“Şeytan ayələri” provokasiyası

“Şeytan ayələri” provokasiyası
15 sentyabr 2012
# 05:00
Ədəbiyyat tarixində hələ belə hadisə olmayıb. İran Tələbə Birliyi “Salman Rüşdini öldür” adlı virtual oyun hazırlayacağını bəyan elədi.

Səbəb çox sadədi. Əslində Salman Rüşdi adı azacıq informasiyası olan adama artıq nəsə deyir. 1989-cu ildən bu yana yüzlərlə insanın ölümünə səbəb olan, sözün həqiqi mənasında lənətə gəlmiş “Şeytan ayələri”nin nəşrindən sonra onun adı dəfələrlə dünya mediasında hallandı. Əksər müsəlman ölkələrini etiraz dalğası bürüdü. Bu kitabın üzündən neçə-neçə günahsız insanın qanı töküldü.

İranın dini lideri Ayətullah Xomeyni Rüşdi haqqında fətva verdi. Başına iki milyon dollar pul qoyuldu. Üstündən 18 il keçəndən sonra, 2007-ci ildə Britaniya Kraliçası ona cəngavər titulu verəndə müsəlman aləmini yenidən etirazlar bürüdü. Bu dəfə Xomeyni həyatda yox idi. Düşünmək olardı ki, fətva artıq qüvvədən düşüb. Lakin Ayətullah Xamneyi fətvanın qüvvədən düşmədiyini, fətva verən ölsə də fətvanın Salman Rüşdi ölənəcən qüvvədə qalacağını dedi.

Salman Rüşdi isə hələ sağdır. Hələ bu qalmaqallı kitabı yazmamışdan əvvəl 1981-ci ildə “Gecəyarının uşaqları” romanına görə Buker mükafatı, 2008-ci ildə Bukerin Bukerini almış yazıçı hələ də təqib olunaraq öz səksəkəli həyatını yaşayır. Təhlükə bitməyib. Əksinə. Məlum fətva ucbatından uzun illər, gizlənməyə məcbur olan yazıçı bu dəfə virtual aləmdə nişangaha götürülüb.

Ölümü gözləyən cəngavər

1988-ci ildə hind əsilli ingilis yazar Salman Rüşdinin sayca dördüncü romanı olan “Şeytan ayələri” nəşr olunur. Roman dərc olunandan 9 gün sonra Hindistanda qadağan olunur.

Ardınca Misir, Pakistan, Somali, Səudiyyə Ərəbistanı, Qatar, Banqladeş kimi müsəlman ölkələr də kitabı yasaqlayır.

Etiraz dalğası daha geniş vüsət almağa başlayır. Böyük Britaniyada müsəlmanlar nümayişkaranə şəkildə kitabları yandırırlar. İslam Təhlükəsizlik Təşkilatı tələb edir ki, kitabı dərc edən “Pinqvin” nəşriyyatı dərhal kitabın nəşrini dayandırsın və satışdan çıxarsın.

Ardınca isə Ayətullah Xomeyninin məlum fətvası. Rüşdinin həyatının təhlükədə olduğunu görən Britaniya hökuməti müəllifi qorumağa məcbur olur; yeri gizlədilir, mühafizəçilərlə təmin olunur. İranın bu addımı Böyük Britaniya ilə diplomatik əlaqələrin kəsilməsinə səbəb olur.

Cəhənnəm kimi bir ömür

Yazıçının həyatı isə... Sadəcə bir cəhənnəm: daimi yaşayış yeri yoxdur. İl ərzində azı otuz dəfə evini dəyişir. Bir dəfə hətta 20 gün ərzində 13 mənzil dəyişməli olub.

Dünyanın heç bir aviaşirkəti Rüşdi soyadına bilet verməyə risk eləmir. Onun mühafizəsinə Britaniya xüsusi xidmət orqanları il ərzində milyon yarım dollar xərcləyir. Səfər etdiyi ölkələrdə ən yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir.

Qaldığı otellərdə pəncərə şüşələri gülləkeçirməz şüşələrlə əvəz olunur, keçdiyi küçələrdə hərəkət məhdudlaşdırılır, səfər zamanı təğyiri-libas olur.

Onun adı və əsəri hər bir sıravi müsəlman üçün lənət ünvanına çevrilib. Maraqlısı budur ki, Darvinin təkamül nəzəriyyəsini tənqid edib “Növlərin mənşəyindən” bir cümlə belə oxumayanlar bu dəfə də eyni şeyi təkrarlayırlar. Salman Rüşdini tənqid edənlərin, onu ölümlə hədələyənlərin çox az hissəsi “Şeytan ayələri”nin məzmunundan xəbərdardır.

Məzmunu

Hindistandan Böyük Britaniyaya uçan təyyarədə terror aktı baş verir. Təyyarə partlayır. Yalnız hind əsilli aktyorlar Cəbrayıl Fərişta və Səlahəddin Çamça dənizə düşüb xilas ola bilirlər. Lakin bundan sonra onlarda bəzi dəyişikliklər baş verir. Səlahəddin şeytana, Cəbrayıl isə Adəm övladı ilə Tanrı arasında vasitəçilik edən mələyə- Cəbrayıla çevrilir.

Aliluya adlı alpinist qıza aşiq olan Cəbrayılda tez-tez qalusinasiya halları baş verir. O, tarixin müxtəlif dövrlərinə gedir. Cəbrayıl fəsillərin birində Məhəmməd peyğəmbərin zamanına, erkən islam dövrünə gedir. Peyğəmbərin Məkkədə kafirlərlə münaqişəsi zamanı Maxund (Məhəmməd peyğəmbər) bütpərəst tanrılar olan Lat, Üzzaq və Menatı öyən ayələr söyləyir. Bu ayələrdən sonra Məkkə müşrikləri peyğəmbərlə birlikdə namaz qılırlar.

Əsərin sonunda Cəbrayıl sevgilisini öldürür, Çamça isə atası ilə barışıb vətəninə dönür.

Bəs görək şeytan ayələri nədir? Və bu termin nə zaman ortaya çıxdı? Rüşdinin əsəri haradan qaynaqlanırdı?

Peyğəmbər bütpərəst tanrıları öymüşdümü?

“Şeytan ayələri” termini ilk dəfə 19-cu əsrdə şotland tarixçi Viliyam Mur tərəfindən işlədilmişdi. Rəvayətə görə Məkkədə bütpərəstlərin önündə çıxış edən peyğəmbər Nəcm surəsinin 19-20-ci ayələrini söyləyəndə şeytan onu azdırır. O Lat, Üzza və Menat adlı bütləri öyən sözlər deyir: “Bunlar şəfaətləri umulan ulu durnalardırlar”.

Bu ayələrdən sonra bütpərəslər onu alqışlayır və onunla birlikdə namaz qılırlar. Belə olanda Cəbrayıl nazil olaraq Məhəmmədə Həcc sürəsinin bu ayələrini söyləyir: ”(Ya Rəsulum!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın vəsvəsəsini batil (yox) edər. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! ”

Cəbrayılın vəhy gətirməsindən sonra Nəcm surəsinin Lat, Üzza və Menat adlı bütlərin adları keçən ayələri dəyişilir.
İslam alimləri arasında da belə bir hadisənin baş verdiyini qəbul edənlər olsa da əksər hədis və din alimləri tərəfindən inkar edilir. Qərb islamşünasları xüsusilə də Quranın Allah tərəfindən göndərilən ilahi kitab olmasını inkar edənlər bu hadisənin olduğunu qəbul edirlər.

Tərcüməçi öldürüldü

Etiraz aksiyaları Bakıda da təşkil edildi. Təzə-Pir məscidinə toplanan dindarlar Salman Rüşdinin müqəvvasını yandırdılar. Ona lənət oxudular.

Avropa və ABŞ-da dəfələrlə kitab mağazaları partladıldı, nəşriyyatlar yandırıldı. ABŞ-ın bir çox ştatlarında tüğyan edən etirazları nəzərə alaraq “Şeytan ayələri” vitrinlərdən yığışdırıldı, nəşrləri dayandırıldı. Kitab mağazaları öz təhlükəsizliklərini nəzərə alaraq kitabı ancaq əmin olduqları müştərilərə əl altından satmağı üstün tuturdular.

Təkcə Salman Rüşdi hədəfə alınmamışdı. Tərcüməçilər və bu əsəri çap edən nəşriyyatlar da eyni təhlükəni yaşayırdılar. 1991-ci ildə “Şeytan ayələri”nin yaponcaya tərcümə edən ərəb və fars dilləri üzrə mütəxəssis, professor Xitosi İqarasi iş otağında bıçaqla boğazından kəsilərək qətlə yetirildi.

Əsərin italyan dilinə tərcümə edən Ettoro Kaprioloya sui-qəsd nəticəsində yaralandı. Norveçli tərcüməçi Vilyam Niqarda da hücum edilir və tərcüməçi yaralanır.

Əziz Nesin əsəri tərcümə etmək istəmişdi

“Şeytan ayələri”nin qurbanlarının sayı təkcə bununla yekunlaşmır. 1989-cu ildə İslamabadda təşkil olunmuş mitinqdə 6 nəfər ölür, 100-dən çox adam yaralanır. 1993-cü ildə Türkiyənin Sivas şəhərində baş verən faciə isə “Şeytan ayələri”nin yaratdığı təsirin pik nöqtəsi olur.

Sivas şəhərində təşkil olunmuş ənənəvi Pir Sultan Abdal şənliklərində iştirak edən yazıçı Əziz Nesin jurnalistlərə “Şeytan ayələri”ni türkcəyə çevirəcəyini deyir. Günorta namazından sonra Əziz Nesinin Sivasda olmasına etiraz edən bir qrupun başladığı etiraz gedərək böyüyür və idarəolunmaz hala gəlir. Axşam saatlarında “Madımak” oteli yandırılır. Faciə nəticəsində 33-ü şair, yazıçı, ozan olan 37 nəfər yanaraq və ya tüstüdən boğularaq həlak olur.

İkinci ”Rafiq Tağı faciəsi” olmasın

Kütləvi etirazlardan sonra bir sıra ölkələrdə - hətta müsəlman olmayan ölkələrdə belə - Salman Rüşdinin “Şeytan ayələri” əsərinin satışına qadağa qoyuldu. Hələ 90-cı illərdə Rusiyada Sankt-Peterburq nəşriyyatlarından biri kitabı çap etmək istəsə də müsəlman icmaların hədələrilə qarşılaşdı. Nəşriyyat rəhbərliyi kömək məqsədilə o vaxtın Xarici İşlər naziri, şərqşünas Yevgeni Primakova müraciət etsə də o əlacsız olduğunu bildirərək tərcümə fikrindən vaz keçməyi məsləhət görür. “Şeytan ayələri” Rusiyada elektron formada bir neçə il əvvəl tərcümə olunsa da, kitab formasında yalnız ötən il dərc edilir. O da qeyri-rəsmi şəkildə.

2011-ci ildə Türkiyədə indiyə qədər adı eşidilməyən nəşriyyatlardan biri internetdə “Şeytan ayələri”ni çap edəcəyi ilə bağlı məlumat yaysa da informasiya öz təsdiqini tapmır. Türkiyədə kitabın çapına qadağa qoyulmasa da, Salman Rüşdinin Türkiyədə rəsmi təmsilçisi olan “Can yayınları” mövcud şəraiti nəzərə alaraq hələ ki, “Şeytan ayələri”ni çap etmək fikrində deyil. Kitab hələ də türk dilinə çevrilməyib. Amma internetdə əsərin elektron versiyasının olması da istisna deyil.

Mərhum Rafiq Tağı ilə bağlı hadisəni, ölkə əhalisinin əksəriyyətinin dini liderinin Xomeyni olmasını nəzərə alsaq “Şeytan ayələri”nin dərc edilməsinin hansı nəticələr doğuracağını düşünmək çətin deyil. Əsəri yapon dilinə tərcümə edən öldürülürsə, Azərbaycan dilinə tərcümə edənin bu aqibəti yaşamayacağına qarantiya vermək mümkün deyil.

Kim nə itirdi?

“Şeytan ayələri” məqsədyönlü şəkildə təşkil olunmuş piar idimi? Bəlkə də. Çünki bu qalmaqal ona çox böyük məşhurluq gətirdi. Savadsızlığın tüğyan elədiyi ən geridə qalmış müsəlman ölkələrində belə adı dillər əzbəri oldu.

Ancaq qurbanlar da az olmadı. Yüzlərlə günahsız insan həyatını itirdi, yazıçı qalan ömrünü dərin bir narahatlıq içində hər an bir qatil tərəfindən qətlə yetiriləcəyi qorxusu ilə yaşamağa məhkum oldu.

Və bir də. Dünyanın ən məşhur yazıçılarından biri olan, yaradıcılığı ilə ədəbiyyat aləmində sözünü demiş, dəsti-xəttini yaratmış, sehrli realizmin ustalarından sayılan Salman Rüşdinin bütün sənətkarlığı bu faciəvi avantüranın kölgəsində itib yox oldu.

Müsəlman dünyası onu əsərləri ilə deyil, lənətlə anır.

Mirmehdi Ağaoğlu
# 2107 dəfə oxunub

Oxşar xəbərlər

Qızını çayda boğan ata - Gözəllərin faciəsi

Qızını çayda boğan ata - Gözəllərin faciəsi

15:00 7 sentyabr 2024
"Tənbəllik" müzakirə mövzusuna necə çevrildi? - Qismət

"Tənbəllik" müzakirə mövzusuna necə çevrildi? - Qismət

15:00 6 sentyabr 2024
Dövrünüz bitib, imkan verin, yaşayaq! - Yaşlı nəsil bizdən nə istəyir?

Dövrünüz bitib, imkan verin, yaşayaq! - Yaşlı nəsil bizdən nə istəyir?

12:00 6 sentyabr 2024
Gizli cinayət və satılmış vicdan - Xəlil Rzanın povestini kim oğurlayıb?

Gizli cinayət və satılmış vicdan - Xəlil Rzanın povestini kim oğurlayıb?

08:55 6 sentyabr 2024
İtmiş zamanların qovğası - Cavanşir Yusifli

İtmiş zamanların qovğası - Cavanşir Yusifli

21:00 5 sentyabr 2024
O, qadınlardan qorxur... - Orxan Adıgözəl

O, qadınlardan qorxur... - Orxan Adıgözəl

16:00 2 sentyabr 2024
#
#
# # #