Azadlıq qılıncların oxuduğu nəğmədi – Rüstəm Behrudinin şeirləri

Azadlıq qılıncların oxuduğu nəğmədi – Rüstəm Behrudinin şeirləri
17 sentyabr 2021
# 17:30

Kulis.az “Deyilən söz yadigardır” layihəsindən tanınmış şair Rüstəm Behrudinin seçmə şeirlərini təqdim edir.

Salam, dar ağacı...

Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.

Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının.
Rəngi bayrağımda yarpaqlarının,
Salam, Dar ağacı!
Əleyküm salam.

Əvvəlin axırı, sonun əvvəli
Buymuş, bilməmişəm bunu mən dəli.
Qorxum yox! Nə olsun boyun göy dəlir?!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Danış, Əmir Teymur, bu son nəydi bə?
Boynumda ağ kəfən, dilimdə tövbə...
Dərsini tərs bilən, mənimdi tövbə!
Salam, Dar ağacı!
Əleyküm-salam!

Səni mən əkmişəm... Mənə sən qənim,
Səni suvarmağa halaldı qanım;
Yarpağın rəng alsın qanımdan mənim,
Salam, Dar ağacı!
Əleyküm-salam!

Ey darın ağacı! Kimdən kəməm, kəm?!
Ya səni yendirrəm, ya sənə yennəm.
Ya da budağında yarpağa dönnəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkürəm, elə görk mənəm.
Sənin gözlədiyin qərib türk mənəm!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qəbul et, növbəti qurbanın mənəm,
Mənim canım səndə, bil, canın mənəm.
Elə qürrələnmə, hər yanın mənəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Vətən!

Qarşı yatan qara dağı-yaylağım,
Düzənləri, ormanları-oylağım.
Əyilməyəm çinarları-bayrağım
Vətən!

Bax, gör, sevgim təzədimi, tərdimi?
Hər doğulan oğuldumu, ərdimi?
Daşlarına yazdım min il dərdimi
Vətən!

Ağ alnıma Araz qara yazıdı,
Varaq, yol uzaqdı-qar ayazıdı,
Kərkükdü, Göyçədi, Qarayazıdı
Vətən!

Hər ağrılar, hər acılar ötəndi,
Əl uzatsam, Ərzuruma yetəndi,
Füzulinin məzarı da Vətəndi
Vətən!

Mənə üz tut - yurda ocaq qurana,
"Turan" - deyib Boz qurd kimi durana.
Sonun yoxdu, çevrilməsən Turana
Vətən!

Mənim andım "Ya bütövlük, ya qandı",
Zalım dostlar, qəbul edin bu andı:
Qara başım bu yol üstə qurbandı,
Vətən!

Tövbə

Nəğmə oxuyuram, söz ilmə-ilmə
Tale toxuyuram ilməsi köz-köz.
Elə toxuyuram dərdimi, Allah,
Bu cür hörümçək də toxuya bilməz.

İlahi, sən mənə bir az səbr ver,
Hisslərin əlindən qopar, çək məni.
Yoxsa ki, tezliklə dəlisov ürək
Bir qəfil ölümə çəkəcək məni.

Məni gözləyən var min ildi bəlkə,
Gözləyə-gözləyə alışır goru.
Döyüş gərəkdisə, qoy varım-gedim
Məni gecikməyin şərindən qoru.

Kim məni qurtarar görən özümdən,
Dərdi-dərdim oldu nədən özgənin.
Mənim bədənimdə kimin ruhudu,
Bəlkə ruh mənimdi, bədən özgənin?

Bəlkə ruh mənimdi-bədən özgənin,
İlahi, ruhuma, boyuma bir bax,
Bu ruhu günahsız dolandrmağa
Div boyda bir bədən gərəkdir ancaq.

Əvvəlin sonu yox, sonun əvvəli,
Bu canım ruhuma qənimdir, nədən?
Bu əllər, bu saçlar, bu göz mənimmi?
Yoxsa özgə ruhu gəzdirir bədən?

Günah içindəyəm ruhum didərgin,
Günahın həmişə - son ucu tövbə
Sözümdən boylanan bu tənhalığım
Ruhumun önündə sonuncu tövbə.

İlahi, sən mənə bir az səbr ver,
Hisslərin əlindən qopar, çək məni.
Yoxsa ki, tezliklə dəlisov ürək
Bir qəfil ölümə çəkəcək məni.

Aydın Qasımova

Nə tez düşdü qaranlıq,
Gəldi yenə axşamı?!
Hardan əsdi bu külək,
kim söndürdü bu şamı?!

Sonsuz çöl... Yol... Və qaranlıq...
Bir də yalnız bir atlı...
Tanrı dağdan xəbər var,
Xəbər var - yel qanadlı.

Gecə... Yağış... Bu atlı,
Qoşulub çapır yenə
Nal altında əzilən,
Yovşanların ətrinə...

Çapmır uçur bu atlı,
Çöl sonsuz, gecə qara...
Nur aparır boş qalıb,
Dağılmış çadırlara.

Qovur onu düşmənin
Altı min yüz atlısı;
Təkbaşına dayanıb,
Çölün yalnız atlısı...

Ötükəndə duracaq,
Yüyəni yox bu atın;
Qana batmış köynəyi,
Bayrağıdı Gürşadın.

Tanrı dağa gün doğar,
Nuru "Qızıl Alma"dan;
Bu atlı çətin dönər
Geri, qisas almadan.

Çox yaşamaq

Gözəlim Yağmur,
Gözəlim, birdanəm!
Tükənməz, bitməz,
Və nə vaxtsa, bitəcəyinə də
Ümid eləmədiyim
Ağrılar içindəyəm!

Şikayətim, filanım
Yox əslində, birdanəm!
Olsa da, gecdi, gecdi...
Ancaq onu bilirəm ki,
Sözüm - bir həsrəti
Yaşım - bir ölümü,
Ömrüm - bir tabutu
Süsləyəcək qədər
Gözəl keçdi
Gözəlim, birdanəm!

Mən dəli-sərsəm
Sənə özümü anlatmaq istədim
Gül-çiçək fəslində...
Yasəmən qoxusu var havada,
Və yaşamaq
Yavaş-yavaş ölməkdi əslində.
Mən - Behrudi Rüstəm,
Yəni, qara cildli kitabların
Üstündəki adım,
Yavrum, birdanəm,
Deyəsən bir az çox yaşadım!

Allah, sən kimin...

- Allah şərin tərəfində olmadığını kanıtla bilmir!
- Nədən?!

Bizi öldürürlər xəbəriniz yox,
Bizi yandırırlar, koram tüstümə;
Yenə tufan gəlir qarşı tərəfdən,
Yenə ayrılıqdı gəlir üstümə.

Bu da ayrılığın həsrət əlləri,
Bu da məzarımız, bu da baş daşı...
Ey bizi diriykən ayrılıqlara,
Yollamaq istəyən, fikrindən daşın!

Bilirsən nə deyir titrəyən əlim,
Bilirsən nə deyir gözlərimdə qəm?!
Mən öz tabutuna uzaqdan durub,
Sakitcə-sakitcə baxan deyiləm!

Bir də bənzəmərəm özümə heç vaxt,
Hər cür ayrılığa gözüm öyrəşib;
Ürəyim öyrəşib bəd xəbərlərə,
Dərdimi deməyə sözüm öyrəşib!

Nədən bu şəhərdə əcnəbilər tək,
Mənə qərib-qərib açılır sabah,
Bir cüt yaşıl yarpaq gözümdən yağan,
Heyrətim nə deyir, görəsən allah!

Görəsən nə deyir o namərd adam,
Görən niyə susub adamlar, allah!
Hamı təslim oldu şərə, sənin də,
Nədəndi canında qorxu var, allah!

Ya öldür, ya yaşat, bitsin bu qovğa,
Tərəf ol - ya haqq, ya da şər ilə;
Sən hər bir oyunda başsan, ustasan,
Bəsdi, çox oynadın bu bəşər ilə.

Deyirsən xeyir də, şər də səndədi,
Gah toy yerindəsən, gah dəfindəsən...
Ya ağlat, ya güldür, aç öz sirrini,
Qoy bilim, sən kimin tərəfindəsən!

Bizi öldürürlər, xəbərimiz yox,
Bizi yandırırlar, koram tüstümə...
Yenə tufan gəlir qarşı tərəfdən,
Yenə ayrılıqdı gəlir üstümə!

Vida türküsü

Mən yalqızam bir qurd kimi,
Mənnən birgə qalan gəlsin.
Talanmışam bir yurd kimi,
Qisasımı alan gəlsin.

Bir sevda var ləçək-ləçək,
Sən bilməsən, kim biləcək?!
Cəhənnəmdə bir kafir tək
Nə çəkirəm: bilən gəlsin.

Qeyrətdisə qanındakı,
Nə öndəki, nə sondakı?!
Mənim Tanrı dağındakı
Qismətimi bölən gəlsin.

Bu gün şaman imanını,
Öz içində Turanını,
"Damarında Türk qanını
Zərrə-zərrə bulan gəlsin".

Uymayıb düşmən sözünə,
Güzgülər geyib dizinə,
Namazını qurd üzünə
Yarpaq üstə qılan gəlsin.

Nə kafirəm, nə də asi,
Sevdim haqqa yenən kəsi.
Məkkəsiylə Mədinəsi
Ulu Altay olan gəlsin.

Gedin Çinə vara-vara
Xəbər verin Uyğurlara.
Tikə-tikə, para-para
Olunmuşam talan, gəlsin.

Nə veribdi tövbə mənə?!
Tövbə etmək tövbə mənə.
Gəlib çatıb növbə mənə
Mənnən birgə ölən gəlsin.

Boz qurd

Şair yuxusuna gül-çiçək girər,
Yenər yuxusuna göydən mələklər.
Yuxumda nə gördüm?!
Onun əlindən.
Nə çəkdim...
İlahi! Bilməyəcəklər.

Hər gecə, hər gecə yuxularımda
Çadırı dağılmış, ocağı sönmüş,
Tanrı qarğışıyla taleyi dönmüş,
Taleyi dönəndən qəm sərhədinin
Bir ucu günbatan, biri gündoğan -
Dağından, daşından, adamlarından,
Hətta otundan da qəriblik yağan;
Qara torpağına nə toxum əksən,
Yenə də baharda ayrılıq bitən
Bölünə-bölünə yox olub itən -
Sevgili bir yurd.
Sevgili bir yurd -
Hər gecə, hər gecə yuxularımda.

Hər gecə, hər gecə yuxularımda
Bu yurdla yanaşı, bu yurd boyunca
Ulaya-ulaya dolaşıb gəzən,
Obu, Yeniseyi, İtili keçib
Altaytək, Ağrıtək dağ aşıb gəzən
Üzü mavi,
Gözü göydən daha mavi,
Ağzı atəş kimi bir qurd.
Ağzı atəş kimi bir qurd -
Hər gecə, hər gecə yuxularımda.
Üstümə qəm gələr əjdahalartək,
Yuxumda bir ağız qurd ular, keçər.
Nədənsə həmişə yuxularımdan
Önündə qurd duran ordular keçər.
İndi gizli gəlir yuxuma bir vaxt
Ulaşa-ulaşa ordular basan.
Uluslar, "Bay göllər", Göyçələr səni
Məndən soruşurlar, Boz qurd, hardasan?!

Gəl, mavi işıqtək ələn başımdan,
Gəl, çıx uğuruma qaba ağactək.
Məni bu yuxudan alıb getməyə
Qaraquş oyunlu boz atlar gərək.
Məni bu yuxudan alıb getməyə
Qaraquş oyunlu boz atlar üstə
Gözündən od yağan övladlar gərək.

Eşidirsinizmi?! -
Qara qazlıq atların
Kişnərtisi gəlir misralarımdan.
Nə olsun səsimə yox qulaq asan?
Dalınca getməyə hazır durmuşam,
Səni gözləyirəm Boz qurd, hardasan?!
Hər gecə, hər gecə yuxularımda,
Üzü mavi,
Gözü göydən daha mavi,
Ağzı atəş kimi bir qurd
Və sevgili bir yurd -
Hər gecə, hər gecə yuxularımda

Şair yuxusuna gül-çiçək girər,
Yenər yuxusuna göydən mələklər.
Yuxumda nə gördüm, Onun ucundan.
İlahi, nə çəkdim...
Bilməyəcəklər.

Azadlıq, Torino kəfəni və zəvvarlar

Azadlıq bu şirin sözdə nələr var,
Azadlıq yoxdursa, viranələr var.

1.

Bütün pərdəsiz pəncərələr
Qəm pəncərəsidir, qəm...
...İstanbulda Kadıköydə
Çamlıca xəstəxanasının
pərdəsiz pəncərələrindən
Həyətdə qar altında çiçəkləyən
Gilənar ağacına baxa-baxa
Sən və Azadlıq haqqında
düşünürəm...
Və elə bu an;
xatırlayıram -
Sən azad olasan deyə
Nə cür əl çəkdim azadlığımdan.

2.

Azadlıq!
Ah, mənim azadlığım!
- Qarımış bacı, yenilmiş qardaş,
Gəlməyəcəyini bilə-bilə
Oğul yolu gözləyən ana...
Tanrım! Ölüm yatağında
Ölüm də çox asan görünür
azadlığı olmayana.

3.

Azadlıq!
Bu şirin söz dilimdə
zəhər dadır;
Azadlıq Bakıda
Gecələr sağ-solu
Fahişələrlə dolu
Gedib dənizə dirənən
Ən uzun bir küçənin adıdır...
Bakıda Azadlıq sadəcə
bir küçənin adıdır.
“Azadlıq” susan meydandı bir də
Nə zamandı köz kimi
bağrına basıb Bakı;
Bu meydan indi addı
Bir də yatan qiyamdı,
qiyamdı ruhumdakı.
Bu məmləkətdə şairlər lal-kar,
Əvəzində Bakının küləkləri dəlidi,
Əvəzində Bakının çiçəkləri dəlidi...
Azadlıq - Bakıda soyunan bir qadın heykəlidi...

4.

...Azadlıq Sinqapurda
arxideya çiçəyidi;
Bu məmləkətdə dibçəkdə doğulub
Dibçəkdə yaşayıb, dibçəkdə ölər.
Yazıq dibçəklərdə yatıb, külə dönən
çiçək azadlığımız,
Yazıq mənə, kül oluram tüstünə...
...Azadlıq Sayqonda
Düşmən qərargahına uzanan
250 km-lik yeraltı tuneldi
Təkbaşına döyüşçü Kuçili qızlar
Gəlin gedən kimi gedər,
gedər düşmən üstünə.

5.

Qərbdə Azadlıq!
- Amsterdamda azan səsidi,
Parisdə pəncərəsi pərdəsiz
Notrdam kilsəsidi...
Vatikanda mavi keşişlərin
duaları, andı,
Londonda şəhərə çökən dumandı,
dumandı azadlıq.

6.

Şərqdə Azadlıq -
Azadlıq anı
Lüt-üryan hacıların
Məkkədə şeytana atdığı daş;
Qərbdə Azadlıq -
Kələkbaz Leonardo Da Vinçinin
İsanın Torino kəfənidi,
Sirri açılır yavaş-yavaş.
Şərqdə Azadlıq -
Çində Çin səddidi,
Qüdsdə ağlayan divarlar.
Kəbənin hər il təzələnən örtüyüdü
Və bir də ilbəil dəyişən zəvvarlar.

7.

“Azadlıq”
Amerikanın qulağının dibində
Kuba adlı bir ada;
Xalqı Azadlıq haqqında
Çe Gevara adlı mahnı oxuyur
Acqarına səhərdən axşamacan
Havanada, Varedorada.
Azadlıq adası - Kuba...
Kuba azadlığın köksündə bir yara.
“Azadlıq” adasında
Azadlıq haqqında bir mahnı
Öldürür məni,
Mahnımın adı - Çe Gevara.

8.

Kim nə deyir desin,
Azadlıq qılıncların
oxuduğu nəğmədi;
Çünki,
Azadlıq qan tökməkdi,
Fərqi yoxdu
Başqasının olsun, ya özününkü...

9.

Hər il
“Azadlıq” meydanından
zəvvarlar gedir.
Allahın evinə
sevinə-sevinə.
Bu nə yoldu Tanrım?!
Bu nə yoldu imanlı
İmansızla bir gedir.
Şuşadan keçməyən yol
Kəbəyə nə cür gedir?!

10.

Bu nə cür şəhərdi, Tanrım?!
Şairləri yox,
küləkləri dəlidi
Sevənləri yox,
çiçəkləri dəlidi.
Azadlıq
Bakıda soyunan bir qadın
heykəlidi.

# 12816 dəfə oxunub

Müəllifin son yazıları

# # #