir. Onun nəticəsindən asılı olmayaraq, min ilə hesablanmış işdir. Ata deyirdi i, mənə 100 nəfər kamil üzv lazımdır, bütün bəşəriyyətə yüz nəfər yetər. O yüz nəfər nə vaxt, necə yaranacaq hələ bilinmir. Biz işimizi qururuq, dörd divar arasında oturmuruq. Görüşlər təşkil edirik, amma məktəblərə də çox buraxmırlar. Küçələrdə söhbətlər aparırıq. Asif Atanın siyasəti nəzarətə götürən “Yurd Hərəkatı” ideyası var, ona da başlamaq lazımdır. Təbliğata qarşıyam, onda bir az artırma olur. Biz siyasətçi deyilik ki, nəyinsə xətrinə yalan danışaq. Atasevənlər 10 mindən də çoxdur. Amma aktiv deyillər. Aktivlik Ocaqdadır. Yenə deyirəm, nəyəsə nail olmaq üçün yalan danışıb ona nail olmaq, nə bilim say artırmaq, qeydiyyatdan keçmək kimi fikrimiz yoxdur. Qeydiyyatdan keçəndə senzura olur, onu qəbul etmərik.

- Asif Ata Sovet vaxtından marksizmə, sosializmə zidd idi. Bütün repressiyalara sinə gərən Asif Ata “Xalq Hərəkatı”na niyə qoşulmadı?

- Mən bununla bağlı çox yazmışam. Əslində, 90-cı illər Qərbin SSRİ-ni çökdürmək üçün işlətdiyi plan idi. Bu planın işə düşməsi üçün ilk mexanizm bu idi ki, sovet xalqlarını necə ayağa qaldırmaq olar? Millətçilik ideyasını onlar gətirdilər, xalqın içərisində iş getmədi, şüarlar “getdi”. Onsuz da SSRİ dağılmışdı, bütün respublikalar müstəqil olacaqdı. Qan tökülmədən müstəqil olan o qədər respublika oldu ki... İnsanları küylədilər, onlar birdən birə kükrədilər, hadisələr düzgün yönləndirilmədi. Nəticədə də bu gün yarandı. Ad da oldu ki, müstəqillik əldə etmişik. Mənin üçün müstəqillik göz bəzəyim kimi əzizdir, amma bugünkü müstəqillik yetərsizdir. Bu necə müstəqillikdir ki, Cənubda soydaşlarımız əzilir, insanımız ən aşağı səviyyədə azadlıqdan məhrumdur, torpaqlarımız üçün müstəqil siyasət yürüdə bilmirik?! Yəni formal müstəqillikdir. Buna görə də Asif Ata dərk etdi və həşirdən uzaq qaldı.

- Elçibəyə münasibəti də belə idi?

- Ataya onun barəsində sual verəndə deyirdi ki, Sovet vaxtı 4 adamın adı çəkilirdi, onlardan da biri Elçibəy idi. Qalanları da Xəlil Rza, Bəxtiyar Vahabzadə və mən idik. Əbülfəz Elçibəyə sayğı duyuram. Sonra 20 Yanvar hadisələri olanda Ata pis oldu və dedi ki, gərək Hərəkatın başında duranlar onlarla birlikdə öləydilər.

- Asif Atanın təlimindən insanları uzaqlaşdıran bəzi məqamlar var: peyğəmbərlik və din söhbətləri və s. Bu barədə redaktələr etmək olarmı? Məsələn, Asif Atanı filosof kimi təqdim etmək olmazmı?

- Doğrudur, mən bu barədə bir əsər yazmışam - “Asif Ata amalı, yaxud insanlığın amalı”. Onu farscaya çevirtdirirəm, Cənubu Azərbaycanda yayacağıq. Yəni bu təzə sual deyil. Asif Ata deyir ki, Azərbaycanın xilası yeni inamdadır, yəni dinlər getməlidir. Din yalandır, insanı aşağılayır: dində kölə və bəndə var, insan yoxdur. Dinlər gedirsə, deməli, bəşəriyyətin yeni peyğəmbərə ehtiyacı yaranır. Amma “peyğəmbər” deyərkən, əslində, Asif Atada peyğəmbərlik deyil, atalıq var. “Peyğəmbər” sözündən niyə əl çəkmirik: Asif Ata deyir ki, din inamla əvəz olunmalıdır; siyasət həqiqətçiliklə əvəz olunmalıdır; maddiyyatçılıq ruhaniyyətçiliklə əvəz olunmalıdır. Yaxşı, din inamla necə əvəz oluna bilər, axı bu, peyğəmbərliyə, bu müqəddəsliyə bəşəriyyətin ehtiyacı var. Amma peyğəmbərlik də elmə söykənməlidir. Vəhyə yox, vəhy insanı duyğudur. Bunlar mifik baxışdır, həqiqət ola bilməz. Ata deyir ki, nəyim var, mənə məxsusdur, elmə, biliyə, idraka əsaslanıb. O deyir ki, özüm yazmışam, kimsə diktə etməyib. Bu mənada din insanın geninə işləyib, onu ancaq inamla çıxarmaq olar, peyğəmbərlə qovmaq olar. Yəni strateji bir sözdür, gələcəkdə imtina edə bilərik. “Peyğəmbər” sözü hərfi mənada elçi deməkdir, Asif Ata heç kimin elçisi deyil. Asif Ata inamından, içindən xəbər verir – fövqəltəbii qüvvələri qəbul etmir, transendental baxışları qəbul etmir, insanı aşağılayan heç nəyi qəbul etmir, yalanı qəbul etmir, axirəti, apokalipsisi qəbul etmir. Asif Atada yalan yoxdur, həqiqət var. Əlbəttə, min ildir toplumda oturuşmuş bir şey var, onu birdən-birə dəyişmək olmur. Amma heç bir dünya baxışı da gələndə asan qəbul olunmur. Bunun üçün zəhmət çəkmək lazımdır. Bunu ona gec-tez vermək lazımdır. Sivilizasiya dəyişməlidir, yəni insan xilas olmasa, dünya xilas ola bilməz!


Söhbətləşdi: Qan Turalı

# 1590 dəfə oxunub

Oxşar xəbərlər

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #