Bakirə, vəfalı sevgili, diplomat, şairə... - CİZGİLƏR
20 iyul 2011
11:17
Tarixin üzü qara olsun! Elə şəxsiyyətlər var ki, onlar haqqında bircə cümləlik yazımız yoxdur. Bir qədər dəqiqləşdirim – öz yazımız. Ümid qalır əcnəbi salnaməçinin insafına – nəyi düz, nəyi əskik qələmə aldığı ta Qiyamətədək müəmma olaraq qalacaq. Agabacı ağa, yaxud Ağabəyim xanım kimi çağırılan Qarabağ xanının qızı haqqında olduğutək.
Şah sarayında zifaf gecəsi
Əski salnamələrdə və elə indiki bəzi tarixi kitablarda da yazırlar ki, Ağa Məhəmməd şah Şuşada öldürülür. Fətəli şah Qacar hakimiyyətə gəlir. Az sonra İbrahim Xəlil xan Şuşaya qayıdır və hakimiyyətini bərpa edir. Qacar sarayına etibar qazanmaq və münasibətlərini möhkəmləndirmək üçün o, qızı Ağabəyim xanım 1801-ci ildə Fətəli şaha ərə verir. O vaxt deyildiyi kimi, “hər iki tərəfin xatircəmliyi üçün”.
Saray tarixinin bilicisi, babası İbrahim Xəlilin Osmanlı sarayında elçisi olmuş, özü də Cümhuriyyət dönəmində Türkiyədə səfir olan Yusif Vəzir Çəmənzəminliyə görə, Ağabəyim xanımın ilk və son eşqi əmisi Mehralı bəyin oğlu Məhəmməd bəy imiş.
Lakin bu eşq dastanı açıldığı vaxtda da qapanıb. Güman ki, xan nəslindəki ikitirəliyin, düşmənçiliyin bir səbəbi də buymuş. Bu eşq macərası haqda, əlbəttə, nə “Qarabağnamələr”də, nə də digər salnamələrdə bircə cümlə belə keçmir. Lakin hər halda gümanı kənara atmağın da yeri deyil.
O, girov idi. Canlı girov. Sərt qaydaları olan o dövrdə Ağabacı ağa saraylara “peşkəş edilən” yeganə xan övladı deyildi. Və xan qızı öz varlığı ilə, sözsüz ki, sülhün qoruyucusu olduğunu dərk edirdi.
Burda nöqtə qoydum. Gerisini iranlı tarixçi Mehdi Bamdad deyəcək. “Lakin Fətəli şahın lap əvvəldən İbrahim Xəlil xanın qızından xoşu gəlmirdi. Bunun səbəbi İbrahim Xəlil xanın onun əmisi Ağa Məhəmməd xana çətinliklər törətməsi, yenidən Qafqaza qoşun yeritməsinə və nəhayət, həlak olmasına səbəb olması idi, yaxud da ortada hər hansı başqa səbəb vardı. Fətəli şah ömrünün sonuna kimi onunla bir yataqda yatmır, amma talaq da vermir və qadın Qumda ondan ayrı yaşayırdı” (Mehdi Bamdad. İranın görkəmli şəxsiyyətlərinin tərcümeyi-halı, Tehran, I cild, s.12.).
Ömrünün sonunadək bakirə qalmış şah xanımı haqqında digər salnaməçilər, o cümlədən Mirzə Fəzlullah Şirazi-ye-Xavəri, Məhəmməd Həsən xan Etimadüs-səltənə (və sadalamadığım daha neçə tarixçi) də yazırlar ki, Fətəli şah zifaf gecəsi xan qızının yanına girdikdən cəmi on beş dəqiqə sonra ordan dəli kimi çıxdı və bircə kəlmə söz dedi: “İbrahim xanın qızı məni ilan kimi çaldı”. Bundan sonra o, qəzəblə öz otağına doğru yürüdü”.
Yalan-doğru deyirlər, zifaf gecəsi Ağabəyim xanım şahı anasının rəsmi libasında qarşılayır. Nikahlı arvadını anasının paltarında görən şahın gözləri kəlləsinə çıxır.
Birinci xanımın nüfuzu
Agabacı ağa 1780-ci ildə Şuşada anadan olmuşdu. O, gözəl və istedadlı olmaqla yanaşı, atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi. Onun fitri istedadı, diplomat məharəti və bədii ustalığı dillər dastanı idi. Şah sarayında ikən Ağabəyim xanım Avropanın ümumişlək dili olan fransızcanı da mükəmməl mənimsəmişdi. O zamanlar Qacar elçilərinin çoxu erməni tacirləri idi (bu ayrıca bir mövzu olduğundan dərinə getmirəm), lakin Avropa sarayları ilə məktublaşma işlərində də şah xanımı çox fəal idi.
1811-ci ildə o, Napaleon Bonaparta məktub göndərmişdi. Rusiya çariçası ilə məktublaşmışdı. “Ey bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci zöhrəsi, tale ulduzu olmuşsunuz”, - deyə rus imperatriçası Ağabəyim xanım yazmışdı.
1812-ci ildə İngiltərə səfiri Ser Qor Ouzli İranda danışıqlar aparırdı. Səfirin xanımı da ölkənin birinci xanımı ilə görüşməkdə israrlıydı. Sarayın məlaikəsi Ağabacı Ağa ilə görüşü ingilis səyyahı-diplomatı Ceymz Moriyer belə təsvir edir: “Kraliça Ağabacının taxtda oturduğu böyük bir saraya girməsi üçün səfirin qadınına bələdçilik etdilər. Onun əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçanın əynindəki paltarların qızıl düymələri parıldayırdı. Kraliçanın üzərində o qədər qızıl, ləl-cavahirat var idi ki, o, sərbəst hərəkət edə bilmirdi” (Ceymz Moriyer. İkinci səfər. Tehran, “Tus” nəşriyatı, 1386 (2007), s. 213-214.).
Və əsas mətnə qayıdıram. Saraydakı görüşdə səfirin qadını Ağabacı ağaya İngiltərə kraliçası adından bir ənbər – qiymətli ətir hədiyyə etmişdi.
Zəruri haşiyə: yalnız şah xanımları qızıl düymə və qumaş parçadan libas geyə bilərdi. Bu qədim bir ənənə, yazılmamış qanun idi. Və nə qədər təəcüblü səslənsə də, xanlıqlar dövründə qızılı paltarı yalnız bir hakim – İrəvan sərdarı Hüseynqulu xanın hərəmləri geyinirdi. Bu müstəsna ixtiyarı ona heç kim verməmişdi, ancaq və ancaq xanın şah sarayındakı fövqəladə nüfuzundan irəli gəlirdi. Üstəlik, xanın qızı Fətəli şahın sevimli xanımı idi.
Yeri gəlmişkən, İrəvan xanının ruslara əsir düşmüş qardaşı yüzbaşı Həsən xanın azad olunması da, deyilənə görə, Ağabacı ağanın xidmətidir.
Mehdi Bamdad yazır: “Dəfələrlə belə olurdu ki, artıq yaşı ötmüş Ağabacı ağa otağa daxil olanda, Fətəli şahın diqqət mərkəzində olan cavan və yaraşıqlı xanımı Tacüd-dövlə ona hörmət əlaməti olaraq dərhal ayağa qalxır və Ağabacı ağa əyləşənə kimi ayaq üstə dururdu”.
Əminə Pakrəvan “Abbas Mirzə və Azərbaycan” adlı əsərində Ağabacı xanımın şah sarayındakı intriqalarda fəal iştirakına diqqət çəkdirir. Mühafizəkar qüvvələrin tədqiqi ilə üzləşmiş şahzadə Abbas Mirzənin tərəfini tutan şah xanımı Abbas Mirzə ilə İbrahim Xəlil Cavanşir arasında bir çox hallarda vasitəçilik edir: “İbrahim Xəlil gizlicə Abbas Mirzəyə xəbər göndərdi ki, “Şuşaya hücum etsəniz, şəhər darvazalarını Azərbaycan ordusunun üzünə açacağıq”. Lakin ruslar tərəfindən dəstəklənən xanın yaxınlarından biri bu xəbəri duydu və rusların yardımı ilə İbrahim Xəlil xanı Şuşadan qaçmağa məcbur etdi. Bu hadisədən xəbərdar olan Abbas Mirzə, İbrahim Xəlil xanın yardımına tələsdi. Ancaq Xudafərin körpüsündən çox uzaqlaşmamışdı ki, gözlənilməz bir hadisə ilə qarşılaşdı. Təqribən yüz süvari yas içində İbrahim Xəlil xanın cənazəsini Xudafərinə doğru daşıyırdı. Yaşlı xan bütün ailə üzvləri ilə bir yerdə öldürülmüşdü”.
Kədər sarayı
Mirabbas Mirbağırzadə yazır: “Ağabəyim ağa Qacar sarayında “Ağabacı” adlanırdı. Ağabacı xanım olduqca ləyaqətli, vüqarlı və əzəmətli xanım idi. Oxumuşdu, aqilə, kamilə və ədibə idi”.
Əsas bələdçimiz Mehdi Bamdad isə yazır ki, Qarabağın böyüklərindən olan Məlik bəy Ağabacıya vəzirlik edirdi. ”Möhtərəm” ləqəbi ilə tanınan Ağa Bəhram onun xacələrindən idi. Keykavus Mirzə ilə Mürəsse xanımı ona oğulluğa və qızlığa vermişdilər. Ağabacının şahdan övladı olmadı, çünki kəbindən sonra bir ər kimi Fətəli şahın diqqətini cəlb etməmiş və bakirə qalmışdı. Bir gün Fətəli şah öz yaxınlarına demişdi: ”Ağabacı gözümə ilan kimi görünür”. Bununla belə, Fətəli şahın yanında uca məqamı, yeri və hörməti vardı.
Ağabacı ağa məğrur qadın idi və onun yanında ədəbsizliyə yol verilməsin deyə, çox vaxt imamzadə Qasim məqbərəsindəki hücrəsində tənha qalırdı. Sonralar Qumu ona verdilər.
Qarabağdan gətirdiyi, hamısı zəkalı və tanınmış şəxslərdən ibarət olan 200-dən artıq xidmətçi və nökər ona qulluq edirdi, Qumun vergisinin bir hissəsi də ona çatırdı”.
Vüsalına yetməmiş şah xanımı hicri-qəməri 1248-ci ildə Qumda vəfat etdi və orada torpağa tapşırıldı.
Bu bacarıqlı xan qızının həm də şer təbi vardı və ”Məluli” təxəllüsü ilə yazırdı. Fətəli şahla zifaf gecəsi cəmi bir neçə sual-cavabla keçmiş, ertəsi gün səhər Ağabacı ağa azəri türkcəsində bu sadə və anlaşıqlı beyti zümzümə etmişdi:
Yarım gecə gəldi, gecə qaldı, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə qaldı, necə getdi.
Bu yanıqlı bayatı da onundur:
Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
Bayatının müəllifi üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırmışdı. Gülüstana “Vətən bağı” adı verirlər. Fətəli şah Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin. Ağabəyim ağa “Vətən bağı”na tamaşa edib üzüntüsünü belə ifadə edir:
“Vətən bağı” al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.
Bəzi mənbələr Ağabacı Ağanın “Tuuti” təxəllüsü ilə də türkçə və farsca şeir də yazdığına işarə edir. Onun farsca şeirləri “Divani-Baci” adı ilə yayımlanıb.
“Qarabağ şikəstəsi” də Ağabacı Ağanın ayağına yazılır. Sözləri və musiqisi ilə birgə. “Qarabağ şikəstəsi”ndəki qüssə, kədər qürbətin mahiyyətini anladır:
Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Xan qızı Ağabəyim xanım haqqında bu qədər yaza bildim. Bakıda. Qarabağın unudulmadığı “qürbətdə”.
Əziz RZAZADƏ

2176 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024