İsa Hüseynov – “neispravimıy realist”!

İsa Hüseynov – “neispravimıy realist”!
10 may 2017
# 16:28

Hər bir yazıçınıln sənətkarlıq səviyyəsi onun istənilən mətnindən görünür, ancaq həm də görünmür. Çünki bunu tapmaq, yerini bəlləmək və qarışıq salmamaq ayrı bir məsələdir.

İsa Hüseynov - Muğannada da elə. Muğanna Azərbaycan nəsrinin elə bir məqamını bəlləyir ki, bu nöqtədə yalnız çat yeri, ayrılma məqamı görünür. Təzə hava, orijinal intonasiya, maraqlı kompozisiya həlli və sair. Sonradan bu ayrılma onun öz taleyində, yazıçı bioqrafiyasında da baş verdi. İsa Hüseynovdan ayrılıb Muğanna oldu. Ancaq bu təsadüfdə həmin çat yeri yarğana çevrildi, bütün funksional məqamlar, bəlirləyici detallar, - bir sözlə xalis nəsr adına nə vardısa o yarğanda itkin düşdü. Ancaq sözümüz bunda deyil.

Məsələ heç onda da deyil ki, belə böyük potenasiala və təcrübəyə malik olan bir yazıçı necə oldu ki, qaranlığa çəkildi (sovet dövründə, “Ulduz” jurnalında İsa Hüseynovla müsahibədən bir fraqmenti xatırlayıram, orda yazılarını pərdə arxasında, zil qaranlıqda yazdığını söyləmişdi). Heç onda da deyil ki, bəzi ədəbiyyatşünas və tənqidçilər də bu qaranlıq məqamlarda ağappaq şeylər qaraladılar.

İsa Muğannanın “Bir az romantika” adlı hekayəsi var. Biz onu təhlil etmək və bu təsadüfdə onun necə böyük potensialdan üz çevirib getməsini göstərmək istəyirik. Şahid olacağınız kimi, bunun özü də təsadüfi olmayacaq. Yazıçı taleyi əvvəlcədən bəlirlənirmi, bilinirmi? Onun taleyi, gələcəyi hansısa mətnində kod olaraq sətirlərin arasında yata bilirmi? Sözsüz ki, hə. Ancaq bir sual daha: varlığın sirlərini bir belə ustalıqla göstərə bilən, daha doğrusu onlara işarə edə bilən yazıçı necə olur ki, yazıda tanrı olmaq istəyir?

XX əsrin nəhəng yazıçılarından biri Herman Hesse “Demiyan” adlı romanında yazırdı: hər bir insanın ömrü onun özünə doğru yoldur, o, bu yolun sonuna, yəni özünə heç zaman çata bilmir... Məşhur yazıçının bu fikri ümumi səciyyə daşıyır və bütün istetadla yazılmış mükəmməl nəsr əsərlərinin, lap elə poeziyanın da təyinatı və missiyası ilə bağlıdır. Burda həm də ədəbiyyatın əzəli-əbədi təyinatıyla bağlı məqam var. Ona görə sitatı tam şəkilkdə vermək yaxşı olardı. “...Yazıçılar roman yazanda özlərini elə aparırlar ki, sanki Allahdırlar və həqiqətən hansısa insanın tarixçəsini tam şəkildə əhatə edə bilərlər, hansısa insanın tarixini anlaya bilərlər, onu elə təsvir edərlər ki, sanki bunu olsa-olsa Allah danışa bilər. Mən bunu bacarmıram. Yazıçı olan bunu edə bilməz. Ancaq mənin üçün öz tarixçəm başqa bir yazıçının tarixçəsindən daha vacibdir; çünki bu mənin özümün tarixçəmdir, deməli, həm də uydurulmamışdır, mövcud olmayan bir adamın tarixçəsi deyildir. Canlı, mövcud olan, nəfəs alan bir adamın hekayəsidir. Ancaq bu canlı, nəfəs alan insan haqqında bu gün əvvəllərlə müqayisədə şox cüzi şey bilinir, onlardan hər biri çox dəyərlidir, təkdir, ancaq nadir təbiət hadisəsi olan insanı bu gün elliklə məhv edirlər. Ancaq əgər öz növündə yeganə fərd olmaqdan daha artıq bir şey olmasaydı, əgər bizim hamımızı bircə gülləylə yer üzündən silmək mümkün olsaydı, dediyimiz tarixçəni danışmağın bir mənası qalmazdı. Ancaq hər bir insan təkcə özü deyil, həm də öz növündə yeganə, tamamilə əlahiddə, hər bir təsadüfdə, həm də yalnız bircə dəfə dünyadakı rənglərin çarpazlaşdığı mühüm və qabarıq bir nöqtədir. Buna görə də hər bir insanın tarixi mühümdür, əbədidir, ilahidir, buna görə də hər bir insan nəfəs alıb-verdiyi müddətcə təbiətin iradəsini yerinə yetirir, buna görə sirlidir və diqqətə layiqdir.

...Hər bir insanın ömrü onun özünə doğru yoldur, o yolun təcrübəsidir, balaca bir cığırdır. İnsan heç zaman bu yolun sonuna, yəni özünə çata bilmir, ona müəssər olmur bu; bununla belə hər kəs buna var qüvvəsi ilə cəhd edir – kimisi qaranlıqda, başqa birisi gur işıq altında, - kim necə bacarırsa. Hər kəs öz canında doğumdan qalma qalıqrları gəzdirir, giliz kimi...” (fransız dilindən tərcümə)”

Bu hekayədə (“Bir az romantika”) yuxarıda deyildiyi kimi, varlığın sirlərinə necə işarə edilməsini və bunun mətnin bədii strukturunda necə ifadə edildiyini aydınlaşdırmağa çalışaq. Bu həm də təhlillərdə məzmun danışmağın primitiv yol olduğunu sübut etməkdən çox, bizə bəlli məzmunun çox yayğın olduğunu, onun zaman-zaman yoxa çıxıb yerini başqa təsadüflərə verməsini nəzərə çaprdırmaq məqsədini güdür.

Bu məqsədlə hekayədə müşahidə etdiyimiz, “kompozisiya əlaməti” (yəni, kompozisiyanı bəlləyən işarələr) adlandıra biləcəyimiz “yanıb-sönən işarələri” üzə çıxarmağa çalışaq. Əvvəlcə bunu deyək ki, hekayə bir neçə hissədən ibarətdir, onların sərhəddini göstərmək çətin olsa da (çünki bu hissələr bir-birinin ərazisinə keçid halındadırlar), bunu bilmək vacibdir. Ona görə ki, bir sərhəd dirəyindən digərinə adlayınca dediyimiz işarələr yanıb-sönür və məhz bu məqamda təhkiyə bizə iki insanın (kişi nvə qadın) yer, dəniz, göy və üfüqlə münasibətdə daxili aləmlərinin gizlinlərini nişan verir. Diqqət edin: “...Murada elə gəldi ki, dənizlə, sahillə birgə bu ala gözlərin dərinliyində də sükut və rahatlıq vardır. O, xəyalən bu gözlərdən öpüb qımışdı.” Bu, hekayənin başlanğıc hissəsidir. ancaq bütün hekayələr, ümumən nəsr mətni (bədii mətn, həm də-!) yalnız başlanğıc götürdüyü yerdən başlanmır. Əvvəlcə, olsun ki, onun ixtiyari fraqmentindən hansısa hissə çözələnir, təhkiyəyə cığır salınır və bu çəpinə proyeksiya (sınmış güzgüdə obrazın əyilməsi, deformasiyaya uğraması-!) hadisələrin içindən ən nümunəvi olanını seçib-ayırır. Yəni, “Yay qurtarmışdı. Plyaj boşalmışdı. Qum soyumuşdu. Onlar qumun üstünə xalça salıb yanaşı uzanmışdılar.

Arada Şərqiyyə başını qaldırıb ağır- ağır gözlərini onun üstündə gəzdirirdi. Murada elə gəldi ki, dənizlə, sahillə birgə bu ala gözlərin dərinliyində də sükut və rahatlıq vardır. O, xəyalən bu gözlərdən öpüb qımışdı.

- Şərqi, səssizliyə fikir verirsən?

- Mənim fikrim sənin maşınındadır. Ağ " Volqa”dan yaman xoşum gəlir. Bir dön bax. Səncə nəyə oxşayır?” Bəlkə bu ayrıntıya, ziddiyyətə fikir vermədən ötüb keçirik, ancaq zənnimizcə hekayənin “ekspozisiya” hissəsində bu, təyinedici halqadır. Biri səssizliyə işarə edir, digəri ağappaq maşına. Hər ikisinin diqqət yetirdiyi şey səma, dəniz, göylər və üfüqlə (həm də insanın xəyalında gəzdirdiyi təmiz şeylərlə) kəsişir, kəsişmə nöqtəsi görünmür, çünki fon rəngsizdir, Allahın, tanrının ad vermədiyi, sadəcə gizlətdiyi nəsnələrdəndir. Oğlan (kişi) Şərqiyyə ilə (qadınla) bir həftə olar ki, tanış olub və canında qorxu var, itirmək, ayrılmaq qorxusu. Səssizlik bu qorxunu keyitmək, ayrılığa qədərki vaxtı uzatmaq qəsdini bildirir. Qız (artıq Şərqi, yəni, səssizliyin dinməsi, daxildən qıvrılıb oxuması, - pıçıltıyla) ağ “Volqa”nı göstərir. Səncə nəyə oxşayır. “Ağ” da sükutdur, səssizlikdir, yerdən aralanmaq, qəlbindəki hisləri elə bir məkana köçürməkdir ki, orda tək qala bilsin. Həm də qəlbhinə cığır salan hisləri anlamağa vaxtı olsun.

“- Məncə, elə " Volqa”ya oxşayır.

- Bir də bax.

- Baxdım.

- Elə yox. Üzünü yerə söykə aşağıdan bax. Bir də gözünü yum. Elə elə ki, maşınla göydən başqa heç nə görünməsin.”

Kişiylə qadının ayrı-ayrı məkanları gəzib-dolaşan fikirləri bir nöqtədə kəsişir, hər ikisi ağ Volqanı kosmik gəmiyə bənzədir. Bəli, elə elə ki, maşınla göydən başqa heç nə görünməsin... Yuxarıda dediyimiz birinci hissə burda tamamlanır. Bu struktur vahidi daha çox qəhrəmanların daxili dünyasına səyahət məqsədini güdür. Detallar – səssizlik, ağ Volqa, soyumuş qumun üstünə sərilmiş xalça... bu hissənin rəng qatışığını bütün çalarlarıyla ayırır və onu ilmə-ilmə göstərir.

İkinci hissədə detal kimi “göylər”in məqamı qabarıqlaşır. Yəni, “- Düzü, göyü yadıma salmasaydın, kosmik gəmi-zad ağlıma gəlməzdi.” Bu sözdən Şərqi şübhəsiz ki, bir az məyus oldu. Buna görə də Murad da ciddiləşib nəsə demək, izah eləmək istəyir. Ancaq astaca barmağını onun dodaqlarının üstünə qoyur. Yəni, yenə sükut, səssizlik. Birinci hissə ilə qaynaq yeri yaradılır. Daha doğrusu yuxraıda xatırlatdığımız “çat yeri” hekayədə ilk dəfə olaraq qapadılır.

Hər bir hissədə “seçilən” bədii detal öz funksional mahiyyətini də diqtə edir, hekayədə bununla bağlı verilən hər bir sual hərəkətə sövq edir, daha doğrusu, hərəkət yaradır, təhkiyənin daxili dinamikasını artırır. Bədii mətndə detal əşya ifadəliliyini bildirir, bədii əsərdəki təfərrüatların “yığışdırılması”, montaj edilərək ifadəli formula çevrilməsini bildirir. Və beləliklkə mətndə ideya, yaxud fikrin məna baxımından emosional yükü bir nöqtəyə cəmləyir. İsa Hüseynbovun mətnlərində bədii detal daha çox psixoloji və impessionist xarakterdə çıxış edir. Psixoloji məqamlar aydındır. Bəs detalın impressionist ayrıntısı necə ifadə edilir? Bu halda yazıçı hər hansı detalı tam təsadüf nəticəsində bədii mətnə “köçürür”, ilkin olaraq onun mənası yazıçı üçün də tam aydın olmaya bilər, ancaq daxilən onun fikri, niyyəti ilə üst-üstə düşə, onun həyəcan və hislərini əks etdirə bilər. Ancaq təsadüfən seçilən, ağla gələn detal İsa Hüseynovun mətnindən çəkilib getmir, onun bətnindəki “məna savaşını” bütün rəngarəngliyi ilə göstərə bilir. Ustalıq detalı qabartmaq yox, onu gizlətməkdədir. Vaxtilə Çexovun tənqidçiləri illər boyu təsdiq edirdilər ki, bədii detal Çexov nəsrində cüzi rol oynayır. Onun “ay işığı altında butulkanın boğazı” kimi detalları (yaxud Qonçarovda “Oblomovun divanı”) bu baxımdan təhlildən kənarda qalır və deməli, əsərin tam dərkinə maneçilik yaradılırdı.

Qeyd etmək yerinə düşür ki, İsa Hüseynovun mətnlərində bədii detalın implisitliyi (qeyri-müəyyənləyi, mənzərəni dərhal yox, kadrlarla yaratması və təqdim etməis-!) əsasdır. Bu halda hər bir kadr həm özündən əvvəlki kadrın davamıdır, həm də müəyyən mənada onun açılmasına, “ətək yazılarının” görünməsinə xidmət edir. Yenə də əvvəldə qeyd edildiyi kimi, “oppozisiya” fonunda. Sual sanki əks cavabın alınması üçün verilir. Ancaq bu zahirən belədir. Mahiyyət cavabın ümumiyyətlə olmamasına köklənir. Şərqi Muraddan soruşur ki, təsəvvür elə ki, bu elə kosmik gəmidir, uçarsan mənimlə? Yox, deyir Murad. Niyə? Çünki onunla olduğu yerdən ayrılmaq istəmir. Ümumiyyətlə bir həftə olar tanış olduğu varlıqdan ayrılmaq istəmir. Bu onun qəlbini dolduran yeni hislərin diqtəsidir. Hər bir pasajda qız etiraz etdikcə kişi ciddiləşir, ancaq bu ciddiliyin yayları necə deyərlər, “sona qədər sıxılmır”. Şərqinin gülüş səsləri hər şeyi alt-üst edir.

Sonra başqa bir detal. “Qu quşu boğazı”. Bu da implisit xarakterlidir. Amma həm də əvvəlki detalların hissələrindən yığılıb. Ona görə də bildirməkdən daha çox mənanın ört-basdır edilməsinə, oxucuya qırıq-qırıq işarələrin verilməsini şərtləndirir. Hekayə mətninə “qocalıq” motivi (“ağ tük” – sükut, səssizlik, göy üzündə ağ Volqa – kosmik gəmi-!) elə qəfildən gəlir ki, mətnin lap dibindəki nəsnələr birdən səthə çıxır, görünür və yoxa çıxır. Bir azdan qız da görünmür. Çünki ağappaq qu quşu boğazı və maşın faralarının işığı onu bəyaz pərdələr arxasında saxlayır. Əslində oxucuya əvvəldən kərratla bildirilən mənalar gizlədilir. Gördüyün şey görmədiyindir. “Murad bu çay kimi çağlayan gülüşün səbəbi barədə yalnız bir az düşündü... Tünd mavi göydə iri-iri seyrək ulduzlar parıldayırdı. Üzərini nazik qaranlıq layı örtmüş hamar qumluq, üfüqün ağ fonunda cərgə-cərgə düzülmüş balıqçı talvarları, uzaq, kələ-kötür sahil qayaları – hər şey sükutda idi. Təkcə Şərqi gülürdü. Üzünü ulduzlara tutub, öz gözəlliyi ilə, xoşbəxtliyi ilə sanki dünyaya meydan oxuyurdu.”

# 1341 dəfə oxunub

Müəllifin son yazıları

# # #