Saxta Hacının savabı

Saxta Hacının savabı
2 aprel 2015
# 12:20

Bu ölkədə hərə bir status iddiasındadır. Neçə illərdi ki, “Ən bərkgedən” status Hacı statusu sayılır. İldə bir dəfə Həcc ziyarəti üçün sənəd qəbulu elan olunanda konkret məbləğ açıqlanır. Məbləğ konkret olsa da, eyni olmur, ildən ilə artır. Üstəgəl, müəyyən zaman və yerinə yetirilməsi gərəkən dini rituallar tələb edilir ki, sonda “Hacı” titulu qazanılsın. Hacı olmaq üçün pulunu verməlisən, getməlisən, qurbanını kəsib gəlməlisən. Amma bu ilk baxışda belə görünür. Sən demə...

Qonşu kənddəki köhnə dostlarla təzəcə görüşüb hal-əhval tutmuşduq ki, ortalıqdakı meydanında yekə CİP dayandı. Çala-çuxur yolların və kasıb daxmaların fonunda daha nəhəng və yaraşıqlı görünən maşından gözümü çəkə bilmədiyimi görən dostum “Hacı Şəmşirdi” – deyəndə, düşəcək adamın yaşlı-başlı biri olduğunu düşünüb, özümə çəki-düzən verdim. Lakin damağında siqaret, cavan bir oğlan maşından enib bizə tərəf gəldi. Kamalı-ədəblə əl verib görüşdü. Mənə xoşgəldin eləyib, evə qonaq dəvət elədi. Qulluğumda dura biləcəyini xüsusi vurğu ilə deyib, öz yaşıdlarının yığışdığı tərəfə, meydanın o başına yönəldi.

Bütün hərəkətləri ilə deyirdi ki, bu Hacı o Hacılardan deyil. Üstəgəl yaş məsələsi, əməllicə şübhə yaradırdı adamda. Azcana aralanmağını gözləyib, sual dolu nəzərlərimi dostlarıma yönəltdim. Sağ olsunlar, sual verməyimə imkan vermədilər. Bir-birlərinə təbəssümlə baxdıqdan sonra, aramla izah elədilər. Biri digərini tamamlaya-tamamlaya nağıl elədilər ki...

- Şəmşir Hacı Əkbərin nəvəsidi. Dayıları Türkmənistanda olur. Orda qurduqları şirkətlə Orta Asiya ölkələrindən Azərbaycana quru meyvə gətirirlər. İmkanları çox yaxşıdır. Atalarının Həccə getmək arzusu olduğunu bildiklərindən, bu iş üçün tələb olunandan qat-qat artıq pul göndəriblər ki, kişi arzusuna çatsın. Hacı Əkbər pulu qırağa qoyub ki, “sənəd qəbulu” nə vaxt başlasa, onda ödəsin. Di gəl, bu “qıraq yer”, orta məktəbi təzəcə bitirən Şəmşir üçün heç də “qıraq yer” sayılmırmış. Birdən-birə, əlinə xeyli pul keçən Şəmşir... Yox, qudurub eləmir. Heç pulun hamısını birdən götürməyə də tələsmir, lazım olduqca, lazım olan miqdarda götürür. Həcc vaxtına hələ çox qaldığından, baba da fikir vermir ki, pul yerindədi, ya yox.

Dostumun nəfəs dərməyindən istifadə edən, digər dostum davam elədi

- Sinif yoldaşı, çoban Səfərin oğlunun, çöllərdə mal-heyvan dalınca gəzməkdən ayaqları qabar bağlayıbmış. Şəmşir bir yaxşı at alıb, dostuna bağışlayır. Digər sinif yoldaşının uşaqlıqdan dediyi “Kaş ikimizin də yaxşı velosipedi olaydı, yarışa girəydik” - arzusunu reallığa çevirir. Bir kasıb kəndçisinin övladının toyunda, “istədiyi qızın” başına, düz 200 dollar “şabaş” atır. O kişi indi də Hacı Şəmşirə minnətdardı ki, toyun bütün əyər-əskiyini məhz o pulla örtə bilib.

- Öz tay-tuşundan sonra, böyüklərə yardıma keçir. Bir neçə nəfərin kənd dükanına olan borcunu ödəyir, izahını da verir ki, dayım göndərib! Özü də bərk-bərk tapşırıb ki, filankəsin borcu varsa ödə, ikinizdən başqa heç kəs bilməsin. Bir neçə dəfə də, yaxşıca yeyib-içmək məclisi düzəldir ki, dayım belə istəyib - Şəmşirin üçüncü kəndçisi dedi. Ardınca yenə birinci dostum söhbəti davam elədi:

- Bütün yayı, ara-ara xeyirxah işlərlə başa vuran Şəmşir payızda əsgərliyə yola düşür. Bütün kənd yığışıb, ağlaşa- ağlaşa öz “mesenat” oğlunu əsgər yola salır. Baba, səbəbini anlamasa da, kənd camaatının öz nəvəsinə olan sevgisindən qürur duyur. Nəvəsini bağrına basıb, o üz-bu üzündən öpür.

Əkbər kişi bu sevginin səbəbini sənədlərin qəbulu başlayanda anlayır.

Yox, Şəmşir o qədər də düşüncəsiz deyildi, babasına da pul saxlamışdı. Amma ziyarət üçün tələb olunan pulun heç iyirmidən biri də deyildi qalan. Tez-tələsik övladlarına zəng edib vəziyyəti izah edir. Evdə də, bərk-bərk tapşırır ki, bu haqda heç kəsə heç nə deyilməsin. Lazım olan məbləğ, dərhal göndərilir. Əkbər kişinin Həcc arzusu reallaşır.

Di gəl, sirr dediyin, elə bir quşdur ki, hardan olur-olsun yer tapıb uçacaq. Xəbər kəndə yayılır, kənd camaatı “o bulağın suyunun” haradan gəldiyindən axır ki, xəbərdar olur. Nəticədə, hələ baba gedib ziyarət edib gəlməmiş, nəvəyə “Hacı” statusu verilir.

İndi o vaxtdan illər keçib, Şəmşir əsgərliyini çəkəndən sonra dayılarının Bakıdakı işində onlara kömək edib, özünə gün-güzəran yaradıb. O ilki xeyirxahlığı olmasa da, azdan- çoxdan yenə dost-tanışa əl tutur. Vaxtilə qoyulan adı üstündədir. Kəndin uşağından böyüyünə hər kəs onu Hacı Şəmşir kimi tanıyır, elə də çağırır.

Bax belə... Diplomsuz müəllim, oxumamış həkim, pulla məktəb bitirən mühəndis görmüşdüm və bunların öz ətrafına, bütünlükdə xalqa nə qədər zərər verə biləcəyi də hamımıza məlumdur. Amma Həccə getməmiş, ziyarət eləməmiş Hacı olanı birinci dəfə görürdüm. Üstəgəl, heç kəsə heç bir ziyan vermədən, əksinə ətrafındakı hər kəsə xeyirxahlıq edərək... Hacının beləsinə, bir neçə dəfə ziyarət edib gələnlər içində də az-az rast gəlindiyini yaxşı bilirik. Odur ki, dostlarımı, təəccüb qarışıq təbəssümlə dinlədim. Sonda qeyri-ixtiyarı, ucadan dediyim sözlər, dostlarımın da, meydanın ta o başından eşidən Hacı Şəmşirin də gülüşünə səbəb oldu:

- Allah qəbul eləsin, qardaş. Belə Hacı hər kəndə lazımdı! Hacı Şəmşir təcrübəsini yaymaq lazımdı ki, kim istəyir, elə öz kəndindəcə “Hacı” ola bilsin!

# 727 dəfə oxunub

Müəllifin son yazıları

# # #