Almancadan tərcümə edən : Cəlil Cavanşir
Erix Frid 6 may 1921-ci ildə Vyanda doğulmuş və orada da böyümüşdür. Nəqliyyatçı olan atası Gestapo tərəfindən öldürüldükdən sonra uşaq teatrlarında kiçik rollar alan E.Frid sonradan Londona qaçır. Alman işğalından sonra Londonda yaşamağa başlayan Frid sonrakı aylarda anasını və daha 70 insanı Londona qaçırmağı bacarır. Müharibə illərində kitabxanaçı, fabrik fəhləsi və sair peşələrdə çalışır. “Gənc Avstriya ”, “Kommunist Gənclər Təşkilatı” və digər siyasi təşkilatlarda təmsil olunur. 1944-cü ildə Avstriyanın “PEN” nəşriyyatında Almaniya”(Deutschland) adlı ilk şeirlər kitabı yayımlanır.
Frid müharibədən sonra qurulan bir çox dərgilərdə, 1950-ci illərin ilk yarısından BBC-nin alman redaksiyasında siyasi şərhçi olaraq çalışır. 1968-ci ildə “soyuq müharibə” səbəbindən BBC-dəki işindən ayrılır. İşindən ayrılmamışdan öncə Dilan Tomasdan(Dylan Thomas) etdiyi tərcümələr, “Şeirlər”(Gedichte) toplusu və birinci-sonuncu romanı olan “Əsgər və qız”(Ein Soldat und Ein Mädchen) romanı ona böyük şöhrət gətirmişdi. 1963-cü ildən sonra “Qrup 47”yə qoşulur. Şeksprin əsərlərini də məhz bu dönəmlərdə tərcümə edir.
1966-cı ildə dostları arasında siyasi şeir mövzusunda mübahisələr yaradan “...Və Vyetnam və...”(...Und Vietnam und...) adlı şeir kitabı yayımlanır. 1977-ci ildə ilk önəmli mükafatını “Priz İnternational des Editeurs” alıb. 1978-ci ildə “Vətənsiz 100 şeir”(100 Gedichte ohne Vaterland) kitabı 7 dildə işıq üzü gördü.
1979-cu ildə yayımlanan “Sevgi şeirləri”(Liebesgedichte) kitabı çox böyük uğur qazandı.
1986-cı ildə xatirələri işıq üzü gördü. (Təkrar nəşri 1992)
E.Frid “Bremen ədəbiyyat”, “Avstriya dövlət”, “Georq Büxner” kimi mükafatları 60 yaşını keçdikdən və ağır xəstəliyə tutulduqdan sonra qazanıb.
Frid 1988 Almaniyada vəfat etdi və Londonda Kensal Green qəbiristanlığında dəfn olunub.
Şeirləri
Dinlə İsrail
o vaxtlar sizi təqib edərkən
Sizlərdən biri idim mən.
Siz başqalarını təqib edərkən
necə sizdən biri olum mən?
Arzunuz idi,
sizi öldürən
Başqa xalqlar kimi olmaq
arzusu.
Oldunuz onlar kimi
Daha çox yaşadınız
vəhşiliyi,
sizə vəhşiliyi yaşadanlardan.
Onların vəhşiliyi
İçinizdəmi yaşayır?
"Çarıqlarınızı çıxarın"
deyə əmr etdiniz döyülənlərə
Çarıqları qumdan olanları
günah keçisi kimi
çöllərə,
ölümün
içinə sürgün etdiniz
Ancaq qəbul etmədilər
Boyunlarına atmaq istədiyiniz
Günahları.
Bombalarınızın
və tanklarınızın izindən
daha uzunömürlüdür
qumdakı çılpaq ayaq izləri.
Ayrılıq
İlk gün asan idi
ikinci gün bir az çətin
Üçüncü gün
daha çətin ikincidən
Gündən günə daha çətin:
Elə çətin idi ki, yeddinci gün
çox dözülməz idi həqiqətən.
indi isə
həsrətini çəkərəm
yeddinci günün.
Mən
Başqalarının aclıq dediyi
məni doyurar
başqalarının şanssızlıq dediyi
mənim şansımdır
Mən bir çiçək deyiləm
su yosunu da
Mən bir daş yosunuyam
min ildir daşı deşirəm
Bir ağac olmaq istəyərəm
İstəyərəm bir həyat boyu
köklərinə toxunum
və içim gecə gündüz
Bir insan olmaq istəyərəm
və yaşamaq istəyirəm
insanların yaşadığı kimi
və ölmək istəyirəm
insanların öldüyü kimi
Səni sevirəm
Səma, ulduzlar və öpüşlər
Gözlərinin üstünə iki ulduz
Sinəninin üstünə iki öpüş.
gecə
dilsiz buludların altında
Öpüşlərimizi
və ulduzlarımızı
verməliyik bir-birimizə,
fırlanıb dönən səmanın altında
və ya sakit dayanan bir evin
bir otağında
bəlkə özümüzü müdafiə edə biləcəyimiz
məmləkətin birində
bu özünü müdafiənin
nəfəs aralarında
bizim üçün sinələr və gözlər.