Kamyuya necə şər atırlar - Dalğa Xatınoğlu yazır...

Kamyuya necə şər atırlar - Dalğa Xatınoğlu yazır...
28 mart 2018
# 13:31

Kulis.az Dalğa Xatınoğlunun “Optimist Kamyuya atılan şər” essesini təqdim edir.

Mövlananın 60 min beytlik və bir neçə nəsr əsərindəki mirasını oxuyarkən, bir məqam diqqəti çəkir: Bu adam yalnız bir yerdə, bir misrada gileynəlir, o da ayrılıq dərdindən. Özü də dəfələrlə deyib, dünyada bir günah var, o da kədərdir.

Necə də gözəl olar biz də dağınıq həyatı sadələşdirib, hər şeyi bir edək. Bir günah, bir savab, bir iş...

Sənin işin nədir? Mən aşiqəm.

Bütün önəmli sənətkarlar tarix boyu həyata “bəli” deməyi bacaranlardırlar, enerji, sevgi, düşüncə, vəcd ilə dolu. Neçə vaxt öncə Kamyunun Kaliqula əsəri haqda bir məqalə yazmışdım. Pis olmaz, bu barışmaz, mübariz, düşüncəli və xeyirxah yazara atılan “pessimistlik” şəri haqda yazım.

Hər bir yazarın yaratdığı xarakterlərə, öz yanaşma tərzi var. Tolstoy mənfi xarakterlərdə belə nəsə müsbət cəhət kəşf edib ortalığa çıxarıb. Dostoyevskinin istənilən xarakteri istənilən oxucunun güzgüsüdür. Şekspir ən sadə adamların sadə sözlərində olan dərin məfhumları qabardıb oxucunun önündə sərgiləyib, Floberin xarakterləri pis-yaxşının ötəsində dayanır. Nə özü, nə də oxucu onları yarğılamır. Prust ilə Ceyms Coys xarakterlərinin arxasında gizlənib özlərini sərgiləyirlər, Milan Kunderanın xarakterləri, şəxsiyyət deyil, sırf təsadüfi vəziyyətin və proseslərin yaratdığı təsadüfi variantlardır və s.

Alber Kamyunun xarakterlərinin hamısı bir tür uşaqdırlar, həyatla birbaşa və ansızın qarşılaşırlar. Dəqiq uşaq kimi. Ona görə də, "Yad" romanında insanları Mersonun gözündən görürük. O, bir uşaq kimi plansız şəkildə hadisələrlə üzləşir. Buna görə də Rolan Bart söyləyir ki: “Yad" əsəri neytraldır, heç kimin tərəfini tutmur, kimsənin lehinə-əleyhinə deyil. Kamyu fəlsəfənin sıfır nöqtəsidir.

Müəllif "Taun" əsərində insanların qısaca "teleqraf cümlələri" ilə bir-birinə münasibətini həyatın ən dözülməz halı kimi dəyərləndirir. "Yad" əsəri nəinki elə "teleqraf cümlələri" ilə başlayır, hətta müəllif teleqraf sözünü də başlanğıcda işlədir: "Bu gün mama öldü. Bəlkə də dünən. Əmin deyiləm. Evdən gələn teleqraf deyir: Anan keçinib".

Cümlələr qısa, teleqraf cümlələri kimi yazılıb. Yeri gəlmişkən ilk cümlədə "ana" sözünü elə uşaq kimi "mama"(maman est morte) deyir, amma üçüncü cümlədə evdən gələn teleqrafda "ana" yazılıb. Eyni cümlədir onun dillində: "Mama öldü". Başqasının dilində "Ana rəhmətə getdi".

Bu örnəyi ona görə gətirdim ki, Kamyunun bütün əsərləri bir-birinə bağlıdır. Məndən soruşsanız ki, tutalım, Kamyunun "Yad" əsərləri haqda hansı analitik, tənqidi kitabı oxumaq lazimdır, deyərəm ki, onun başqa romanlarını oxu.

Image result for Alber Kamü

Yeri gəlmişkən, bu əsər, 1942-ci ildə - İkinci Dünya müharibəsinin ortasında yazıb may ayında bitirib. Neçə ay sonra "Sizif" əsəri nəşr olunub. Bu iki roman bir-birinə sıx bağlıdır, baxmayaraq ki, "Yad" bədii əsərdir. "Sizif"də olduğu kimi, "Yad" əsərinin başlanğıcı da gündəlik işlərin təkrarıdır. "Sizif"də necədir? "Erkən yuxudan qalxmaq, travma, dörd saat iş, günorta yeməyi, bir daha dörd saat iş, travma, istirahət, yatmaq, erkən yuxudan qalxmaq, travma…" və s.

Onun bütün romanları fəlsəfi təsvirlərlədir. Özü də deyir, sənət təsvirlərlə danışan fəlsəfədir. Yeri gəlmişkən, bu sözü hamıdan çox Milan Kundera qulağına sırğa edib. Onun da romanlarında eyni şey var. O da düşünürdü ki, roman fəlsəfə ilə eyni funksiyanı daşıyır, yalnız manevr imkanları daha genişdir. Səbəb bədii əsərdə təsvirlərin olmasıdır. Qısaca deyim ki, Kundera "Paris Review" jurnalına müsahibəsində Hermann Brox kimi düşünərək, "Həyatın gizli bir aspektini kəşf etməyən roman, tamamilə əxlaqdan kənar bir şeydir”, - söyləyir. Onun fikrincə, Broxdan əlavə, Robert Musil ilə Stefan Sveyq də "düşüncə romanı" ustalarıdırlar. Mən tamamilə bu sözlə razıyam.

Bəs Kamyu necə?

Yeri gəlmişkən Kunderanın fikirini söyləyim. O, düşünür ki, Kamyu, hətta Volterin özü, bir filosof kimi roman yazıblar, romançı kimi fəlsəfə yaratmayıblar, əslində ədəbiyyatın kəşf etmək gücündə olmasına inanmayıblar.

Məncə, Kamyunun ən zəif cəhəti budur. Yəni fəlsəfə vasitəsilə roman yazır, romanın özü isə özlüyündə nəyisə kəşf etmir, kəşfləri fəlsəfi fikirlər ortalığa çıxarır. Ola bilsin fəlsəfə kitabı kimi arqumentlər və məntiqlərlə deyil, imajlar və təsvirlərlə danışır, amma axır ki, fəlsəfənin işini olduğu kimi görür. Buna görə də əsərləri daha çox əxlaqi dəyərlərlə yüklənib. Ola bilsin ki, bu cür öyrətimlərin, bu cür yükləmələrin səbəbi aldığı təhsil və bu təhsilin onun yaradıcılığına tuşlanan təsiridir.

Fəlsəfə tezisi haqqında Plotin ilə Avqustin Avrelius haqda yazıb, yəni Helenism ilə Xristianlığı birləşdirən boğaz haqda. Ola bilsin, İkinci Dünya müharibəsi ilə əlaqədardır, ola bilsin, erkən yoluxduğu vərəm xəstəliyinin birbaşa təsiri olub, ola da bilsin, anasından ötürülən ispan qanının təsiridir və yaxud Əlcəzairin işğalı, yaşadığı yetim və yoxsul həyatla bağlıdır. Hər nədirsə, Kamyu nihilist deyil, hətta əxlaqla yüklənmiş olsa belə bir mübarizdir. Özü də deyir ki, "mən" üsyan edirəm, demək "biz" varıq. Yəni öz üsyanında, yalnız özünü deyil, bir xalqı, bir dünyanı varlandırmağa çalışır.

Kamyu demir mən üsyan edirəm, varam. Deyir, mən üsyan edirəm, biz varıq. Belə bir adama qəti pessimist damğasını yaraşdırmaq olmaz, yalnız şərləyib, bu ləkəni ona yaxmaq mümkündür. Bunların hamısı ideoloji hökumətlərin, o cümlədən kommunizmin medialar vasitəsilə yaydığı uydurmalardır, o cümlədən nihilist puçluq və anarxizmi hərc-mərc, qanunsuzluq kimi təqdim ediblər. Qəti belə deyil.

Burda puçluqdan söz gedə bilməz. Sadəcə, onun söykəndiyi əxlaqi dəyərlər metafizik deyil, tamamilə insani dəyərdir. Bu sistem hələ də bizlərə yaddır. Adətən indi də metafizik dəyərlərdən uzaq insanın əxlaqlı birisi olmasına inananların sayı çox azdır. Bu sistem hələ də oturuşmayıb.

Nihilizmdən söz düşmüşkən, "dünya mənasızdır", deyir. "Dünyada heç nəyin zatən mənası yoxdur, insan özü hər şeydə məna yaratmalıdır". İnanmıram kimsə bu sözlə razılaşmasın. Adi həyat təcrübəmiz də bunu göstərir. Bu, qəribə bir ideya deyil.

Kamyunun hansı romanının Azərbaycanda nəşr olunmasını və daha çox bəyənilməsini dəqiq bilirəm. Bilmirəm vurğunu, diqqəti hansı əsərinin üzərinə qoyum, amma bildiyim qədərilə adətən bütün dillərə çevrilmiş "Yad" romanı daha çox seviləndir. Buna görə də elə həmin roman üzərində danışmaq daha doğru olardı.

"Yad" romanında uşaq tipli bir adamla üz-üzəyik. Bütün insanları və hadisələri onun gözü ilə görürük, o isə heç bir hadisədən heç bir nəticə çıxarmır. Bəlkə "Yad" romanının sevilməsinin səbəbi də, budur. Mən adi həyatda da fenomenlərlə birbaşa qarşılaşan adamlarla ünsiyyətdə olmağı çox sevirəm. Hamı belədir. Hər şeyin hesab-kitabını edən, planlaşdıran, xeyir-ziyanının dərdini çəkənlər adətən bezdirici olurlar.

Image result for Alber Kamü

Merso yarğılamır, hətta məhkəməyə qədər başqalarının ona qarşı yarğısını da önəmsəmir, onun üçün hamı eynidir, anasının matəm törəninə gələn sevgilisi, dostu, anasının rəfiqələri, arabanın sürücüsü, papa, qazi, hamısı eyni adamdırlar və hamısı ilə eyni cür davranır. Elə bir vəziyyət alınıb ki, nə yazar, nə də əsas xarakterlə diskurs yaratmaq olmur, hər ikisi sakitdirlər, buna görə ki, uşaq təbiətində olan Mersoya deyilən sözlərin hamısı rəsmi dildə olan sözlərdir, bu isə tamamilə bu dilə yad adamdır, ümumiyyətlə bu növ dil ilə əlaqə yarada bilmir. Elə bu səbəbdən də yarğılamır, çünki onunla ilgi qura, dil tapa bilmir. Anasının tabutuna baxıb sırf mismarı düşünür, anasının törənində heç nə olmamış kimi durub-dayanır, ağlamır, ondan bir gün qabaq anasının ölüm xəbərini alandan sonra dənizə gedir, çimir, sevgilisini evə gətirib yatır, sevgilisinin "məni sevirsən?" - sualına səmimiyyətlə "yox" deyir, beyninə sahildə gün vurduğu, gözünə gün düşdüyü üçün adam öldürür. Yalnız romanın sonuncu səhifəsində birdən dirəniş nümayiş etdirir. Haqlı olaraq belə söyləyir: "Məni öldürsəniz də, yenə mən haqlıyam".

Məhkəmə zalı bu davranışların sirrini açır. Merso adam öldürdüyü üçün mühakimə olunur, amma hamı onun anasının mərasimində necə laqeyd dayanmasından danışır. Bu səhnə, qanunların, məhkəmə sisteminin, insanların yarğısının necə yanlış bir vəziyyətdə olduğunu və uşaq təbiətli insanın niyə yad kimi başqalarına davrandığını dəqiq təsvir edir. Məncə, səbəb dəqiq olaraq, budur: Yarğı sistemi xəstədir. Əsas günah bir tərəfdə qalıb, aid olmayan mövzular qınaq qaynağına çevrilib insanı əzir.

Çox təəssüf, mən Fransız dili bilmirəm, ancaq Kamyu ingilis dilində nəşr olunan "Yad" romanına yazdığı ön sözdə qeyd edir: "Bizim toplumda anasının qəbri üstə ağlamayan birisi zatən edama məhkumdur. Merso buna görə məhkəmədədir ki, toplumun qurduğu oyunda iştirak etmək istəməyib. Niyə istəməyib? Buna görə ki, yalan danışmaq istəmirmiş".

Merso deyir: "Azad olsam, gedib bütün edam mərasimlərinə baxacağam". Bu söz dəqiq "Çöküş" (Süqut) romanını xatırladır. Bir insan cılız əxlaqi dəyərləriylə özü üçün ad-san qazanır, amma canını götürüb bu vəziyyətdən qaçır. Sonra bütün ömrünü bunun açılışına həsr edir. Nə vaxt, nə zaman bu əxlaqi çöküşə, süquta uğradığını özü üçün aydınlaşdırmağa çalışır.

Özünü çaya atan qadını sırf havanın soyuq olduğu üçün görməzdən gəlib suya atılıb qurtarmadığı zamanmı, yoxsa, məhkəmə zallarında yalanı yalana calayıb, günahkar insanların canını səfsəfə ilə qurtardığı zamanmı? Haçan?

Bəlkə də heç biri. Kamyu özü belə deyirdi: "İnsan yeganə canlıdır ki, öz mövcud vəziyyəti ilə barışmır. İstənilən durumda olsa, yenə də o durumuna qarşı üsyan edir. Buna görə də "Yad", "Sizif", "Çöküş", “Kaliqula” əsərlərinin hamısında gündəliyə qərq olmuş bir insanın çıldırması ilə üz-üzəyik. Vəziyyətini dəyişə bilməyən, durumunu çeşidləndirə bilməyən bir insanın dalana dirəndiyini görürük. Amma "Taun" əsərində görürük ki, bir həkim şəhərdə baş alıb getmiş taundan canını götürüb qaçmır, qalır, insanların canını qurtarmağa çalışır.

O, şəhəri belə təsvir edir: "Alver, biznes, rifahla dolu bir şəhər". Bu şəhərdə hər şey qazancdan ibarətdir. Bütün bağlar, təbiət, gözəlliklər məhv olunub, bazarlar böyüyüb. Oraya taun xəstəliyi gəlir. Əslində, taun elə həmin şəhərin düşdüyü vəziyyətdir, hansı ki, insanlar teleqraf cümlələri kimi qısaca sözlərlə bir-birinə münasibət göstərirlər. Kamyunun özü də böyük şəhərlərdən qaçırmış. Yalnız bir əlcəzairli, yaxud ispan qanı daşıyan adam başa düşə bilər ki, Fransanın Parisində deyil, cənubunda yaşamağın zövqü daha çoxdur.

"Yad" romanının özü də elədir. Mersonun anası ölüb, amma o, idarə rəhbərindən iki-üç günlük məzuniyyəti necə alması haqqında düşünür. Qalıb hansı sözlərlə onu başa salsın, özünə haqq qazandırsın ki, anası ölüb və o, bu törənə qatılmaq üçün səfərə getmək zorundadır.

Nobel mükafatı mərasimindəki çıxışında Kamyu belə söyləyir: "Hər bir nəsil, şübhəsiz hiss edir ki, dünyaya dünyanı dəyişmək üçün gəlib, amma bizim nəsil daha böyük bir missiyanı daşımağa məhkumdur. Bizim nəsil bilir ki, dünyanı dəyişə bilməyəcək, buna baxmayaraq var gücü ilə dünyanın özünü məhv etməsinin qarşısını almaq haqqında düşünür".

Belə bir durumda olan yazar, insanlarla sənət vasitəsilə şəfaqət, birlik, ünsiyyət yaratmaq istəyir. Bu, tamamilə bir əxlaqi yanaşmadır. Onun Nobel nitqinin hamısı sənətin əxlaqi görəvi üzərindədir. Gücün caynağında zorla susdurulmuş insanların ədalət çağırışıdır. Onun bütün bədii əsərlərində, jurnalistika və siyasi fəaliyyətində bir əsas vurğu var. Sənətçi yaşadığı əsrdən üz döndərməməli və bəşəriyyətin acısına ortaq olmalıdır. Eyni zamanda yaşadığı qərinədə itib-batmamalıdır.

# 2648 dəfə oxunub

Müəllifin son yazıları

# # #