Yalnız tanrı sevgiyə layiqdir - Dalğa Xatınoğlu

Yalnız tanrı sevgiyə layiqdir - Dalğa Xatınoğlu
28 iyul 2023
# 16:00

Kulis.az Dalğa Xatınloğunun "Dörd eralıq estetikanın təkamülü, Nizarın uşaq sevgisi" yazısını təqdim edir.


Vil Durant “Sivilizasiyanın hekayəsi” kitabında incəsənətin 50 min il yaşı olduğunu yazsa da, poeziyada sevgi estetikasının ömrü çox azdır və hətta Şekspir qədim Yunan və Roma şairlərini haqlı olaraq, sevgini önəmsəməməkdə qınayır.

Min ildir ata-babalarının qurduğu sivilizasiyada yaşayan amerikalı qızıldərili qəbiləsinin rəhbərindən “Hansı qadının daha gözəldir?”- soruşanda,“Hamısı eynidir, güclü və doğurqan.” - deyib
Poeziyanın yaranma tarixini bilməsək də, ilk yazılı şeirlərə baxanda, görürük ki, hamısının müəllifi kahinlərdir və o şeirlər daha çox dualara bənzəyir. Məsələn, ilk yazını ixtira edən şumerlərin dörd min il yaşı olan gil lövhələrindəki şeirlər diqqətəlayiqdir. Özəlliklə ona görə ki, sevgi şeirlərinin hamısını qadın kahinlər və rahibələr yazıb, hansı ki, məbədlərdə onların əsas işlərindən biri, subay oğlanlarla yatmaq və onlara seks öyrətmək idi.
O dövrdəki sevgi şeirlərinin hamısında cinsi alətin və cinsi aktın açıq şəkildə təsvirini görürük.
Müqəddəs rahibələrin vəzifəsi haqqında yəqin ki, "Qılqamış" əsərində oxumusunuz, ancaq bizim fahişə dediyimiz o qadınlar, vaxtilə ən müqəddəs qadınlar hesab edilirdi.
“Müqəddəs evlilik” ənənəsinə görə, Şumer kralları hər il bir rahibə ilə evlənirdilər. Təmmuzla (Tanrının adı. Təmmuz ayının adı da buradan gəlir) İştar tanrıçasının evliliyi bərəkət simvolu idi.
İstanbulun Qədim Şərq Əsərləri muzeyində Ur şəhərinin kralı Şu-Sinin evləndiyi rahibəyə aid, 4 min il yaşı olan bir şeir var.
Müəllif açıq-aşkar cinsi istəklərindən, seksdən danışır və Təmmuz ilə İştarın onları qutsamasını diləyir.
Əlbəttə, Şumer şeri beytlər və bəndlərlə yazılsa da, tam sərbəstdir, qafiyəsizdir.
Tarix boyu yalnız üç dövrdə, qadın şairlər çoxluq təşkil edib:
Şumerlərdə;
Orta əsrlərdə - duaları şeirə çevirən kilsə rahibələri. Hansı ki, Hegel o şerləri romantik şeirlər adlandırır. (bizim romantizm dediyimiz məktəbdən fərqlidir)
Və nəhayət, indiki əsr;

Şumerlərin mədəniyyətini mənimsəmiş Babil və Assuriya şeirləri daha çox dini motivlidir, ya da dualardan ibarətdir.
"Leyli və Məcnun" əsərinin də kökündə Babil mədəniyyəti dayanır: Kis (Qeys, yaxud Məcnun), günəş məbədindəki məktəbdə Lilaksa (Leyli) vurulur və Günəş tanrısının əvəzinə bir qızı sevdiyi üçün şəhərdən qovulur. Nəhayət, çoxlu çətinlikdən sonra qayıdıb, Lilaks ilə evlənir. Ancaq bir müddət sonra, Lilaksı buraxaraq, bir çoban qızına qoşulub, gedir.
Əslində, bu, dini şeirdir. Yalnız tanrının sevgiyə layiq olduğunu xatırladır. Ərəblər bu hekayəni dəyişsə də, əslində, Nizaminin eşitdiyi, təsvir etdiyi kimi olmasa da, hamısının mesajı eynidir: Yalnız tanrı sevgiyə layiqdir.
Leyli tanrı sevgisini hiss etmək üçün bəhanədir.
Tanrıya şeir həsr etmək ənənəsi həmin dövrdən Babilistanda və Assuriyada sürgünlükdə olmuş İsrail xalqının dini mətnlərində, o cümlədən Davudun, Süleymanın dilindən yazılmış məzmurlarda, qəzəllərdə, həmçinin, platonik şairlərin hamısında - Nizami, Mövlana, Hafiz Şirazi, Nəsimi, Füzuli, Dante, Milton və başqaları - hamısında rast gəlinir. Bu ənənə 19-cu əsrdə yaşayan Emersonun - transsendentalizm məktəbinin yaradıcısı - şeirlərində belə var.
Yeri gəlmişkən, Hafiz Şiraziyə qədər tanrıya sevgi daha çox utanc və qorxu üzərində idi. Şərqdə tanrıya şux və mehriban sevgili kimi yanaşmaq ənənəsini şeirə Hafiz gətirib. Hafiz, Füzuli və sonrakıların qəzəllərində həm ilahi sevgiyə var, həm də, deyirsən, bu mətnlər hansısa bir qıza, yaxud oğlana yazılıb.
Eynilə Şekspirin sonetlərində və ondan sonrakı şairlərin şeirlərində də var.
Qısası, Şumerlərin dövründən sonra - yunan şairi Safonu çıxsaq, - insana sevgi yenidən şeirə qayıdıb.
Ancaq sevgi estetikası dedikdə, mənim diqqətimi həmişə bir məqam çəkib. Burada da modern şairlərin çoxçeşidli yanaşmaları var.
Duyğulara toxunmayan heç bir hadisənin xatirəyə çevrilmə şansı yoxdur. Eləcə də sevgi şeirlərinin qalarğılıq və estetikası, hansısa bir xatirəni canlandırması üçündür. Bu xatirələr bəzən insanın altşüurunda qalır və bir şeirlə yenidən canlanır, dirilir. Bilincə gəlməsə də, xatırlamasan da, dəqiq bu halı haçansa yaşadığını hiss edirsən.
Məsələn, Türk şairi Camal Sürəyyanın bu şeri:


Sizin hiç babanız öldü mü?
Benim bir kere öldü, kör oldum.
…Siz hiç hamama gittiniz mi?
Ben gittim lambanın biri söndü
Gözümün biri söndü kör oldum.
…Siz hiç sabunluyken ağladınızmı?


Bu şeir hələ atası ölməmiş, hamamda - sabunlu ikən ağlamamış birinə dərhal toxunur və o düşünür ki, haçansa bu hissi yaşayıb. Ancaq haçan?
Çox sadədir. Hamı uşaqkən anası başını sabunlayanda ağlayıb. Və bu hiss illər sonra bir misrayla alt şüurumuzdan boylanır.
Təkcə bu deyil, hətta sevgi şeirlərində də uşaqlıq duyğularıyla dolu örnəklər vardır.
Siz ərəb müğənnisi Macidə əl-Ruminin “Kələmat” mahnısının sözlərini oxusanız, deyərsiniz, bu şeirin müəllifi bir qadındır. Hədsiz təsirli və çox estetikdir, ancaq əslində, onu ərəblərin ünlü kişi şairi Nizar Qəbbani yazıb. Özü də kişilərin ən kişi tipi!
Şeir belədir:

Məni rəqsə qaldırırkən,
Sözlərə bənzəməyən sözlər qulağıma söyləyir
Biləyimdən tutub,
Bir bulud üstünə qondurur məni
Gözlərimdən axır qara yaş,
Leysan kimi yağır, leysan kimi
Daşıyır məni özüylə birgə,
Aparır çəhrayi eyvanı olan bir axşama
Əlində bir uşaq kimiyəm
Yelin apardığı lələk kimi
Mənə pay verir yeddi ayı öz əllərilə,
Bir boğça mahnı bağışlayır,
Bir günəş,
Bir yayı pay verir və bir dəstə qaranquş
Payımsan, töhfəmsən söyləyir,
Min ulduza bərabər bir xəzinə,
Gördüyü ən gözəl portret
Gicəlləndirici sözlər söylər
Unuduram rəqsi,
Həyatımı dəyişən sözlər,
Bir qadın hisslərini yaşadır anlarca
Mənə bir saray tikir xəyaldan
Orada sırf anlarçün yaşayıram
Sonra yerimə qayıdıram
Və,
Yanımda sözlərdən başqa heç nə yox
Başqa sözlərə bənzəməyən sözlər
Heç nəyim yox, sözlərdən, sözlərdən başqa...


Bu şeir, əlbəttə ki, bir qadının kişiyə yazdığı şeir deyil, tam əksinə, bir kişinin qadın sevgilisinə yazdığı şeirdir, ancaq bu təvirlər həm qəribə, həm də doğmadır. Doğmalığı haradadır? Sevgiliyə belə yanaşmaq, tamamilə uşaqca hissdir, hansı ki, hamı uşaqlığında bir qadınla bunu təcrübə edir, istər anası, istər sinifdaşı, istərsə qohum, tanışı ilə. Bu gənclik yaşının halı deyil.
Uşaqsal yanaşmanın başqa bir estetik cəhəti də var: yarğılanmağa qoymamaq. Buna görə, şeirlərdə bu tip yanaşmalar çox sevilir. Çoxları buna səmimilik deyir, ancaq bu çox dərin və ciddi məsələdir.
Alber Kamyunun “Yad” romanını oxumusunuz. Əsas xarakterin yanaşmaları, davranışı uşağı xatırladır: Plansızlıq, rəsmi dildə danışanları anlamamaq, hökm verməmək, anasının cənazəsini, ayrılığını deyil, tabutunun mıxını-mismarını düşünmək, gözünə gün düşdüyü üçün təsadüfən birini vurmaq, məhkəmədə özünü müdafiə etməmək.
Kamyunun xarakterlərinin hamısı bir növ, uşaqdırlar, həyat həqiqətləriylə birbaşa və qəfil qarşılaşırlar. Dəqiq uşaq kimi. "Yad" romanında insanları Mersonun gözündən görürük. O, bir uşaq kimi, plansız şəkildə hadisələrlə üzləşir. Buna görə də Rolan Bart deyir: “Yad" əsəri neytraldır, heç kimin tərəfini tutmur, kimsənin lehinə-əleyhinə deyil. Kamyu fəlsəfənin sıfır nöqtəsidir.
Roman necə başlayır? O, "Ana rəhmətə getdi" cümləsini "mama öldü"(maman est morte) kimi oxuyur. Eyni cümlə onun dillində: "Mama öldü", rəsmi dildə isə "Ana rəhmətə getdi".
Merso oxucuya niyə bu qədər doğmadır? Hətta oxucu onunla eyni vəziyyətə düşdüyünü hiss edir. Buna görə ki, bu hisslər tamamilə uşaqsaldır və hamının altşüurunda var.
Merso yalnız romanın sonuncu səhifəsində şıltaqcasına, inadla söyləyir: "Məni öldürsəniz də, haqlıyam".
Sonda Nizardan başqa bir şeir:


Sevgin bir yaşıl quşdur
Bir qəribə yaşıl quş
Bütün böyüyən quşlar kimi böyüyür
Qonub barmaqlarımı dimdikləyir
Haçan gəldi o gözəl yaşıl quş?
Dimdikləyir göz qapaqlarımı
Necə gəldi?
Sevən birisi düşünmür ki...
Mən heç zaman bunu düşünmədim, sevgilim,
Bir sarışın uşaq kimidir sevgin
Oynayır duyğularımla ona dözərkən mən
Sınası hər şeyi sındırır yolunda
Önümə çıxır yağmurlu bir gün
Dəcəl bir uşaqdır sevgin
Çöllərin çiçəkləndiyi kimi
Hamı uyuyurkən, o, oyaq
Ah sevgilim,
O uşağın göz yaşına dözəməm ki...
Özbaşına böyüyür sevgin
Şaftalı ürəyinə şirinliyin sızdığı kimi
Qapımızın önündə dağ laləsinin bitdiyi kimi
Yabanı şam ağacı,
Və təpələrdə badamın göyərdiyi kimi

Sənin sevgin hava kimi, sevgilim
Doğrusu nədir sənin sevgin?
Sarımış məni, özüm duymadan, hiss etmədən
Eşqin bir adadır sevgilim
Xəyalın erəmədiyi bir yer
Düşlərin düşü,
Deyiləməyəsi, yozulamayası
Gülmü, qılıncmı?
Işıq saçan şammı?
Yoxsa dağıdıcı tufan?
Yoxsa tanrının yenilməyən ərdəmi?
Ah sevgilim,
Büsbütün bildiyim bu: “Eşqimsən”.
Və aşiq birisi,
Başqa heç nəyi düşünmür ki...

# 2615 dəfə oxunub

Müəllifin son yazıları

# # #