Bizi bir “Oskar”, bir də “Nobel” dərdi öldürəcək - TƏHLİL

Bizi bir “Oskar”, bir də “Nobel” dərdi öldürəcək - <span style="color:red;">TƏHLİL
24 noyabr 2015
# 08:30

Kulis Cavid Zeynallının “Bizim kino” yazısını təqdim edir.

Yaydan üzü bəri İran filmləri haqqında ətraflı, geniş yazı qaralamaq istəyirəm. Sonra nələrsə mane olur, ortalığa başqa qayğılar çıxır, bir tərəfdən də bu səhlənkarlıq. İndi təəssürat soyuyub, tutalım, Abbas Kiorostaminin, Məcid Məcidinin, Əsgər Fərhadinin, Möhsün Mahmalbafın filmləri haqqında yalnız ümumi şeylər yazmaq olar, əlavə oxuduğum təhlil yazılarına bir də baxmağa həvəs yoxdu.

Bu, əsas deyil və bəhanə ilə danışdığımın fərqindəyəm. Əsas olan “Bizim kino günləri”dir ki, bu mövzuya qayıtmağa səbəb oldu.

Layihənin məqsədi “Azərbaycanfilm” kinostudiyasında son illərdə lentə alınan filmlərə ictimai diqqətin, mətbuatın marağının cəlb edilməsidir. Beynəlxalq festivallara dəvətlər, zövqlü və peşəkar insanların rəyi də göstərir ki, “Axınla aşağı”, “Nabat”, “Yarımçıq xatirələr” son illərdə kinostudiyanın istehsal etdiyi ən yaxşı bədii filmlərdir. İndi növbə çatıb onların təbliğinə, bütün kinoteatrlarda nümayişinə...

Bu “təbliğ” sözünün bətnində gizlənən enerji mənə dəhşətli dərəcədə yad gəlir, görmədiyim, amma ümumi ruhunda kütləvilik, spekulyasiya olan sovet rejiminin yalnız xatirələrdən aldığım tamını xatırladır. Di gəl, indi bəyənmədiyimiz o quruluşda yaradıcılığın bütün sahələri daha hörmətli olub. O dövrdə sənətin ideoloji alət olmağının rolunu danmıram, sənət adamının o ideologiyaya xidmət etməkdən ötrü məqsədli şəkildə hörmətə mindirilməsi də şəksizdir. İntəhası, ortalıqda böyük bir həqiqət var: nəticə sənətin xeyrinə olub. Bundan ədəbiyyat qazanıb, kino qazanıb, rəssamlıq, heykəltəraşlıq qazanıb. Və yaxşı qazanıb. O sənəti yaradan insanlar yaxşı yaşayıblar, hörmətləri, nüfuzları indikindən fərqli olaraq böyük olub.

Sovet mexanizmi zəif, keyfiyyətsiz məhsulu da insanlara yaxşı adı ilə sırıya bilib. Bizim keyfiyyətsizlə işimiz yoxdur, indi yaxşını da təqdim edə bilmirik. İmkanlar məhduddur, iş sistemli deyil, mövsümü xarakterlidir. Sanki hər şey paytaxta hesablanıb: kitab təqdimatları da, film nümayişləri də, görüşlər, müzakirələr də...

Nə isə, kinodan danışırdıq. “Bizim kino günləri” həm də ona görə lazımdır ki, diqqətdə olmağa, sevilməyə haqqı çatan filmlər öz tamaşaçısına qovuşur, insanlar yaradıcı heyəti tanıyır, istedadlı adamlar ölkəyə, cəmiyyətə gərək olduqlarına inanırlar. Hə, bir də tamaşaçı ekranda öz cəmiyyətinin, ölkəsinin mövzularını görəcəyinə sevinirlər.

***

İran kinosu dünyanın diqqətini məhz öz mövzuları ilə çəkdi. Havadan, sudan film çəkib qondarma qəhrəmanlar, problemlər uydurmaq böyük-böyük mükafatların arzusunda olan ölkələri elə arzu ilə yaşamaqdan savayı bir mərtəbəyə ucaltmaz. Bizim kino da belə hava-su motivindən uzaq olmayıb, cansız, həyat əlaməti olmayan filmlər illərlə meydan sulayıb, nə ağıla, nə ürəyə təsir edib. Danışmağa əhvalat yoxdursa, kompüter qarşısına keçib kağızı heyf eləmə, kameraya əl aparıb pulları boş-boş şeylərə sərf etmə, insafın, qabiliyyətin olsun. Əhvalatın varsa, adamlar sənə maraqla qulaq asacaqlar, çünki insanlara həyatın özü lazımdır. İran rejissorları əzilən, maddi-mənəvi böhran içində çabalayan insanların əhvalatını ekrana gətirməklə xal qazandılar. Ta Daryuş Mehrcuyidən tutmuş, Bəhmən Qubadiyə, Cəfər Pənahiyə qədər. Danışdığın əhvalat sadə, hətta bəsit ola bilər, amma özünükü olmalıdır. Elə “Dostumun evi hardadır?”, “Ağ şar”, “Zeytunluqlar arasında” filmləri kimi.

Uilyam Folkner 50-ci illərdə Virciniya Universitetindəki mühazirəsində tələbələrdən birinin sualına belə cavab vermişdi: “Mən xeyli vaxtdır yazıram və bu illərdə yazdıqlarımı tanımadığım adamların oxuyub-oxumayacağı barədə düşünməmişəm. Bu günəcən yazmağımın səbəbi odur ki, məni narahat edən şeyləri kağıza köçürüb hamısından biryolluq xilas olum”.

Hə, vacib olan adamı narahat edən şeyləri kağıza, ekrana köçürməkdir. Sənətin qüdrəti elə mütləq çoxluğu narahat edən mövzuları gün işığına çıxarmaqdır. Həm də həyatın özünün diktə etdiyi mövzuları...

Elə “Bizim kino günləri”ndə ilk təqdim olunan “Axınla aşağı” filminin mövzusu da bizim bu günümüzün əhvalatıdır.

İtalyan neorelistləri kino məktəblərini məhz həyatın dibindən gələn mövzular hesabına yaratdılar. Federiko Fellininin “Yol”u, Vittoriya de Sikanın “Velosiped oğruları” belə yarandı. De Sika demişkən, onun “Dünən, bu gün, sabah” filmini xatırlayırsınızmı? Bax, həyatın dibi bir qadının həbsə girməmək üçün ard-arda uşaq doğmağa məcbur olmağı qədər dəhşətli və acıdır...

***

Bütün hallarda düşüncəm belədir: Reallıq nə qədər çətin olsa da, bizim kimi kiçik ölkələrin çəkdiyi filmlərin dünyanın böyük səhnələrinə aparan cığırı tapması yaradıcı atmosferin yaradılmağından keçir. Bir də işə vicdanlı münasibətdən. Bir də niyyət təmizliyindən.

Onda “Qızıl palma budağı” da, “Qızıl Qlobus” da, lap belə “Oskar” da gələcək.

Bizi bir “Oskar”, bir də “Nobel” dərdi öldürəcək. Zarafat edirəm, içimdə bir inam var; ki, kinonun və ədəbiyatın baş mükafatları bizim ölkəmizdə təkcə şadlıq sarayı və prospekt şəklində yox, həm də mükafat şəklində olacaqlar. Və o mükafatı bu gün yetişən gənclik gətirəcək. O gənclik ki, çağdaş Azərbaycan kinosunu, çağdaş Azərbaycan ədəbiyyatını yaradır...

Onda təbliğat maşını özü bu nəsli görəcək. Həm də ideoloji təbliğat gözündə yox...

Xoş seyrlər...

# 1057 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #