“Anar ermənilər qarşısında susub”

“Anar ermənilər qarşısında susub”
11 iyul 2011
# 16:41
Kulis.az-da yazıçı Anarla həmkarı Şamo Arif arasında başlayan qovğa davam edir.

Şamo Arif “Azadlıq” qəzetinə AYB-ə, durduğu yerdə bu məsələyə qoşulan Hüsenbala Mirələmova böyük bir cavab yazıb.

Yazının sonunda Ş.Arif Anarı debata çağırıb. İndi söz demək növbəsi qarş tərəfindir.

Görək Ş.Arifin debat təklifi Anar tərəfindən müsbət qarşılanacaqmı?

Ş.Arifin sözü gedən yazısını olduğu kimi təqdim edirik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bəri başdan bildiririk.



Şəxsən mən Anara həmişə hörmətlə yanaşıb onu bacardığım qədər, yeri gəldikcə müdafiə etmişəm. Əlimi “QURAN”ın üstünə qoyub deyirəm, 1986-cı ildə Azərbaycan Yazıçılar Ittifaqının qurultayından sonra, bir neçə respublika əhəmiyyətli məsələlərlə bağlı şəxsən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırovla görüşüm zamanı, Anarı necə müdafiə etdiyimi bir ALLAH bilir, bir də Anar.

Hətta ona “Qınamayın məni...” romanını təqdim edib üzərində də bu sözləri yazdım: “Dağ Məhəmmədin yanına gəlməyəndə, Məhəmməd dağın yanına gəlir”.

Qurultayda Azərbaycanın sayılıb-seçilən müdrik kişisi, ümumxalq sevimlisi, xalq yazıçısı Ismayıl Şıxlı Azərbaycan Yazıçılar Ittifaqının sədri vəzifəsinə yekdilliklə seçiləndən heç bir il keçmədi ki, sədrlikdən necə uzaqlaşdırılması o dövrün sənət və partiya işçilərinə yaxşı bəllidir.

Anarın da bu bir il ərzindəki fəaliyyəti onunla nəticələndi ki, bütün varlığını qoyub can atdığı istəyinə nail oldu... Tanrı ona 100 il ömür bəxş eləsin, 100 yaşı da sədrlikdə qeyd edilsin...

Ancaq çox-çox təəssüflər, az keçmədi ki, o, tamamilə dəyişildi...
Mən kimlərdənsə sitatlar gətirməyə ehtiyac duymadığıma görə Anarın “Mübarizə bu gün də var” kitabına müraciət etməli oldum. Heç kəs deyə bilməsin ki, Şamo Arif Anarın ləyaqətinə, şərəfinə toxunur, onu hörmətdən salmaq istəyir...

Anar kitabının 444-cü səhifəsində Əsildar Hüseynovun “Kəşfiyyat generalı ilə müsahibə” kitabından mühüm bir açıqlama gətirib, yazır: “DTK əməliyyat işçilərinin və rəhbərliyinin Azərbaycan KP MK tərəfindən dəstəklənən inadı bu görkəmli insanı, həqiqi Azərbaycan vətənpərvərini elə öz kolleqalarının təqiblərindən xilas etdi”.

Bu yerdəcə düşünməli olursan: Əgər, həqiqətən, Azərbaycanın vətənpərvər kişiləri o güc-qüvvəyə malik olsaydılar, niyə Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Əhməd Cavadı və digər görkəmli simaları qoruyub yaşada bilmədilər?

Ona görə ki, bu şəxsiyyətlərin arxasında, Rəsul Rzanın arxasında dəyanətlə dayanan Kremlin xüsusi sektorunun əməkdaşı, çörək pulu qazanan Nigar Rəfibəyli kimi qüdrətli bir insan dayanmırdı.

Çox gözəl! Nə yaxşı ki, hörmətli Rəsul Rza sənəti qorunub saxlanıldı. Rəsul Rza sərt, sözünü şax deyən iradəli insan idi. Onun Səməd Vurğunla deyişməsi, yaradıcılığındakı ideoloji sapmalara yol verməsini, Səməd Vurğunu kəskin ittiham edib Mircəfər Bağırova və Moskvaya “Literaturnaya qazeta”ya göndərilən məqaləyə başçılıq etməsinə baxmayaraq, o dövrün kəskin, mürəkkəb, məkrli oyunlarından ALLAH da baş aça bilməz.

O dövrün sənətkarlarını - yaşamaq, liderliyi ələ almaq uğrunda gedən mübarizədə kimlərisə ittiham etmək, Milli Təhlükəsizlik Nazirliyinin arxivində gürzə ilanlar kimi üst-üstə qıvrılıb yatan tarixi sənədləri, faktları işıq üzü görməyincə, nədənsə, kimdənsə söz açmaq çətindən də çətindir...

Süleyman Rəhimovun yeganə istək, arzularından biri də bu idi ki, repressiya illərinin tarixi sənədləri - hər bir kəsin həqiqi tərcümeyi-halı xalqa çatdırılsın, kimlərin kim olduğu, hansı məsləkə qulluq göstərdiyi hər kəsə bəlli olsun. Bütün bunlarsız - xalq öz içindən təmizlənməyincə, halalını haramından ayırd etməyincə yolumuz çox çətinliklərlə rastlaşacaq...

Mən dəfələrlə yazmışam, yenə də yazıram, Sovet imperiyasının KQB arxivini açan hər bir insanın adının, Azərbaycan torpaqlarını işğaldan azad edən şəxsiyyətin adıyla yanaşı Azərbaycan tarixinə qızıl hərflərlə həkk ediləcəyinə heç kəsin şübhəsi olmamalıdır!!! Bu tarixi arxiv sənədlərinin hələlik çox cüzi bir hissəsinin açılmasına cürət edən Anara təşəkkürümü bildirməklə yanaşı, “Mübarizə bu gün də var” kitabının 444-cü səhifəsində görkəmli xalq şairi Rəsul Rza haqqında verdiyi məlumatdan başqa, doğma anası - Şərqdə ilk demokratik respublikanın səhiyyə naziri, Gəncənin general-qubernatoru, Sovet imperiyasının da ilk günlərdə güllələdiyi Xudadat bəy Rəfibəylinin qızı Nigar Rəfibəyli haqqında yazdıqlarını heyrətlə, dönə-dönə oxuduqca ayağımın altından yer qaçırdı: “Anam danışırdı ki, otuzuncu illərdə Moskvada təhsil alanda tək bir tələbəlik təqaüdüylə dolanmaq çətindi, odur ki, SSRI Ali Sovetində tərcüməçilik işinə düzəlmişdim...”

Anar fikrini qurtarar-qurtarmaz doğma anasının dediklərinin tam əksini açıqlayan tarixi sənədi öz kitabında, öz əliylə göstərib, yazır:

“Tam məxfi.
Şəxsən ÜK(b)P MK xüsusi sektorunun müdiri Poskrebışevə.
Azərbaycan K(b) P üzvüləri Əli Həsənovun və Süleyman Rüstəmzadənin Nigar Rəfibəyliyə aid bu ilin 5 oktyabr tarixli məktubunu göndərirəm. Öz tərəfimdən də onun Kremldə işdə saxlanmasını mümkünsüz hesab edirəm.
Əlavə: deyilən məktub.
Azərbaycan K(b)P MK
Katibi M.C.Bağırov
19.10.1937"

Eyni zamanda Anar yazır ki, doğma anası 1932-1936-cı ildə təhsilini Moskvada bitirib Bakıya qayıdır (səh. 518). Deməli, Nigar Rəfibəyli 1936-cı ildə Bakıya qayıtdıqdan bir il keçməsinə baxmayaraq, M.C.Bağırov məxfi məktubunu SSRI Ali Sovetinə deyil, Stalinin inandığı, çox yaxın silahdaşı, Kremlin xüsusi şöbəsinin müdirinə ünvanlayır...

SSRI Ali Soveti hara, ÜK(b)P MK-nın xüsusi sektoru hara?..
M.C.Bağırovun Kremlə göndərdiyi məxfi məktubundan 37 gün sonra - 26 noyabr 1937-ci ildə Süleyman Rəhimov həbs edilir. Yəqin ki, bir çoxları da...

Haşiyə: Ziya Bünyadov, “Qırmızı terror” kitabı, 1993-cü il, səh.209-215.

Teymur Salahov 1937-ci il iyun ayının 31-də, Heydər Vəzirov və Həsən Səfərovun ifadələrinə əsasən, həbs edildikdən sonra müstəntiqə verdiyi ifadədə deyir: “Əks-inqilabi təşkilata şəxsən mən Laçın rayonu üzrə aşağıdakı şəxsləri cəlb etmişəm: Süleyman Rəhimov - Laçın PK-nin keçmiş katib müavini...”

Teymur Salahovun bu ifadəsindən dörd ay (!) sonra - Süleyman Rəhimov 26 noyabr 1937-ci ildə həbs edilir və 7 dekabr 1937-ci ildə Teymur Salahovla üzləşdirilir və əvvəllərdə verdiyi ifadəni bir daha təsdiq etsə də Süleyman Rəhimovu əks-inqilabi təşkilata cəlb etdiyini söyləsə də, çox kəskin keçən üzləşmədən sonra Teymur Salahov öz xahişi ilə 1938-ci il aprel ayının 25-də istintaqa çağırılır və deyir: “Bildirirəm ki, Ibrahim Səmədovun, Süleyman Rəhimovun və ifadələrimdə adları çəkilən digər şəxslərin əks-inqilabi millətçi təşkilata məxsusluğu haqqında mənim əvvəllər verdiyim cavablar həqiqətə uyğun deyildir. Səmədov və Rəhimov millətçi təşkilatın üzvü olmayıblar. Verdiyim ifadələr tamamilə uydurmadır”.

Bəli, həqiqətlər bunlardan ibarətdir. Teymur Salahov sədaqətlə Sovet imperiyasına nə qədər qulluq göstərsə də, son ayaqda kişilik göstərib, Imperiyanın üzünə tüpürməklə də ölümə meydan oxuyur! Allah qəni-qəni rəhmət eləsin... Teymur Salahovun bu ifadəsindən, yəni üzünə birbaşa dirənən olmayandan və Süleyman Rəhimov da beş ay (!) görünməmiş işgəncələrə məruz qalsa da, məhz heç kəsi satmadığına, böhtanlamadığına görə 1938-ci il aprel ayının 30-da azadlığa buraxılır...

Şərəfsiz böhtançılar! Süleyman Rəhimov məhbəsdən sonra Laçına birinci katib vəzifəsinə deyil, Bakıda, Incəsənət Işləri Idarəsinin Repertuar Komitəsinin sədri vəzifəsində işləyir. (S.Rəhimov: Biblioqrafiya. Bakı - 1976).

Bir daha Anarın kitabına qayıdıram. M.C.Bağırov məxfi məktubunda Nigar Rəfibəylinin Kremldə işləməsinin mümkünsüz olduğunu desə də, Bağırovu başa salırlar ki, Kremlin işinə müdaxilə etməyə onun səlahiyyəti yoxdur və bu “mənasız” məktubun üzərində isə bir neçə ay keçməmiş - 1938-ci ildə bitərəf Rəsul Rza Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. Beləliklə, Bağırova həddini aşmamağını bildirməklə ağır zərbə endirilir.

Nigar Rəfibəyli belə qüdrətli Xanım olub...

“Şərəfsizlik” müəllifi

Indi isə sözüm “525-ci qəzet”in baş redaktorunun xeyir-duası ilə dərc edilən “Şərəfsizlik” müəllifi, xüsusi dəyərli millət vəkili Hüseynbala Mirələmovadır: Siz yaxanızda gəzdirdiyiniz Azərbaycan Bayrağından utanmadan, xəcalət çəkmədən mənim ünvanıma “alçaq, şərəfsiz, nakişi, nadürüst, yaramaz, qeyrətsiz, kəmsavad, yazıq, psixi xəstə” kimi küçə söyüşlərindən istifadə edirsiniz.

Niyə utandırırsınız Azərbaycan Milli Məclisini?! Kişi ləyaqəti olan insan da, özünü bunca ucuzlaşdırarmı?

Görkəmli alim, kişi vüqarlı, mərdanə bir insanın, akademik Ziya Bünyadovun “Qırmızı terror” toplusundan guya “faktlara” əsaslanıb Süleyman Rəhimovun Teymur Salahovun üzünə durduğunu yazmaqla, məqaləniz boyu yol verdiyiniz yalanlar bir yana qalsın, qeyrətli Azərbaycan kişisinin adından istifadə edib yalanlar yazmaqla Ziya müəllimin ruhunu niyə incidirsiniz? Sizin belə hərəkətiniz alçaqlıq, nakişilik, qeyrətsizlik deyilsə, bəs nədir, “möhtərəm” millət vəkili?.. Millət vəkili uğrunda milyonlarla millət qarşısında, teleekranda göstərdiyiniz “oyunlar” psixi xəstəliyin simptomlarını xatırlatmırmı?

Çox böyük “tərbiyə” görmüş millət vəkili yazır: “Anar və Anara görə Rəsul Rza haqqında, hətta Anarın övladları haqqında qərəzli yazılar yazan murdarlar belə, heç vaxt Nigar Rəfibəylinin müqəddəs adını hallandırmayıblar. Şamo Arif bu şərəfsizliyi də boynuna götürdü”.

“Möhtərəm” xalq deputatı, siz özünüzü də, Anarı da çox pis vəziyyətə salırsınız. Çünki özünüz də çox gözəl bilirsiniz ki, Nigar Rəfibəylinin adını hallandıran Şamo Arif deyil, bu şərəfsizliyi 2002-ci ildə ilk hallandıran cənab Anar özü olub ki, bunu da “Mübarizə bu gün də var” kitabının 444-cü səhifəsində məharətlə edib. Bəlkə bu şərəfsizlikdən doğrudan da xəbəriniz yoxdur? Əgər belədirsə, özünüzün kəmsavadlığınızı seçicilərinizə də, həmkar deputatlarınıza da bildirməyinizin mənası nədədir? Şərəfsiz bir insanı, gözlərini bərk-bərk yumub, bütün varlığı ilə qoruyanı hansı adla adlandırılmasını isə şəxsən sizdən xahiş edirəm tapasınız...

Möhtərəm millət vəkili, deməyəsən, siz o qədər də ağılsız deputat deyilsiniz. “Şərəfsizlik” altından imzanızı qoyarkən, nə yaxşı ki, deputatlıq “libasınızı” soyunub, yalnız öz soyadınızı qeyd eləmisiniz: “Hüseynbala Mirələmov!” Həm də düşünürəm ki, siz ağılsız olsaydınız, Milli Məclisin kandarına da yaxın qoymazdılar...

Yazırsınız ki, “Şamo Arifə elə gəlir ki, kimsə Süleyman Rəhimov haqqında tənqidi bir söz deyirsə, bunu Anar təşkil edir”. Bu qədər də başa düşməzlik hardandı yetkin hesab edilən insanda? Mən heç də demirəm Anar təşkil edir, “Anar barmaqları” özləri öz işlərini çox gözəl bildiklərindən Anarın nəbzini tutub onun ürəyi istədiyi kimi də “vururlar”. Mən deyirəm ki, Anar özü yaradır, yazır. Dünyadan xəbəriniz həqiqətən yoxdursa, sizə yazığım gəlir... Millət vəkili, özü də bilmədən necə mürəkkəb oyuna salındığını dərk eləmir. Anarı tanımaq istəyirsə, məncə, bu “millət qəhrəmanı”nın 20 mart 2009-cu il tarixli “Ədəbiyyat” qəzetində dərc edilən, “müdriklik” göstərib adlarını çəkmədən üç görkəmli, Azərbaycanın fəxri olan insanları - Süleyman Rəhimov, Süleyman Rüstəm, Məmməd Rahimin cəzalandırılmasından ötrü yuxarı təşkilatları qapı-qapı gəzib, dəridən-qabıqdan çıxmasını görməmək, kor olmaq qeyri-mümkündür. Ənvər Məmmədxanlı barədə qələmə aldığı yazısında yenə də “müdrikliklə” Süleyman Rəhimova çirkablar atdığını isə dərk etməmək, nadanlıqdan başqa nə ola bilər?

Cənab millət vəkili yazır: “Mənim bildiyimə görə Anar bir dəfə də olsun, Şamo Arifin hərzə hədyanlarına cavab verməyib. Yəqin Şamo Arifi ən çox yandıran da budur”.

Yazıqlar olsun dünyadan bixəbər millət vəkilinə! Gözəl bir xalq bənzətmə-müqayisəsi mövcuddur: insan var, bilir ki, bilir, insan var, bilmir ki, bilir; insan da var, bilmir ki, bilmir. Belə olanda da yazıqlıq, bədbəxtlik yaranır. Cənab millət vəkili öz daxilindən, içindən gələn və onun özünə yaraşıq verən “gözəl” təşbehləri dilinə gətirib dadmaqdansa, bilməliydi ki, görkəmli xanım yazıçı Ələviyyə Babayevanın “Rəngbərəng yuxular” kitabında Anarın ailəsinə də aid edilən məqamlar var ki, həmin kitaba redaktor olduğuma görə Anar ürəyindəki çirkabdan da çirkab, murdardan da murdar, hərzə hədyanlarıyla (həmin kitab, səh.511) Şamo Arifə cavab verib. Əvəzində də Şamo Arifin məntiqlə, tarixi faktlarla, analitik təhlillə sarsıdıcı zərbəsini aldıqdan sonra (“Bakı Xəbər” qəzeti, 6-8 aprel 2004) susmağı ağıllı bilir...

Atamın həmişə təkrarladığı bir nəsihəti vardı. Deyərdi, ay oğul, hər atılan daşa, atmacaya, ləyaqətsiz yazıya məhəl qoyma, tüpür getsin... Atamın nəsihətinə, indi isə vəsiyyət kimi səslənən məsləhətinə bir dəfə əməl edə bilmədim.

Gərək Anarın cavabına da tüpürəydim. O yazıya tüpürə bilmədiyimə görə Anara bir lənət düşürsə, Anara baş qoşduğuma görə mənə on qat lənət düşür...
Dünya görüb-götürmüş bir insan kimi millət vəkilinə demək istəyirəm ki, varlığı işlətdiyi “xoş” sözlərlə doludursa, küçə uşaqlarıyla söyüş yarışına çıxsa, qalib gələcəyinə əmin ola bilər.
Nəhayət, millət vəkili əgər şərəflə bu adı daşımaq istəyirsə, söyüşlərini öz içində saxlasın və hədəfə aldığı adamın nə yazdığını dəqiqliklə oxucuya göstərdikdən sonra, özünü itirmədən, konkret faktlarla öz istəyinə çatmalıdır.

Hələlik, əsl mətləbdən uzaqlaşmamaq naminə Anarın doğma anası və möhtərəm Rəsul Rza haqqında ürək ağrıdıcı, bəlkə də, dəhşətli hadisələrdən xəbər verən açıqlamaları düşündürücüdür. Anarın Kremldəki fəaliyyətini gizlətməsi və dövlət sirri kimi xüsusi əhəmiyyətli iş yerinin oğul tərəfindən də ictimaiyyətə çatdırılması nə deməkdir?

Yenə də Beriyanın “əkdiyi ağaclar bəhrəsini” verməkdədir, desəm, bəlkə o qədər də yanılmaram. Allah şeytana lənət eləsin. Yadıma “ata, oğul” şeytan əhvalatı düşdü...

Tanrının fağırdan-fağır bir kəndli babası ulağını odunla yükləyib ocağına aparanda, düzün-düz yerində ulağı büdrəyir, yükünü aşırır. Kəndli baba heyrətlə ətrafına boylanıb heç kəsi görməsə də ürəkdən bir “ah” çəkərək, “Lənət sənə, kor şeytan!” deyib, yerində quruyub qalır... Çox-çox uzaqlardan bu hadisəni izləyən oğul şeytan ata şeytandan soruşur: “Səni niyə lənətlədi?” Cavabında ata şeytan gülümsəyib: “Mən haralarda olsam da, mənim şeytan barmağım istədiyimi eləyəcək!” deyir...

Mənim bu yazıya müraciət etməyimin səbəbi Anarın Ənvər Məmmədxanlıya həsr etdiyi essedən bəzi cümlələri, atmacaları oldu.

Anara elə gəlir ki, Rəsul Rzanın da, Anarın qohumunun da “cəza” almasının səbəbkarı Süleyman Rəhimovdur. O Süleyman Rəhimov ki, repressiya dövründə dəhşətli işgəncələrə məruz qalsa da, onu əymək, sındırmaq mümkün olmayıb. O Süleyman Rəhimov ki, adının çəkilməsi də qadağan edilən Hacı Zeynalabdin Tağıyevin doğma qızı Sara Xanım Sarayevaya, heç kəs Mircəfər Bağırovun qorxusundan cürət eləyib bir qarın çörək pulu qazanmaq üçün iş vermədiyi halda, Mədəni Maarif Müəssisələri komitəsində işləyərkən, komitənin arxivində, gözdən “uzaq” bir otaqda milyonçu qızına iş verir.

Sara Xanım da bu xeyirxahlığın müqabilində atası haqqında olan məlumatlar toplusunun üzərində: “Zəmanəmizin comərd insanı Süleyman Rəhimova Sara Xanım Sarayevadan” yazıb, təqdim edir.

Başı bəlalar çəkən Süleyman Rəhimov 1954-1958-ci illərdə, üçüncü dəfə Yazıçılar Ittifaqının sədri olduğu dövrdə, Səməd Vurğun rəhmətə getdikdən sonra, Sovet imperiyasının qəzəbindən çəkinsəydi, yaşadığı “Qızıl ordu” küçəsini iradəsi, cəsarəti hesabına dəyişdirdib, “Səməd Vurğun” küçəsi adlandırılmasına nail olardımı? Qorxaqlıq, acizlik, mənəviyyatsızlığın nə olduğunu bilmədən Cəlil Məmmədquluzadənin həyat yoldaşı, milyonçu qızı Həmidə Xanımın Fəxri Xiyabanda, həyat yoldaşının yanında dəfn olunmasına müvəffəq olardımı?

Bütün bunlar o dövr idi ki, Sovet imperiyasının qılıncının dalı da kəsirdi, qabağı da!

Süleyman Rəhimov 1938-ci ildə həbsdən azad edilsə də, çox çəkmir ki, həbsdə olan Ruhulla Axundovun təqdim etdiyi millətçilərin siyahısına istinadən ikinci dəfə həbs edilir. “Lakin Mircəfər Bağırovun göstərişi ilə siyahıda ”fəxri yerlərdə duran” Mir Bəşir Qasımov, Üzeyir Hacıbəyov, Səməd Vurğuna toxunulmur. Həbs olunan Süleyman Rəhimov isə tezliklə azad edilir”. (Ramiz Əhmədov: “M.C.Bağırov”. Bakı, 2004, səh. 123).

Şübhə yoxdur ki, Mircəfər Bağırov kimi bir insan, bu şəxsiyyətləri yaxından tanımasaydı, xüsusilə, Süleyman Rəhimovun saflığını, mərdanəliyini, kişi bütövlüyünü şəxsən bilməsəydi, belə bir məsuliyyətli işə getməkdən çəkinərdi.

Bütün bunlar - Süleyman Rəhimov haqqında çox qısa surətdə təqdim edilsə də, tarixi həqiqətlərdir - qaçılmaz, danılmaz, unudulmaz tarixi həqiqətlər!.. Heç də təsadüfi deyildi ki, onu yaxından tanıyan dövrünün ziyalı həmkarları Süleyman müəllimi şir ürəkli, fil dözümlü, kişilik simvolu kimi xatırlayırlar...

Anarın Süleyman Rəhimov haqqında yazdıqlarına mən heç də təəccüb etmədim, bəlkə də onu başa düşməyə çalışdım. Ona görə ki, doğma anası Nigar Rəfibəyli və hörmətli xalq şairi Rəsul Rza haqqında yazdıqlarını diqqətlə, heyrətlə, dönə-dönə oxuduqca ayağımın altından yer qaçırdı və Süleyman Rəhimov barədə yazdıqlarına “şükr” elədim...

Ona görə şükr elədim ki, məzarda uyuyan doğma anasının yalanlarını açan oğuldan hər nə desən gözləmək olar...
Napoleon hakimiyyətinin xarici işlər naziri Taleyran Fransa daxilində hər nə varsa, sata bilib. Yalnız anasını sata bilməyib. Ona görə sata bilməyib ki, alıcısı tapılmayıb...

Hər halda, belə bir Kreml açıqlanması, oğulun doğma anasına olan böyük məhəbbətdən irəli gəldiyini düşünmək o qədər də asan deyil... Bütün bunları buraxaq oğulun öz vicdanına və yapışaq şeytanların yaxasından...

Mən bilirdim ki, bu hadisələrə yeri gəldi-gəlmədi, “Anar barmaqları” fəaliyyətə keçəcəkdir. Ancaq bir onu bilmirəm ki, bu millət vəkili Anarın hansı çöçələ barmağıdır - əlinin, yoxsa, ayağının?..

Daha şeytanlara da hansı əlin, ayağın “barmağı” olmalarına baxmayaraq, heç də lənətlər yağdırmıram... Ona görə ki, xalq məsəli də var: “Şeytana ”papış” tikən, yəni torba tikən adamlar!"
Son olaraq şərəfdən, qeyrətdən dəm vuran millət vəkilinə məsləhətim budur ki, şərəfin, qeyrətin nə olduğunu bilmirsə, ona izah edim: 1988-ci ildə Bakıda Sovet imperiyasının tətbiq etdiyi fövqəladə vəziyyətin ilk günündəcə ailəmlə, iki qızımla əl-ələ verib 132 saylı məktəbin kollektivi ilə birlikdə hərəkət edən tankın qarşısını kəsərək, Prezident iqamətgahının qarşısını almışıq! Şərəf budur!

Daha Anar kimi qulağıma soyuq dəyib deyə, evdə gizlənmədim. O ağır günlərdə görkəmli tənqidçi, yazıçı, professor Qulu Xəlilov yazdı: “Anar bu ağır dövrdə xalqla bir yerdə olmaq əvəzinə Türkiyədə mühazirələr oxumaq bəhanəsilə aradan çıxdı”.

Mən - Şamo Arif isə faciəli 20 yanvar sınaq günlərində Prezident iqamətgahı qarşısında, mitinqdə, kommunist partiyası sıralarını qətiyyətlə tərk edib həmin gecə də Münhendə fəaliyyət göstərən “Azadlıq” radiosuyla, Mirzə Xəzərin səsilə bir-birinin ardınca “Insanlığa bəla gəlir” və “Qorbaçova açıq məktub” kimi bəyanatlarımla dünya ictimaiyyətini zorakı Sovet imperiyasının vəhşiliklərinə biganə qalmamağa çağırdım! Şərəf, qeyrət budur! Daha mən də Anar kimi xalq qarşısında etdiklərimi danmadım. Anar isə yazdı: “Yalan odur ki, mən heç vaxt partiya biletini heç kəsə təhvil verməmişəm. Bunu hamı təsdiq edə bilər.

O ağır yanvar günlərində doğrudan da partiyadan çıxmaq istəyirdim. Hətta, ərizə də yazmışdım...

Amma yalan məlumatlarla xalqı qızışdırmaq və xal qazanmaq lazım deyil. Bir vaxtlar partiyadan çıxmaq cəsarət idisə, indi, bəlkə, əksinədir. Bir vaxt partiyaya girməklə (?!) karyera əldə eləyirdilər, indi çıxmaqla edirlər. Xalq işi yolunda mübarizənin müxtəlif yolları var. Həm də partiyadan çıxmağı o vaxt hünər sayaram ki, partiyanın verdiyi bütün imtiyazlardan əl çəksin”.
(“Ədəbiyyat və incəsənət” qəzeti, 10 avqust 1990).

Bəli, budur Anar siması. Çox çəkmir ki, Moskvada keçirilən SSRI xalq deputatları qurultayında erməni deputatları kəskin, amansız çıxışlarıyla imperiyanın vəhşiliklərinə haqq qazandıranda, güman etmək olardı ki, bizim Anarımız da sıyrılmış qılınc kimi tribunaya atılıb xalqın faciəli 20 yanvar günlərindən odlu-alovlu danışacaq... Ancaq çox-çox təəssüflər olsun ki, Qorbaçovun bircə həmləsi ilə Anarın da qaçaraq düşməsi bir oldu və Bakıya qayıdan kimi, televiziya ilə çıxışı zamanı qorxaqlığından təəssüflə danışıb xalqdan üzr istəmək əvəzinə, “Qorbaçov məni tanıdı, mənə elə bu, bəsdir” deyə, özünü alqışlaması xalqın yaddaşından silinməyib.

“Xalq işi yolunda mübarizənin müxtəlif yolları var” deyən insana meydan - tribuna verilsə də, deməyəsən, o dövrün millət vəkili Anara da, özünü SSRI Prezidentinə tanıtmaq lazım imiş...

Görəsən, bərk-bərk yapışdığı partiyadan çıxa bilibsə, partiyanın verdiyi bütün imtiyazları, sözünün üstündə dayanıb, kişi kimi də qaytarıbmı?..

Əminəm ki, millət vəkili Hüseynbala Mirələmov da o faciəli günlərdə teleradio partladılan zaman ağzına su alıb susub, kommunist partiyasının üzvü olubsa, əminəm ki, Anar kimi də xalqın qanına batırılan partiya biletini daha bərk ürəyinə sıxıb...

Nəhayət, böyük ürək ağrısıyla yazdıqlarımı Dədə Süleymanın sözlərilə bitirirəm: “Gəlin, şərəfliləri şərəfli, şərəfsizləri də şərəfsiz göstərək. Gəlin, ədalət qarşısında dayanaq. Mən də Azərbaycan xalqının ağsaçlı övladıyam... Mənim vüqarıma əl qaldıran, ağ saçlarımı ləkələmək cəhdində bulunan hər kəsi mən ədalət divanına tapşırıram. Mən hər zaman Azərbaycan xalqının açıq məhkəməsinə hazıram. Bu gün sağ ikən də hazıram, sabah məzarda yatanda da bu xalq məhkəməsindən mənən qaçmıram” (“Dədə Süleyman dünyası”, xatirələr toplusu, Bakı-2010).

Yazdıqlarımı Dədə Süleymanın sözlərilə bitirmək istəsəm də, bacarmadım... 1965-ci ildə Mehdi Hüseynin ölümü ilə əlaqədar Sovet Imperiyasının Azərbaycanda törətdiyi oyunlarda canfəşanlıq edən, ağzından süd iyi gələn 27 yaşlı Anarın 44 illik ağır dərdi, Süleyman Rəhimov haqqında yığılan kin-küdurəti nəhayət ki, büruzə verildi (“Ədəbiyyat” qəzeti, 20 mart 2009).

Ancaq Anar kimi imperiyanın bu məkrli oyunlarında iştirak edən və müdrik yaşında peşmançılıq çəkən, öz etirafını kişi kimi edən xalq şairi Nəbi Xəzri ürəyi: O Nəbi Xəzri ki, şir ürəkli, fil qüvvətli Dədə Süleymana yumruq atmaq istəyir. O Dədə Süleymana ki, 1937-də ölüm kamerasında erməni dığası Yelyanın belini qırıb, istintaqdan didərgin salıb...

Bəli, o ağır günlərimizdən o qədər də çox ayrıla bilməmişik. Hələ 2000-ci ildə, “Yeni Azərbaycan” qəzetində, yeni dünyamızı səsləyən Nəbi Xəzri hayqırtısı:

“Allah şeytana - imperiya şeytanlarına lənət eləsin... Dədə Süleyman, mənim qeydlərimi, istəsəniz, böyük sənətkara, böyük şəxsiyyətə olan solmaz məhəbbətimin etirafı kimi qəbul edin! Istəsəniz, ani olaraq fitvalara uyan, şəxsən Sizə qarşı haqsızlığa yol verən bir övladın günah və qəbahətinin etirafı kimi qəbul edin. Istəsəniz, 100-illik şərəfli ömrünüzün qarşısında məbədə səcdəyə gələn bir şəxsin etirafı kimi qəbul edin...

Etiraf kişilik əlamətidir. Hamımızın hardasa, nə vaxtsa səhvimizmi, qəbahətimizmi olur... Bağışlayın, Dədə Süleyman, bağışlayın bizi... Bağışlayın Sizə qarşı olan haqsız dünyamızı.
Bağışlayın, Dədə Süleyman! Sizmi əsrin yaşıdısınız?

Əsrmi Sizin yaşıdınızdır? Siz əsrə sadiq oldunuz - əsr Sizin möhtəşəm kitablarınızda yaşayır. Əsr Sizə sadiq oldumu? Sadiq olsaydı, Sizin ömür yollarınız bu qədər keşməkeşli, bu qədər ağrılı, acılı olmazdı, Sizi 37-nin, bəlkə də ömrünüzün son günlərinə kimi davam edən sınaqlarına çəkməzdi...

Bağışlayın, Dədə Süleyman, əsrimizi, dünyamızı bağışlayın...
Mən bu gün Təzə Pir məscidini ziyarət etdim. Sizin ruhunuza yasin oxutdurdum. Son olaraq mən Sizə Ulu Allahımızdan rəhmət diləyirəm, qəbriniz nurla dolsun. Amin!.."

Bağışlayın, Dədə Süleyman, əsrimizi, dünyamızı bağışlayın...
P.S Hələlik, Hüseynbala, hələlik... Anarı isə böyük Azərbaycan qarşısında tarixi həqiqətləri açıqlayan debata çağırıram.

Şamo ARİF
# 1181 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #