Evli qadına aşiq olmaq əzabı

Evli qadına aşiq olmaq əzabı
12 dekabr 2012
# 08:45

İçkinin təsirindən bu dəfə ayaqlarım tutulmuşdu. Sol ayağımdakı trombdan müalicəyə başladığım üçün günümün çox hissəsi evdə keçirdi. Bütün günü facebook-da üzünü görmədiyim o qadınla danışırdım.

Əvvəlcə qardaşımın evinin bir otağına sığınmışdım, sonra isə ayrıca kirayə mənzil tutub kitab-dəftərimi və bir-iki dəst paltarımı da götürüb köçmüşdüm birotaqlı mənzilə.

Facebook-dakı dostum da insaf edib skype-da gül camalını göstərdi və beləcə mənim təkliyimə və tənhalığıma o qadının həyəcanlı baxışları və şirin səsi qənim kəsildi.

Müalicəm uğurla getdiyi üçün içki ilə əvvəlki ayrılmaz dostluğumuz pozulmuşdu. Hər şeyə ayıq başla, sağlam analitik təfəkkürlə baxa bilirdim. Yəni, hisslərimin ağlıma qalib gəlmək şansı sıfıra bərabər idi.

İsrarla məni görüşə çağırması, “mənə öz kitablarını gətir” deməsi ürəyimcə olsa da, bu görüşdən qaçırdım. Amma həyatımda ciddi boşluq yaranmışdı, tanıdığım, ünsiyyətdə olduğum bütün qadınlar ya çıxıb getmişdi, ya da mən uzaqlaşmışdım onlardan.

Dostum da tez-tez deyirdi ki, “Kədərli, qaramat statuslarınla bezdirmisən qadınları. Birdəfəlik başa düş ki, qadınlar kədərli, məğlub kişiləri yox, güclü, pozitiv kişiləri sevir”. Sözün açığı heç nə umrumda deyildi. Sonuncu münasibətdən geriyə ancaq kədərli xatirələr qalmışdı. Birlikdə olduğum qadın başqasıyla yatandan sonra bütün əhvalatı nöqtə vergülünə qədər mənə danışıb bağışlanmağını istəmişdi. Əvvəlcə bağışlamışdım, sonra nəyə isə əsəbləşib onu da biryolluq həyatımdan silməyə qərar vermişdim.

Deyirəm axı, ağılla hisslərin çarpışmasında ağılın qalib çıxdığı günlər idi. Uzun müddət facebook-da danışdığım tələbə qız görüşməyi təklif elədi. Düşünmədən qəbul edib, onu münasib kafelərin birinə dəvət elədim. Sözün açığı sadəcə tanımadığım biri ilə dərdləşməyə ehtiyacım vardı. Kədərli, hüznlü halımla oturub kitab vərəqləyirdim ki, gəlib çıxdı (Sözün açığı kitabı oxumaq üçün yox, vaxtımı öldürmək üçün vərəqləyirdim).

Ordan-burdan xeyli söhbət elədik, kompliment deyib, kompliment eşitdim və eqomu xeyli doyuzdurdum. Qalxmağa hazırlaşanda əlimdən tutdu. Bütün bədənimdən qəribə bir gizilti keçdi və hiss etdim ki, dəhşətli şəkildə onu arzulayıram. O isə 19 yaşlı bir qızın edə biləcəyi məhrəmliklə əllərimi kiçik əllərinin içində bərk-bərk sıxır, hərdən də gözlərimin içinə baxırdı. Hər ikimiz nə istədiyimizi bilirdik, amma olmazdı. Onu evimə dəvət edə bilməzdim, çünki qarşımı kəsən çoxlu səbəblər vardı (Təcrübəsiz bir qıza bu vicdansızlığı edə bilməzdim).

Evə dönüb içki şüşəsinə cumdum. Bəzi hallarda siqaret və içki qadını əvəz edir, daha doğrusu unutdurur.

Çox içmək səhhətimə ziyan olduğu üçün o gün azacıq içdim və içimdəki ağırlıq əriyib gedənə qədər ağladım.

Sonra yenə axşam düşdü, facebook-da hüznlü statuslar yazıb siqareti siqaretə caladım. Heç kəslə danışmaq istəmirdim. Yazılan PM-lərə cavab vermədən silirdim və başa düşürdüm ki, hər kəs yüngülvarı təsəlli ilə özünü canıyanan göstərməyə çalışır.

Onun üçün darıxırdım. Facebook səhifəsinə, səhifədəki fotolarına dəfələrlə baxdım. “Çox gözəl qadındır” deyə düşündüm. Gecə yarısını keçəndən sonra ondan PM gəldi. Skype-a dəvət edirdi. Narahatçılıqla, bir az da həyəcanla skype-ı açdım. Salamlaşdıq və o ərindən, onu necə sevməyindən danışmağa başladı…

Növbəti günlər bu söhbətlər qətiyyən xoşuma gəlməsə də, onunla söhbət eləməyə can atırdım. Əri haqqında söhbətləri bitəndən sonra, bir-birimizə şeirlər oxuyurduq. Yazıq şairlər…Atilla İlhan, Nazim, Küçük İskender, Qismət, Aqşin, Salam….

O çox gözəl şeir oxuyurdu və bilgisayarımın kiçik monitorunda onun görüntüsü, qulaqcıqlardan ta ürəyimə qədər işləyən həyəcanlı səsi mənə təkliyimi unutdururdu. Onunla sağollaşan kimi birbaşa yatağa uzanıb, onu düşünə-düşünə yuxuya gedirdim.

Hər gün eyni narahatçılıqla onunla online görüşümüzü gözləyirdim. Şansızlıqdan mən onun əri ilə bağlı söhbətlərini dinləməyə məcbur idim…

Ağrılarım azalan günlərin birində görüşməyə qərar verdik. Sakit kafelərin birində görüşüb çay sifariş verdik. O çox rahat və sərbəst idi. Boynu xəzli gödəkçəsini çıxarmadan qarşımda oturub gülümsəyirdi. O an içimdə hansı təlatümün baş verdiyini isə sözsüz ki, anlamırdı. Bu masada tez-tez əri ilə birlikdə oturduqlarını danışırdı…

O gün içimdəki ümidsizliyi boğmaq üçün avtobus dayanacağına qədər bərabər getməyi təklif elədim. Könülsüz razılaşdı. Amma üzündən və davranışından hiss edirdim ki, təklifim ürəyincə deyil. Görünür mənimlə birlikdə görünmək istəmirdi. Bəhanə tapıb sağollaşdım. Bundan artığını bacarmazdım. Axı dediyinə görə onun çox sevdiyi əri və öz dediyi kimi xoşbəxt bir ailəsi var…

Amma niyə əri ola-ola gecənin yarısına qədər mənə vaxt ayırmalı idi? Niyə dostum olmağa, yanımda olmağa çalışmalı idi? Yox, mən bacarmırdım. Qaçmalı idim, özü də çox sürətlə və dayanmadan. Qalmağım, bu münasibətləri davam etdirməyim imkanım xaricində idi. Ona aşiq olduğumu demişdim. Hər şeyi bilirdi…

Hətta mənə elə gəlir ki, məni tez bir zamanda ovsunlayacağına əminlik vardı onda…

Facebook-u, skype-ı bağılayıb aradan çıxdım. Yox, içimdə yeni bir fırtınanın, ümidsizliyin və acizliyin yaranmasına izin verə bilməzdim.

Deyirəm axı, ağlım hisslərimə qalib gəlməyə başlayıb son zamanlar.

Onu da düşünürdüm…

Hiss edirdim ki, yenə də əvvəllər olduğu kimi saf və qarşısıalınmaz hisslərin qucağında çırpınıram.

İsti yuvasının dağılmağına səbəb ola bilməzdim. Mən getməli idim və getdim də…

Virtual aləmlə bütün əlaqələrimi kəsib özümə çəkildim…

İndi ara-sıra ağrılar məni əldən salmağa cəhd edir. Mən isə qədərimə boyun əyib, siqaretimi tüstülədirəm. Hərdən özümə lənət oxumaq isə köhnə peşəmdir.

Nəhayət ki anlamışam, evli qadınlara aşiq olmaq əzabdan başqa bir şey deyil…

# 9210 dəfə oxunub

Müəllifin son yazıları

# # #