Qana bulaşmış qəzet

Qana bulaşmış qəzet
15 iyul 2011
# 12:19
Satokonun gənc əri daim məşğuldur. Elə bu axşam da xanımı ilə saat ona qədər bir yerdə olduqdan sonra o, yenidən sükan arxasına keçir, arvadına şirin yuxular diləyir və öz avtomobilində növbəti görüşə tələsir.

Əri – kinoaktyordur. Odur ki, Satoko istər-istəməz hər zaman onsuz keçən bütün bu işgüzar gecə görüşlərinə dözməli olur. O, çoxdan, lap çoxdan taksi tutaraq təklikdə Usiqome məhəlləsindəki evlərinə qayıtmağa vərdiş edib. Evdə onu ikiyaşlı uşağı gözləyir...

Nədənsə Satoko bu axşam gəzişmək həvəsinə düşdü.

Gecənin bu vaxtında, təklikdə evə qayıtmaq necə də qorxuludur!

Nə qədər silsələr də, qonaq otağındakı qan izlərinin itməməsi haqqında fikir başdan çıxmırdı...

Dünən, nəhayət ki, dözülməz təlaş və vurnuxma bitdi, baş verənlərdən sonra bunu sözlə ifadə etmək qeyri-mümkündür! Və Satoko hər halda ümid edirdi ki, hər ikisi üçün fikirlərini dağıtmaq vacib olduğundan bütün bugünkü axşamı əri onunla bir yerdə olacaq. Lakin prodüser gecə yarını keçdikdə onu macyan oynamağa dəvət etdi və bu gün çətin ki o evə qayıtsın.

Satoko həqiqətən gözəl qız idi. Hələ orta məktəbdə oxuyarkən bəstə boyu və həssaslığı ilə özünə “Teryer” ləqəbi qazanmışdı. Hər xırda şeydən ötrü keçirdiyi aramsız qorxu və həyəcan onu kökəlməyə qoymadı.

Satokonun atası kino şirkətinin direktoruydu. İş belə gətirdi ki, onun qızı kinoaktyora vuruldu və bu məsələ uğurlu nikahla tamamlandı.

Gündəlik əyləncələrdən əlavə, Satokonun əsl azarı özgə əzablarına ürək yandırmaq idi. Təbiətinin zərifliyi, rəsmdəki kimi, bədəndə və sifət cizgilərində də görünürdü.

Və bütün bu axşamı ərinin gecə klubuna arvadı ilə gəlmiş dostuna baş vermiş hadisəni bütün təfərrüatı ilə, ehtirasla danışması haqqında xatirələr onun əhvalını pozurdu.

Təbiət Satokonu zəngin təxəyyüllə zinətləndirmişdi. Əri - gənc, yaraşıqlı, Amerika biçimli kostyumda – bu keyfiyyətdən tam məhrum idi. Görünür, təxəyyül işin ayrılmaz hissəsidirsə, asudə vaxtda ona malik olmaq zərurəti yoxdur.

- Hə, görün sizə nə əhvalat danışıram. Sərsəm əhvalatdır! – deyə yaraşıqlı əri əllərini yelləyərək orkestrin səsini batırmağa çalışırdı. – İki ay əvvəl körpəmizin dayəsini dəyişirdilər. Onun yerinə qarnı burnuna dəyən bir arvad gəlir. “Bu, - deyir, - mədəmin gərilməsidir...”

Deməli, srağagün, gecə yarıdan keçib, Satoko ilə qonaq otağında yatmışıq. Birdən uşaq otağından çığırtı eşidilir... Yerimizdən atıldıq, bir baş ora. Baxırıq ki, dayə qarnından ikiəli yapışıb var gücü ilə bağırır, körpə isə qorxudan inildəyir. Ona deyirəm: “Nə olub? O isə titrək səslə deyir: “Deyəsən, doğuram...”

Yamanca qorxdum. Bu vaxtacan elə bilirdim ki, qarnı gərilmədən bu boydadır! Bu da başısoyuqluğumuzun axırı!..

Yerindən qaldırmışıq, əllərini tutaraq dikəltmişik, qonaq otağına qədər bir təhər sürütləmişik. Bax, orda işıqda üzünə baxa bildim və əvvəlkindən çox qorxdum: önlük başdan-başa qanın içindəydi!

Xalçanı yığıb hansısa köhnə yorğanı sərmişəm, onu ora uzatmışam. Dayə başdan-ayağa yapışqan kimi, tərin içində, alnının damarları da şişib... Həkim çağıranacan doğdu... Qonaq otağı qan gölməçəsinə dönmüşdü, lap sallaqxana kimi.

- Hə, ocaq başına ilanı buraxmışsınız ki! – deyə dostu əhvalatdan nəticə çıxartdı.

- Hər şeyi əvvəlcədən düzüb-qoşub! Tülkü! Fikirləşib ki, evdə artıq bir uşaq var, uşaq bezi də bəs deyən qədər, odur ki, bu cür imkanlı evdə doğsam yaxşıdır. Hər şeyi, hər şeyi əvvəlcədən, bizə gəlməzdən qabaq düzüb-qoşub. Hətta böyük dayələri gəlib onu sorğulayanda heç üzr istəmək də ağlından keçmədi... Dünən axır ki, aparıb xəstəxanaya qoyduq. Amma bu cür kütbeyinin qeydinə kim qalacaq ki...

- Yaxşı, bəs körpə nə oldu?

- Sapsağlam bir oğlan doğub. Evimizdə anası o qədər tıxıb ki, doğduğu da sağlam, toppuşdur. Mənimlə Satoko isə dünənki əzablı gecədən yarıcan, əsəbiyik...

- Naşükür olma, yaxşı ki, uşaq ölü doğulmayıb!..

- Eh, bilmirəm, bəlkə də onun üçün ölü doğulması yaxşıydı!..

Ərinin srağagün gecə onun evində baş vermiş qorxulu səhnəni yüngül bir qeybət kimi danışması Satokonu heç də heyrətləndirmirdi. Yalnız bir anlığa o, gözlərini yumurdu və bu halda o doğuşun dözülməz mənzərəsi yox olub gedirdi. Şüurda ancaq parket döşəməyə qoyulan qanlı qəzetə bükülmüş çağa canlanırdı. Əri bütün bunları görməmişdi...

Həkim bu cür anormal şəraitdə bic uşaq doğmuş anaya nifrət edərək yeni doğulmuşla bilərəkdən ehtiyatsız rəftar edirdi. O, bir kəlmə də demədən çənəsini dartmaqla köhnə qəzetlərin saxlandığı yeri göstərirdi. Köməkçi qadın yalnız bir qəzet götürdü, uşağı onunla büküb düz döşəməyə qoydu... O zaman sanki Satokonun həssas qəlbinə iti bıçaq saplandı. O, qəzəbini unudub kənardan elə həmin qəzetə oxşayan flanel əski parçası gətirdi, körpəni bələdi və sakitcə, heç kim görməsin deyə, onu kürsüyə qoydu.

Hər şeydən çox Satoko ərinə yük olmaq istəmirdi. Buna görə də qəti şəkildə öz əhval-ruhiyyəsini paylaşmamaq, qəlbinin dərinliklərinə çökmüş və indi yaddaşının dərinliyindən üzə çıxan görüntüləri onunla bölüşməmək qərarına gəldi. Bu axşam Satoko gülümsəməyə, içindəki müəmmalı həyəcan hissindən ciddi-cəhdlə qurtulmağa çalışırdı.

Qəzetə bükülü, döşəməyə qoyulmuş çağa... Qəssab dükanından götürülən bükülü kağızı – qana bulaşmış qəzet səhifəsi... qəzet kağızından bələkağı... Zavallı yetim!

Satoko bədbəxt dayəyə demək olar ki, heç bir kin-küdurət hiss etmirdi. Onu kəskin bir hiss bürümüşdü, guya bu bəxtsiz uşaq məhz uşaqlıqda korluq çəkmiş Satokonun özüdür. “Ümumən, - deyə Satoko düşünürdü, - yalnız mən bu səhnəni – qana bulaşmış qəzetə bükülən çağanı görmüş yeganə şahidəm. Hətta bunu anası belə görmüş olsa da... O özü də hər şeyi hiss edirdi. Lakin üçümüzdən yalnız mən ömrümün sonunadək yaddaşımda onun dəhşətli doğumunu saxlayacağam. Ola bilsin ki, o, böyüyəcək və insanlar ona necə doğulduğunu, həmin vaxt necə göründüyünü danışacaqlar... Dəhşət! O bunu necə dinləyəcək! Yox, yox, hər şey qaydasında olacaq, yalnız mənə bəlli olan bu sirri heç kimə açmayacağam. Onu flanellə bələmişəm, döşəmədən qaldırıb kürsüyə qoymuşam...”

Satoko sükuta qərq olub.

Gecə klubunun qapısı qarşısında əri sürücüyə:

- Usiqomeyə sür! – deyib Satokonu maşına mindirir və qapını çırpır. Şüşənin arxasından onun təbəssümü – iki cərgə sağlam ağ dişlər görünür.

“Bizim həyatımızda həyəcan olmamalıdır!..” Bu fikir dəhşətli ağırlıqla Satokonun beyninə çökdü və onun bədənini oturacağın belinə sərdi. Geri baxarkən o yenidən ərini gördü: o, geri çevrilmədən içəri girməyə tələsirdi və parlaq tvid pencəyi kütləyə qarışaraq itirdi. Qələbəlik olan məkanda o yerində durmağı heç sevmir...

Teatrda tamaşa indicə qurtarıb və neon reklamların işıqları bir-birinin ardınca sönürdü. Çıxışda bir-birinə baxaraq və bir-birini itələyərək tamaşaçılar yarıqaranlığa cumdu. Teatr binasının düz qarşısında bir neçə albalı ağacı vardı və birdən Satokoya elə gəldi ki, budaqlardakı qar kimi ağ çiçəklər çirkli kağız parçalarıdır.

“Hər halda o uşaq...”

Xatirələr yenidən onu haqlayırdı.

“Öz doğumu haqqında heç nə bilməyən insanı necə istəyirsən tərbiyə edirsən et, xeyri yoxdur. Çirkli qəzetdən bələkağısı onun bütün həyatının rəmzi olacaq... Axı mən niyə özgə uşağının həyatı üçün bu qədər narahat oluram?.. İyirmi il keçəcək. Mənim uşağım xoşbəxt böyüyəcək, normal insan olacaq. Bəs birdən taleyin acı hökmü ilə o bədbəxt uşaq artıq iyirmi yaşında ikən mənim oğlumla qarşılaşarsa və ona hər hansı zədə vurarsa?”

Hərgah ilıq aprel axşamı olsa da, bu düşüncədən Satoko kürəyində soyuq tər hiss etdi. “İyirmi il sonra çox şey dəyişəcək... İyirmi il sonra mənim qırx üç yaşım olacaq... Mən o bədbəxtə hər şeyi danışmağa sadəcə, məcbur olacağam. Çirkli qəzeti yumşaq flanelli bələkağı ilə necə dəyişdiyimi danışacağam...”

Taksi enli küçə ilə şütüyürdü, sağ tərəfdəki pəncərə şüşəsindən Biru-qay göydələnlərinin uzaq işıqları işıldadı. “Lakin bütün bu iyirmi ili o bədbəxt əzabla yaşayacaq. Siçan kimi arzusuz, pulsuz böyüyərək, ildən ilə gənc canını dağıdacaq. Bu cür doğulan uşağın başqa bir gələcəyi yoxdur. Atasını lənətləyən, anasına nifrət edən, daim tənha insan”.

Bədbin fikirlər Satokonun qəlbindəki sarı simdən yapışmışdı. Ona görə də təxəyyülü uşağın gələcəyini bütün təfərrüatı ilə cızırdı.

Xindzomon stansiyasını ötən taksi ingilis səfirliyinə yaxınlaşırdı. Satokonun gözləri qarşısında çiçəkli sakura xiyabanı açıldı. Və birdən o, təklikdə albalının gecə çiçəklənməsinə tamaşa etmək qərarına gəldi. Taksidən enmək, başqa bir maşınla evə getmək, buralarda maşın qəhət deyil axı...

Utancaq təbiətli bir insan üçün bütün bunlar ciddi avantüra olsa da, həyəcanlı röyalar onun şüurunda yenə də canlanırdı və o, hər şeydən az, adi günlərdə olduğu kimi, evə qayıtmaq istəmirdi.

Ortaboylu gənc qadın taksidən endi və təklikdə küçəni keçdi. Maşın axınını yararaq adlayan qadın qarışıq hisslərdən həyəcanlı olsa da, qəribə azadlıq hissi Satokonun qəlbini doldurdu. O, küçəni birnəfəsə keçdi.

Bu Senteqafuti – “Quş xaltası” parkı idi. Albalı budaqlarındakı çiçəklər parkı ağ rəngə bürümüşdü. Sanki ləçəklər bir-birinə yapışaraq bərkimişdi. Girişdəki fənər söndü. Onun yerinə yarpaqların arasından qırmızı, sarı, yaşıl – çılpaq elektrik lampalarının işıqları görünürdü. Artıq saat on olardı və sakurasevərlər az-az gözə dəyirdi. Ayaq altında kağız parçalara xışıldayırdı və parkdakı sükutu bu xışıltı və ayaq altında qalıb kənara fırlanan dəmir bankalar pozurdu.

“Kağız.. qana bulaşmış qəzet kağızı .. bədbəxt insan doğumu... bunu görən kimsə birdən özünün də bu cür dünyaya gəldiyini bilsəydi, sözsüz ki, sonrakı həyatı dərbədər olardı. Buna görə də mən, bu sirri öyrənmiş demək olar ki, təsadüfi adam onu qəlbində gəzlətməliyəm...”

Satokonun genişlənmiş fantaziyaları ötən günün bütün qorxularını unutmağa kömək edirdi. Ətrafda dinc cütlüklər gəzirdi və ona zərər vurmaq heç kimin ağlına bel gələ bilməzdi. Cütlüklərdən biri çiçəklərə baxmaqdan bezdi: iki insan sakitcə başını aşağı salıb zülmətə baxırdı. Ağır kölgə ilə örtülən suyun üzünə. Yuxarıda qum təpəsinin arxasında imperator sarayının meşəsi divar kimi yüksəlirdi və ağaclar əyrisi olmayan üfüqü buludlarla örtülü göydən kəsib ayırırdı.

Satoko çiçəklənən ağacların budaqları altından keçərək gəzişirdi. Başı üstündəki çiçəklər qəribə bir hiss doğururdu. Qəfildən daş skamyaların birində nəsə ağ bir şey göründü. Bu solmuş çiçək topası deyildi. Satoko yaxına gəldi...

Yarıqaranlıqdakı skamyada kimsə yatmışdı. O, sərxoş idi. Satoko bunu anladı. Onun altına səliqəylə qəzetlər sərilmişdi. “Qaranlıqdakı ağ rəng budur”, - deyə Satoko düşündü.

Üzərinə qəzet sərərək daş skamyanın üstündə böyrü üstə uzanaraq yatan kişi qəhvəyi cemperdə idi. Görünür, yazın gəlişi ilə o burada özünə yaşayış məskəni tapmışdı. Satoko skamyanın qarşısında dayandı. Bu, köhnə qəzetlərə bürünmüş adam birdən tam təbii halda qəzetə bükülmüş, döşəyə qoyulmuş çağanı xatırlatdı. Onun baxışları daranmamış, yapışqan saçlara toxundu.

Qəhvəyi cemper, xaki rəngli şalvar, idman ayaqqabısı. Satoko onun sifətinə baxmaq istədi. O, gənc idi, qara qaşlar və düz formalı burun.

Əyilərkən Satoko bilmədən naməlum adamın yatağı olan qəzetlərə toxundu və qəfil kağız xışıltısı qara zülməti cırmaqladı...

Kişi oyandı, qaranlıqda onun gözlərinin ağı parladı. Və iri əllər Satokonun biləyindən yapışdı.

O heç bir qorxu hiss etmədi. Hətta xilas olmağa da can atmadı. Hansısa anda Satoko yalnız bunu fikirləşdi: “Deməli belə... deməli, bütün bu iyirmi il ötdü!

İmperator sarayının qaranlıq meşəsinə ölü sükut çökdü.



Ruscadan çevirdi: Əziz Rzazadə
# 921 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #