Nərmin Kamalın Sabir Əhmədli ilə müsahibəsi

Nərmin Kamalın Sabir Əhmədli ilə müsahibəsi
24 oktyabr 2012
# 14:28
Kulis.az Nərmin Kamalın Xalq Yazıçısı Sabir Əhmədlidən (1930-2009) aldığı müsahibəni təkrar dərc edir. Müsahibə 2003-cü ilin noyabr ayında “Xural” qəzetində Oqtay Ağayev imzasıyla dərc olunub.

- Sabir müəllim, görəsən siz "Ədəbiyyat" qəzetindəki işinizdən uzaqlaşdırılmasaydınız, yəni Azərbaycan Yazıçılar Birliyindən şəxsi narazılığınız olmasaydı, yenə də gənc nəslə belə sevgi ilə yanaşacaqdınız?


- Cavanlara münasibət mənim yüksək işdə olub-olmamağımdan asılı deyil. Hər hansı yazıçının ədəbi vicdanı, şəxsiyyətini yoxlamaq üçün ən başlıca meyarlardan biri onun gəncliyə münasibətini öyrənməkdir. Gəncliyə xor baxmaq, onu inkar eləmək öz-özünə, gələcəyinə qəsd və vərəsəsizliyini təmin etməkdir. Bu adam züryətsizdir. Mən cavan yazıçılara öz övladım doğmalığıynan baxmışam. "Ədəbiyyat" qəzetində olduğum vaxtlar təzə-təzə ədəbiyyat meydanına gələn, "mən inkar edirəm" deyən cavanların çoxuna meydan verdim. Gənclik bütün dünyada səs-küylə gəlir, bütləri, daşlaşmış heykəlləri dağıdır, özünə yol açır. Bu, onun təbiətindəki qüvvədən doğur. Müdrik insan dərk edir ki, onları müdafiə etmək lazımdır. Siftədən əlinə qələm aldığı vaxtdan gözüqıpıq eləmək olmaz. Çox təəssüflər olsun ki, Yazıçılar Birliyi belə cavanlara yer verməli olduğu halda, onları söyür, ruhdan salırdı. O zaman Yazıçılar Birliyi ilə aramızda olan barışmazlıqların bir kökü də bundadır. İndi eşitmişəm ki, cavan yazıçıların Azad Yazarlar Ocağı adlı təşkilatları yaranıb. Mən bunu təqdir edirəm. Təşkilata arxalanmağa yaşlılardan çox, gənclərin ehtiyacı var. Bunlar da baxıb gördülər ki, Yazıçılar Birliyindən kar gəlmir, yol açmaqdansa, yolu bağlayır. Ona görə özlərinə daha yaxın, ixtiyarı əllərində olan bir təşkilat yaratdılar. Bu təşkilatın mövqeyi və məramıyla tanışam. Onun yaşaması üçün şərait yaradılmalıdır.

- AYB-nin 1000 nəfər üzvü var. Siz onlardan biri kimi bizi hali edə bilərsinizmi, AYB öz üzvlərilə hansı işləri aparır?

- Sovet hökuməti dağılandan sonra müstəqil dövlətlərin hərəsində azı iki-üç müstəqil yazıçılar ittifaqı yarandı. Hərəsinin öz nizamnaməsi, iş üslubu, proqramı var. AYB isə 50 il bundan qabaq necəydisə, indi də elədir. Bir şey dəyişib ki, o da say artırılıb. 70-80 yazıçı 6-7 milyonluq xalq üçün elə bəs idi, indi 1000 nəfər üzv var ki, bu, bir az gülməlidir. 1000 nəfərin neçəsini sıxanda bir yazıçı çıxar, onu mən anlaya bilmirəm. Yazıçılıq bütün başqa sənət növlərindən daha çox fərdidir. Ona görə də, köməyə, qayğıya çox böyük ehtiyacı var. Təəssüflə deyirəm ki, o çoxluqda yazıçıların fərdiyyəti itir, ümumi bir kütlə əmələ gəlir ki, bu kütlənin simasını, yaradıcılıq xasiyyətini, tərzini müəyyən etmək də çətindir. Nə ədəbi tənqid, nə ədəbiyyat generalları hazırda Yazıçılar Birliyinin o həcmini əhatə edə bilməz. Yazıçılar Birliyi gərək onlarla bir-bir işləsin, heç o adamlar özləri Ya¬zıçılar Birliyinin üzvlərini, bir-birini tanımırlar. 1000 nəfər üzv gör nə qədər səmimi ünsiyyətlə bir yerə sığmayan işdir. Sovet hökumətinin yıxılması, müstəqil dövlətlərin yaranması böyük tarixi hadisəydi. Hər respublikada istər iqtisadi, istər mənəvi cəhətdən çox ciddi islahatlar meydana çıxdı. Bir dənə dəyişməyən, necə var, elə qalan, daşlaşan Yazıçılar Birliyidir. Burda 1000 yazıçının birliyi duyulmadığından, onu zarafatla Katiblər Birliyi adlandırırlar. Bu, mənim ağlıma batır. Havaxt Yazıçılar Birliyi deyirlər, dörd-beş nəfər fiqura var ki, onlar görünür, fikir deyir. Bunlar yazıçıdan çox çıxışçılardır. İstər müxalifət məramlı, istər iqtisadiyyatın təhrikilə bu qədər nümayişlər, məclislər olur. Amma biz indiyə qədər 200-300 nəfər yazıçının bir yerə toplandığını, bir məqsəd yolunda fikir dediklərini, sözlərini bəyan etdiklərini görməmişik. 1000 nəfər Yazıçılar Birliyi üzvünün özü də təşkilatsızdır, baxmayaraq ki, Birliyin üzvüdürlər. Yazıçılar Birliyinin onlarla iş apardığını eşitməmişəm. Formal bir şeydir, adı var, ozü yox. Azərbaycanın 50 il yaradıcılığa bağlı bir çox peşəkar, ustad yazıçıları Yazıçılar Birliyinə getmirlər, tanımırlar oranı. Çünki Yazıçılar Birliyində o hava yoxdur ki, gedib nəfəs alasan. İsa Hüseynov, Əkrəm Əylisli, Ələviyyə Babayeva və s. Bu, bəyəm xırda şeydi?! Adi bir müğənni, rəqqasə haqqında saatlarla söhbət eləyirlər. Amma siz heç görmüsüz ki, ədəbiyyat haqqında əməlli, qızğın, ədalətli bir söhbət açsınlar. Ədəbiyyatımız indi nə haldadı!? Hara gedir? Həqiqətlər cavanlarda öz əksini necə tapır, yaşlılarda necə tapır? Bunlar ciddi hadisələrdir. AYB heç olmasa, həftədə bir dəfə ədəbi verilişə zəhmət çəksin.

- Demək, şəxsi münasibətləri olan yazıçılar işıqlandırılır, qalanları sıradışı edilir. Gəlin, biz onlara amansız olaq və həqiqəti görməyə məcbur edək. Durun, zəng edək dövlət televiziyasına deyək, siz ki, ənənəvi yazıçıları çox bəyənirsiniz, xalq yazıçısının 10 ildən sonra bir kitabı çıxıb: "Axirət sevdası". Niyə bu barədə danışmırsınız?

- Çagdaş həyatımıza həsr olunan üç romandan ibarət kitabım təzəlikcə çıxanda eşitdim, dövlət televiziyası maraqlanıb ki, heç olmasa, "Mədəniyyət xəbərləri"ndə bir kəlmə desinlər. Özümü öymək istəmirəm, amma xalq yazıçısının kitabının çıxması əlamətdar hadisədir. Mənə dövlət televiziyasından hətta zəng oldu ki, yaxınlarda bu işlə məşğul olacağıq. Üstündən iki ay keçib, elə bil ki, heç bu barədə söhbət olmayıb. Başqa belə hadisələr də olub. Zəng gəldi ki, xahiş edirik, filan verilişdə iştirak edin. Bəri başdan sümüyüm duyuqdur, "hə" demədim, dedim baxarıq. Bir də zəng ediblər ki, hazırlaşın, sizi dəvət edəcəyik. Sonra gördüm ki, imtina elədilər. Yəni bunlarda bir siyahı var. Əgər adın o qara siyahıya düşübsə, ixtiyarı səndən asılı olmayan bir çox mövqelərdən, çıxışlardan məhrum olub gedirsən. 30-cu illərdə belə hadisələri görürdük. Biz nələrə ümid edirdik! Ədaləti deyən yazıçıya mənəvi işgəncə verilməsi, təklənməsi, gözümçıxdıya salınması dünən olardı, bu gün olmamalıydı.

- Niyə belə şər qurumdan çıxmırsınız?

- Çıxmışam onsuz da. Vacib deyil ki, hələ artıq əziyyət çəkib, bunu rəsmən də eləyəsən. Yazıçılar Birliyindən o qədər soyumuşam ki, heç təşkilat kimi taleyi məni maraqlandırmır. Qalır qalsın, gedir getsin. Mənə nə istisi, nə soyuğu. Beş ildi ora getmirəm, başçılarıyla görüşmürəm. Bu, o deməkdir ki, onlar mənim, mən də onlar üçün yoxam.

- Sənədli roman üzərində işləyirdiniz...

- Əsər gördüyünüz kimi, masamın üstündədi və qurtarmaq yönündədir. Bu aləmdə rastlaşdığım, qeyd olunmamış eybəcərlikləri yazmışam. Adını "Yazılmamış yazı" qoyacağam. Çap olunacağına inam əsərin uğurlu yazılmasına kömək edir. Amma indi biz əsəri işləyəndə ağlımıza o gəlmir ki, belə çap olunacaq, belə oxunacaq. Ağlımıza o gəlir ki, belə çap olunmayacaq, buna heç kim kömək etməyəcək. Doğrudanmı, ədəbiyyat bu qədər gözdən salınıb? Axı biz müstəqil zamanda ədəbiyyatın daha da pardaxlanacağını, parlayacağını gözləyirdik.

- Belə başa düşdüm ki, nə qədər Yazıçılar İttifaqı var, Sovet İttifaqı hələ dağılmayıb...

- Elə köhnə 20-30-cu illərin üslubuyla işləyir. Köhnə hamam köhnə tas. Tas da deşik-deşikdir, su axır şarhaşarnan, əl-üzünü yu.

(Burda yazıçını gülmək tutur. Çünki o, gülməli şeydən danışır, gülünc bir çətinlikdən. Müstəqilləşdiyimiz bir dövrdə sözügedən təşkilat nədir ki, yaşlı-cavan bu qədər yazıçı onun əlində aciz qalıb-N.K. )

- Sabir müəllim, siz əsərinizi çap etdirə bilmirsiniz, amma kitab nəşrinə dövlət vəsait vermirsə, AYB rəhbərləri öz kitablarını nəinki burada, hətta xaricdə də necə çap etdirirlər?

- Sovet vaxtı müqavilə ilə bir çox ölkələrdə Azərbaycan yazıçılarının əsərləri çap olunurdu. İndi çox yüksək vəzifədə oturan bir-iki yazıçı var ki, onların xariclə şəxsi, idari əlaqələri var və bundan sui-istifadə edib kitablarını çıxarırlar. Onlar üçün xaricdə çap olunmaq su yoludur.

- İndi "Ədəbiyyat”ı oxuyursunuz?

- Yox. Bu, mən oradan çıxarılmışam deyə, bir az qərəzli görünə bilər. Amma doğrudan da oxumuram. Mən olanda indiki kimi iki-üç adamın divar qəzeti deyildi. Bilirdim ki, elə də olacaq. Guya "Ədəbiyyat" qəzetini canlandırmaq (gülür), daha da qaldırmaq istəyilə məni araladılar. Nəticəsi göz önündədir.

(Umid edirdik ki, bu xoşagəlməzliklər yazıçıların çoxdan gözlənilən qurultayında həllini tapacaq. Amma AYB-nin faktiki rəhbərlərindən biri - Elçin Əfəndiyevin bir müsahibəsi ictimaiyyətin buna olan ümidini üzdü: "Mən istəyirəm ki, qurultayda Yazıçılar Birliyinə qarşı bu hədyan danışanların birdəfəlik cavabını verək, qurtarsın getsin". Nəzərə alsaq ki, qurultayda bütün vəzifəli yazıçılar istefa verir və bərabərləşirlər ki, yeni idarəetmə aparatını seçsinlər, yazıçı Elçinin qurultay haqda "yuxarıdan" danışması, nəticələrin əvvəlcədən qeyri-konstruktiv müəyyənləşdirməsi, onun qurultayın necə birtərəfli hazırlanması məramın ağzından qaçırması təəssüratı yaradır-N.K.)

- Qurultaya gedəcəksiniz?

- Mənə belə gəlir ki, bu qurultay artıq olub keçib. Çox adiləşib, çox əhəmiyyətsizdir mənim üçün. Yaxşı, 1000 nəfər AYB üzvü var, bunlar öz qurultaylarında necə iştirak edəcəklər, o qədər adamı hara yığacaqlar? Bu da bir qəribə dolaşıqlıqdı. Çox acınacaqlı haldır.

- Eşitdiyimizə görə, üzvlük vəsiqə deyil, dəvətnamə ilə təşkil olunacaq. Dəvətnamədə da qeyd olunacaq ki, hərə qoltuğuna bir stul vurub gətirsin.

- Pisdi də. Çağırdılar 200 nəfər, bəs 800 nəfər qıraqda qalacaq? Yaxud başqa illərdə olduğu kimi, kimsə onları təmsil edəcək? Niyə? Bu Yazıçılar Birliyinə üzv olanların siftə qurultayıdır. Heç olmasa, orada iştirak eləsinlər. Nə isə... Yadıma o zaman Yazıçılar Birliyində keçirilən bir səsvermə düşdü. Mən o zaman seçki komissiyasının üzvü idim. Səsvermə başladı, qurtardı. Baxdıq ki, o yazıçı ki, yenə sədr olmaq istəyir, adını əksəriyyət pozub. 70 nəfərdən 10-12 səs alıb. Beləliklə, öz aramızda aydın oldu ki, bu adam sədrlikdən çıxır. İndi seçkinin nəticələrini elan etmək lazımdır. Dedilər ki, bu adamın lehinə guya 70 nəfərdən 68-i səs verib. Yanımdakına döndüm, "Əşi, bülletenləri bir yerdə saydıq axı". Dedi, ona səs verməyən bülletenləri cırıb atdılar, yerinə təzə bülletenlər gətiriblər. Baxın, Yazıçılar Birliyinin qurultayı da buna oxşar bir şey olacaq. Belə olub həmişə, Mərkəzi Komitə kimi istəyib, Yazıçılar İttifaqının sədri o olub. Sədr də özündən yuxarının sözünü deyir, onu mədh eləyir. ...Hələ bu günlərdə bir qız mənə zəng elədi ki, AYB-yə üzv olmaq üçün ondan 300 dollar pul istəyiblər.

- Heyrət!

- Bu Yazıçılar Birliyinin bünövrəsi, xəmiri haramla yoğrulub.

- Sabir müəllim, bəlkə indi Yazıçılar Birliyində bir şöbə, bölmə ayırsınlar narazı gənclərə? Həm özlərinə yaxşı olar – hər halda gündə tənqid olunmaq heç kəsə xoş gəlməz, həm də gənclərə - özlərini ifadə etmək üçün şans verilər...

- XX əsrin axırı, XXI əsrin əvvəlində ədəbiyyata bir xeyli qabiliyyətli cavanlar gəlib. Qoy onlar müstəqil təşkilatda birləşsinlər. Yazıçılar Birliyində boğarlar onları, söz deməyə qoymazlar.

- Ədəbiyyatın gələcəyinin gənclərlə bağlı olduğu həqiqətini qəbul etmək həmişə öz mənafeyini güdən AYB- nin əslində öz marağında olmalıdır, deyilmi?

- Əlbəttə, bundan sonra da ədəbiyyata yeni nəsillər gələcək, AYB-dan narazılar çoxalacaq. Bunu anlamaq lazımdır. Lap mənafe baxımından götürək ki, bunları inkar etməklə nə qazanacaqlar. Sən özünün şöhrətli bir yazıçı olduğunu sübut etmək üçün cavanları inkar etməlisən? Qabiliyyətli cavanları vurmalısan? O sənin fikrinlə razı deyilsə, gərək yaşamasın? Belə şey olarmı? Dünya elə onda kasıblaşır ki, bir fikir olur.

- Tez-tez təcili yardım çağırırsınız?

- Qabaqlar bir-iki dəfə gəlib. İndi babatam, sağlamam. Amma ədəbiyyatın vəziyyətini düşünəndə xəstəliyə görə yox, bu vəziyyətə görə təcili yardım çağırmaq lazımdır ki, gəl bax gör, yazıçı nə gündədir. Yazıçı aləmində müharibədir - yaralısı, işgəncəyə düçar olanı, öləni - əl tutan yoxdur.

...İnşallah, yaxşı olar. Bir təsəlli var: əgər əsər yazılırsa, yüz illərlə qalır. Sən yaz. Yazıçılar Birliyində meydan sulayan adamlarla mübarizəyə həqiqətən inanırsınızsa, axırda qələbə sizin olacaq.
# 1524 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #