Müharibədən bir epizod

Müharibədən bir epizod
1 sentyabr 2011
# 12:13
Leytenantın elastik ədyalı yerə sərilmişdi, üstünə isə bölüyün qəhvə ehtiyatı səpələnmişdi. Kaprallar və qoruma hasarı çəkən çirkli, tərli kişilər hər briqadanın payını götürmək üçün gəlmişdilər. Leytenant üz-gözünü turşudub bu işə ciddi şəkildə nəzarət edirdi. Dodaqlarını büzüb qəhvəni qılıncı ilə hissələrə ayırırdı, sonda ədyalın üzərində təəccüb doğuracaq dərəcədə eyni ölçülü qəhvəyi kvadratlar əmələ gəldi. Riyazi bacarıqları onun qürurunu yüksəklərə qaldırmışdı, kaprallar isə bir-birini itələyə-itələyə hərəsi öz payına düşən qəhvə kvadratlarını götürməyə çalışırdılar, elə bu vaxt leytenant qəfildən qışqırdı və dönüb yanında dayanan kişiyə elə baxdı ki, sanki o, ona hücum etmişdi. Leytenantın köynəyinin qolunda qan görən kişilər də qışqırdılar.

O elə səndələdi, sanki onu arı sancdı, az qaldı yıxılsın, amma özünü saxladı. Onun xırıltı ilə aldığı nəfəsi yanındakılar rahatca eşidirdilər. O, kədərli və qəribə tərzdə hasarın üzərindən meşənin yaşıl sifətinə baxırdı, orada bir neçə ağ tüstü göründü. Yanındakı kişilər heykəl kimi dayanıb sakitcə ona baxırdılar, hadisənin gözlənilmədiyi anda baş verməsi onlarda təəccüb və qorxu hisslərini doğurmuşdu.

Leytenantın meşəyə sarı baxdığını görəndə onların başları həmin istiqamətdə çevrildi, əllərini alınlarına qoyub meşəyə sarı elə baxdılar ki, sanki güllənin gəldiyi yeri görəcəkdilər.

O, əlbəttə, qılıncı sol əlinə almalı idi. Amma onu tutacağından götürə bilmədi. Qorxa-qorxa qılıncın ortasından yapışdı. Gözlərini düşmən meşəsindən çəkib qılıncına baxdı, onu haraya qoya biləcəyi ağlına gəlmədiyindən çaşqın vəziyyətdə idi. Öz silahı ona birdən-birə çox yad bir şey kimi göründü. Ona elə donuq halda baxırdı ki, sanki əlindəki üçbaşlı əsa, ya da nizə idi.

Nəhayət, onu qınına qoymağa çalışdı. Sol əli ilə tutacağından deyil, iti yerindən tutub qılıncı sol böyründəki qına qoymaq qeyri-adi məharət tələb edirdi. Bu yaralı zabit qılıncı və bir yerdə dayanmayan qını ilə mənasız mübarizə apardığı müddətdə bir güləşçitək güclə nəfəs alırdı.

Məhz elə bu an digər kişilər – tamaşaçılar, dayandıqları daşa bənzər haldan ayılıb onun başına təəssüf hissiylə toplaşdılar. Növbətçi çavuş qılıncı onun əlindən alaraq ehtiyatla qınına qoydu. Bu zaman o, arxa tərəfə əyilib bunu elə etdi ki, hətta barmağı da leytenanta toxunmadı. Yaralanmış adama aldığı yara qəribə bir qürur hissi verir. Əsl kişilər bu yeni və dəhşətli üstünlüklərindən utanırlar. Sanki yaralı adamın əli bütün mövcudluğun – qarışqaların, hökmdarların, müharibələrin, şəhərlərin, günəş şüalarının, qarın, quşun qanadından düşən lələyin mahiyyətini açacaq pərdənin üstündədir. Bu güc hərbi geyimə parlaqlıq gətirir və bu, ətrafdakı insanlara özlərinin bəzən daha kiçik olduğunu anlamağa məcbur edir. Yoldaşları ona fikrə dalmış nəzərlərlə baxır. Onlar hətta qorxurlar ki, tək bir barmaq toxunuşu yaralıya qaçılmaz bir bəla gətirər, onu sonu bilinməyən bozumtul alatorana yuvarladar.

Amma ona kömək təklif edənlər də tapıldı. Biri utana-utana öz çiyninə işarə edib leytenanta ona söykənmək istəyib-istəmədiyini soruşdu. Lakin leytenant onu qəmli halda başından elədi. O, dəhşətli bir xəstəliyin qurbanı olduğunu bilən və köməksizliyini tam olaraq anlayan bir adamın nəzərləri ilə baxırdı. Gözlərini yenə meşəyə zillədi, sonra da arxa cərgələrə tərəf aramla getdi. Sağ əlinin biləyini isə sol əlində elə tutmuşdu ki, sanki yaralı əli çox incə bir şüşədən idi.

Adamlar isə səssiz-səmirsiz gah meşəyə, gah uzaqlaşan yaralı leytenanta baxırdılar, sonra yenə də meşəyə, yenə də leytenanta.

Yaralanmış zabit döyüş xəttini keçərkən bir müharibə iştirakçısı kimi indiyədək görmədiyi şeyləri görmək imkanı əldə etmişdi. Qara at minmiş general yaşıl meşəlikdə sıralanmış mavi geyimli quru qoşuna baxırdı və bu, ona öz dərdlərini unutdururdu. Sürətlə çapan köməkçisi atını qəfil dayandırıb hərbi qaydada salam verdi və generala bir sənəd uzatdı. Qəribə görünsə də, bu, dəqiq olaraq tarixi əhəmiyyətli bir rəsm əsəri idi.

Generalla onun yaxın ətrafının yerləşdiyi arxa cərgələrə bir siqnalçı, iki, ya üç növbətçi zabit və bayraqdardan ibarət bir qrup çapdıqları dəli kimi atlardan aşmamaq üçün əllərindən gələni edir, eyni zamanda da bir-birinin arasında gərəkli olan məsafə də saxlayırdılar, mərmilər isə həmin vaxt onların ətrafında partlayır, onlardan qorunmaq üçün cəld hərəkət edən atlıların patron daraqları tullanıb-düşürdü.

Səs-küylü kütlə olan diviziya sağa doğru hərəkət edirdi. Nalların hiddətli cingiltisi, atlıların söyüş və tərif, hədə-qorxu və rəğbət yağdıran harayları, nəhayət, təkərlərin nəriltisi, parlayan tüfənglərin atdığı güllələr leytenantı dayanmağa məcbur etdi. Diviziyanın halqavarı irəliləyişi adamın içinə həyəcan salırdı, sonra birdən elə dayanırdı ki, sanki dalğalar qayaya çırpılırdı, təzədən irəliyə gedəndə bu təkərlərdən, linglərdən, mühərriklərdən ibarət birləşmə elə gözəl bir şəkil alırdı ki, elə bil, raket idi. Onlardan gələn səs müharibə xoru idi və bu, insanın ən dərin qatlarındakı hissləri oyandıracaq gücə malik idi.

Əlini hələ də bir şüşə parçası kimi tutmağa davam edən leytenant bir yerdə dayanıb diviziyanın ən sonuncu detalı – qaralan kütlənin başı üzərində görünən atlılar belə yoxa çıxanadək izlədi.

Bir az sonra o, üzünü döyüş gedən tərəfə çevirdi, orada atışma bəzən meşə yanğınlarındakı kimi çırtıldayır, bəzən də dözülməz fasilələrlə davam edir, arabir də ildırımtək çaxırdı. O, göyə qalxan tüstünü, qaçan və sevincdən hayqıran, ya da uzaq məsafəyə atəş açan insanları seyr edirdi.

Leytenant döyüşdən kənarda qalmış bir neçə əsgərə yaxınlaşıb onlardan hərbi xəstəxananın yerini öyrəndi. Onlar onun yerini dəqiq olaraq izah etdilər. Əslində, döyüşdə iştirak etməyən bu bir neçə əsgər hamıdan məlumatlı idi. Onlar hər bir hərbi birləşmənin, diviziyanın qarşısında duran vəzifələrdən, hər bir generalın fikirlərindən danışırdılar. Yaralı əlini arxa cərgələrə aparan leytenant onlara heyrət içində baxdı.

Yolun kənarında bir briqada qəhvə dəmləyir və qızlar seminariyasının tələbələri kimi qeybət qırırdılar. Bir neçə zabit ona yaxınlaşıb onu tamamən xəbərsiz olduğu məfhumlar barədə sorğu-sual etdilər. Biri onun əlini görüb deyinməyə başladı:

− İşə bir bax. Nə isə etmək lazımdır.

O, leytenanta yardım göstərdi. Onun köynəyinin qolunu cırdı, açıq qolun harasından basırdısa, həmin hissədə hər bir sinir əsirdi. O, öz dəsmalı ilə leytenantın yarasını deyinə-deyinə sarıdı. Onun danışıq tərzi adama elə təsir bağışlayırdı ki, sanki leytenant hər gün yaralanıb məhz onun üstünə gəlirdi. Leytenant başını aşağı dikmişdi, özünü elə hiss edirdi ki, sanki doğru-düzgün yaralanmağın qaydasını da bilmirmiş.

Xəstəxananın balaca ağ çadırları köhnə məktəb binasının ətrafında qurulmuşdu. Orada qeyri-adi qarmaqarışıqlıq vardı. Ön tərəfdə iki təcili tibbi yardım maşının təkərləri dərin palçıqda batıb qalmışdı. Sürücülər bunun günahını söyüş söyüb əl-qollarını ölçə-ölçə onun-bunun üstünə atırdılar, həmin vaxt ağzına kimi yaralılarla dolu olan maşınların içindən zarıma və inilti səsləri gəlirdi. Sarğılı yaralılar bitib-tükənməyən sayda idilər. Onların çoxu ağacların altında oturub öz başlarına, qollarına, ya da ayaqlarına qulluq edirdilər. Məktəb binasının pilləkənində isə iki nəfər arasında mübahisə gedirdi. Təzə əsgər, ədyal kimi bozumtul sifəti olan bir nəfər də kürəyini ağaca söykəyib heç nəyi vecinə almadan qarğıdalı kötüyündən düzəldilmiş tənbəki tüstülədirdi. Leytenant az qaldı onun üstünə qaçıb indilərdə öləcəyini desin.

Başı işdən ayılmayan bir cərrah leytenantın yanından keçəndə dostyana gülümsəyib: “Sabahınız xeyir!”, - dedi. Birdən gözü leytenantın qoluna sataşdı və üzünün ifadəsi elə o dəqiqə dəyişdi:

− Gəl görüm nə olub?

Hiss olundu ki, o, birdən-birə leytenanta qarşı həqarətlə yanaşmağa başladı. Bu yara açıq-aşkar şəkildə leytenantı ən axırıncı sosial pilləyə endirmişdi. Həkim səbirsiz halda bağırdı:

− Hansı axmaq yaranı bu şəkildə bağlayıb?

Leytenant cavab verdi:

− Bir kişi.

Yaranın üstü açıldıqdan sonra həkim onu qəzəblə nəzərdən keçirdi:

− Hm! Arxamca gəl, sənə kömək edərəm.

Həkimin səsi elə əsəbi idi ki, sanki deyirdi: “Sən həbsxanaya getməli olacaqsan.”

Leytenant özünü çox sakit aparırdı, amma elə bu an sifəti qızardı və həkimin düz gözlərinin içinə baxıb soruşdu:

− Qolumu amputasiya etməyəcəksiniz, elə?

− Boş-boş danışma, ay kişi! – deyə həkim çımxırdı. – Bura gəl görüm. Kəsməyəcəyəm. Gəl bura. Uşaq olma.

− Qoy çıxım gedim, − deyə leytenant hirslə geri çəkildi, gözü isə həmin an köhnə məktəbin qapılarında idi. Onlar ona cəhənnəmin darvazaları qədər qorxunc görünürdü.

Bu əhvalat leytenantın qolunu necə itirməsi haqqında idi.

O, evinə çatanda anası, bacısı, arvadı onun köynəyinin boş-boşuna sallanan qolunu görəndə uzun müddət ağlaşdılar. O isə axan göz yaşları arasında üzündəki utancaq ifadə ilə dedi:

− Eybi yoxdur. Dünya dağılmayıb ki!

İngiliscədən tərcümə: Svetlana Quliyeva
# 1355 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #