Məşhur rus şairi Nizami haqda

Məşhur rus şairi Nizami haqda
30 oktyabr 2012
# 10:46
Bu günlərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi ölkə miqyasında geniş şəkildə qeyd olundu. Böyük şairin sovet hakimiyyəti illərində də SSRİ miqyasında 800, 840 illik yubileyləri keçirilib. 1981-ci ildə Azərbaycanda Nizaminin 840 illik yubileyi böyük təntənə ilə qeyd olunub. Məlumdur ki, onun yubileyi 1941-ci ildə Stalinqrad ətrafında gedən döyüşlərin ən qızğın çağında, mərmilərin gurultusu altında keçirilib. Kulis.az məşhur rus şairi Nikolay Tixonovun “Kommunist” qəzetinin 6 oktyabr 1981-ci il tarixli sayında dərc olunmuş “Onun şərəfinə” yazısını təqdim edir. Yazıda həmin günlər xatırlanır.

Onun şərəfinə

...Biz onun anadan olmasının 800-cü ildönümünü mühasirəyə alınmış Leninqradda qeyd etdik.

Ermitajın soyuq salonlarında məruzə dinlənildi, təbrik səsləri ucaldı. Təntənəli gecədən sonra mən Vasilyev adasındakı sakit otağıma qayıtdım. Bəlkə də bu otaq Nizaminin bir zaman yaşayıb-yaratdığı otağa oxşayırdı? Mənim otağımda Şərq bəzəyindən yalnız kiçik bir xalça və dəvə şəkilli külqabı vardı. Rəflərdə üstünü toz basmış çoxlu kitab görünürdü. Hərbi köynək geymiş, başını tənziflə sarımış ev sahibi köhnə jurnalları alışdırıb peç yandırır, çay qoymaq istəyirdi... O, leytenant idi. Leninqradın yaxınlığında yaralanmışdı. İki həftəliyə məzuniyyətə buraxılmışdı.

Biz şeir və Nizami haqqında öz sakit kabinetlərini səngərlərə dəyişən gənc alimlər haqqında, insanlıq sifətini itirmiş düşmənlərimiz haqqında, uzaq Azərbaycan haqqında danışır, sonra yenə Nizamidən söhbət edirdik.

Ev sahibi çaydanı yalayan alova, köhnə jurnalların yanıb kül olan səhifələrinə, qaralıb qıvrılan hərflərə və şəkillərə baxır, soyuq payız gecəsində soyuqladığı üçün xırıltılı səslə deyirdi:

- Nizami dəhşət və qan əsrində yaşayırdı. – O, susdu və solğun bir təbəssümlə əlavə etdi: - Bizim kimi. Lakin o, heç bir vaxt xalqının gücünə, onun böyük həqiqətinə şübhə ilə yanaşmamışdı...

- Bizim kimi...- deyə mən dilləndim.

Korolyov (şərqşünas leytenant Nikolay Fyodoroviç Korolyov idi) sözünə davam etdi:

- Nizami bilirdi ki, dünyanı amansız cəllad yox, xeyirxah insan idarə edir. Siz, Sasani hökmdarı Ənuşirəvan haqqında bir şey eşitmisinizmi?

Mənim Ənuşirəvan haqqında heç bir məlumatım yox idi.

- Nizami “Sirlər xəzinəsi” əsərində Ənuşirəvan haqqında belə bir əhvalat danışır. Bir dəfə Ənuşirəvan başı ova qızışdığından öz adamlarından uzaqlaşmışdı. Xarabalıqlar üzərində yüksələn bayquş səsi Sasani hökmdarını qorxutdu. “Onlar nə haqqında danışırlar?”, - deyə şah vəzirdən soruşdu. Vəzir quşların dilini bilirdi. O, şaha dedi ki, bayquşlardan biri qızını o biri bayquşa ərə verir, əvəzində bu dağılmış kəndi və əlavə olaraq ətraf kəndlərdən ikisini istəyir. O biri bayquş deyir: “Ənuşirəvan nə qədər ki, sağdır, xalq həmişə səfalət və dilənçilik içində yaşayacaq, mən bu üç kəndə yüzlərlə dağıdılmış evlər və kəndlər əlavə edə bilərəm... Nizami zülmət dünyasının bir parçasını, xarabalıqların külünü bizə göstərir. Sonra o, kədərlə səslənir: “Sus, ey Nizami, hekayəni burda saxla. Onsuz da bütün ürəklər qana dönmüşdür...”

Korolyov susdu. Sonra dedi:

- Təzə Ənuşirəvan daha dəhşətlidir. O, bütün Rusiyanı, bütün dünyanı xarabalığa çevirmək istəyir. Bizim ədəbiyyatımızın nə üçün belə bir qüvvəsi yoxdur ki, Nizami öz zəmanəsinin cəlladlarını təsvir elədiyi kimi, müasir faşist qaniçənlərini bütün çılpaqlığı ilə göstərə bilsin? Siz dövrümüzün eposu haqqında danışdınız, ancaq bu epos hələlik yoxdur. Çox təəssüf ki, hələlik yoxdur...

- Belə bir epos yaranacaq, - deyə mən cavab verdim, - bir zaman gələcək ki, böyük şairlər və sənətkarlar Hitleri və onun vəhşi dəstəsini lənətlə damğalayacaqlar. Bəşəriyyət cəlladlar cəlladını, təzə Ənuşirəvanı uzun müddət unutmayacaq. Sonra biz Sasani hökmdarını unutduğumuz kimi Hitler də yaddan çıxıb gedəcək...

...Mən pəncərədən baxdım. Şəhərin üstü ilə ağır buludlar keçir, İsaki kilsəsinin nəhəng binası görünür, gəmilərin dorları və bacaları qaralırdı.

Mən bu anda, bu qaranlıq, kiçik otaqda başa düşdüm ki, biz böyük bir məhəbbətin hökmü altındayıq. Həmin bu məhəbbət üçün biz canımızı da əsirgəmirik. Bunu bizə bu gün uzaq yerdən gəlmiş qonağımız qoca Nizami xatırlatdı. O, bizim şəhərimizə döyüş gurultuları altında gəldi, biz isə onu bir dost kimi, müttəfiq kimi, bu günkü döyüşümüzdə bir silahdaş kimi qarşıladıq.

“Kommunist” qəzeti
6 oktyabr 1981-ci il
# 2386 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #