“Mən həmişə azadlığın arxasınca Rusiyaya getmişəm...” - MÜSAHİBƏ

“Mən həmişə azadlığın arxasınca  Rusiyaya getmişəm...” - MÜSAHİBƏ
21 aprel 2011
# 10:37
Yazıçı Murad Köhnəqalanın Kulis.az-a eksklüziv müsahibəsi


- Qarşıdan AYB-nin qurultayı gəlir. Bir yazıçı kimi bu qurultay sizin üçün maraqlıdırmı?

- Bu qurultay mənə bir az maraqlıdır. Çünki Yazıçılar Birliyinin sədri Anar müsahibəsində demişdi ki, namizədliyini verməyəcək. Bilmirəm, bu nə dərəcədə doğrudur. O, hər qurultay qabağı belə deyir. Ola bilər ki, düz deyir. Çünki yaşlı kişidi, yorulur. Onun yerinə kim olsa, çıxar gedər. 20 il bəs edər.

Unudulmuş yazıçı

- Bəs bu 20 ildə niyə getmək istəmir?


- Bunu izah eləmək çətindi. Mən onun yerinə olsam, çoxdan gedərdim. Bir neçə variant demək olar. Əgər o sədr olmasa, özünün də, atasının da təbliğatı dayana bilər. Sədr olmasa, Anarın özünə bu və ya digər şəkildə hücumlar olacaq. Sədr kimi bu hücumların qabağında dayanmaq asandır. Sədr kimi Anar hakimiyyətin yanındadır. Şəhərin mərkəzində böyük bir ofisi var. (AYB-nin binasını nəzərdə tutur- E.H) Bunun inzibati tərəfləri var. Biri var AYB-nin sədri kimi kiməsə zəng edib işini aşıra. Biri də var ki, sadə, unudulmuş bir yazıçı kimi...

Çingiz Anardan bir addım irəlidir

- Anarın yerinə siz kimi alternativ görürsünüz?


- Mənim ürəyimdən həmişə keçib ki, AYB-nin sədri yazıçılığa iddialı olmayan birisi olsun. Yazıçıların sosial problemləri ilə, qayğıları ilə, yəni texniki məsələlərlə məşğul olsun. Gənc, imkansız yazıçılarla dövlət arasında vasitəçi rolunu oynasın. Amma Azərbaycanda belə postlara rəhbər yuxarıdan seçilir. Ona görə də mən düşünürəm ki, burda şanslılardan biri Çingiz Abdullayevdir. Bu günlərdə “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəylinin müsahibəsini oxudum. Sədrliyə iddialı olduğunu gördüm. Deyir ki, guya onu da dəstəkləyənlər var. Amma inanmıram ki, Elçini Çingiz Abdullayev qədər dəstəkləyən olsun.

- Niyə məhz Çingiz Abdullayev üzərində dayanırsınız?

- O, Anardan bir addım irəlidir. Anara baxanda gəncdir, təfəkkürü ayrı cürdür. Həm də yuxarı dairələrdə onun hörməti daha çoxdur. Rusdilli olması faktoru da önəmli rol oynayır. İstəyərdim Yazıçılar Birliyinin sədri Çingiz Abdullayev olsun.

Elçinin personajları İsa Muğannanın personajları qədər milli deyil

- Son zamanlar çox işlənən bir ifadə var: “roman bumu”. Necə baxırsınız “roman bumu”na?


- Son illərə kimi Azərbaycanda romançılıq yox idi. Nəsr çox geridə idi, çox axsayırdı. Bizim bir millət kimi poeziyaya çox meyllənməyimizin nəticəsi idi bu. Sovet dövründə pis-yaxşı nəsrimiz olub. O dövründə yazılmış qiymətli qələm məhsulları var. Ancaq ədəbiyyat ideologiyaya qulluq edirdi. Partiya qurultaylarında yazıçılar qabağında öhdəliklər qoyurdular. Respublikalarda təsərrüfatı irəli aparmaq üçün yazıçılar zəhmətkeşləri əsərləri ilə ruhlandırmalı idi. Arada bəzi naqislikləri tənqid edirdilər. Nəsr bununla bitirdi. Sonra indiki “60-cılar” adlandırdığımız yazıçılar gəldilər. Onlar Xruşşov dövrünün qızdırması ilə bir az qızışdılar. Bir az mövzunu dəyişdilər. Amma milli yazıçılara çevrilə bilmədilər. Məsələn, Anar Mirzə İbrahimov, Əli Vəliyev qədər milli yazıçı deyil. Anarın, ya da Elçinin personajları İsa Muğannanın personajları qədər milli deyil. Mirzə İbrahimovun əsərlərinin personajları həqiqətən köntöy adamlardı. Birdən-birə onların başının üstünü kollektivçilik alır. Bunlar kollektivçilikdə özlərini bir az naqolay hiss edirlər. Tutaq ki, müharibədən qayıtmış, savadsız bir kişini birdən-birə kolxoz sədri qoyurlar. Bunların hamısını o vaxtkı yazıçılar yazırdı.

- Bəs indiki romanlar?

- İndi gənclərin roman yazması çox yaxşıdır. Bizim yazıçıların epos təfəkkürünə malik romanları alınıb. İsa Muğanna, Mövlud Süleymanlı, Əli Vəliyev dastandan gələn adamlardır. Süleyman Rəhimovun özü dastandan gələn adamdır. Pis ya yaxşı yazırdı, bu ayrı şeydir. Amma “60-cılar” milli nəsr yarada bilmədilər. Ta Mövlud Süleymanlının “Dəyirman” əsərinə qədər. İndi gənclər çalışırlar, yazırlar. İndiki nəsr isə Qərb ədəbiyyatı ilə ayaqlaşmaq, ona söykənmək istəyir.

Seymur, Aqşin və Əli Əkbəri axıra qədər oxuya bilmədim

- Bəs siz niyə bu “roman bum”una qoşulmadınız?


- Qoy, bu roman bumu sorulsun getsin, mən də ortalığa çıxardacam. Gənclər əksəriyyəti qələmlərini birdən-birə romanda sınayırlar. Bunu düzgün hesab eləmirəm. Əvvəl hekayə, sonra uzun hekayə, povest, kiçik romanlardan başlamaq lazımdır. Roman çox çətin məsələdir. Roman yazmaq hər adamın təfəkkürü üçün deyil. Roman dövlət kimidir. Onun içərisindəki insanları sən yazıçı kimi idarə edirsən. Cavanların romanlarında çox səhvlər görürəm. Bir də görürsən, roman belə başlayır: “Yaz idi...”. On beş səhifə sonra görürsən ki, payızdır. Yadından çıxıb bunun...

- Yeni çıxan romanlardan hansıları oxumusuz?

- Hamısını qırıq-qırıq oxumuşam. Seymur Baycanın, Əli Əkbərin, Aqşinin romanlarının bir hissəsini oxumuşam. Axıra kimi oxuya bilmədim.

- Niyə görə?

- Nəsə naşılıq hiss elədim. Fikirləşdim ki, buna vaxt sərf edincə gedib sınanmış, hamı tərəfindən bəyənilmiş əsər oxuyaram. Mənim indi elə yaşım deyil ki, bütün əsərləri çatdırıb oxuya bilim. Nərmin Kamalın “Aç, mənəm”, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” əsərlərini bəyənmişəm. Son dövrlərdə bəyəndiyim ən yaxşı əsərlərdən biri Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış” romanıdır. Elçin kifayət qədər istedadlı adamdır.

Rasim Qaraca “Alatoran”ı bizdən xəbərsiz buraxırdı

- Azad Yazarlar Ocağı ilə münasibətiniz necədir? Bu yaxınlarda “Reytinq” qəzetinə müsahibənizdə “Alatoran” jurnalı ilə bağlı tənqidləriniz səslənmişdi.


- Mənə tez-tez deyirlər ki, AYO-dan nə üçün çıxmısan. AYO-da çox problemlər var idi. AYO-da çox “sualtı axınlar” var idi.

- Nəyi nəzərdə tutursunuz?

- “Alatoran” jurnalı Rasim Qaracanın fədakarlığı ilə çıxıb həmişə. Amma sonralar zəif çıxmağa başladı. Materiallar zəif gedirdi. Bunun əsas səbəbi onda idi ki, Rasim jurnalı bizdən xəbərsiz buraxırdı. Jurnalın yaradıcı heyətində hamımızın adı var idi. Amma jurnalı heç birimizə göstərmirdi, heç bir materialla bizi tanış etmirdi. Kimi gəldi çap edirdi. Axı “Alatoran” bir az unikal jurnal olmalı idi. AYO-nun özünün kifayət qədər materialı var idi. Rasim istəyirdi ki, Cənubi Azərbaycandan olan ədiblərə də yer verə. Ancaq orda da bir seçim etmirdi, qabağına çıxan adamı çap edirdi. Bu nəinki mənim, ümumiyyətlə, bizim uşaqların heç birinin xoşuna gəlmirdi.

Uşaqlıqdan içirəm

- Yaşınız 50-ni keçib. İçkiylə münasibətləriniz nə yerdədir.


- İçkiylə münasibətim həmişəki kimi yaxşıdır. Bizim kənddə üzümlüklər var idi. Üzüm dəhşət bol olurdu. Anam çaxır çəkirdi. Orta məktəb vaxtından o çaxırdan içirdim. Yəni uşaqlıqdan içmişəm. İndi də içkiyə davam edirəm. Nə var ki burda? İçki mənə heç vaxt mane olmur.

Şəhərə qonorarımı almağa gəlirəm

- Amma çoxdan sizi dostlarınızla şəhərin mərkəzində görmək olmur..


- Əvvəllər yazılarımı əllə yazırdım. Ona görə hər gün şəhərə gəlməyə məcbur olurdum. Çayxanada, kafedə oturub yazırdım. Hətta elə olurdu yanımda bir adam oturub söhbət edirdi, mən yazırdım. İndi əldə yox, kompüterdə yazıram, internetlə göndərirəm. Həftədə bir dəfə qonorarımı almağa gəlirəm. Uzaqda qalıram, hər gün gəlmək çətindi. Şüvəlanda sürgün həyatı yaşayıram.

- Qələmdən ayrılmaq çətin olmadi ki?

- Təzə vaxtları çətin oldu. Mən elə bilirdim qələmdən ayrıla bilməyəcəm. Elə bil şüurumla kağızın arası ayrılırdı. Fikrim dağılırdı. Yavaş-yavaş öyrəşdim. İndi rahatdı mənim üçün.

Azərbaycan qadını məişətə çox bağlıdır

- Bir vaxtlar Azərbaycan qadını haqqında tənqidi fikirlər səsləndirirdiniz. Azərbaycan qadınına qarşı münasibətiniz dəyişibmi?


- Mən həmişə azadlığın arxasınca Rusiyaya getmişəm. Çünki bizim qadınlar doğurdan da savadsız idilər. Açıq fikirli deyildilər, çox qapalıyıdlar. Cəmiyyət də bunu tələb edirdi onlardan. İndiki gəncləri görürəm, yaxşıdır. “Facebook”da fikir verirəm ki, qızlarımız xeyli dəyişib. Amma ümumilikdə götürdükdə Azərbaycan qadını məişətə çox bağlıdır. Mən çox az Azərbaycan anası tanıyıram ki, onun evdə öz kitabxanası olsun. Azərbaycan anası yalnız bazardan bazarlıq edir, kitab mağazasına girmir.

Bir qadının əlində qəzet görməmişəm

- Bəlkə dünyada bütün qadınlar belədir. Müəllifini unutduğum bir aforizm var “Elə bir qadına rast gəlməzsiniz ki, o, şəxsi kitabxanasını sizə fəxrlə göstərsin”.


- Bu, kişilərlə müqayisədə belədir. Rusiya ilə müqayisə edək. Orda tutaq ki, metroda görürsən qadınların əlində qəzet, kitab var. Azərbaycanda metroda bir qadının əlində qəzet görməmişəm, nəinki kitab. Bizdə qadınlar elə bilir ki, qəzet oxusalar ona pis baxarlar. Vəziyyət bu qədər ağırdır.

- Amma ədəbiyyatda da, jurnalistikada da xeyli sayda qadın yazarlarımız var.

- Var. Amma mən inanmıram ki, onların hamısı mütaliəlidir. Jurnalistika fakültəsini qurtarıb qəzetdə təzə işə başlayanda redaktorlar onların dalınca danışırlar ki, bunların cümlələrin düzəltməkdən yorulmuşuq. Universitetdə də heç nə öyrətmirlər, özlərinin də mütaliəsi yoxdur.

Kitabın nəyi ayıbdır ki?

- Bu problem hardan qaynaqlanır? Mentalitetin nə dərəcədə rolu var burda?


- Bunu çox vaxt mentalitetin üstünə yıxırlar. Mentalitet heç vaxt demir ki, qadın oxumasın. Cəmiyyətin özü belə formalaşıb. Kitabın nəyi ayıbdır ki? Bəlkə də telefonun çox şeyi ayıbdır. Telefonda xoşagəlməz şeylər ola bilər. Cəmiyyətdə kitab gözdən düşüb. Kitabın ortaya qoyduğu insan ziyalıdır. Ziyalının da vəziyyəti həmişə ağır olub. Ziyalı pis yaşayır. Qadınlar da həmişə yaxşı yaşamağa meyllidir. Ona görə də, qadın birbaşa kitaba nifrət edir. Gir metroya, nə qədər istəyirsən telefon var. Sanki gənclərin telefon sərgisidir. Amma birinin əlində kitab yoxdur. Bu boşluqdan da istifadə edib metrolarda həmişə dini kitablar satırlar.

Xoş niyyətlə namaz gözəldir

- Dindən söz düşmüşkən... Murad Köhnəqala yaşlandıqca dinə meyllənmir ki?


- Yaşlandıqca özümdə dinə meyllik hiss eləmirəm. Belə bir fikir eşitmişdim: “Əgər din hər şeyi dəqiq izah eləsəydi o elm adlanardı”. Din həmişə inkişafın qabağını kəsir. Din həmişə elmin ayağından yapışıb, geri dartır, elmə mane olur. Bir dənə elmi kəşf görməmişəm ki, dinlə əlaqəli olsun. Kimsə xoş niyyətlə namaz qılırsa, oruc tutursa, bu çox gözəldir. Amma kimsə ibadətin arxasında gizlənib sənə hücum edirsə, bu pisdir. Avropa, Amerika cəmiyyətlərində din yoxdur bəyəm? Lakin orda din islahatlardan keçib. Filosoflar olublar, xurafatı darmadağın ediblər. Ortalığa kitablar qoyublar ki, seçim elə. Anadan olan kimi sən müsəlmansan artıq. İslam dinin də islahatlar olmalıdır.

Hicab səhra paltarıdır

- Hicaba münasibətiniz necədir?


- Azərbaycanda dindar kişilər qadınlarını hicab taxmağa məcbur edirlər. Kölə xislətli qadınlar da ərəbin milli geyimini geyinir. Quranın heç bir yerində yazılmayıb ki, qadın filan paltarda gəzməlidir. Hicabın məntiqi budur: birdən qadının çarşabın altından saçı görsənər, mömin kişi bunu görər, imanı azar. Ərəblər islamı yayanda öz milli geyimlərini də dini geyim adıyla yayırdılar. Bu, sırf səhra paltarıdır. Səhrada külək əsəndə gözlərinə, başlarına qum dolmasın deyə məcbur olurdular belə geyinsinlər. Öz həyat yoldaşına hicab geydirən kişi buyursun ərəbin kişi paltarını da geyinsin. Həyat yoldaşının hicabı ilə iman qazanmaq düzgün deyil.

- Orta məktəblərdə hicab qadağasının tərəfdarısınız?

- Həddi buluğa çatmamış uşaq hicab taxmamalıdır. İnsan özü dini dərk edəndən sonra seçim eləməlidir. Orta məktəb uşağına hicab bağlatdırmaq düzgün deyil. O, heç bilmir bu nə deməkdir. Orta məktəblərin özünün formaları eyni olmalıdır.

- Bayaq Avropadan danışdınız. Belə yayğın fikir var: “Avropanın pisini ataq, yaxşılarını götürək”.

- Avropanın pisi nədir? Avropanın pisi yoxdur.


Elmin Həsənli
# 1458 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #