“Bugünkü Azərbaycan ədəbiyyatı çox zəifdir” - MÜSAHİBƏ

“Bugünkü Azərbaycan ədəbiyyatı çox zəifdir” - <span style="color:red;">MÜSAHİBƏ
28 dekabr 2016
# 15:10

Kulis.az “Qobustan” jurnalının baş redaktoru, yazıçı-tərcüməçi Vaqif Əlixanlının APA-ya müsahibəsini təqdim edir.

İki ildən sonra “Qobustan” jurnalının yaşı 50 olacaq. Vaxtilə Anarın, Fikrət Qocanın baş redaktorluğu ilə nəşr olunan dərgiyə indi Vaqif Əlixanlı başçılıq edir. Bütün dünyanın bir monitora sığışdığı bu zamanda rüblük “Qobustan”ın yeri necə görünür, bunu bir əlin barmaqları qədər olan oxucuları daha yaxşı bilər. Rayonlardan onsuz da əlimizi çoxdan üzmüşük, bu heç. Bakıdakı köşklərdən jurnal tapa bilənə mükafat düşür. Məsələn, görün necə məzəli dialoqdur:

-“Qobustan” jurnalı sizə gəlir?

- O jurnal indi çıxır ki?

- Hə, çıxır...

- Mən elə bilirəm, “Qobustan” Sovetin vaxtında bağlanıb...

Vaqif Əlixanlı belə bir jurnala rəhbərlik edir. Əlbəttə, mən buna təəssüf edirəm, amma bu təəssüfə nə verirlər? Özü kasıb olan “Qobustan”ın otağı da kasıbdır, kədərlidir. Əziz Vaqif müəllim inciməsin, redaksiyanın üz-gözündən lap miskinlik yağır. İçəri girdinmi, pəncərənin ağzında beş-on kitab görərsən. Üst-üstə qalaqlanıb bu unudulmuş odada qəmlənirlər. Ona görə unudulmuş ki, nə oxucu var, nə müəllif tapılır, nə də urvatlı qonorar verə bilirlər. Elə hər şey də qonorarın başındadır. Məsələn, siz 15 manata yazı yazarsınız? Düz edirsiniz, heç mən də yazmaram! Ürəyinizdən keçəni oxudum: nə məcburdur, bağlasınlar, hə? Niyə, nə dərd-bəla var, elə ədəbiyyatı, incəsənəti tapmalıdır?! Bu ritorik-sadəlövh suala görə üzr istəyim, keçək müsahibəyə...

* * *

- Vaqif müəllim, səhvim varsa, düzəldin: mənə həmişə elə gəlib ki, siz mətbuatın nəzərindən uzaqda olmusunuz. Daha doğrusu, ortada bir ögeylik olub...

- Tamamilə haqlısınız. Mətbuatın həftədə bir dəfə danışdırdığı, ortaya çıxardığı adamlar var. İş belə gətirib ki, mən o adamlardan olmamışam. Görünür, bu mənim xasiyyətimdən irəli gəlir. Üzr istəyirəm, özünü gözə soxmamaq bizim nəsildən gəlir. Azərbaycan ədəbiyyatı və incəsənətində “bu, mənəm” deyən oğullar çox azdır. Tərif kimi çıxmasın, özümü onlardan biri sayıram. İndi cavanlı-qocalı yazıçılar arasında mübarizə gedir ki, mən Nobel almalıyam.

Amma fakt odur ki, o adamlar Avropa ədəbiyyatının qabağından qalan mövzularda əsərlər yazırlar. Bütün səmimiyyətimlə deyirəm: bugünkü Azərbaycan ədəbiyyatı çox zəifdir. Bizimkilər ancaq özünü tərifləməklə məşğuldurlar. Hazır ədəbiyyatçılar var: əsər çıxmamış, yox, ona əsər demək olmaz, inşa çap olunmamış, resenziyalar yazırlar.

- Ümumi danışırsınız. Fikrinizi konkretləşdirə bilərsiniz?

- Yox, belə fikrim yoxdur. Heç kimin xətrinə dəymək istəmirəm. O “Facebook” ədəbiyyatı ki var, buna çox qeyri-ciddi baxıram. Bütün o “Facebook” ədəbiyyatı Əli Vəliyevin bir romanına dəyməz. Mən ümumiyyətlə, bədii əsəri ancaq kitabdan oxumağı sevirəm. Heç qəzetdən də oxuya bilmirəm. Kitab mənimlə söhbət edir. “Facebook”, internet isə bunu edə bilmir. Elə bil, “Facebook” qıçını-qıçının üstünə aşırır, ağzında saqqız, mənimlə yuxarıdan aşağı danışır. Bu cür münasibəti qəbul edə bilmirəm. Təəssüf ki, kitaba həvəs yoxdur. Sovet ideologiyasına həmişə ağız büzmüşəm, hətta nifrət etmişəm, amma baxıb görürsən ki, kitaba, yazıçıya münasibətdə sovet ideologiyası çox irəli gedibmiş. Bu dəqiqə yazıçının maddi vəziyyəti yaxşı deyil. Bir romana uzaq başı 600-700 manat pul verirlər.

- Hekayəyə də 20 manat...

- Bununla yazıçı dolana bilər? Allah rəhmət eləsin, İsa Hüseynov deyirdi, Vaqif, mən “Doğma və yad adamlar”ı qonorarını almaq üçün kisə aparmışdım, o pulla “Volqa” aldım, sonra ailəmlə istirahətə getdim. Baltikyanı ölkələrdə, Rusiyada ədəbiyyata qiymət verirlər.

Yəni kitablar satılır. Bizdə isə satışa ümid bağlamaq olmaz. Ən yaxşı əsər iki nüsxə satılar, ya yox. Çox təəssüf ki, biz müstəqil olan kimi başladıq Baltikyanı ölkələrin yerişi ilə yeriməyə ki, qoy yazıçı öz əsəri ilə dolansın. Alan yoxdur axı! Bizdə ədəbiyyat təəssübkeşliyi yoxdur. “Akademkniqa” tez-tez gedirəm. İki saat gəzirəm, kitabları vərəqləyirəm, amma birini almağa imkanım yoxdur. Ən azı on-on beş manatdır.

- “Qobustan” jurnalının baş redaktorunun on manata kitab almaq imkanı yoxdur. Bunu necə başa düşək?

- Başa düşək odur ki, məsələn, həmin on manatı ailədə başqa şeylərə xərcləyirəm.

- Bu da ədəbiyyat adamının güzəranı. Buna güzəran demək olarsa...

- Hər birimizin dolanışığında sıxıntı var. Sağ olsun Azərbaycan hökuməti ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu yaradıb. Biz həmin fondun hesabına jurnalları çıxarırıq, yaman-yaxşı qonorar veririk. Bütün çətinliyə baxmayaraq, mən hər şeyə nikbin baxıram.

Nikbin baxıram o sarıdan ki, ədəbiyyatda, incəsənətdə dəniz kimi qabarma-çəkilmə olur. Nə yaxşı, muğama Mehriban xanım Əliyeva yiyə durdu, dünya çapına çıxardı. Mən bunu ən böyük nailiyyətlərdən biri sayıram. Qaldı ki, başqa sahələrə... Bilirsiniz, indi çəkilmə dövrüdür. Tutalım, bəyənmədiyimiz 37-38-ci illərdə Üzeyir bəy “Koroğlu”nu yazdı. 60-70-ci illərdə Azərbaycan teatrı çox güclü idi. Çox təəssüf ki, indi onu demək olmur. Mən on il Mədəniyyət Nazirliyində teatr və konsert müəssisələrinin rəisi işləmişəm. Nə yaxşı, o vaxt mənim hər teatrın ildə bir cavan müəllifin əsərini tamaşaya qoyması barədə təklifimi qəbul elədilər.

- Səhv etmirəmsə, “Qobustan”a üç il əvvəl baş redaktor təyin olunmusunuz. İşləriniz necədir?

- Nə deyim, vallah. Nə yaxşı ki, mənim ürəyimdə incəsənət sevgisi var, vaxtilə bu işlərlə məşğul olmuşam, televiziyada veriliş aparmışam. O vaxt “Rənglər və şedevrlər” verilişini apardırdım. İnan, o qədər rəylər gəlirdi, inanmırdım. “Qobustan”da baş redaktor olduğum vaxtdan bəri belə şeylər mənə kömək olub.

- Ələkbər Salahzadə rəhmətə gedəndən sonra baş redaktorluğu sizə kim təklif elədi?

- Yazıçılar Birliyinin rəhbərliyi. Və sözsüz ki, Fikrət Qoca.

- Müəllifini xatırlamıram, bir dəfə yazmışdılar ki, Fikrət Qoca Vaqif Əlixanlı ilə dostdur, ona görə imkan düşən kimi dostunu yanına gətirdi...

- Yox, yox. Fikrət Qoca ilə elə bir dostluğum yoxdur. Uzaqdan-uzağa məni tanıyırdı. Təbii ki, Anarın sədr kimi razılığı olmalı idi.

- Jurnalda çətinliyiniz nədən ibarətdir?

- Ən böyük çətinliklərdən biri odur ki, demək olar, “Qobustan” üçün yazan yoxdur. Çünki incəsənəti bilmirlər, bu işlə məşğul olmurlar. İncəsənət üzrə müdafiə edənlər elmi işlərindən bir parçanı bizim jurnalda çap etdirməlidirlər. Oxuyuram, görürəm, keyfiyyəti çox aşağıdır.

- Qonorar verə bilirsiniz?

- Yox, qonorar verə bilmirəm. Qonorar fondu var, amma o pul katricə, kağıza xərclənir. Hamısını öz pulumuzla alırıq.

- Müəllifə pul vermirsiniz və yazı istəyirsiniz...

- “Qobustan”da çap olunmaq baş ucalığıdır. 15-20 manat qonorar yazdım nolacaq, yazmadım nolacaq? O puldan da bir az vergiyə çıxacaqlar, ortada heç nə qalmayacaq. Ancaq entuziazmla yazmaq olar. Axır fikirləşib ortalığa bir şey çıxarırıq. Mənə elə gəlir, “Qobustan”ın bugünkü səviyyəsi pis deyil. Anarın, Fikrət Qocanın, Vidadi Paşayevin, Ələkbər Salahzadənin vaxtında olan səviyyəni saxlamağa çalışırıq. Bizim ən böyük çətinliyimiz yayımla bağlıdır. Biz jurnalı mətbuat yayımına təhvil veririk. Jurnal rayonlara gedib çatmır. Göndərmirlər, qardaş, bu iş təşkil olunmur. Heç Bakıdakı köşklərə paylamırlar.

- Nə düşmənçilikləri var?

- Düşmənçilik deyil e, bilmirəm, vallah, niyə belə edirlər. Bəlkə yayanlara maaşı biz verməliyik, bilmirəm, qardaş. Dodaq boyasından tutmuş, qaş aldırmağa, kirpik qaldırmağa qədər jurnallar satılır, “Qobustan” yox. Təəssüf ki, bunlara yer ayrılır, “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnalları satılmır.

- Siz “Azərbaycanfilm” kinostudiyasında baş redaktor və direktor müavini olmusunuz. İstəyirəm, kino fəaliyyətinizdən danışaq...

- O vaxt baş redaktor həm də direktor müavini hesab olunurdu. Mərkəzi Komitədə mədəniyyət şöbəsinin müdiri Azad Şərifov idi. Təsdiq üçün üç dəfə onun qəbulunda oldum. Allah rəhmət eləsin, kinostudiyanın direktoru Cəmil Əlibəyov dedi, Vaqif, səni təsdiq etməyəcəklər, çünki sən böyük nəsildənsən. Bizim Əlixanlılar Fətəli xanın nəslindəndir. Fətəli xanın kiçik oğlu Şeyxəli xan dinc oturan adam olmayıb. Deyirmiş, Qubanın, Bakının xanı mən olmalıyam. Ruslar görüb yox, bununla mümkün olmayacaq, general Zubovun əli ilə bunu öldürməyə çalışıblar.

Şeyxəli xan gecənin birində ən yaxın adamlarını yığıb bizim Yerfi kəndinə gəlir, orda məskunlaşırlar. Bizim kənd elə bir yerdir ki, qayanın altında iki nəfər gizlənsə, bir qoşunun qabağını alar. Hətta Fətəli xan vaxtilə paytaxtı Yerfi kəndinə köçürmək istəyirmiş. Zubov Şeyxəlini öldürmək üçün qoşun çəkir, görür, mümkün olmayacaq, şaxtadan-çovğundan qırılacaqlar, geri çəkilir. Bir müddətdən sonra Şeyxəli qoşun yığmaq üçün Şirvana keçir. Elə o gedən də gedir. Bu belə. Bundan başqa əmim hüquq fakültəsinə girir, deyirlər, sən burda oxuma, keç kitabxanaçılığa. Sonra ilişdirib tutdururlar. Atam müharibədən sonra ikiillik hüquq kursuna qəbul olur. On gün sonra deyirlər, adam artıqdır, sən çıx. Allah Heydər Əliyevə rəhmət eləsin. Gələn kimi belə şeyləri ləğv elədi. Ondan sonra qardaşım hüquq fakültəsini bitirdi, indi generaldır.

- Hansı qurumda?

- Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavinidir.

- Ssenarilərinizə filmlər çox az çəkilib...

- Kinostudiyada beş ssenarimi təriflədilər, sonra çəkmədilər. Ömər Xəyyam haqqında çoxseriyalı film ssenarisi yazmışdım. Maqsud İbrahimbəyov “Tacikfilm” üçün bu mövzunu işləmək istəyirdi, sonra yazmadı. Mən yazdım, bəyənildi, göndərdilər Moskvaya. Yuli Qusman mənə dedi, sən əsl rejissor ssenarisi yazmısan, məmnuniyyətlə bunu çəkərəm.

İranda Xomeyninin vaxtı idi, Ekran Yaradıcılıq Birliyinin sədri Xessin Qusmana deyib ki, ikimiz də yəhudiyik, İran deyər, Ömər Xəyyam haqqında filmi yəhudilər çəkir. Sonra Tofiq İsmayılov, Gülbəniz Əzimzadə çəkmək istədi, qəbul eləmədilər. Sonra Rasim Ocaqov girişdi, yarımçıq qaldı. O film Rasim Ocaqovun xörəyi deyildi.

Sonradan məlum oldu ki, Bakıdan Moskvaya anonim teleqramlar göndərilib ki, din məsələsidir, o film çəkilməsin. Rasim Ocaqova kömək üçün Odilşah Agişev adlı ssenarist vermişdilər. Onunla xeyli işlədik, sonra xəbər çıxmadı. İnişil eşitdim, Moskvada Ömər Xəyyam haqqında film çəkilir. Ssenari müəllifi də Odilşah Agişevdir. Nömrəsini tapdım, zəng elədim, səsi titrədi. Yalandan dedi, sənin ssenarin deyil. Nə isə, kinoda belə şeylər çox olur. Ondan sonra dörd ssenari yazıb nazirliyə verdim, təriflədilər. Elə o qalan da qalıb, çəkilmədi.

- Mövzular nə idi?

- Eldar Quliyev təklif elədi ki, şərq detektivi işləyək. Yazıb verdim, Bədii Şuradan keçdi, səhəri Eldar Quliyev gəldi ki, mən işləməyəcəyəm.

- Axı Eldar Quliyev üç il əvvəl “Dərvişin qeydləri” adında şərq detektivi çəkdi...

- Ay sağ ol. O ssenari ilə bağlı çox şeyi danışmaq istəmirəm. Bədii Şurada çıxış elədim ki, ssenarimi sizə halal edirəm.

Qeyd: Vaqif Əlixanlıdan xahiş edirəm ki, bir az geniş danışsın. Bir müddət susur, sonra deyir, bu qədər bəsdir, əlavə heç nə deməyəcəyəm. Ki, ssenaristlə yoldaşdırlar, bir yerdə işləyirlər...

- Vaqif müəllim, mən sizin uğurlu tərcümənizdə Con Steynbekin “Siçanlar və adamlar” əsərini oxumuşam. Tərcümə sahəsi haqqında nə deyə bilərsiniz?

- Steynbekdən başqa Çingiz Aytmatovu tərcümə etmişəm. Heç kim haqqında danışmadı. İnanın, o əsəri qanımla tərcümə etmişəm. Bir adam deyə bilməz ki, filan yerində filan problem var. Bircə “Aydın yol” qəzetində Elmin Nuri mənimlə müsahibə elədi, vəssalam. Yazıçılar Birliyində tərcümə haqqında müzakirə aparırdılar, bir nəfər adımı çəkmədi. Ruhu şad olsun, Arif Əmrahoğlu durub dedi, Vaqif Əlixanlı oturub burda, adını çəkən yoxdur. Xeyli xoş sözlər söylədi. Sizə deyim, tərcümə sahəsi dublyajdan da bərbad vəziyyətdədir. Bunlar qoşa yolunmuş qanadlardır. Tərcümələri vərəqləyirəm, görürəm, tərcüməçi Azərbaycan dilini bilmir. Ən yaxşı əsərləri korlayıb qoyurlar ora. Əlbəttə, yaxşı tərcüməçilərimiz də var. Məsələn, rəhmətlik Natiq Səfərov yaxşı tərcüməçi idi. Vilayət Hacıyev yaxşı ədəbiyyatşünas, yaxşı tərcüməçidir, özü də almancadan tərcümə edir.

Mənim qızım Xarici Dillər Universitetində İspan dili kafedrasının müdiridir. Markesin “Yüz ilin tənhalığı” romanını ispancadan çevirmək istəyirdi. Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsuda xəbər göndərdim, səs-soraq çıxmadı. Sonra gördüm, tərcümə olunub.

- Günel Mövlud rus dilindən tərcümə edib...

- Bərbad tərcümədir, Azərbaycan dilində deyil. Bilirsən, hər yazıçının öz dili var. O atmosferi, kökü tutmalısan. Ən çətin yazıçılardan biri Andrey Platonovdur. Tərcüməsi mümkün deyil, amma belədən-belə tərcümə edirlər.

- Platonovu da Nəriman Əbdülrəhmanlı tərcümə edib...

- Ay sağ ol. Özünə də dedim, tərcüməni bəyənmədim. Elə bilirlər, Platonovu, Şukşini, Rasputini, Trifonovu, Belovu eyni təhkiyə ilə, eyni dillə tərcümə etmək olar. Halbuki, Trifonov şəhər nəsrinin nümayəndəsidir, Rasputin İrkutskda doğulub. Şukşini Azərbaycanda tanımırdılar. Oxudum, kitabını verdim Əkrəm Əylisliyə. Əkrəm “Canavarlar”ı tərcümə elədi.

- Əkrəm Əylisinin tərcümələri haqqında nə düşünürsünüz?

- Əkrəm yaxşı tərcümə edir, amma tərcümə etdiyi yazıçını öz havasına salır.

- Səhv etmirəmsə, siz “Space” TV-də dublyaj redaksiyasının baş redaktoru olmusunuz...

- Bəli. Dublyaj sahəsi başdan-ayağa problem içindədir. Vaxtilə Heydər Əliyev göstəriş vermişdi ki, Dublyaj Mərkəzi yaradılsın. Televiziyalar film sifariş etməli idi, həmin mərkəz də onun qazancına yaşamalı idi. Bu olacaqdı professional iş. Azərbaycan televiziyalarında gedən dublyajlara baxmaq olmur. Səviyyə yoxdur.

- Ən bərbad dublyaj hansı kanalda olur?

- Babatı Azərbaycan Televiziyasıdır. O birilərin heç biri haqqında yaxşı söz deyə bilmərəm. “Space”də dil baxımından çalışırdım, keyfiyyətli olsun. Amma səslənmə başqa məsələdir. Hər şey pula bağlıdır. Bir film beş min manatdan artıq başa gəlməz. Amma bu pulu vermirlər.

Sözardı: Pis odur ki, ilin-günün bu vaxtında Vaqif müəllim internetdən istifadə etmir. Məsələn, danışır ki, nəvəm öyrədir, gedən kimi hər şeyi yaddan çıxarıram. Sağollaşanda nə desə yaxşıdır: “Bu söhbət internetdə çıxacaq, hə? Görüm, necə tapıb oxuyuram”. Vaqif Əlixanlı kimi istedadlı, təvazökar adam üçün zəhmət çəkməyə dəyər: gərək kağıza çıxarıb aparam...

# 1867 dəfə oxunub

Müəllifin son yazıları

# # #