Çinlilər türklərə zülm edirmi?

Çinlilər türklərə zülm edirmi?
9 avqust 2012
# 06:00
Sosial şəbəkələrdə yeni əfsanə yayılır: Myanmarda buddistlərin on minlərlə müsəlmanı qətlə yetirdiyi iddia olunur, buddist rahiblərin ölənləri dəfn edərkən çəkilmiş şəkillər buna sübut kimi göstərilir. Keçən il islahatlara başlamış hərbi diktaturanın illərdir buddistləri təqib etdiyi ölkədə, ilk prinsipi “yaşayan heç bir canlıya ziyan verməmək” olan bir dinin nümayəndələri qısa müddətdə on minlərlə insanı qətlə yetirə bilərlərmi?

Hansısa anlaşılmazlıqdan yaranan və bir neçə nəfərin öldüyü “qətliam”a sübut kimi göstərilən şəkillərlə yanaşı Çində zəlzələ zamanı ölənləri kütləvi məzarlarda dəfn edən buddist rahiblərin, Taylandda etnik üsyanları yatırdan polislərin də fotoları yayılır. Və bütün bunlar, hətta Çin prezidentinin Hindistana səfərinə etiraz olaraq özünü yandıran bir tibetlinin fotosu da buddistlərin yandırdığı müsəlmanın fotosu olaraq təqdim olunur. Bu “xəbərin” qaynağı Pakistandakı bəzi dini xəbər saytlarıdır.

Bundan əvvəl isə Ukraynada mədən partlayışı zamanı yanmış bir mədən işçisinin fotosu, Amerikada “Quran”ı yandırdıqdan sonra özü də alovlanan bir keşişin şəkli kimi təqdim edilmişdi. İşçinin içində olduğu təcili yardım maşının “Gazel” olduğuna diqqət etmədən şəkli sosial şəbəkələrdə “Allah rızası üçün” paylaşmağı savab bilmişdilər.

İndi kiçik bir xəbər yaradıb sosial şəbəkələrin təbiətinə uyğun olaraq yüksək bəyənmə və paylaşma sayını doğruluğa sübut kimi göstərmə ənənəsi geniş yayılıb. Müəyyən emosional yük daşıyan bəd xəbərlər araşdırılmadan yayılır və hətta ciddi qəzetlərin səhifələrinə çıxır. Bir türk qəzeti Birmadakı “qətliam” xəbərindən sonra Uzaq Şərq mədəniyyətinə simpatiyası olanları da qınayaraq “Yogacılar nerde?” başlığı qoymuşdu.

Keçən ilə qədər buddistlərə, müsəlmanlara və siyasi müxalifətə qarşı zorakılıq edən Birma hökümətinə niyə etiraz edilmirdi?
İnsan hüquqları problemlərinə müsəlman dövlətləri və mətbuatı reaksiya vermir. Vətəndaşların hüquqlarının öz ölkəsində tapdalanmasına münasibət bildirilmir, ancaq başqa ölkələrlə müsəlman hüququ davası aparırlar.

Uydurulmuş xəbərlərin ya qaynağının, ya da hədəfinin müsəlman ölkələri və toplumları olması təsadüf deyil. Müsəlman coğrafiyası yenidən formalaşdırılır və emosional müsəlmanları kütləvi şəkildə əsassız xəbərlər vasitəsiylə hərəkətə keçirmək asandır.

Hər kəs öz əfsanəsini yaradır. Bəziləri qısa ömürlü, bəziləri isə uzun ömürlü olur. Professional və buna görə də uzun ömürlü olan əfsanlərdən biri də “Tibetdəki Çin zülmü” əfsanəsidir. Çin Xalq Respublikası qurulduqdan sonra Çin höküməti ilə bağladığı muxtariyyət müqaviləsini pozan və müstəqillik istəyən XIV Dalay Lama üsyan təşkilatçısı kimi sürgün edilir. Sonra icazə alıb Tibetə qayıdır və yenə üsyana rəhbərlik edir. Əvəzində isə o vaxt indiki qədər məşhur olmayan bu şəxs həbs edilmir və öldürülmür, onunla getmək istəyənlərlə bərabər ömürlük sürgünə göndərilir.

İndi bu qoca Hollivud film ulduzu kimi şöhrət qazanmanın zövqünü yaşayır. Daima gündəmdədir, əzab çəksə də gülümsəyir və Mahatma Qandi olduğunu düşünür. Ölüb getdikdən sonra yaratdığı Tibet probleminin necə həll olunacağını heç kim bilmir. Yüz iyirmi min tibetli qaçqını Hindistanın ümidinə buraxıb, Havay adalarında burnunu yerli xanımların burnuna sürtür, tibetlilərə ürəyi yananların tədbirlərində isə filosofluq edir.

Tibet, sürətlə lamaist feodalların idarə etdiyi teokratik ölkədən modern bir regiona çevrilir, infrasturktura qovuşur, orada məktəb və universitetlər açılır, Tibetdə işləmək istəyən müəllimlərə həmkarlarından artıq maaş ödənilir. Dünyada ən yüksək məskunlaşma coğrafiyası olan Tibetin paytaxtı Lhasada hava limanı və onu digər şəhərlərlə birləşdirən 2000 km-lik dəmiryol xəttinin ilk stansiyası yerləşir, şəhər 2001-ci ildə “İqtisadi və Texnoloji İnkişaf Zonası” kimi dövlət proqramına daxil edilib.
2016-cı ilə qədər Tibetdə infrastruktur üçün 21 milyard dollar pul xərclənəcək, yeni yollar, elektrik stansiyaları, xəstəxanalar və universitetlər tikiləcək. Tibetlilərin və Qərbin onlar üçün istədiyi azadlıq müasirliyi qəbul etməməkdən başqa bir şey deyil.

Dünyanın beşinci ən böyük valyuta rezervinə sahib Tayvanın Çinin tərkibində qalmaq istəməməsini başa düşmək olar, ancaq əsas məşğuliyyətləri maldarlıq, əkinçilik və məbəddə oturub dua çarxı fırlatmaq olan tibetlilərin arqumentlərini anlamaq çətindir. Çin dövləti tibetlilərin öz dinini, adət-ənənələrini yaşatmalarına şərait yaradır və dəstək verir. Lamaya ölənə qədər ona sitayiş edən, o öldükdən sonra isə ruhunun hansısa uşağa qonduğunu deyən, sitayiş etmək üçün yeni uşaq-Lama axtaran tibetlilər, ən azından Çinin bir hissəsi olduqları üçün feodalizm dövründə qala bilməyəcəklərini anlamaq istəmirlər. Tibet, Qərbin həm də sevimli ekzotika məkanıdır, Tibetin bir neçə əsr əvvəldə qalması qərblilərə keçmişə səyahət imkanı yaradır, üçüncü gözlərinin açılmasını istəyənlər üçün ruhani safari məkanı rolu oynayır. Çinə SSRİ taleyi hazırlamaq və burada Tibet “problemi”ndən istifadə etmək istəyənlər Çin hökümətinin SSRİ-dən fərqli olaraq real reformlar həyata keçirib ölkəni sürətlə inkişaf etdirdiyini, öz vətəndaşlarına fərq qoymamağa çalışdıqlarını nəzərə almırlar.

Mütəmadi olaraq gündəmə gələn və etnik eynilik səbəbindən bizi təbii olaraq narahat edən Çindəki uyğurlara edilən zülmdür. Bu xəbərlərlə Çində uyğurlarla rastlaşmış insanların müşahidələri tam ziddiyət təşkil edir.

Çinə səfər etmiş azərbaycanlıların sayı kifayət qədər çoxdur, hər birimiz bu ölkəyə getmiş bir insanla əlaqə yarada və ondan uyğurlar haqqında soruşa bilərik. Uyğurlar olduqca mühafizəkardırlar, eyni zamanda çox rahat və sərbəstdirlər, hətta çinlilərin onlardan çəkindiklərini də demək olar. Əzilən qrup təsiri bağışlamırlar.

Uyğur dili Sincan Muxtariyyətinin rəsmi dilidir, uyğurca ilə bərabər Çin dili də istifadə olunur. Məscidlərdə sərbəst ibadət edir, həccə gedirlər. Hər il Çin dövləti Əl Əzhər Universitetinə dini təhsil almaq üçün uyğur tələbələr göndərir. SSRİ-nin dağılması ilə Çinə qərbdən giriş qapısı olan Urumçi ticarət mərkəzinə çevrildi və Uyğur bölgəsinin həyat səviyyəsi Çinin bir çox bölgələri ilə müqayisədə xeyli yüksəldi. Bundan əvvəl və buna qədər Çin, Sincan Muxtar bölgəsinə kapital qoyur, müasir zavodlar açır, subsidiylar verir.

Çinin ən böyük külək generatoru şirkəti “Goldwind” Sincandadır, bu il orada “Shanghai Wolksvagen”-in yeni zavodunun tikintisinə başlanılacaq. Uyğur dilində yerli və mərkəzi televiziya kanalları var, jurnallar və qəzetlər çıxır. Çinin istehsal imkanlarından yararlanıb giriş şəhərində yaşayan və ticarət etmək qabiliyyətləri olan uyğurlar sanki Çinlə bərabər inkişaf etməkdənsə, inkişaf etməyib “əzilən” olmaq istəyirlər.

Periodik olaraq Sincana Pakistan sərhədindən silah ötürülür, dünya mətbuatında uyğurlar qızışdırılır və ixtişaşlar yaranır. Bu ixtişaş şəkilləri Çinin durduğu yerdə uyğurlara zülm etməsinə sübut kimi göstərilir. 2009-cu ilin iyul hadisələri zamanı Çinin digər şəhərlərindəki uyğurlara qarşı ən kiçik zorakılıq belə olmadı.

Uyğurların “kapır” adlandırdığı çinlilər, Sincanı inkişaf mənasında ölkənin digər bölgələrindən ayırmırlar. Əgər Çin müsəlmanlara qarşı ayrı-seçkilik edirsə, niyə 10 milyonluq hui müsəlmanları ilə Çin dövləti arasında problem yaranmır?

Müxtəlif insan qrupları arasında provokasiya ilə ixtişaş yaratmaq olar. Ancaq Sincandakı bu ixtişaşlarda heç vaxt iştirakçı olmayanlar cəzalandırılmır, Urumçidə və Çinin digər şəhərlərində yaşayan uyğurlara dövlət və çinlilər heç nə etmir.
İnanmayanalar Çində olmuş insanların köməkliyi ilə dəqiqləşdirə bilərlər.

Çinlilər çox tolerant insanlardır. Onların “Dünyanın ən gözəl uşağına bütün analar sahibdirlər” kimi atalar sözü var. Sərhədlərindən kənarda son dəfə VIII əsrdə vuruşublar. 30 il əvvəl bir-biri ilə görüşərkən “çi fan meyo?” (bu gün nəsə yemisən?) deyə hal-əhval tutardılar. Bu gün isə Çin kosmosa təkbaşına insan göndərən üç ölkədən biridir. XIX əsr ingilis, XX əsr amerikan əsri olub, XXI əsrin isə Çin əsri olacağını iddia edirlər və bundan narahat olan insanlar var. Təkcə Kanton əyalətinin ümumi daxili məhsulu 500 milyard dollardan artıqdır. Dünyadakı bütün mikrodalğa sobalarının yarısı Guancjou əyalətindəki bir zavodda istehsal olunur. Son 30 ildə Çin iqtisadiyyatı hər il orta hesabla 10% artır.

Bu gün Çin daxilində yüz milyon insan daha yaxşı iş tapmaq üçün öz yaşadığı ərazini tərk edib, bəzilərinə görə bu miqrasiya tarixin ən böyük köçüdür. Sincana gələn çinlilər olduğu kimi uyğurlar da Çinin digər bölgələrinə gedirlər.

Azərbaycanlıların da çox getidiyi İvu şəhərində uyğurları ticarət və xidmət sektorunun hər sahəsində görmək mümkünür. Bunları nəzərə almadan dövlətin sanki planlı şəkildə Sincana çinliləri yerləşdirdiyini iddia etmək doğru deyil. Bü gün Çin dilində 9 böyük dialekt var, yazıları eyni olsa da fərqli dailektdə danışan insanlar bir-birlərini tam anlamır. Odur ki Çin Honq Konqda daxil olmaqla mandarin çincəsini bütün ölkənin rəsmi dili kimi yayır. O zaman çin öz əhalisini assimilyasiya etmiş olurmu?

Çinin uğurları kimlərsinsə Tayvan, Tibet və Uyğur kartlarından istifadə etməsini şərtləndirir. Tibetlilərin Dalay Laması olduğu kimi uyğurların da anası-Rabiya Kadir var. Bu xanım bir zamanlar Çinin ən varlı qadını idi və əri partiyada yüksək vəzifələr tutmuşdu. Maraqlıdır ki, indi özü və əri ABŞ-da yaşayan Rabia Kadır biznes fəaliyyətinə uyğur milli geyimlərinin istehsalı və satışı ilə başlamışdı. O da Dalay Lama kimi uyğurlara olan zülmdən danışır, ancaq onun çağırışına qulaq asıb ixtişaş törədənlərin taleyi vacib deyil, əsas şəkillərdir.

Ət ehtiyacının 60%-ni donuz vasitəsilə təmin edən Çinin bütün hava yollarına aid təyyarələrdə yeməklər müsəlman qaydasına uyğun olaraq mal və toyuq ətindən hazırlanır və üzərinə çin, ərəb və ingilis dilində “muslim” ya da “halal” yazılır. Ancaq bu yeməkləri təkcə çinli sərnişinlər yeyir, uyğurlar yeməklərini özləri ilə gətirirlər. Niyə hazır yeməklərdən yemədiklərini soruşanda çinlilərin “kapır” olduqlarını deyirlər.

Yalçın İslamzadə
# 2311 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #