Bin Ladenin məhbusu olmuş azərbaycanlının -HƏYAT HEKAYƏSİ

Bin Ladenin məhbusu olmuş azərbaycanlının -HƏYAT HEKAYƏSİ
28 noyabr 2012
# 10:00

Əmiraslanov Etibar Əmiraslan oğlu həm Əfqanıstan, həm də Qarabağ müharibəsinin iştirakçısıdır. Onun digər Əfqanıstan döyüşçülərindən fərqi odur ki, o əfqanların əsirliyində olub və Taliban lideri, o vaxtlar çox gənc yaşlarda olan Üsamə Bin Ladenlə qarşılaşıb.


Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb Etibar bəylə Əfqanıstandan, onun döyüş yolundan, əsirlik həyatından danışdıq...

Müharibənin əzabları təsirsiz ötüşməmişdi. Tez-tez yerindən narahatçılıqla ayağa qalxır, danışanda isə hiss olunacaq dərəcədə kəkələyirdi...

Hərbi xidmətdən Əfqanıstan döyüşlərinə

1961-ci ildə Tovuz Rayonun Əlibəyli kəndində doğulmuşam və uşaqlığım doğulduğum kənddə keçib.

1979-cu ilin avqust ayında məni hərbi xidmətə apardılar. Bu hansı çağırış idi, bilinmirdi. Sadəcə komissarlığa çağırdılar və hərbi xidmətə apardılar. İlk getdiyimiz şəhər Lvov oldu. Desant qoşunlarında xidmətə başladım. Dadaş Rzayev bizim briqadanın komandiri idi. Günlərin bir günü xəbər gəldi ki, “qaraları” yığırlar. Əsasən Ukraynadan, Zakarpatyedən olanları seçirdilər. Bizi də onların gözünə qatıb apardılar Termezə. Bir ay burda qalandan sonra yola çıxdıq. Amu-Dərya çayını keçəndən sonra başqa bir mənzərə başlayır. Böyük yoldur və həmin yolda tamamilə başqa avtomobillər hərəkət edirdi. Biz yavaş-yavaş irəliləməyə başladıq. Yolda bizə komanda verdilər ki, avtomatları doldurub hazır saxlayın, hər an hər şey ola bilər. O ana qədər bizə hara getdiyimizi, nə üçün getdiyimizi deməmişdilər.

Qəfil döyüş, qorxaq döyüşçü

Paluxumiri adlı yeri keçəndən sonra atəş altına düşdük. Nizamla hərəkət etsək də pərən-pərən düşdük. İlk dəfə idi ki, güllə səsi eşidirdim. Təlim vaxtı boş güllələr atmışdıq, amma burda maşına dəyib istiqamətini dəyişən güllələr artıq “oyun” deyildi. Qorxudan maşının altına girmişdim. Yaxşı ki, gündüz deyildi. Yoxsa maşının altına girdiyimi görərdilər. Ancaq ruslar atışırdılar. Ola bilsin ki, rus dilini bilmədiyim üçün mən hər şeydən xəbərsiz idim. Burdan gedəndə bir “xleb”, bir də “voda” bilirdik...Başqa heç nə anlamırdıq.

Su maşınında sürücü

Yolda üç nəfərimiz yaralandı və biz yaralılarla birlikdə gəlib Kabilə çatdıq. Bir ay Kabildə qalandan sonra tərkibində bizim batalyonun da olduğu bir briqada təşkil etdilər və biz Cəlalabad şəhərinə yollandıq. Yolda üç maşınımız minaya düşdü. Artıq gündüz olduğu üçün mən yavaş-yavaş güllə atırdım.

Batalyonumuzda bir su maşını vardı, arxasında “boçka”sı olan “Qaz 66”... Onu heç kəs arxaya sürə bilmirdi. Gizirə dedim ki, olarmı mən maşını geriyə sürüm. Gizir əvvəlcə inanmadı. Çünki bizə meşədən qaçmış insanlar kimi baxırdılar. Onlara elə gəlirdi ki, biz vəhşiyik. Sonra icazə verdi və maşını çox yaxşı idarə elədim. O gündən əmrim verildi və su maşınında sürücülüyə başladım.

Tovuzlu Mamedin ölümü

Mən hərbi hissə üçün su daşıyırdım və iki BMP-biri arxadan, biri də qabaqdan-məni müşayiət edirdi. Tovuz rayonundan Sadıqov Mamed adlı bir əsgər yoldaşım vardı. Çox qoçaq, bacarıqlı oğlan idi və çox vaxt birlikdə gedirdik su gətirməyə.

Növbəti dəfə gəldik göldən su doldurmağa. Mameddən əlavə 7-8 əsgər vardı. Suyu doldurandan sonra onlar Mamedlə birlikdə soyunub çimmək üçün gölə girdilər. Mən üzə bilmədiyim üçün maşının yanında gözləyirdim. Elə yenicə suya girmişdilər ki, BMP-lərdən birini əfqanlar vurdu və BMP yanmağa başladı. Suda olan əsgərlərdən 4-5-ni sudan çıxmamış güllələdilər. İlk dəfə idi ki, belə vəziyyətə düşmüşdüm. Mamed sudan çıxıb onlarla atışmağa başladı. Çox ürəkli oğlan idi, Mamed... Mən isə qayaların arasında gizlənmişdim ki, güllə məni tutmasın. Gözümün qabağında Mamedi vurdular. Mamedin cansız cəsədinə baxa-baxa qalmışdım. Qəfildən əfqanlar gizləndikləri yerdən çıxıb cəsədlərə yaxınlaşdı. Bir neçə nəfər Mamedin cəsədini təpikləyir, onun cansız bədənini təhqir edirdilər. Gördüm ki, daha səbir edə bilmirəm. Gizləndiyim yerdən çıxıb onları nişan aldım və tətiyi çəkdim. Artıq geriyə yol yox idi və məni öldürəcəkləri şübhəsizdi. Briqadamız yaxın olduğu üçün, mən atışmağa başlayanda, artıq kömək gəlmişdi. 8 nəfərdən cəmi iki nəfəri sağ qaldı o döyüşdə.

“Lal-kar” kəşfiyyatçı

Həmin gündən etibarən briqadada mən də daxil olmaqla 14 nəfərə saqqal saxlamağı əmr elədilər. Başa düşdük ki, bizi kəşfiyyat üçün hazırlayırlar. Mən dil bilmədiyim üçün, lal-kar kimi aparırdım özümü. Sinəmə qədər saqqal saxlamışdım və əfqanlardan seçilmirdim. “Lal-kar” obrazı yaratmaq üçün 3 ay hazırlıq keçmişdim. Qulağımın dibində silah atsalar da reaksiya vermirdim. Bir taciklə bərabər kəndlərə girir, orda basmaçıların olub-olmamağı ilə bağlı məlumat verirdik. Mən dediyim kimi, lal-kar obrazında bütün günü susur, tacik yoldaşım isə ünsiyyət qurur, söhbət edirdi. Bütün bədənimiz xəritə və radioötürücülərdən ibarət idi. Biz kənddəki vəziyyəti hərbi hissəyə bildirəndən sonra kənddən 2-3 km uzaqlaşırdıq. Sonra vertolyotlar həmin kəndin altını üstünə çevirir, nə basmaçıya, nə qadına-uşağa güzəşt edirdilər. Ən çox da əfqanların namazda olduğu vaxtı seçirdilər. Qəribədir ki, camaat namazı vaxtı yanındakı yoldaşı öldürülən əfqan heç nə olmamış kimi namaza davam edirdi. Qadınlar tamam örtülü olduqları üçün üzləri belə görünmürdü. Basmaçılar da çox vaxt qadın paltarında döyüşürdü. Qadın paltarındakı kişiləri hərəkət edəndə tanıyırdıq. Qadınlar sol, kişilər sağ ayağı ilə addım atır. Sağ ayağı ilə addım atan kimi güllə qadına güllə atırdıq və üzünü açanda görürdük ki, kişidir.

Deşifrə olunan kəşfiyyatçılar

Bizim sovet əsgəri olduğumuzu biləndə, çox dəhşətli anlar yaşadıq. Taciklə hərəmizə bir karabin tüfəng götürmüşdük. Mənim karabinimin tətiyinin yuvasında yazı var idi. Ərəb əlifbasını bilmədiyim üçün, yazını bəzək kimi başa düşmüşdüm. Əfqanlarla söhbət edəndə biri karabini məndən istədi. Heç nə anlamadığım üçün silahı verdim. Silahı alan kimi yazıya baxdılar və tacik yoldaşımdan silahı hardan almağımızı soruşdular. Sən demə silah bizimlə söhbət edən əfqanın öldürülən qardaşının silahı imiş...

Tacik izah edə bilmədiyi üçün bizi döyməyə başladılar. Üstümüzdəki radioötürücülər, xəritələr töküldü və bizi əsir götürdülər. Başımıza kisə keçirdilər və üç gün, üç gecə yol getdik. Bizi əsirlərin saxlanıldığı və əfqanların qərargah kimi istifadə etdiyi Tora-Bora mağarasına apardılar.

Bin Ladenlə qarşılaşma

İllər sonra başa düşdüm ki, döyüşçülərin içində seçilən, ətrafdakıların çəkindiyi adam Bin Laden imiş. Onu efirdə, qəzet səhifələrində görəndə başa düşdüm ki, mənim gördüyüm adam da budur. Onunla ünsiyyətdə olmasam da çox mülayim adam idi. Həmin vaxtlar onun 23-25 yaşı ancaq olardı. Tora-Bora mağarasında saxlananda onu hərdən görürdüm. Ətrafdakılar ona ehtiramla yanaşırdı. Əsirlikdə taciki məndən ayırmışdılar. Mən saxlanan yerdə 11 nəfər rus əsgəri də vardı. Rus əsgərləri əfqan qadınlarını, uşaqları zorladıqları üçün əfqanlar bizə nifrət edirdi. Əsirlərin gündə birinin başı kəsilirdi. Hamıdan cılız olduğum üçün ruslar məni qapının ağzında saxlayırdı ki, əfqanlar içəri girəndə birinci məni görsünlər və aparıb edam eləsinlər. Ancaq hər dəfə başqa adamı aparır, “allahu əkbər” deyib başını kəsirdilər. Biz isə qapıdakı deşikdən bu dəhşəti görürdük.

Sovet ordusunun sahib çıxmadığı əsir

Əsirlikdə cəmi üç nəfər qalanda xəbər gəldi ki, bizi dəyişirlər. Başımıza kisə keçirib gətirdilər bizi sərhəddə. Artıq rusca danışıq eşidib sevinməyə başlamışdım. Ancaq mənim adım gələndə rus zabit dedi ki, “Cəhənnəm olsun, o sizin qardaşınızdır”. Təsəvvür edin ki, sovet ordusu mənə sahib çıxmadı və məni dəyişmədi. Mən yenidən əfqanların əsirliyində qaldım və məni mağaraya qaytardılar. Bütün ümidlərimi itirmiş, həyatdan əlimi üzmüşdüm. Həmin vaxt əfqanlar tərəfdən Türkiyənin “boz qurd”ları döyüşürdü. Ən ümidsiz vaxtımda, onlar rastıma çıxdı.

Onların danışığını başa düşdüyüm üçün ünsiyyətə girməyə çalışdım. Danışığımdan türk olduğumu başa düşdülər. Mənə su, yemək verdilər. Sonra sorğu-sual elədilər. “Boz qurd”lar deyirdi ki, “axı sən də müsəlmansan, türksən. Nə üçün müsəlman qardaşlarına güllə atırsan?” Mən isə onlara başa salırdım ki, bura könüllü gəlməmişəm.

Türk əsgərlərinin yardımı

Sonra məni xilas eləmək üçün plan cızdılar. Başa saldılar ki, onlarla atışmasam, güllə atmasam sovet ordusu tərəfə keçə bilməyəcəm. Mənim isə onlara güllə atmağa əlim gəlmirdi. Avtomatı boş güllələrlə mənə verib qabağa buraxdılar. Həmin anda mənə güllə dəyə, minaya düşə bilərdim. Amma ümidimi itirməmişdim. Ancaq türklərlə birlikdə rusların əlinə düşməkdən qorxurdum. Türk əsgərləri mənə özlərinə qoşulmağı təklif eləsələr də, razılaşmadım. Öz silahdaşlarıma güllə ata bilməzdim. Ruslar da, ukraynalılar da mənim silahdaşım idi. Son anda türklər məni başqa hərbi hissəyə gətirdilər və ayrılanda da vurub gözümü, ağzımı partlatdılar ki, belə məsləhətdir. Cabbar və Kamal adlı türk əsgəri hələ də yadımdadır. Mən bütün gün Cabbar abinin yanında dolaşırdım.

...Sovet hərbi hissəsinə çatanda əvvəlcə məni tanımadılar. Sonra bir gizir gəldi və məni təhvil aldı. Ordan isə öz hərbi hissəmizə gətirdilər.

Azadlıq və peşmançılıq hissi

Başa düşdüm ki, mənim sağ qalmağım onların ürəyincə deyil. Yaşadığım çətinliklərə görə dilim tutulmuşdu və kəkələyirdim. Hər gün ifadə alırdılar və mən gündə bir yalan danışırdım. İndi sizə danışdıqlarımı danışsam, çoxdan güllələnmişdim. Məni qoruyan kəkələməyim oldu və lap axırda məni buraxmağa qərar verdilər. Əvvəlcə Kabilə, sonra Daşkəndə, ən sonda da Bakıya gətirdilər.

“Ruslar bizə nifrət edirdi”

İndiki kimi yadımdadır, azərbaycanlılara münasibət çox pis idi. Ruslar bizə nifrət edirdi. Bizdən əvvəl üç azərbaycanlı əsgər bir rus leytenantı yaralı qoyub qaçmışdılar. Əfqanlar isə həmin leytenantın gözlərini çıxarmış, əllərini kəsmişdilər. Amma o leytenant sağ qalmışdı və onu atıb qaçan əsgərlərin ad, familiyasını demişdi. Həmin əsgərləri hamının gözü qarşısında güllələdilər.

Çəkdiyim əzab-əziyyətlərə baxmayaraq mən Əfqanıstanda çox şey öyrəndim.

Onlara güllə atdığıma görə hələ də peşmanam. Çünki Qarabağ müharibəsində əfqanlar mənimlə çiyin-çiyinə döyüşürdü....

# 5093 dəfə oxunub

Müəllifin son yazıları

# # #