Atilla İlhan: “Gənclərdə dəhşətli səthilik var”

Atilla İlhan: “Gənclərdə dəhşətli səthilik var”
12 sentyabr 2011
# 15:51
Kulis.az türk şairi Atilla İlhanın (1925-2005) müsahibəsini təqdim edir:



- Bir neçə il bundan öncə sizin haqqınızda yazılmış reportajı oxumuşdum. Sizinlə görüşə gələn gənclərin çeşidli mövzularda söhbət etməsini, fərqli sahələrlə maraqlanan gəncləri daha çox sevdiyinizi söyləmişdiniz...

- Subyektiv və obyektiv səbəblərim var. Subyektiv səbəbim budur ki, mən çox çalışqan bir tələbəydim, ibtidai siniflərdən ta sonuncu sinfə qədər çox yaxşı oxumuşdum və sonda məktəbi də uğurla bitirdim. Ədəbiyyatla maraqlanmağıma baxmayaraq, astronomiya məni daha çox özünə cəlb edirdi, bu səbəbdən astronom olmaq istədim, riyaziyyatı da yaxşı oxumuşdum. İmtahana girəcəyim zaman əsla çalışmaz, kitabların qapağını açıb örtər və oyun oynayardım. Çünki dərslərimi bir neçə gün əvvəldən yetərincə öyrənirdim. Sənət dünyasına keçid edərkən fərqinə vardım ki, ədəbiyyatçıların böyük bir qismi çox tənbəl tələbələrdir. Bu qədər bilgi tələb edən bir işin içərisindəsən və kitab oxumağa ərinirsən. Bu səbəbdən mənimlə görüşməyə gələn şair və ya şairlik iddiasında olan şəxs gördüyü işə yetərincə bağlı deyilsə, mən onunla maraqlanmıram. Yanıma gələn gənc seçdiyi sahədə yetərincə mübarizdirsə, bu, mənim xoşuma gəlir.

Obyektiv səbəbə gəlincə, gənclərdə mənim diqqətimi cəlb edən nədir? Son iyirmi il ərzində ədəbiyyatla məşğul olan gənclərdə bizim gəncliyimizlə tərs mütənasib olan bir durumu müşahidə edirəm. Müdhiş bir səthilik mövcuddur. Ədəbiyyat insan ruhunun memarlığını incələmək deməkdir, gənclərin çoxu insana ya yanlış baxır, ya da heç baxmır, onların dünyanın gedişatı haqqında bilgiləri çox azdır, onlar qəzetlərdəki yazılan boş şeylərə həddən artıq ciddi yanaşırlar. Bu kimi gənclər gəldikdə onlara ciddi yanaşmaq da mümkün olmur. Bir tələbənin mənə gətirdiyi şeirlərin üçü də çox gözəldir, amma misra haqda bilgisi yox, şeirin quruluşunu bilmir, qafiyədən necə istifadə olunur, bunu tam mənimsəməyib və üstəlik, özündən əvvəlki şairləri tanımır. Sən bunları öyrənməlisən, deyərkən söylədiklərimin heç birini etməyəcəyini mən adətən, gözlərindən oxuya bilirdim. Sonra o gənc bir daha yanıma gəlmədi.

- Bir şeirinizdə “sevdiyim qadınlar zatən yoxdular” deyirsiniz. Bu, şeirdə mövzu olaraq eşq və qadının çox sıx istifadəsindənmi, sizin üçün doğurdan da aşiq olmağa layiq birisinin olmamasındanmı, “o qadınların” mücərrrəd və örnəyini görə bilmədiyimiz insanlar olmasındanmı qaynaqlanır?

- Bu, Atilla İlhan şeirinin o ayağının çox önə çıxarmasından irəli gəlir. Bu kitabda da eyni şeylə qarşılaşırsınız. Bu kitabın içində sosial şeirlər var, hətta gərginlik şeirləri var. Heç kim də bu mövzularla bağlı mənə suallar vermir. İnsanların böyük bir qismi bu mövzuları zatən həyatda yaşamaqdadırlar. İnsanların həyatda var olmalarının səbəblərindən biri də o biri tərəflərini, özlərindən kənarda qalmış yarılarını axtarıb tapmaqdan keçir. İnsan digər yarısını necə tapır? Bu böyük bir sualdır. Sizin nəslin anlaya bilməyəcəyi bir yön var, istəyirsinizsə, mən onu sizə izah edim.

Sizin nəsliniz bizim nəslin yaşadığı bəzi şeyləri yaşamadı. İkinci Dünya müharibəsinin istər ölkəmizdə, istərsə də dünyada buraxdığı acı izlər vahimə doğurur. Bu savaş bizim iki şeyi itirməyimizə səbəb oldu. İlk öncə yoxluqlar içində yaşadıq, yəni 1942-43-cü illərdə sevgilini şirniyyat mağazasına apara bilməzdin, çünki şəkər tapılmırdı, bu üzdən şirniyyat da hazırlanmırdı. Bir neçə belə sıxıntılar vardı. İkincisi, Türkiyə dünyada o zamanın təbiriylə desək, fövqəladə vəziyyət ucbatından son dərəcə gərgin bir dönəm yaşamaqdaydı. Yanlış bir sözün üstündə səni durduğun yerdə həbs edə bilərdilər, on beş gün həbsdə qalsaydın bu müddətdə kimsə səndən xəbər tuta bilməzdi. Bu toplumçu şairlərdə psixoloji cəhətdən çox pis təsir buraxırdı.

Şeirlərimin böyük bir qismində gərginlik var, həm də bir intriqa hekayəsi var. Bunların hər ikisi filmlərdən qaynaqlanır. Amma bunlar həyatımızda həqiqətən baş verdiyi üçün inandırıcı oldu. Mən “Divar” şeirini yazarkən divarın nə olduğunu artıq bilirdim. Yəni bilmədən onu yazsan, inandırıcı olmaz, inandırıcı olması üçün insanlara həqiqəti söyləmək lazım idi. Bir məktub üzündən səni həbsə atdılarsa eşqin nə qədər gərgin bir şey olduğu öz-özünə ortaya çıxır. Bu gün hər hansı bir məktəbdə hər gün edilən bir şey
mənim məktəbdən qovulmama və hətta həbs edilməmə səbəb ola bilərdi.

Əgər sən bu ortamın içərisində sənət adamısansa, sənin üçün daha ağır olacaq. Birinci olaraq eşq imkansızdır, Nazimin bütün eşqləri imkansızdır, çünki o həbsdədir. Bu səbəbdən bir imkansızlıq mövcuddur, ən ağırı isə daha böyük imkansızlıq, şairin yaşama şərtləridir. Çünki mən Suna ilə evlənməyi düşünürdüm, amma necə evlənəcəkdim, atası mənə açıqca dedi ki, qızımla bir-birinizə çox yaraşırsınız, amma ona necə baxacaqsan? Haqlı sual idi, o qızla evlənəsi olsaydım, onu necə saxlayacaqdım? Çünki mənim bir yerdən davamlı maaş alaraq çalışmam mümkün deyildi. Çünki kommunist kimi ad çıxarmış adamlara iş verməzdilər.

O mühiti yaşayan insanların eşqi də, gündəlik həyatı da nədənsə asılı olur. Mənim kitablarımdan birindəki bölüm belə adlanır – Asılqanda yaşamaq. Asılqanda yaşamaq, bax, budur, bir dəqiqə sonra nə olacağı bəlli deyil. Belə olduğu halda sən xəyali eşqlər yaşayırsan, çünki xəyali bir qadın səninlə hər an bərabərdir.

- Bir müddət sonra bu bir alışqanlıq halını alırdımı?

- Bu durum insanın həyatında iki cür rol oynayır, birinci, insanın həyatdan aldığı təsirlər nəticəsində qafasında bir sevgilinin xəyalı yaranır. Qız buna bənzəyən bir kişiliyə sahib olursa, böyük bir şansı vardır. Şair o qıza ciddi bir şəkildə yanaşır, çünki onu çox bəyənir. Amma təbii, şair öz şərtləri daxilində planlar qurur, halbuki qızın öz şərtləri var... Yanaşı getdiyiniz zaman o sənə, gəl filan yerə gedib oturaq, deyərkən onun dediyi yer sənin həyatında əsla getmək istəmədiyin bir yer olursa, o andan etibarən xəyal pozulur, bu üzdən imkansız eşqlər çox gözəldir, çünki onlarda bu xəyal qırıqlıqları yaşanmır.

Mənim həyatımda da bir neçə imkansız eşq olmuş və onlar məndə çox dərin təsir buraxmışdır. Sonradan başqa xəyal qırıqlıqlarına uğradığımda... onunla olsam, bunlar baş verəcəkdi, deyə özümə təsəlli verirdim. Xoşbəxt eşq yoxdur, eşqin yerinə şəfqət gəlirsə məsələ bitmiş olur.

- Bir Atliia İlhan şeiri var. Bu şeirin sirri nədir?

- Atam divan tərzində şeirlər yazardı, mən böyüdükdən sonra o şeirləri mənə oxutmağa başladı. Bu üzdən çox kiçik yaşlarımdan etibarən Divan şeirinə aşina oldum. Evin içində bir divan şeiri atmosferi vardı. Əgər bir insan əruza hakim ola bilməzsə, türk şeirində təsir oyadan bir misra belə yaza bilməz. Çünki əruzda yazılmış misralarda inanılmaz bir sağlamlıq vardır. Hətta gənclərlə söhbətlərimdə onlara, yazdığınız şeirlərdəki misralarda cümlələri çevirirsiniz, misra olur, halbuki misra tamamilə ayrı bir şeydir. Misranın ölçüsü çox asandır. Üfüqi olaraq şeiri yazdığınız zaman əgər mətn kimi oxuya bilirsinizsə, deməli misra yoxdur. Çünki Yəhya Kamal və ya Ahmet Haşimin şeirini horizontal şəkildə yazası olsanız, oxuya bilməyəcəksiniz, bu mümkün deyil.

Mən şeir yazmağa on yeddi yaşımda əruzla başladım, iki ilə qədər əruzun nisbətən asan yönləriylə özümə görə ustalaşdım. Bu mənim üçün çox böyük dəstək oldu. Türk xalq şeirini antologiyalardan, kitablardan oxudum. O zamanlar televiziya yox idi, radio çox nadir hallarda tapılırdı. Bu səbəbdən evdə şeiri mən oxuyurdum, çox gözəl antologiyalarımız vardı. Bir tərəfdən, xalq şeirini, digər tərəfdən, divan şeirini oxuyursan; bir tərəfdən, qoşma yazırsan, digər tərəfdən, qəzəl yazmağı sınaqdan keçirirsən. Bütün bunların sərbəst vəznlə misra yazmamda yararı olub.

1949-cu ildə yazılmış şeirlərim var, onlarda da əruzu hiss edərsiniz, onlarda da həm Osmanlıcadan, həm əruzdan istifadə etmişəm. Niyə, deyə soruşsanız, deyərəm ki, çünki mən onlara çox aşina oldum. Amma sonra eyni şeyi Nazimin etdiyini görüncə çox sevindim, o zaman özümü özümə doğru aparan yolda olduğumu anladım. Halbuki o sıralarda bizim toplumumuzda şeir nə yazıq ki, Cümhuriyyət Xalq Partiyası iqtidarının rəsmi olaraq pis siyasətinə daxil olmuşdu, onlar xalq şeirini keçərli sayıb divan şeirini rədd edirdi. Halbuki marksizmdə belə bir şey yox idi, bu mümkün olan bir şey deyildi, çünki divan şeiri də, xalq şeiri də eyni bazisin şeirləridir. Xalq şairlərimizin bir qisminin divanları, divan şairlərinin bir qisminin isə hecada yazılmış şeirləri vardı, yəni kəskin şəkildə bir fərq yox idi.

...Atilla İlhan şeiri tək səsli bir şey deyildir, bu mənim şeirimin səslərindən sadəcə, biridir. Gündəlik danışıq tərzində yazılmış, son dərəcə düzgün, sadə şeirlərim də var. Hər çeşidi sınaqdan keçirmişəm, bu mənim şeir yaradıcılığımdır. Mən səsə çox önəm verirəm, şeirin çoxsəsli olmasına çalışıram. Örnək olaraq, Behcət Necatigili göstərmək olar, Behcət xoca yaxşı bir şairdir, amma tək səslidir, şeirində ikinci bir səs yoxdur.

Şeirlərimin bəziləri kükrəyərək, bəziləri isə pıçıltıyla oxunan şeirlərdir. Kaset çıxarmağımın səbəbi də budur.

Qərb şeiriylə əlaqəm fransızcanı öyrəndikdən sonra başlandı, çünki şeirinin çevrilməsinə mən inanmıram. Fransızcadan türkcəyə çevrilmiş şeirlər çap edilir, o şeirlərin əsliylə heç bir əlaqəsi yoxdur. Çevrilmiş şeir tərcüməçinin qabiliyyəti səviyyəsində qalır. Dilin də özünə görə sıxıntıları var, o sıxıntıları ancaq dili yaxşı öyrəndikdən sonra hiss etmək olar.

Apolliner mənə güclü təsir göstərib. Bir müddət Apolliner tərzində şeirlər yazdım, bu üslubun da mənə təsiri oldu. Nəticədə hər kəsin imzasız yazsam belə mənim olduğunu anlaya biləcəyi üslub formalaşdı. Türk xalqı da bu modeli çox sevdi, mənim bütün qəbahətim bundan ibarətdir.

- Bu məqamda söhbəti Atilla İlhana yazılmış məktubların üzərinə gətirmək istəyirəm. Sizə ünvanlanmış məktubların əksəriyyəti 70-ci illərə aiddir. Ziyalı və sənətçilərin yazdıqlarına nəzər saldıqda siyasi görüşlərin yox dərəcəsində az olduğunu görürük. Məktublarda siyasi düşüncələrin dilə gətirilməsindən özəlliklə yayınmaq cəhdi hiss olunur, bu, sadəcə, siyasətə qarışmamaq prinsipi idimi, yoxsa başqa səbəblər vardı?

- Məktubları yazanların böyük bir qisminin siyasətlə doğrudan da heç bir əlaqəsi yox idi. Siyasətlə əlaqəsi olanlar bu məktubları yayınlandıqdan sonra heç bir şey demədilər, çünki onların on il öncəki görüşləriylə bugünkü düşüncələri arasında heç bir fərq yoxdur. Şair qisminin əksəriyyətinin siyasi seçimi olmur, mən bu mövzuda özəl bir davranış içindəyəm. Mən toplumçuyam, marksistəm, amma məndən nəsə öyrənməyə gəlmiş gənc ədəbiyyatçıya əsla fikirlərimi təlqin etməyə çalışmıram.

Fikirlərin utanılacaq bir tərəfi olmaz. O məktublarda hər kəs öz fikrini dilə gətirib. Sən deyə bilərsən ki, o zaman bu fikirdəydim, amma indi geriyə dönüb baxdıqda eyni şeyləri düşünmürəm.

- Sizə yazılan məktubları yayınlamaqda məqsədiniz nəydi?

- Müəyyən bir dövrdə gənc şair və yazarların hansı düşüncələr içərisində ortaya çıxdıqlarını göstərmək istədim. Bir dəfə çap etdirim, yetər, deyə düşünürdüm, amma gündəmə gətirilincə sürətlə satılmağa başladı. Məndə oxucu və dinləyici məktubları da var. Kitabda məktubları yer alanların hamısı özünü təsdiq etmiş insanlardır. Bu məktubların ədəbiyyat tarixçiləri üçün böyük bir qaynaq olduğunu düşünürəm.

- “Məktubların bu qədər gündəmdə qalması mətbuatın maqazinə olan ehtiyacından qaynaqlanır”, - deyə bilərikmi?

- Bu doğrudur.

- Siz yalnız yazar olaraq deyil, redaktor və naşir olaraq da uzun müddət ədəbiyyat dünyamızda yer aldınız. Bu günə baxdıqda ədəbi mühitdə baş verən gəlişmələri necə dəyərləndirirsiniz?

- Ədəbiyyat dünyasında gəlişmə yalnız yayım, nəşrlər sahəsində oldu. Əvvəllər əsla bu qədər kitab nəşr olunmazdı. Poliqrafiya sənayesi inkişaf edir, çoxlu kitablar nəşr olunur, amma kitabları yaxşı seçir, demək çətindir.

Marsel Prust və ya Markiz de Sadın kitabları kimi indiyədək nəşr olunmayan kitablar çap olunur və heç bir problem yaranmır. Bunlar çox gözəldir, bu, ədəbi mühitin əvvələ nisbətən daha da yaxşılaşdığını, inkişafını göstərir . Xüsusilə şeirdə və hekayədə yeni əsərlər yaranır, amma tıxac da var. Çünki bəziləri çox fərdidirlər, yalnız özlərini yazırlar, amma o tərzdə yazır ki, sən bundan son dərəcə təsirlənirsən. Məsələn, Kafka. Bəziləri Kafka üslubunda yazmaq istəyir, amma ortaya qoyduğu diqqəti çəkmir.

Avropaya baxdığımız zaman gəncləşə bilməyən bir toplum görürük, bunun ədəbiyyata da yansımasına şahid oluruq. Fransız ədəbiyyatında otuz ildən bəri mənim həyəcanla oxuya biləcəyim bir roman olmadı. Niyə? Çünki məzmun tükənib, inkişaf bitmiş artıq, o yalnız keçmişi qorumaqla məşğuldur.

Hazırladı: Kənan HACI
# 1039 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #