Mədəniyyət Nazirliyi “Fəryad”da nələri doğrayardı?

Mədəniyyət Nazirliyi “Fəryad”da nələri doğrayardı?
30 yanvar 2014
# 12:56

Cavid Zeynallı

20 Yanvarda “Fəryad”ı yenidən izlədim. Baxa-baxa böyüdüyümüz “Fəryad”ı. Ceyhun Mirzəyevin - əsir düşən İsmayılın əzabkeş obrazı uzun-uzun illər xatirimizdən çıxmayıb, onun işgəncə verildiyi səhnəyə baxanda qanımız qaynayıb, erməni öldürdüyü kadrı görəndə ruhumuz böyüyüb, hönkür-hönkür ağladığına şahid olanda gözümüz dolub, bir düyün qəhər boğazımıza tıxanıb. Hətta bu filmdən təsirlənib öz uşaq ağlımızla bütün erməniləri Məlik Dadaşovun sifətində təsəvvür etmişik, xoşumuz gəlməyən adamı Xoren deyib ələ salmışıq. Bəli, bütün bunlar olub; lap düzü, nə ki sadaladım, şəxsən mənim uşaqlığımın bir parçası, unuda bilmədiyim xatirəsi olub.

Qəribədir, illər sonra ta başdan axıracan maraq və həyəcanla izlədiyim bu filmdə heç vaxt fikir vermədiyim elə səhnələr gördüm, müharibənin o qızğın günlərində hissə qapılmadan, düşmənə nifrət hissini dəf edib sənət deyilən o anlayışı bir boy yüksəkdə tutan yaradıcı heyətin peşəkarlığına heyrət elədim. İsbat olunan bir həqiqət var: müharibə haqqında yazılan (oxu: həm də çəkilən) ən yaxşı əsərlər müharibədən sonra yaranır. Və tək səbəb belədir: emosiyadan uzaq olan, soyuq başla ərsəyə gələn işlər daha gözəl olur.

“Fəryad”ın texniki parametrləri zəif ola, döyüş səhnələri aşağı səviyyədə işlənə bilər, hətta beşcə saniyəlik bir kadrda elementar səhv də görə bilərik. (Məsələn, tapançasında son güllə qalan İsmayıl ağacın arxasında gizlənib. Birinci kadrda toz-dumanın içindən keçib üstünə gələn erməni zabitinin əlində avtomat olsa da, ikinci kadrda o, əliyalındır, üstəlik, paltarının rəngi də dəyişib). Amma üstündən 20 il keçsə də, biz Qarabağ haqqında “Fəryad”dan yaxşı film çəkə bilməmişik. Əslində, misal göstərdiyim qüsurlara büdcəsi milyon dollar olan filmlərdə də tez-tez rast gəlinir. “Fəryad”da vacib olan ən üstün cəhət hətta düşmənin də içində olan humanizmi, mərhəmət hissini açıq-aşkar göstərməkdir. Yəni, bir vəhşiyə, barbara, qaniçənə görə bütün milləti damğalamaq olmaz. Bu o zaman idi ki, az qala hər gün onlarla evin qapısını tabut gətirən adamlar döyürdülər, yüzlərlə günahsız insan qanına qəltan edilirdi. Sənətdən qırmızı xətt kimi keçən “hər şey ağ və qara deyil”, “nəticəni oxucu (tamaşaçı) çıxarmalıdır” kimi prinsiplərini qorumaq çətin olsa da, “Fəryad”dakı bir neçə epizod göstərdi ki, mümkündür, hətta biz də belə film çəkə bilərik.

Və filmə baxa-baxa düşünürdüm: görəsən, eyni ssenarini yazmağa Vaqif Mustafayev indi cəsarət edərdimi? Yaxud yazsaydı belə, bu səhnələr Mədəniyyət və Turizm Nazirliyinin kino senzurasından keçərdimi? Keçməzdi! Heç şəksiz! Lütfən, “əgər senzuraya zidd olsaydı, ziyanlı ideologiya təbliğ etsəydi, bu film nümayiş olunmazdı” kimi sadəlövh fikirlərə düşməyin!

“Fəryad”ın indi nazirlik qayçısından salamat çıxmayacağına əsas verən səbəblər çoxdur. Müasir filmlərdə mənfi polis obrazı yaratmaq olmaz, finalı “happy end”lə bitən ssenarilər tələb olunur, kənddə yoxsul yaşayan ailənin yeganə dolanışıq yeri Rusiyada yaşayan oğulun göndərdiyi pul ola bilməz və s. Qaldı ki ermənilərə benzin satmaq səhnəsini çəkmək, düşmənin dilindən türkə it oğlu dedirtmək, erməni qızının mərhəmətini tez-tez göstərmək, əsirə tut arağı vermək ola… Bu siyahını genişləndirmək mümkündür, amma mətləb çox uzandı və “Fəryad”da məni heyrətləndirən səhnələri şərhsiz yazmağın vaxtıdır. Axı, danışmışdıq, nəticəni oxucu özü çıxarmalıydı. Deyəsən, mən özüm də çox şeyi şərh edib, özümü inkar elədim!

***

İsmayılın döyüşçü yoldaşı (Hacı İsmayılov) qucağında qız meyiti ağlayır ki, oğraşlar gör qız uşağının başına nə oyun açıblar. İsmayıl rabitə qurğusu vasitəsilə ermənilərlə əlaqə yaradır:

- Bura bax, deməli, belə, mən sənə 10, yox 20 kanistr benzin verəcəm, sənsə mənə qız uşağını öldürənin adını deyirsən.

Səs eşidilir:

- Nədir, türk it oğlu, bunu mən eləmişəm, Levon. Sənin də ailənin vaxtı çatacaq.

İsmayıl döyüşçü yoldaşına deyir:

- Yarım saatdan sonra 20 kanistr benzin mütləq hazır olsun.

* * *

İsmayıl əsir düşüb. Xorenin qızı Asya ona yemək gətirib, qoluna girib dikəldir, qayğı və mərhəmətlə yedizdirir. Armen (Məlik Dadaşov) bunu görəndə acıqlanır:

- Nə edirsən, Asya?

- Armen dayı, kitabda oxumuşam ki, faşistlər də əsirləri yedirdiblər. Burda bir şey yoxdur.

* * *

Erməni zabiti divanda oturub avtomatını təmizləyə-təmizləyə mahnı oxuyur:

Tut ağacı boyunca,

Tut yemədim doyunca.

Yarı xəlvətdə gördüm,

Danışmadım doyunca.

İsmayıl dözə bilməyib dillənir:

- Bura bax, bəlkə mumlayasan? Özgəsinin mahnısını oxumaq bəs deyil, hələ bir korlayırsan da.

- Sənə nə, öz erməni mahnımdır.

- Bura bax, gicbəsər, tutaq ki, musiqisi ermənilərindir. Axı sən onu

Azərbaycan dilində oxuyursan.

- Azərbaycan dili də mənimdir.

İsmayıl istehza qarışıq qəzəblə:

- O da sənindir, bu da sənindir.

***

Erməni ordusunun Xocalını işğal etməsi münasibəti ilə yeyib-içmək təşkil olunub. Asya bir parç su ilə bir tikə çörəyi İsmayıla vermək istəyəndə Armenin “səxavət damarı” tutur:

- Ona tut arağı verin.

Asyanın mərhəməti yenə önə çəkilir: əsirə yedizdirmək üçün donuz salasına əl aparanda Armen razı olmur ki, onlar belə şeyi yemirlər. Tut arağını İsmayıla verib ondan sağlıq eşitmək istəyirlər. İsmayılın uzun-uzun baxır və:

- Heç kimə düşmən evində yaşamağı arzu eləmirəm, - deyir – hətta düşmənimə də.

***

Bu gün bütün qədəhlər Ceyhun Mirzəyevin və rejissoru olduğu “Fəryad”ın şərəfinə qaldırılır. Və bütün sağlıqlar əsir İsmayılın sağlığına əlavədir…

# 3166 dəfə oxunub

Müəllifin son yazıları

# # #