Cəmil Quliyev: “Rejissorların deməyə sözü yoxdur”

Cəmil Quliyev: “Rejissorların deməyə sözü yoxdur”
2 avqust 2016
# 12:11

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyevin APA-ya müsahibəsi

- Cəmil müəllim, İctimai Televiziyanın rəhbərisiniz, Kinematoqrafçılar İttifaqında icraçı katib vəzifəsini daşıyırsınız, dərs deyirsiniz. Bu işlərin öhdəsindən gəlmək çətin deyil?

- Məktəb illərindən ictimai işlərlə məşğul olmağı çox sevmişəm. Məktəbimizdə ilk dram dərnəyini mən təşkil etmişdim, ən yaxşı şeir ifaçılığı üzrə müsabiqə keçirmişdik və s. Sizə 70-ci illərin əvvəllərindən danışıram. Sonralar Ümumittifaq Kinematoqrafiya İnstitutunda oxuyanda da ictimai fəaliyyəti davam etdirdim. İndiyə kimi həmin təhsil ocağına daxil olduğum anı unutmuram. O zaman bu instituta daxil olmaq çox çətin idi. Müsabiqədə iştirak etmək üçün respublika kino təşkilatından göndəriş tələb olunurdu. Mən ərizə ilə kino təşkilatına müraciət etdim, amma “yox” cavabı aldım. Bu məsələ ilə bağlı atam ümummilli lider Heydər Əliyevə müraciət elədi və Heydər Əliyev bu məsələni həll etmək göstərişi verdi. Sonra mən göndəriş aldım və imtahan verib qəbul olundum. Ona görə də həyatım boyu Heydər Əliyevə borcluyam, mənə kinoya vəsiqəni məhz Ümummilli liderimiz verib. Bilirsiniz ki, 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibiyəm. Bu, çox məsuliyyətli vəzifədir. Bundan əvvəl də keçmiş ittifaqın 12 ilə yaxın katibi olmuşam. Hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında ictimai əsaslarla çalışıram.

- Yəni maaş almırsınız...

- Bəli, əmək haqqı almadan fəaliyyət göstərirəm. Amma çalışıram ki, ittifaqdakı işlərim televiziyadakı fəaliyyətimə mane olmasın. Eyni zamanda, pedaqoji fəaliyyətdən uzaqlaşmamağa üstünlük verirəm. Mədəniyyət və İncəsənət Universitetinin professoruyam. Özümü bu universitetsiz təsəvvür edə bilmirəm. Çünki mənim üçün doğma kollektivdir. Kinonun çətin günlərində universitet mənə öz qapılarını açdı. 1987-ci ildə SSRİ çökməyə başlamışdı, kino sahəsi böhran keçirirdi. O dövrdən taleyimi bu universitetlə bağladım və 12 ilə yaxın “Kino və Televiziya Sənəti” kafedrasının müdiri oldum. Gələn il pedaqoji fəaliyyətimin 30 ili tamam olacaq. Fəxr edirəm ki, 2004-cü ildə məhz Mədəniyyət və İncəsənət Universitetinin təqdimatı ilə mənə əməkdar incəsənət xadimi fəxri adı verilib.

- Müasir Azərbaycan kinosunun hazırkı vəziyyəti haqqında danışmağınızı istərdim. Problemlər, uğurlar nədən ibarətdir?

- Azərbaycan kinosunun dirçəlişi və inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra kinoya böyük diqqət yetirildi. Məhz bu dövrdə ən yadda qalan tarixi filmlər çəkildi. Məsələn, “Nəsimi”, “Babək”, “Nizami”, “Dədə Qorqud” və s. Eyni zamanda, müasir həyata həsr olunmuş maraqlı filmlər lentə alındı. Həmin dövrdə kinonun maddi-texniki bazası yaradıldı, Azərbaycan filmləri beynəlxalq festivallara çıxmağa, sənədli filmlər və cizgi filmləri studiyaları fəaliyyətə başladı, “Mozalan” satirik kinojurnalı açıldı. Bütün bunlar Ümummilli liderin təşəbbüsü ilə həyata keçirdi.

1976-cı ildə ilk dəfə olaraq Azərbaycan kinosunun yubileyi keçirildi. O dövrdə bu çox çətin iş idi. Heydər Əliyev Moskvaya sübut etdi ki, Azərbaycan kinosunun tarixi kökləri var və yubiley keçirilməlidir. Həqiqətən də müstəqillik dövrümüzdə məlum oldu ki, Azərbaycan kinosunun tarixi 1916-cı ildən yox, 1898-ci ildən başlayır. Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2001-ci ildən başlayaraq, hər il avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Hazırda bu yolu möhtərəm prezidentimiz cənab İlham Əliyev böyük uğurla davam etdirir. 2007-ci ildən başlayaraq, ölkədə kino sahəsinin inkişaf etməsi üçün çox ciddi proqramlar qəbul olunub, Dövlət Film Fondunun binası tikilib, Nizami Kinoteatrının binası bərpa olunub, yeni tarixi filmlər çəkilib. Məsələn, “Cavad xan”, “Hökmdarın taleyi”, “Cavid ömrü”, “Sübhün səfiri” kimi filmlər ekrana çıxıb. Bütün bunlar göstərir ki, ölkə başçısının Azərbaycanın kinosuna böyük diqqəti var.

- Rejissorlardan kiminsə adını çəkmək istəmirsiniz?

- İndi ölkəmizdə çox istedadlı rejissorlar yetişib və maraqlı, diqqət cəlb edən filmlər istehsal olunub. Məsələn, Elxan Cəfərovun filmlərini, xüsusən də “Dolu” filmini qeyd edə bilərəm. İctimai Televiziyada bu filmi tez-tez göstəririk. Bundan başqa, Şamil Əliyevin “Çölçü”, Elçin Musaoğlunun “Nabat”, İlqar Nəcəfin “Buta”, Fariz Əhmədovun, Yusif Quliyevin sənədli filmlərinin adlarını çəkə bilərəm. Bəzən cəmiyyətdə “Niyə bəzən bizim filmlərimiz uğursuz alınır?” sualı səslənir. Unutmayaq ki, kino çətin sənətdir, hər bir rejissor bir neçə film çəkməlidir ki, püxtələşsin, öz dəst-xəttini tapsın. Azərbaycan kinosu öz yaradıcılıq yolunun axtarışındadır. Kinomuzun uğurlu gələcəyinə inanıram.

- Tez-tez belə fikirlər səslənir ki, son illərdə çəkilən filmlər tamaşaçıya göstərilmir. Bu irad və tənqiddən İctimai Televiziyanın payına nə qədər düşür?

- Bayaq qeyd etdiyim kimi, İctimai Televiziya vaxtaşırı yeni filmləri nümayiş etdirir. Amma bir nüans var. Film çəkildikdən sonra öz xərcini çıxarmalıdır: beynəlxalq festivallarda iştirak etməli, mükafat almalı, xaricə satılmalıdır və s. Bunun üçün bir neçə il tələb olunur. Odur ki, yeni filmlərin dərhal televiziya ekranına çıxması qeyri-mümkündür.

- Çəkilən filmlərimiz yalnız öz xərcini çıxara bilir. Bəzən çəkilən xərc də satışdan əldə olunmur. Sizcə, bu vəziyyət nə vaxta qədər davam edəcək?

- Məncə, indi ölkəmizdə kino şəbəkəsi çox uğurla fəaliyyət göstərməyə başlayıb. Bakıda və bölgələrdə kinoteatrlar yaradılıb.

Ticarət mərkəzlərinin nəzdində kinoteatrların yaradılması isə çox böyük hadisədir. Artıq iş adamları da başa düşüblər ki, kinoteatr biznes məkanı ola bilər. Nizami Kino Mərkəzinın fəaliyyətindən xüsusilə danışmaq istərdim. Vaxtilə bu kinoteatr Azərbaycanın kino şəbəkəsinin flaqmanı idi. Ən yeni filmlər məhz Nizami Kinoteatrında göstərilirdi. Sevindirici haldır ki, Nizami Kino Mərkəzi həmin gözəl ənənəni davam etdirir. Bu mərkəzin vacib işlərindən biri də filmlərin nümayişinə xeyriyyəçilik etməsidir. Burada gənc rejissorların filmlərinin nümayişinə yer ayrılır.

- Bu gün komediya filmləri çəkilir və deyə bilərəm, o filmlərə maraq var. Sizə elə gəlmir ki, həmin filmlərdə intellektual yumor çatmır? Çatmır yox, ümumiyyətlə, görünmür...

- Maraqlı sualdır. Bu, yəqin həm də onunla bağlıdır ki, kinokomediya çox çətin və mürəkkəb janrdır. Bu janr səssiz kino dövründə yaranıb. O dövrdə Harold Lloyd, Baster Kiton, Çarli Çaplin də komediya ilə məşğul olublar. Hətta Lümyer qardaşlarının ilk səssiz filmi də vəziyyətin doğurduğu gülüşə həsr olunmuş komediya idi.

Dünyada səsli kinonun ilk filmi sayılan “Caz müğənnisi” (1927-ci il) ekran əsərində də, Azərbaycanın ilk səsli filmi olan “Mavi dəniz sahilində” (1936-cı il) də komediya elementləri var idi. Azərbaycanın ilk rəngli filmi “O olmasın, bu olsun” da komediya olub. Bilirsiniz, səviyyəli komediya filmləri insanları daxilən təmizləyir və düşündürür. Komediya filmləri şit, bəsit olmamalıdır, müəyyən estetik səviyyəyə cavab verməlidir. Komediya filmini çəkmək üçün rejissor çox keyfiyyətlərə malik olmalıdır.

- Film zövqünüz haqqında danışmağınızı istəyirəm. Dünya kinosundan hansı rejissorların yaradıcılığını qiymətləndirirsiniz?

- Dünya kinosu mənim üçün həyata bir pəncərədir. Mən çox filmlərə baxmışam, hətta başıma bir hadisə gələndə də filmlərdən epizodlar yadıma düşür. İlk növbədə Çarlı Çaplinin adını çəkmək istərdim. Bundan başqa, Sergey Eyzenşteynin adını çəkmək vacibdir. Federiko Fellininin, Viskontinin, Vittorio de Sikanın yaradıcılığını dəyərləndirirəm. Fransa kinosunu Jan Viqoya görə sevmişəm. Jan Viqo 29 yaşında dünyasını dəyişib. Onun taleyi bizim rejissor Səməd Mərdanovun taleyi ilə çox oxşardır. Təsəvvür edin, hər ikisi gənc yaşlarında dünyasını dəyişib, hər ikisi az film çəkib, amma dünya kinosunda iz qoyublar. Səməd Mərdanovun ikinci rejissoru olduğu “Mavi dəniz sahilində” filmi Fransa sinematekasında qorunub saxlanılır və dünya kinosunun ən maraqlı filmlərindən biri hesab olunur. İngilis kinosundan rejissor Riçard Attenboro, İsveç kinosundan İnqmar Berqmanın, İran rejissorlarının filmlərini çox sevirəm. Ümumiyyətlə, hesab edirəm ki, kinorejissor tədqiqatçıdır. Bu gün mənim daxilimdə bir narahatlıq var. Görürəm ki, kinoya, televiziyaya axın var, amma sonra məlum olur ki, rejissorların deməyə sözü yoxdur, yalnız həvəs var.

- Ssenari probleminin olmasını qəbul edirsiniz?

- Bu problem təkcə bizdə deyil. Xarici ölkələrdə də bu problem var, çünki kommersiya məsələsi ön plandadır.

- Cəmil müəllim, özünüz nə çəkmək istəyirsiniz?

- Təəssüf ki, böyük əmək qoyulması tələb olunan TV fəaliyyətilə film çəkmək bir araya sığmır. “Bir əldə iki qarpız” tutmaq, sadəcə, mümkün deyil.

Söhbət ondan gedir ki, İTV ölkənin 2 ciddi, sanballı kanalından biridir. Kino çəkmək üçün yeddi-səkkiz ay vaxt tələb olunur. Bu prosesdir, ona köklənmək lazımdır. Film də gərək sanballı olsun, qısa müddətli konyunktura, özunü reklam xatirinə çəkilməsin.

- Amma siz televiziya rəhbərindən əvvəl rejissorsunuz...

- Doğrudur. Hətta kimsə film çəkəndə ona sözün yaxşı mənasında, həsədlə baxıram. Mən paxıl adam deyiləm. Qətiyyən! Hər zaman bizim rejissorların uğurlarına sevinirəm. Amma hesab edirəm ki, televiziya rəhbəri də məmur deyil, yaradıcı adamdır.

- Sizi tənqid edənlərin sayı yeni ittifaq yarananda daha çoxaldı...

- Məsələ ondadır ki, o zaman köhnə kinoittifaqın fəaliyyətini qorxmadan, çəkinmədən, açıq tənqid etmişdim. O ittifaqın fəaliyyətində nöqsanlar çox olub. Bəzi kino xadimlərindən fərqli olaraq, arxada danışıb, üzdə tərif deməmişəm. Bunun üçün cəsarət və prinsipiallıq lazımdır. Hesab edirdim ki, yeni kinoittifaq yaradılmalıdır. Hazırda yeni kinoittifaq fəaliyyət göstərir: kino xadimlərinə yubileylər keçirilir, onlara maddi yardım edilir, anım günləri qeyd olunur, gənclərə dəstək oluruq. Təşkilatımızın saytını yaratmışıq, ikinci dəfədir “Yeni nəfəs” müsabiqəsini keçiririk. Biz ssenari kurslarının yaradılmasını planlaşdırırıq. “Yeni nəfəs” müsabiqəsinin qaliblərinin o kurslarda təhsil almasını istəyirik. Düzdür, imkanlarımız məhduddur, amma buna baxmayaraq, bu sahədə səmərəli işləməyə çalışırıq.

- İttifaq məsələsinə görə münasibətiniz pisləşən sənət adamları ilə sonradan hər hansı istiləşmə oldu?

- Xeyr. Biz müxtəlif mövqelərdəyik. Kinoittifaq yaradıcılıq məkanıdır. Təəssüf ki, bəzi adamlar bunu başa düşmədilər, ona görə də biz etiraz edib oranı tərk etdik. Bir sıra xoşagəlməz hallar oldu. Amma mən böhtanlardan və təhdidlərdən çəkinmədim. Hesab edirəm ki, bu cür yollara əl atanlar öz səviyyələrini göstərdilər. Təbii ki, bunlar hamısı təşkil olunmuşdu.

- Cəmil müəllim, belə bir fakt olubmu: siz Rasim Balayevin Leyla Bədirbəyli və Rasim Ocaqov haqqında fikirlərini filmdən çıxarmısınız...

- Qətiyyən! Olmayıb, ola da bilməz. Əksinə, 2014-cü ildə – Rasim Balayevin doğum günündə İctimai Televiziyada onun haqqında veriliş hazırlayıb, iki dəfə efirə vermişik. Rasim Balayevin rol aldığı filmlər hər zaman İctimai Televiziyada nümayiş olunur. Onun kino xadimləri haqda verdiyi müsahibələri də efirə veririk. Mən yaradıcı insanam, bütün sənətkarların, o cümlədən Rasim Balayevin də sənətinə hörmətlə yanaşıram.

# 1198 dəfə oxunub

Müəllifin son yazıları

# # #