Bardakı intellektual - REPORTAJ

Bardakı intellektual - REPORTAJ
26 sentyabr 2011
# 06:00
Payız fəslinin gəlişi özüylə bərabər təkcə yağış, soyuq küləklər, qanqaraldan havalar gətirməyib. Havada qəribə bir hüzn var... Günlərin yeknəsəkliyi, darıxdırıcı və əzablı keçməsi səhhətimə də ciddi təsir eləyib. Müalicəmə başlamadığım üçün, artıq yuxusuz gecələrimin sayı da artıb. Əvvəllər tez-bazar, yerimə girən kimi yuxuya gedərdim. Bu lap çoxdan, tələbəlikdə idi. İndi artıq normal yuxunun nə olduğunu çoxdan unutmuşam. Gecələr qarabasma, qorxulu yuxular və tənhalıqdan başqa heç bir şeylə yadda qalmır artıq. Son bir ildir ki, başqa-başqa yataqlarda, başqa-başqa evlərdə ayılıram yuxudan...

Bütün günü yazıb-oxuyub yorulsam da, başımı yastığa qoyan kimi yuxuya gedəcəyimi düşünsəm də, alınmır. Qısası, payız özünü, öz hüznlü təsirini mənim səhhətimdə belə göstərib. Fəsillərin düzümünə görə payız hələ bu gecə gəlib. Ancaq mən lap çoxdan, avqustun sonlarından hiss eləməyə başlamışam payızın gəlişini. Yuxusuzluqdan gözlərimin altı şişmiş, ağrılardan qıvrıla-qıvrıla açıram sabahları. Bir də bütün gecəni olub-keçənlərə göz yaşı tökürəm. Hərdən də üzümü yastığa basıb it kimi ulayıram. Ancaq səsimi özümdən başqa heç kəsin duymaması üçün ulartım daha çox inilti kimi çıxır. Utana-utana, qorxa-qorxa ulayıram... Fikirləşirəm ki, birdən evinə sığındığım qardaşım bu ulartımı eşidər və narahat olar. Bir az həyayla, bir az utancaqlıqla ulayıram.


Gecə gəzintisi... Şəhərlərin qoxusu


Yenə də hüznlü gecələrdən biridir. Saat 02:25. Yuxusuzluqdan qızarmış gözlərimi bilgisayarın monitoruna zilləyib nə isə yazmağa çalışsam da alınmır. Siqaret, çay, meyvə, kofe... heç birinin xeyri yoxdur. Deyəsən, bu gecə də yata bilməyəcəm. Sakitcə durub paltarımı dəyişirəm. Siqaretimi, 15 manat pulumu, telefonumu götürüb evdən çıxıram. Hara gedəcəyimi bilməsəm də, evdən uzaqlaşmaq, otaqda dolaşan xəyallardan uzaq olmaq istəyirəm. Evin qapısını arxadan bağlayanda hiss eləyirəm ki, ev əhli mışıl-mışıl yatır. Yaxşı ki, heç kəsi narahat eləmədim. Yoxsa özümü bağışlamazdım. 20 gündür ki, yuxusuzluqdan əzab çəksəm də, evdə heç kəsin bundan xəbəri yoxdur. Məndən kiçik qardaşım 05:30-da yuxudan qalxır, lap kiçik qardaşım isə 06:00-da oyanır. Onların hazırlaşıb işə getməyi bir saata qədər uzandığından oyaq olduğumu onlardan gizlətmək alınmır. İkisi də elə başa düşür ki, mən səhərlər tez qalxıb gündəlik yazılarla məşğulam. Gecəni səhərə qədər oyaq olduğumu hələ ki hiss eləməyiblər. Əgər hiss eləsələr, bilirəm ki, evdə ciddi narahatçılıq yaranacaq. Evdə olduğum günlərdə bir təhər onların diqqətini yayındırıram. İkisi də ailə sahibi olduğundan onları narahat eləməkdən çəkinirəm. Yuxusuzluq əzabımı ancaq sevdiyim qadınla bölüşürəm.

Məqsədsiz və məramsız şəkildə evdən çıxıb həyətdə gəzişirəm. Gedəcəyim yer yoxdur. Bu saatda ancaq yazıçı dostlarımdan bir-ikisi oyaq olur. Gecənin bu saatında onların qapısını döyməyi düzgün saymadığımdan gəzə-gəzə “Nizami” metrosuna tərəf yollanıram. “Salyanski kazarma”nın yanından “Nizami” metrosuna qədər bir dənə də olsun PAB, gecə klubu, bar, 24 saat işləyən kafe yoxdur. “Nizami” metrosunu keçib Füzuli meydanına tərəf addımlayıram. Küçəylə şütüyən tək-tük avtomobilləri nəzərə almasaq, sakitlikdir. Füzuli meydanındakı skamyaların birində yerimi rahatlayıb ətrafa göz gəzdirirəm. Uzaqda, məndən xeyli aralıda gecə lampalarının öləziyən işığında iki-üç nəfərin silueti görünür. Eynəyimi taxıb diqqətlə baxsam da, məndən xeyli aralıda oturanların cinsini müəyyən edə bilmirəm. Telefonu çıxarıb saata baxıram, sevgilimə romantik bir mesaj yazmaq üçün yaddaşımı qurcalasam da, bir dənə də münasib söz tapa bilmədiyim üçün telefonu söndürüb cibimə qoyuram.

Hə, saat 03:44-dür. Payızın gətirdiyi soyuqluq bir də Bakının spesifik qoxusu duyulur havadan. Mənim üçün yaşadığım şəhərlər ancaq qoxusuyla yadda qalır. Məsələn, Şəkidə 7 aya qədər yaşamışam və yadımda ancaq oxuduğum mədrəsəyə aid məscidin kandarından gələn qəribə ağır qoxu qalıb. İzaholunmaz dərəcədə ağır bir qoxu... Tələsik dəstəmaz alıb məscidə doluşan Quran hafizliyi kursunun azyaşlı tələbələrinin çılpaq ayaqlarından xalıya hopub onun qoxusunu ağırlaşdıran suyun yaratdığı çürümüş paltar qoxusunu xatırladan qoxu... Sonra Kayseri hafizlik kursunun həyətindən gələn qəribə qoxunu unuda bilmirəm. Təmizliyə israrla diqqət edildiyi üçün otaqlardan, yataqxanadan həmişə xoş qoxu gəlirdi. Alkoqol qatılmayan yağlı ətirlərin bihuşedici qoxusuyla yadımda qalıb Kayseri... Sonra əsgərlik illərində əsgər kazarmasından gələn ağır qoxu mənim üçün Bakının əsas qoxusu kimi yaddaşıma köçdü. Ağdaşda mədrəsədə oxuduğum 5 ayda mədrəsənin həyətindən gələn çiçək qoxusu, qızılgüllərin başgicəlləndirən ətri mənim üçün Ağdaşın həqiqi qoxusudur.

Hə... Bir də Gəncə... Təxminən 6 il yaşadım bu şəhərdə. Əvvəllər bu şəhər mənim üçün qəribə qoxuların qarışığından yaranan ətriylə yadımda qalmışdı. Çinarların, Gəncə çayının, nahamar, natəmiz küçələrin qəribə qoxusu bir-birinə qarışıb mənim zəhləmi tökməyə üç ilə qədər davam elədi. Sonra da bu şəhərin qoxusu mənim üçün tamam dəyişdi. Yaşadığım son illərdə bu şəhərdən ancaq körpə qoxusu duyurdum.

İndi də bu lənətə gəlmiş kazarma qoxusu giziltiylə canımdan keçdi və bütün bədənimlə bu qoxunu hiss elədim. Nə Xəzərin üfunətli qoxusu, nə avtomobillərdən havaya sovrulan tüstü qoxusu bu qədər ağır və yaddaqalan deyil. Mən ancaq kazarma qoxusu hiss eləyirəm Bakıda. Yaddaşımda qalan bütün ağrılı xatirələri unutmaq, özümü sakitləşdirmək üçün yalnız bu əcaib qoxu kifayət eləyir mənə. Beynim yuxusuzluqdan dumanlananda açıq bir pab tapmaq ümidi ilə ayağa qalxıb “Torqovı”ya tərəf addımlayıram. Beynim yorğun olduğu üçün ancaq bir-neçə şüşə pivə köməyimə çata bilər. Özümü nizamlayıb ağır-ağır yolu keçib açıq barlardan birinə girirəm. Musiqidən qulaq tutulan barda 10-15 nəfər adam var.


Gecə barı... gözəlçələr... cinsi azlıqlar və xaricilərə oxşarlığım


Sakitcə boş stullardan birində əyləşib, pivə sifariş verirəm. Sifariş verməmişdən öncə ofisiant qızdan pivənin qiymətini öyrənirəm. Pivə üç manata olduğu üçün 3 şüşə “Efes” sifariş verib çərəzlərdən imtina edirəm. Nədənsə ofisiant da, barda müştəri ovuna çıxan “gözəlçə”lərdə məni Türkiyə vətəndaşı hesab edir. Mənim üçün fərqi yoxdur. Ən əsası yorulmaq və evə gedib yatmaqdır. Sadəcə, yorulmaq, yuxuya rahat gedə bilmək üçün barda sanki seans keçirəm. Səs-küylə rəqs edən “gözəlçə”lər, cinsi azlıq nümayəndələri maraqla mənə baxır. Saqqallı, eynəkli, qəribə geyimli bu adam onlara əcaib gəlir. Hətta cinsi azlığın nümayəndələri də yaxınlaşıb mənə öz xidmətlərini təklif edir. Onları qovacaq qədər geridüşüncəli deyiləm. Sadəcə, əlimlə mane olmamalarını işarə eləyib öz aləmimə qapılıram. Saat 04:37. 40 dəqiqəyə yalnız bir şüşə pivə içmişəm. Ancaq səs-küy, qulaq batıran musiqi olduqca xoşuma gəlir. Hətta düşünürəm ki, yaxşı pulum olsaydı bar “gözəlçə”lərinin biriylə məmnuniyyətlə yatardım. Beynimdə bir gecəlik kefə xərclənəcək pulla borclarımı eyni anda düşünürəm və gic ehtirasım soyuyur. Ehtirasım soyusa da, yazıçı marağım məni rahat buraxmır. Ofisiant məni Türkiyə vətəndaşı hesab elədiyi üçün işarəylə onu yanıma çağırıb Anadolu türkcəsində qızlarla maraqlanıram. Pulumun olmadığını, sadəcə, həmsöhbət axtardığımı qıza başa salıram bu səs-küydə.

Ofisiant mən bara gələndən rəqs meydançasına çıxmayıb kənarda pivə içən gombul, dağınıq saçlı qızı göstərib məni başa salır ki, o qız sizə uyğun gələr.

- Abi, o kız kafasına göre takılıyor. Hiç kimseyle çıkmıyor. Aradabir gelip sabahlara kadar bira içiyor. Çağırıyımmı?

- Evet.- az qala bağırıram.


Bardakı qəribə qız – Heyran


Ofisiant qıza yaxınlaşıb nə isə pıçıldayır, məni göstərib əl-qolla nə isə izah eləyir. Az keçmiş qız əlindəki pivə şüşəsini qaldırıb təbəssümlə məni salamlayır. Sonra tənbəl-tənbəl oturduğu masadan qalxıb mənə yaxınlaşır. Kaş ki, ofisiant qız pulumun az olmasını da bu qıza başa salaydı. Nə isə, nə olar, olar. Pivəni başıma çəkirəm.
- İyi gecələr.

- Axşamın xeyir.

- Türk deyilsən? – Qız qulağımın dibində az qala qışqırır.

- Türkəm. Amma yerli türklərdən.

Qızın gülüşündən başa düşürəm ki, mənim dediklərimdən heç nə başa düşməyib. Şüşələrimizi bir-birinə vurub içirik. Səs-küydə tanış olmaq üçün fürsət gözləsəm də qız məndən daha qoçaq çıxır:

- Mən Heyran, Bakıda yaşamıram. Bir-iki aylıq qonaq gəlmişəm.

- Mən də Cəlil. Bakıda yaşamıram. Belə demək mümkündürsə, sürünürəm.

Qızı ucadan qəhqəhə çəkir və səsi mahnının axmaq və bayağı ritminə qarışır. Səs-küyə baxmayaraq, qız özü söhbət eləməkdə maraqlıdır.

- Nə işlə məşğulsan?

- Yazıçıyam.

- Doğurdan? Lap Markes kimi, Kafka kimi, Koelyo kimi yazıçı?

Qızın bu qədər yazıçını tanımasından açığı şoka düşürəm. Özümü toparlayıb yerimdə qurcuxuram. “Gərək yazıçı deməzdim” - deyə düşünürəm.

- Yox, onlar qədər nəhəng və populyar deyiləm.

Qız yenidən qəhqəhə çəkir. Ofisiantı yanına çağırıb qulağına nə isə pıçıldayır. Mən onun nə istədiyini anlamasam da, qorxudan ürəyim əsir ki, birdən nə isə sifariş verər, zibilə düşərəm. Cibimdəki telefonu girov qoyacağımı fikirləşib dişimi sıxıram. Heyran pulqabından çıxardığı pulu ofisiant qızın ovcuna basanda bir şey anlamasam da, bir azdan dəyişən musiqidən başa düşürəm ki, qız musiqi sifariş verib.


Lirik musiqi... Heyranla rəqs


Həzin və lirik musiqi sədaları bara yayıldıqca dingildəyən “gözəlçə”lər masalara qayıdır. Rəqs meydançası boşalanda qız əlimdən tutub məni ortalığa çəkir.

Heyran az qala mənim qədər şişman olsa da, üz cizgiləri, şişmiş və qızarmış gözləri onun sifətinə maraqlı bir ifadə verir. Tez-tez dağılmış saçlarını arxaya atır. Boynumu qucaqlayanda hiss edirəm ki, ondan nəsə qəribə, mistik bir qoxu gəlir. Qoxunu acgözlüklə ciyərlərimə çəkirəm. Üz cizgilərinə baxanda 30-dan artıq yaş vermək olmaz. Sakitcə, musiqinin ritminə uyğun otalıqda yırğalanırıq. Əslində onun rəqs eləməyə həvəsinin olmamasını hiss eləsəm də, o qoxudan ayrılmaq istəmirəm. Boyumun balaca olması da bir azca harmoniyanı pozduğu üçün özümü komfortsuz hiss edirəm. Ancaq Heyranın dünya vecinə deyil.

Fürsət tapıb harda yaşadığını, nə işlə məşğul olduğunu soruşuram. Aldığım cavabdan şoka düşürəm. Sən demə bu gonbul qız Almaniyada doktorluq oxuyur. İxtisası fizikdir. Artıq 6 ildir Almaniyada yaşayır. Hansısa araşdırmanı başa vurmaq üçün ailəsinin yanına qayıdıb. Gündüzlər işləyir, gecələr isə bara dincəlməyə, stress atmağa gəlir.

Heyrətdən ağzım açıq qalıb. Musiqi bitən kimi keçib əyləşirik. Onun Almaniyadakı gecə həyatından elədiyi söhbətlərə heyranlıqla qulaq asıram. Mənə elə gəlir ki, yuxusuzluqdan artıq dəli olmuşam. Heyran da, onun danışdıqları da hamısı yuxudur.


Ofisiant qızın yersiz təklifi


Ətrafdakı “gözəlçə”lər, cinsi azlıq nümayəndələri bizə qəribə-qəribə baxır. Deyəsən, bu barda bizim ikimizdən başqa təsadüfi adam yoxdur. Ən qəribə mənzərə isə mənim qəlyan tüstülətməyimdir. Pivələrimizi içib qurtaranda saata baxıram, saat 05:30.

Ofisiant qız bu dəfə mənə yaxınlaşıb başa salır ki, bir azdan bar bağlanacaq, hesabı vermək lazımdır. Sonra gülə-gülə qulağıma pıçıldayır:

- Abi, yan tarafda lüks odamız var, 50 dollara. İstesen istirahet ede bilirsin.

Qız sözünü bitirib şit-şit mənə göz vurur. Tərs-tərs üzünə baxdığımı görüb tez-bazar masadan aralanır və iki ayrı hesab gətirir. Deyəsən Heyran bura tez-tez gəlir və onun öz hesabını özü verdiyinə çoxdan alışıb bu qızcığaz. Əlimi pulqabına atanda Heyran mane olur:

- Mənim yazıçılara böyük hörmətim var. İcazə ver mən ödəyim.

Onsuzda pulumun az olduğunu düşünüb Heyrana mane olmuram. Heyran hesabı ödəyir və bardan çıxırıq. Artıq şəhərin yavaş-yavaş oyandığı hiss olunur. Lənətə gəlmiş kazarma qoxusunu hiss elədikcə başım gicəllənir. Heyran nəzakətlə məni kənarda saxladığı avtomobilinə dəvət edib məni evə apara biləcəyini söyləyir.


İnterneti, mobil telefonu sevməyən, Freydi bəyənməyən intellektual


- Etiraz eləmədən evin yerini başa salıram. Heyran siqaret yandırıb küçələrin boş olmasına baxmayaraq, asta-asta avtomobili idarə eləyir. Yol boyu oxuduğumuz kitablardan danışırıq. İlahi, bu qız nə qədər kitab oxuyub... Mən həvəslə Şlinkin “Qiraətçi” romanı dilimizə çevirdiyimi, Freydin tərcüməsi ilə məşğul olduğumu deyirəm. Heyran Freydin adını eşidəndə çiynini çəkir:

- Freyd çox mənasızdır. Məncə, onun vaxtı keçib.

Etiraz eləməyə çalışmıram. Freyd haqqında danışmağa zərrə qədər həvəsim yoxdur. Qəlyanı tütünlə doldurmağa hövsələm olmadığından Heyrandan bir siqaret alıb yandırıram. Çalışdığım sayt haqqında danışa-danışa Heyrandan kağız-qələm alıb saytın ünvanını, Facebook və Twitter hesablarımı səliqə ilə kağıza qeyd eləyirəm.

Heyran heç bir sosial şəbəkədən istifadə etmədiyini, saytımızdan, Azərbaycanın yeni ədəbiyyatından xəbərdar olmadığını deyir.

Hətta bu qəribə qızın mobil telefonu da yoxdur. Hər ehtimala qarşı nömrəmi onun üçün yazıram. Sağollaşıb maşından düşüb telefonda saata baxıram. Saat 06:21.

İkinci mərtəbəyə qalxıb açarla qapını açıb içəri keçirəm. Qardaşlarım səhər yeməyi yeyir. Salamlaşıb otağıma keçirəm. Heç kim artıq sual vermir. Gözlərimin qıp-qırmızı olmasından, ayağımı sürüməyimdən hər şey aydındır. Özümə kofe hazırlayıb qəlyanımı doldurub pəncərədən açılmaqda olan səmaya baxıram. Şəhərdən kazarma qoxusu qalxır. Kofedən sonra yatmaq mümkün olmayacaq. Bilgisayarı yandırıb yazmağa başlayıram....
# 2049 dəfə oxunub

Oxşar xəbərlər

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
#
#
# # #