Kulis.az Cavanşir Yusiflinin “Fəxri Uğurlunun bir hekayəsi” məqaləsini təqdim edir
“...Adam pətəyinin küyü geridə qalmışdı. Pırsımış gözlərin, qartımış səslərin altından canını sürüyüb çıxartmışdı.”
Elə ilk abzasdan klassik poetik ənənəni, onun içində əsrlər boyu dövr edən obrazları nişan verir və onlarla həm paralel, həm də çarpaz diskurslar yaradır. İlk abzasda görünən obraz “can bazarı”dır. Yadımıza salaq, orta əsrlər şeirində bu obrazın hansı paraleldə işlənməsini.
“... Bilmirəm bu bazarda mənim nə alverim var, ay oğul. Axı bizim yediyimiz-içdiyimiz onsuz da zəhərdi... ”
Yuxarıdakı cümlələrlə müqayisədə indi sitat verilən cümlə paradoks təklif etmir. Adam (arı) pətəyinin küyü ... arı pətəyi deyil, ancaq bu küyün əsarətindən qurtulub ağır şələnin altında inləmək, “can bazarının” sonsuzluğu anlamına gəlir. Elə ilk cümlələrdən aydın olur: bu adam təklənmiş birisidir, özü dediyi kimi, yerdə-göydə nə varsa, onun əleyhinədir. Qorxur ki, külək sözünü götürüb aparar, ona görə səsini içinə salır, ürəyinin qulağı ilə eşidir. İki aləm qarşılaşır: poetik vəsfi-hal, klassik şeirdən və bəlkə də orta əsrlərdən əsən ab-hava ilə insanın heç zaman qocalmayan, zamana baxmayan və zamana sığmayan iniltisi - həsbi-hal. Dərdə tuş gələn insan bütün zamanların qovşağında - sərhəd nöqtəsində dayanır, bu kişinin daşıdığı şələ həm real, həm də irreal (daşlaşmış) dərdlərdir ki, bir ürəyin pətəyində qaynaşır.
Zaman və məkanı itirmiş adam öz içində gəzir, bir addımlıq yolu çölü-biyaban kimi keçir, bu yolun gedildiyi anda qurtardığının fərqində belə deyil. Bu tək adam neçə adamın “qoluna girib” gedirdi. Səkidə qarşıdan gələnlər ona “yol verirdi”. Təkliyin çoxluq olduğu bu məkanda zamanın, vaxtın damarı boşalıb.
Bəli:
“...Mən bu yükün altında yüz il də sürünərdim, oğul, təki, yüz birinci ilə umudum olaydı. Dünyanı çiynimdə saxlayardım. Təkcə səni kürəyimdə apara bilmirəm. Belim qırılır, oğul, belim qırılır”.
Hamı bir şey uydurub bu gündən qaçır. Bu kişi bu gündə ilişib qalıb, onun üçün “gələcəyin iç üzü açılıb”. Bax, bu məqamda yadımıza mərhum Rafiq Tağının hekayələri düşür. Bu sözü o da hansısa hekayəsində işlədə bilərdi, yaxud bəlkə də işlədib. Ancaq Rafiq “gələcəyin iç üzünü” belə bir kontekstdə açmağa meyl etməzdi.
Keçmişdə nə olubsa, indi günahdır. Oğluna oğul kimi yox, öz gələcəyi kimi baxıb. Onu özündən ayırmayıb. “... Heyvan heyvanlığı ilə balasını ayırır. Hər kişinin ömrü özündə başlayıb, özündə qurtarırmış. Hər nəfəsdə ölüb-dirilmə var. Ata oğulun, ya oğul atanın əvəzində nəfəs ala bilərmi? Odur ki, nəfəsi kürəyindən çıxır.
XX əsr filoloji fikrində və model olaraq bədii mətnlərdə əsərin oxucunu qavraması köklü problem kimi qoyulur. İndi sosiumda baş verən hadisələr bizi sürətlə publisistikaya sürükləyir. Bütün bunlar mətnə dalmağın, ondan gerçəkliyin bədii dərkinə yönəlik nəticələr çıxarmağın qarşısını alır. Ancaq mətn varmı? Bu sual bu gün qaldırılmır, niyə soruşularsa, cavabında olmayan şeyləri diriltmək lazım gələcək.
Bədii mətn sistemi o qədər cilalanıb ki, o, artıq oxucunu da “öz əlavəsinə” çevirir, onu yönləndirir. Təhlil edilən hekayədən də göründüyü kimi (Fəxri Uğurlu, “Oğlum sonuncu dayanacaqda düşəcək”), yazıçı bu dünyanı (yəni, dünyadan ayırıb ona qarşı qoyduğu fraqmenti) öz təfəkkürü, dünyaduyumu və poetik qavrayışı ilə əhatə edir, örtür, üstünü qapadır ki, istədiyi effekti ala bilsin. Demək, bu halda, bədii mətni hansı işarələr sistemində təqdimi kənar meyllərdən çox az asılıdır. Son zamanlar post-modernist elan edilən mətnləri oxuduqda iki yol ayrıcında qalırsan: mətn hansıdır, texnika hansı?
Yəni, mətn səni qavrayıb öz alətinə çevirməmiş gözünü açıb ona baxmaq istədikdə mətn effekti ilə rastlaşacaqsan. Bizdə klassik, ənənəvi üslubda yazılan mətnlərin əksər hissəsi (məlum hekayə müsabiqələrində bu cür hekayələr çay daşdıqda sahilə tökülən ölü balıqlara bənzəyir) primitivdir (üzündən astarı və əksinə görünür), necə deyərlər post-modern mətnlər isə (ingiliscə so-called) heç texnika olaraq da mükəmməl deyil.
“Oğlum sonuncu dayanacaqda düşəcək” hekayəsi metaforalar üzərində qurulub. Onun adından başlamış (“sonuncu dayanacaq”) son cümləsinə qədər. Metaforalardan həyatın mənasına dalma (ata üçün oğul sonuncu dayanacaqmış...), fələyin rəhmsizliyi, orta əsrlərin canlı poetik fiqurlarının yeni dövrdə və şəraitdə kontekstə gətirilməsi, orta əsrlərdə eşqə və yerdə qalan hər şeyə müncər edilən obraz və metaforaların müharibə, ölüm-itim kontekstində pardaqlanması, artıq “ömrü bitmiş obrazların” donunu açır. Müasir nəsrdə bu təmayülün ifadəçiləri arasında Mübariz Cəfərli, Şərif Ağayar, Fəxri Uğurlu, Orxan Fikrətoğlu və Məqsəd Nuru bir kontekstdə birləşdirən həm də orta əsrlər konteksti ilə post-modern paradiqmanın kəsişib qovuşduğu məqamdır. Poetik ənənənin bu şəkildə davam etməsi nəsrimizdə fikrimizcə, yeni rakursdur.
Qayıdaq F.Uğurlunun hekayəsinə... Metaforalardan, özü də klassik ədəbiyyatda müəyyən konteksti olan metaforalardan sıx-sıx istifadə edilməsi zamanın (şərti-simvolik-!) ələ düşən məqamda tutulub dondurulması istər-istəməz məkan qavrayışını daraldır və nəticə etibarı ilə aradan qaldırır. Bu, mətnin janr ölçüsünə də təsir edir, onun keçid (başqa janrlara keçidini) sürəkliliyini artırır. Hekayə özündən hekayə, roman, digər janrlar doğurur. Hekayədən hekayəyə keçid onun mənalanma imkanlarını sonsuza qədər artırır, müharibə, ölüm, itim.... bütün mümkün semantik kontekstləri ilə iştirak edir. Təzadlı, bəlkə də saxta bir sevgidən doğulan uşaq, atanın ona ifrat sevgisi, atanın çiynini əzən ağır yük (candan artıq sevdiyi qız dəli olmuşdu...), oğlunun ölümünə səbəb olan atanın dağı-daşı yerindən oynadan iniltisi (... bilirsənmi, müharibəyə niyə getmədim...), insanın torpağa toxum kimi düşməsi, ömrü bitməmiş, nahaqdan öldürülənlərin geri qayıtması, göy üzünün əslində hər gün qaralması... bu sıx metafora ardıcıllığı mükəmməl poetik mətn təsiri bağışlayır.
***
Bir təsadüfdə müasir nəsr mətnləri ilə bağlı işlətdiyimiz “dilin arxa planı” ifadəsi təsvir boyu, hadisələrin vahid süjet planı üzrə inkişafı zamanı təsvirin arxasında (pərdə arxasında) müəyyən dil epizodlarının yığılması hesabına yaranır. Yəni burada zamanın təsvirində yol verilən «şüuraltı dil müdaxiləsindən» söhbət gedə bilər, təbii dilin arxasında dayanan «ikinci dil» danışan əhvalatı başqa istiqamətə yönəldir, bütün əsas əhvalatlara, təsvir momentlərinə alternativ strukturlar yaradır, bu əhvalat və ünsürlərin mənalanmasından çox, onların dəyişkən zaman içində dərkinə şərait yaradır. Fəxri Uğurlunun “Oğlum sonuncu dayanacaqda düşəcək” hekayəsində olduğu kimi.