Oğurluqda ittiham olunan yazıçılar

Oğurluqda ittiham olunan yazıçılar
13 sentyabr 2012
# 05:00
Sergey Qraçov (Rusiya)

“Arqumenti i fakti” qəzeti

Ədəbiyyatda plagiat, yəni oğurluq problemi ədəbiyyatın özü qədər qədimdir. Doğrudur, bu məsələyə uzun müddət sırf etik nöqteyi-nəzərdən yanaşılırdı. Yalnız son 20-30 ildə plagiat problemi şişib-böyüyərək, etik məsələ olmaqdan çıxdı və hüquq sferasının predmetinə çevrildi.


Oğurluqda ittiham olunan yazıçıların siyahısına Harri Potterin «anası» Coan Roulinq və «Da Vinçi kodu»nun «atası» Den Braun başçılıq edirlər. Son dərəcə uğurlu ədəbi taleyi olan bu iki yazıçıya, demək olar, kulinariya haqqında kitab yazanlardan başqa əli qələm tutanın hamısı plagiatlıq iddiası irəli sürüb. Ancaq məhkəmələrdə bu iddialardan heç biri təmin olunmayıb.

Əvəzində Roulinqin özü başqalarına qarşı anoloji iddialar irəli sürüb və bunları qismən də olsa, sübut edə bilib. Bu iddialardan biri rus yazıçısı Dmitri Yemetsin superqız Tanya Qrotter haqqında yazdığı silsilə romanlarla bağlıdır. Yemetsin əsərlərinin süjet xəttinin Harri Potter hekayətləri ilə tamamilə eyniyyət təşkil etdiyini görmək üçün onların annotasiyasına göz atmaq kifayətdir. Roulinq «Tanya Qrotter»in Hollandiyada çap olunmasının qarşısını ala bildi, lakin Rusiya məhkəməsi bu iddianı rədd etdi. Yemets məsuliyyətdən yayınmaq üçün orijinal bir yola baş vurdu; o bəyan etdi ki, «Qrotter» «Potter»ə parodiya kimi yazılıb… Parodiya isə, bilindiyi kimi, müstəqil janr olduğu üçün məhkəmə Yemetsin əsərlərinin plagiat olması ilə bağlı iddianı təmin etmədi.

Postsovet ölkələrində qəbul edilmiş qanunlardakı boşluqlar, «ədəbi plagiat» anlayışının özünün qeyri-müəyyən, dumanlı xarakteri klonların və saxtakarlıqların çiçəklənməsinə şərait yaradır. Tipik misal: Oksana Robskinin əsərləri azca uğur qazanan kimi kitab mağazalarının rəflərində Oksana NeRobka adlı başqa bir müəllifin kitabları peyda oldu.

Ukraynada isə bu cür kombinasiyalara ehtiyac belə görmürlər. Ukrayna yazıçıları özlərini əziyyətə salmadan, vaxtaşırı məşhur yazarların «əsərləri»ni bazara çıxarmaqda ad qazanıblar. Məsələn, bir neçə il bundan əvvəl tanınmış yazıçı Boris Akunin saxta əsərləri ətrafında böyük qalmaqal yaşandı. Ukrayna naşirləri naməlum sənətkarın qələmə aldığı kitabların üz qabığını Boris Akunin ismi ilə bəzəyərək, satışa çıxarırdılar. Yeri gəlmişkən, Akuninin özünü də plagiatda ittiham edənlər az deyil. Məsələn, Tatyana Vikentyeva Akuninin «Qəbiristanlıq əhvalatları» əsərinin onun eyniadlı pyesindən köçürmə olduğunu deməkdən yorulmur.

Plagiatlığa haqq qazandırmağa çalışanlar da kifayət qədərdir. Daim plagiat etməkdə günahlandırılan yazıçı - fantast Sergey Lukyanenko yazır: «Uğurlu süjetlər və müəlliflərin adı üzərində parazitlik məsələsinə səbirli yanaşmaq lazımdır. Bu, oxucu tələbatının ödənilməsi mexanizmidir. Tutalım, hansısa sehrbaz oğlan haqqında hekayət oxucunun xoşuna gəlib. O növbəti dəfə də bənzər mövzuda yazılmış kitab alacaq – sevimli müəllifin kitabının orijinal davamını xeyli gözləməlisən, burada isə gözləməyə ehtiyac qalmır. Bu cür parazitliyi plagiat saymaq olarmı? Bu mürəkkəb məsələdir. Məncə, ideyaların, süjet gedişlərinin, qəhrəman obrazlarının özününküləşdirilməsində qəbahətli heç nə yoxdur».

Plagiatda ittiham olunan rus yazıçılarının siyahısına dedektiv əsərləri ilə məşhurlaşmış Darya Dontsova başçılıq edir. Ayda bir roman yazan Dontsova hamını əmin etməyə çalışır ki, «ədəbiyyat zənciləri»nin əməyindən istifadə etmir. Prinsipcə bu mümkündür. Əgər başqalarının süjetlərini mənimsəyirsənsə…

İnsaf xətrinə qeyd etməliyik ki, Dontsovanın plagiatla məşğul olması məhkəmələrdə hələ sübuta yetirilməyib…

Bəs ədəbiyyatda plagiatın olub-olmadığını necə müəyyənləşdirmək olar? Bu sualın birmənalı cavabı yoxdur. Hələlik yoxdur. Bu məsələylə bağlı məhkəmə praktikası hələ yeni-yeni formalaşmaqdadır. Bu gün qanun ideyaları yox, yalnız onların konkret ifadə formasını qoruyur. Yəni süjet yazıya alınarkən məhz hansı sözlərdən istifadə olunduğunu diqqətə alır. Bu isə müəlliflərə başqalarının əsərlərini öz sözləri ilə yenidən yazmaq imkanı yaradır. Nəticədə, demək olar, tanınmış yazıçıların hamısı öz həmkarlarına qarşı plagiat iddiaları ilə çıxış edirlər. «Mən indiyədək heç kəsi plagiat etməkdə suçlamamışam, baxmayaraq ki, bunu dəfələrlə edə bilərdim, - yazıçı Eduard Topol deyir, - məsələn, «Qara kvadrat» filminin yaradıcıları mənim «Brejnev üçün jurnalist» romanımdan bütöv bir epizod götürüblər. «Yad sifət» teleserialının müəllifləri romanımın adını və süjet ideyasını mənimsəyiblər və s.».

Bir çox ədəbiyyatşünaslar və tənqidçilər isə belə hesab edirlər ki, bütün dünya ədəbiyyatı alınmalar, sitatlar, yenidən işlənmələrlə, bir sözlə, plagiatla doludur. Bu tezisin sübutu kimi tarixdən külli miqdarda misallar gətirirlər. Şekspir, Molyer, Gete, Volter, Zolya, Dode və onlarla digər məşhur yazıçı, şairlərin plagiatlıq etməsi faktı bu və ya digər dərəcədə sübuta yetirilib.

Xarici uşaq ədəbiyyatının Rusiyada yenidən işlənməsi haqqında ayrıca danışmaq lazımdır. Bunların sırasında italyan nağılı «Pinokkio»nu «ruslaşdırmış» Aleksey Tolstoyun, Anna Xvolsonun kitabının mövzusu əsasında «Neznaykanın macəraları»nı qələmə almış Nikolay Nosovun, Filip Enstin nağılını «Qoca Xottabıç» kimi özününküləşdirmiş Lazar Laqinin, «Oz ölkəsinin sehrbazı» əsərini «Zümrüd şəhərinin sehrbazı» şəklinə salmış Aleksandr Volkovun adlarını xüsusi qeyd etməliyik.

Şekspiri oğurluqda ittiham etdikdə, guya o belə deyib: «Bu mətn zibillikdən tapılmış qız kimi idi, mən onu kübar cəmiyyətə çıxardım». Plagiatlıqla bağlı dəfələrlə ifşa olunmuş Aleksandr Düma (bunun onun özü də inkar etmirdi) problemə fəlsəfi yozum verirdi: «Bu dünyada hər şey plagiatdır. Uca Tanrı belə Adamı özünə oxşar şəkildə yaradıb. Yeni nəsə yaratmaq mümkün deyil».

Müasir hüquqşünaslar, yəqin ki, onunla razılaşmazlar.
# 1600 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #