İkili casus, Qorkinin nikahsız arvadı, kişi ovçusu…- ARAŞDIRMA

İkili casus, Qorkinin nikahsız arvadı, kişi ovçusu…- ARAŞDIRMA
6 avqust 2011
# 06:00
“O öz həyatının sahibəsiydi. Aristokrat idi, amma ondan yaxşı bir kommunist alınardı. Onun burjua nümayəndəsi olmasını isə təsəvvürə gətirmək olmur”.

Bunu onun haqqında Britaniya kəşfiyyatının əfsanəsi Bryus Lokkart “Gündəlik”də yazmışdı. Bryus Lokkart – Ceyms Bondun köhnə prototipi.

Onun səciyyələndirdiyi qadın isə qızlıq soyadı Zakrevskaya olan Yaned baronessası Mariya fon Benkendorfdur.

Terror cəhdində iştirak

Bryus Lokkart 1912-ci ildən Rusiyada yaşayırdı. O, rus dilini yaxşı, daha doğrusu, mükəmməl bilir, rus ədəbiyyatı və incəsənətinin, xüsusən Fyodor Dostoyevski və Lev Tolstoyun vurğunu idi.

Mariyaya, yaxud dostlarının dediyi kimi, Muraya isə o daha çox vurğun, onun üçün dəli-divanə idi. 1918-ci ildə məşhur kəşfiyyatçını Moskvada həbs edərkən Mariyanı da dəmir barmaqlıqlar arxasına atdılar. Lakin “proletariatın dahi rəhbəri” Vladimir Leninə qarşı terror aktında ittihamlanan 26 yaşlı qadın azadlığa çıxa bildi.

Kişiləri köynək kimi dəyişirdi

Əri İohan fon Benkendorf Estoniyanın unudulmuş əyaləti Yanedadakı malikanədə yaşayırdı. Bir oğul və bir qız anası Lokkartla bağlı siyasi qalmaqaldan sonra ailəsinə qovuşmaq üçün viza ala bilmirdi. Lakin gözlənilmədən o özünə yeni hami tapdı – Maksim Qorki.

Həbsdən sonra “Dünya ədəbiyyatı” nəşriyyatında işə düzəlmiş Mariya fon Benkendrorf Qorkinin şəxsi katibəsi və məşuqəsi olduqdan sonra həyatında çox şeylər dəyişdi. O zamanlar Maksim Qorki artıq Peşkova ilə boşanmış, Andreyevadan ayrılmışdı.

Onlar arasında 24 illik yaş fərqi vardı. Mariya yazıçının əlyazmalarını səliqə-sahmana salır, məktublara cavab verir, görüşlərdə iştirak edirdi. Lakin 1920-ci ildən 1933-cü ilədək Qorkinin evində yaşayan Mariyanın yazıçıya təsiri o qədər böyük oldu ki, “Klim Samginin həyatı”nı ona həsr etdi.

Bu birgə yaşayışı pozan başqa bir ingilis oldu – Herbert Uels.

Qorkinin yardımı

1919-cu ildə İohan Benkendorf öldürüldü. Mariya başqa bir eston baronuna ərə getdi və soyadını Budberqə dəyişdi. Bunu etməkdə əsas səbəb Estoniya vizası almaq idi. Çünki o, qızı və oğluna qovuşmaq istəyirdi.

Nikolay Budberq boşboğaz, arvadbaz və işsiz-gücsüz bir adam idi. O, Estoniyanın darıxdırıcı əyalət həyatından qurtulmaq üçün Paris, Brüssel və Venesiyanı dolaşır, gününü qumar masası və fahişə yataqlarında keçirirdi. Pulu qurtardıqda isə ona kim yardım etsə yaxşıdır? Maksim Qorki!

Sonda Nikolay Argentinaya yollandı və birdəfəlik Mariya Budberqin həyatından yox oldu.

SSRİ-dən mühacirət etmiş Mariya Qorkiyə ehtiramını sonadək qorudu. 1936-cı ildə o, proletar ədəbiyyatı qaranquşunun dəfn mərasimində iştirak etdi.

İkili casus

Bryus Lokkartın Britaniyaya təslim edildiyi 1922-ci ildə sonra da Mariya Budberq məxfi orqanların nəzarətində qalırdı. Onun ikili casus olması şübhəsi hər zaman gündəmdə idi. Eyni vaxtda həm MI-5, həm də MI-6 Mariya Budberqlə məşğul idi. Tezliklə kəşfiyyat knyaz Pyer Volkonskiyə ünvanlanan məktubu ələ keçirdi. Bu məktubda Mariya Budberqin sovet ÇK-sına işləməsinə dair incə bir eyham vardı.

Birbaşa sübutlar olmadığından onu ittiham edə bilmirdilər, lakin aristokrat qadın İngiltərəyə gəlmək üçün vizadan da məhrum edilmişdi. Yalnız 1929-cu ildə Mariya Budberq Dumanlı Albiona ayaq basa bildi.

Baronessanın casus fəaliyyəti haqqında rəylər daim dəyişirdi. Belə ki, 1937-ci ilin avqustunda MI-5 hesab edirdi ki, Mariya Budberq həm ingilis kəşfiyyatı, həm də sovet məxfi xidmət orqanına işləyir. 1940-cı ilin baharında isə onu nə nasistlərin, nə də sovetlərin xəfiyyəsi hesab edirdilər. Lakin az sonra onun faşist Almaniyasının xeyrinə casusluq etdiyi söyləndi.

1941-ci ildə Britaniya kəşfiyyatı aristokrat mənşəli xanımın Londonda sovet səfiri İvan Mayskiyə ilə görüşdüyü barədə etibarlı məlumat əldə etdi. Eyni vaxtda onun informasiya naziri Daff Kuperlə görüşlərinə dair xəbərlər sızdı.

İkinci Dünya müharibəsindən sonra ABŞ-da isə qızışmış nüvə casusluğuna dair qalmaqalda da Mariya Budberqin adı hallandı.

Uelsin aguşunda


Herbert Corc Uelslə ilk görüşləri 1920-ci ildə olmuşdu. Yazıçı Leninlə görüşmüş və Qorki ilə təmasda olmuşdu. “Rusiya zülmətdə” kitabının müəllifi 28 yaşlı Mariya Budberqlə qarşılaşdıqda ona dəlicəsinə aşiq oldu.

Bu məhəbbət 14 il sonra onu Estoniyaya gətirib çıxardı. Yazıçı xanımla uzun sürən gəzintilərə çıxır, göldə balıq tutur və birgə keçirdikləri saatlarla bağlı eston mətbuatında gedən eyhamlı məlumatları qulaqardına vururdu.

Bir neçə həftə sonra isə onlar uşaqları özləriylə götürmək şərtilə Londona gedirlər.

Uelslə Budberq 14 il birgə yaşadılar. Onların daimi dostları arasında Bernard Şou, Somerset Moem də vardı. Londonun Soho məhəlləsindəki restoranda rəmzi toyları da olsa da, Uels və Budberq rəsmi nikaha girmədi.

Mariya 54 yaşında olarkən 81 yaşlı Uelss öldü. Vəsiyyətə əsəsən, ona ev, 100 min $ pul və s. miras qaldı.

Sonralar oğlu Pavel Mariya Budberqi yaşadığı Florensiyaya apardı. 1974-cü il noyabrın 2-də vəfat edən xanımı Londonda dəfn edildi.

Ölümündən xeyli müddət keçsə də “rus Mata Harisi” adlandırılan bu aristokrat xanımın həyat gizlinlərini çözmə cəhdləri davam etməkdədir.

Əziz RZAZADƏ
# 1474 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #