Müharibədə iştirak etmiş rəssam xanımla

Müharibədə iştirak etmiş rəssam xanımla
17 dekabr 2012
# 11:52

Layihə-Maraqlı adamlar

İstedadlı rəssam dostum Pəri (Əsgərova Pərinisə) görüşlərimizin birində diqqətlə üzümə baxandan sonra demişdi ki, “Sənin xarakterik cizgilərin var, bir gün rəsmini çəkəcəyəm”. Təbii ki, bu söhbəti unutmamışdım və istedadlı bir rəssamın obrazı olmaq mənə çox maraqlı idi. Pərinin rəssam emalatxanası olmadığı üçün bu rəsm işinin yaranması ləngiyirdi. Eyni zamanda onun dünyasına yaxından bələd olmaq üçün onunla bir müsahibə etməyi də planlaşdırmışdıq. Amma nə Pəri mənim rəsmimi çəkə, nə də mən ondan müsahibə ala bilirdim.

Hər dəfə görüşmək üçün vədələşsək də, alınmırdı. Bu yaxınlarda söhbətləşəndə Pəri təsadüfən xəstələnməyimdən xəbər tutdu və görüşümüzün vaxtı tezləşdi. Pərinin “xəstə ziyarəti” hər ikimizin xeyrinə oldu. Yəni Pəri çəkmək istədiyi rəsmi çəkdi, mən isə almaq istədiyim müsahibəni almış oldum. O əlində qələmi və kağızı, mən isə diktofonum qarşı-qarşıya oturduq.

Bir sözlə sənətinə hörmət etdiyim dostum, miniatürçü rəssam Pərinisə Əsgərova ilə söhbəti təqdim edirəm.

Maraqlı və çətin yaradıcılıq yolu

“Əvvəllər rəssam olmaq istəməmişəm. Yəni rəssamlıq uşaqlıq arzum deyil. Amma anam deyir ki, 3 yaşım olanda paltarlarımın, döşəkcələrin üzərindəki rəsmləri kağıza köçürürəmmiş. O vaxtlar yadımda qalmayıb. Ancaq ağlım kəsəndən nə isə çəkməyə çalışırdım. Məsələn 11 yaşımda Tomrisi çəkmişdim. Təbii ki, o zamanlar Tomrisin kim olduğunu bilmirdim. Amma böyük həvəslə o rəsmi işləmişdim. Bir də böyük vatman kağızda Nizaminin “Xəmsə”ni yaratmışdım. Əmim həmin vaxt bizim evi təmir edirdi. Çəkdiyim bu rəsmi gördü və məni həvəsləndirdi ki, çox gözəl iş bacarmısan. Sən gərək rəssam olasan. O gündən rəssamlığa həvəsim yarandı. O vaxt televiziyada “Yurdum, yuvam, məskənimsən” adlı veriliş gedirdi və bir neçə əl işimi o verilişə göndərdim. Televiziyada rəsmlərim göstəriləndə daha da həvəsləndim və qərar verdim ki, rəssam olmalıyam.”

Qəribə qanunauyğunluqlar və daxili istedad balaca Pərinisəni həvəsləndirir və qərarının üstündə möhkəm dayanır. Naxçıvanın uzaq bir kənddə böyüyən balaca qızcığaz yaşadığı muxtar respublikada rəssamların olmasından xəbərsiz imiş. Çox sonralar universitetdə dərs deyən müəllimlərin birindən rəssamlıqla bağlı xeyli şeylər öyrənir və müəllimsiz, hazırlıqsız universitetə qəbul olunur.

“ O vaxtlar Naxçıvanın işıqsız vaxtları idi. Çıraq işığında natürmortlar qurub onları çəkirdim. Mədəniyyət və İncəsənət universitetinə xüsusi müəllimim olmadan, özüm hazırlaşıb qəbul oldum. Miniatür sənətini Faiq Əkbərovdan öyrənmişəm. Mən o müəllimimi dahi hesab edirəm. Onun vurduğu rənglər hər zaman məni heyrətləndirir. Biz də eyni rənglərdən istifadə edirik, ancaq onun vurduğu rənglər daha gözəl, daha maraqlı görünür. O rəssamlığın elmi ilə məşğul olur. Mən xalçaçılığın və rəssamlığın əsas texnikasını ondan öyrənmişəm. Ancaq tam olaraq öyrənə bilmədim. Çünki Bakıda evimiz yox idi və valideynlərim də Bakıda qalmaq arzuma qarşı çıxdılar. Öyrəndiyim sistem yarımçıq qaldı. Naxçıvana dönməyim mənə çox pis təsir etmişdi və demək olar ki, tükənmişdim. Sonra Naxçıvanda rəssam Məhəmmədəli müəllimlə tanış oldum. Bakıda işlədiyim kiçik işləri götürüb onun yanına getdim. O işlər mənə səbri, sevgini öyrətmişdi. Heyf ki, mən sonacan öyrənə bilmədim. Faiq müəllimin dörd-beş tələbəsindən sona yalnız mən qaldım. O incə xətləri çəkmək doğurdan da çox böyük səbir və sevgi tələb edir. Məmmədəli müəllim mənim işlərimə baxdı və məni həvəsləndirdi ki, əgər bu qədər işi öyrənmisənsə, bunu nəyə isə tətbiq elə. Ondan sonra Faiq Əkbərovdan öyrəndiklərimi tətbiq eləməyə başladım”.

“Yaxşı ki, rəssamlığı atmadım”

Miniatür sənəti ilə məşğul olmağa başlayan gənc rəssam klassik miniatür sənətini yox, daha modern üslubu seçir. Özü də etiraf edir ki, onun məşğul olduğu sahə klassik miniatür deyil. O isə öz ürəyindən keçən rəsmləri çəkməyə başlayır. Miniatür sənətinin qaydalarına tabe olmadan, öz daxili istəyinə uyğun rəsmlər çəkir. Pərinisə düşünür ki, çəkdiyin rəsm, yazdığın şeir səni rahatlaşdırılmalıdır.

“Hərdən absurd, qəribə rəsmlər çəkənləri qınayırlar. Ancaq mən düşünürəm ki, çəkdiyi rəsm insanı rahatlaşdırmalıdır. Bu baxımdan mən rəsm çəkəndə rahatlaşıram. Mən çox kiçik ölçülü fırçalarla işləyirəm və işim çox diqqət tələb edir. Ancaq rəsmdən ayrılanda hiss edirəm ki, ətraf bombozdur. İşləyəndə hər şeyi unuduram. O qədər tək qalmışam, düşünmüşəm ki, özüm üçün çox sualın cavabını tapmışam. Rəssamlıq mənim üçün sevgidir. Mənim üçün rəssamlıq həyatda çox şeyi əvəz edir. Çox çətinliklərlə üzləşsəm də, rəssamlıqdan ayrı qalmadım, onu atmadım”.

“...mən sadəcə çəkirəm”

Danışa-danışa mənim cizgilərimi kağıza köçürür. Olduqca səbirlə, diqqətlə işləyir. Ancaq özü haqqında danışmağa başlayanda göz bəbəklərinin dərinliklərinə hopmuş kədər özünü dəhşətli dərəcədə qabarıq göstərir. Səsində qəribə bir rahatlıq, hüzn var. Sakit və səbirlə, asta səslə danışır. Barmaqları ağ kağızın üstündə həvəslə gəzişir. Hiss olunur ki, dünyanın kədəri, sevinci, nəşəsi, dərdi onun vecinə deyil. Unutmadan deyim ki, onun istedadını çoxları yüksək qiymətləndirsə də olduqca təvazökardır. Sanki, təriflər onun üçün deyilmir. Rəssamlığı bütün varlığı ilə yaşayır və öz dünyasını, öz ruhunu çəkdiyi rəsmlərə hopdurur.

“Mənim rəssamlıqdan heç bir gözləntim yoxdur. Bu yaxınlarda sərgim keçirildi. Sərginin baş tutması üçün məndən daha çox dostlarım çalışdı. Mənim üçün sərgi o qədər də vacib deyildi. Çünki mən sadəcə çəkirəm. Mən bir yarpağı çəkmək üçün çox çalışıram. Halbuki, kiçik bir yarpaqdakı səhvi ancaq böyüdücü şüşə ilə tapmaq olar. Mən öz işimə bu cür məsuliyyətlə yanaşıram. Rəsmi sona çatdıranda hiss eləsəm ki, hansısa yarpaq alınmayıb. Yenidən işləyirəm. Çox çalışsam da, çəkdiyim rəsmə marağım itir. Onun hansı qiymətə satılacağı isə məni ümumiyyətlə narahat etmir. Rəsmlərimi çox ucuz qiymətə satmışam. Elə olub ki, hədiyyə vermişəm. Buna görə məni qınayanlar da olub. Amma narahat deyiləm. Bizdə bu sənətə maraq yoxdur. Hələ də evdən xalça asmağı xoşlayırıq. Hətta öz qohumlarım miniatürlərimi anlamır. Onlar üçün dağ, su içən ceyran çəkmək əsl rəssamlıqdır. Düzdür, sifarişlə işlədiyim işlər də olub. Amma miniatür mənim üçün çox doğmadır. Miniatür çox incə sənətdir və bütün miniatürlərin təməli var. Mənim üçün Şərq sənəti çox maraqlıdır. Mən gördüm ki, Qərb özü də Şərqi öyrənir. Modern olmağa, avropalı olmağa gərək yoxdur. Şərq mənim üçün hər zaman maraqlıdır. Biz heç nə ilə Qərbdən geri qalmırıq”.

“...ilahi ədalət yoxdur”

Xüsusi olaraq sevdiyi rəssam olmasa da, müəllimi Faiq Əkbərovu dahi hesab edir. Onun işlərinə marağı çox böyükdür. Klassiklərdən də bəyəndiyi çox rəssamlar var. Rəssamlıqla musiqinin harmoniyası onun üçün daxili tələbatdır. İşləyərkən müxtəlif musiqilər dinləyir. İşləyərkən hökmən ovqatına uyğun musiqilər seçir. Bəzən bir musiqini dəfələrlə dinləyir. Mütaliə onun həyatının ayrılmaz hissəsidir. Bəzi kitabları dəfələrlə oxuyur. Sufizmə ciddi maraq göstərir.

“Sufizm çox çətin və məşəqqətli yoldur. Bildiyim qədər Osmanlı sultanlarının bir çoxu sufizmin o çətin yollarından keçib. Bu yolu keçən hökmdar mütləq ədalətli idarəçi olmalıdır. Amma “Möhtəşəm yüz il” serialında Osmanlı hökmdarları ələ salınıb. Mən hər zaman ədalət axtarışındayam. Amma təəssüf ki, o ilahi ədalət yoxdur. Ədaləti tapa bilməsəm də ümidimi itirmirəm. Sevinirəm ki, içimdə ədalət hissi var. Mənim stimulum sənətə sevgimdir. Ətrafda anlayan insanlar olmalıdır. Nə yaxşı ki, mən rəssamlığı sevmişəm. Böyük rəssam olmağa iddialı deyiləm. Rəssam olmağın gözəlliyi odur ki, müəyyən anları özəlləşdirə bilirsən. Bəzən günəşin qürubu, çəkdiyim səmazən və ya hansısa portret mənim özümünkü olur. Mənim qürubum, mənim səmazənim yaranır. Mənə elə gəlir ki, çəkdiyim rəsmlər sevdiyim birindən aldığım paydır.

Emalatxanamın olmamağı, rəsmlərimin satılmamağı mənim üçün problem deyil. Sənətə görə heç nə gözləmirəm. Sərgim də mənim üçün çox xoş bir hadisə idi. Kimə isə mənəvi zövq yaşada bilmişəmsə, bu xoşbəxtlikdir. Bu yaxınlarda sərgi təşkil etməyi düşünmürəm. Daha fərqli bir sərgiyə hazır olanda üzə əsərlərimi çıxaracağam. Tamam fərqli şeylər düşünürəm. Hərdən həyatdan sürpriz gözləyirəm. Artıq heç nədən qorxmuram və yaşadıqlarım məni gücləndirib. ”

“Bir ay səngərdə oldum...”

Pəri həm də müharibədə iştirak edib...Bəli, bəli...Səhv oxumadınız! Uzun müddət israr edəndən sonra bu barədə danışmağa razılaşır. Həyatının bu dönəmini qabartmaq istəmir. Fikirləşir ki, bu məsələdən danışsa, onu düzgün anlamazlar. Amma dostunun da qəlbini qırmır, mənim israrımdan sonra xatirələr çözələnir...

“Şuşanın işğalı günü televizora baxırdıq. Qəfildən o kadrları gördüm və hönkürüb ağlamağa başladım. Anam çox narahat oldu. Biləndə ki, Şuşaya görə ağlayıram, anam əsəbiləşdi. Atamın əmisi oğlu Naxçıvanda komandir idi. O söz verdi ki, məni cəbhəyə aparacaq. Hərbi paltar tapmışdım və həvəslə hazırlaşırdım. Bir dəfə getmək istədim, əsgərlərə sovqat da hazırlamışdım, amma alınmadı. Anam imkan verməmişdi. Anamın rəsmini çəkmişdim. Mənə mane olduğu üçün əsəbiləşib o rəsmi cırdım. Qohumumuz ikinci dəfə gələndə məni apardı. Bir ay səngərdə oldum və Naxçıvan televiziyası da məni çəkdi. Heyf ki, o vaxtlar işıqlar yox idi və mən həmin verilişə baxa bilmədim. Sonra kiçik bir kitabda mənim haqqımda bir yazı çıxdı. O vaxt məndə qəribə bir narahatçılıq var idi. Ona görə Bakıya oxumağa gəldim ki, burdan Qarabağa gedə bilim. Həmin vaxtlar mənimlə tanış olmaq istəyən oğlanlara deyirdim ki, siz səngərdə, döyüşdə olmalısınız. Roza Əliqızına məktub yazmışdım, ondan Qarabağa getmək üçün kömək istəmişdim. Sonra bir jurnalist oğlan məni Roza Əliqızının çalışdığı redaksiyaya apardı. Hamı mənə təəccüblə baxırdı. Sonra çox çətinliklə Şəmistan Əlizamanlı ilə görüşdüm. Cəbhəyə getmək üçün bütün ciddi-cəhdlə çalışır, yollar axtarırdım. İndiki gənclikdə o ruh yoxdur. Amma gəncləri də qınamaq olmur. Keçən 20 ildə qeyrətlə aramızda böyük uçurum yaranıb. İndi də müharibə olsa düşünmədən gedirəm. Ürəyimdə o sevgi hələ də var. O günlərdən çoxlu ağ-qara şəkillər və hərbi formam qalıb. İndi də onları qoruyuram. Güllə atmağı çox yaxşı bacarıram. Hətta səngərdə olarkən ermənilər tərəfə atdığım güllər bir erməni kəndlisini öldürmüşdü və həmin gün ermənilər bizim postdakı əsgərlərdən birini qisas üçün vurmuşdular. Bunu uzun müddət məndən gizlətsələr də, sonradan öyrəndim”.

Söhbətimiz sona çatanda, Pərinin çəkdiyi rəsm də tamamlanır. Özünün dediyi kimi, gözlərimdəki, üzümdəki kədəri çəkə bilib. Alıb diqqətlə baxıram və mənə elə gəlir ki, həyatımdan hansısa bir an bu rəsmdə donub....

Pərnin vətənpərvərliyi, millət sevgisi heyrətamiz dərəcədə böyükdür. O günlərdən danışanda gözündəki parıltıdan başa düşmək olur ki, dediyi sözlər boğazdan yuxarı, söz xətrinə deyilmir. Nə qədər duyğusal olsa da, bir o qədər də cəsarətlidir. Bizim bir neçə saatlıq söhbətimizin çox az hissəsini sizlərə çatdıra bildim. Ona olan böyük hörmətim və sevgim hər şeyi bütün xırdalığına qədər yazmağa mane oldu. Amma əminəm ki, sizlər də onun sənəti ilə yaxından tanış olduqca, düşüncələrinin kodlarını açdıqca, onu anladıqca sevəcəksiniz. Mən isə dostum Pəriyə yəni, istedadlı rəssam Pərinisə Əsgərovaya bol-bol uğurlar arzulayıram! İnandıqların səni qorusun, dostum!!!

# 3932 dəfə oxunub

Müəllifin son yazıları

# # #