Arxadan gələn səsə diksindim - Bircənin romanı

Arxadan gələn səsə diksindim - Bircənin romanı
17 yanvar 2020
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Ölü bit kimi dırnaq altında qalmışdım. Cavid evdən çıxandan sonra cumurdum blokdakı poçt qutusuna, sevincək qutunu açırdım, içini boş görəndə başıma ələm yağırdı. Allah yerimi bilirdisə bəndələrinə də xəbər verməliydi, bəs eləysə niyə bir Allah bəndəsi məni arayıb-axtarmırdı? Mən məktub gözləyirdim, bəli, məktub gözləyirdim! Amma kimdən - bax onu bu gün də bilmirəm.

Bəzi gecələr Cavid yatandan sonra da pişik kimi sımıda-sımıda aşağı düşüb o qutuya yenə baxıb qayıdırdım, boş qutunun başına bir yumruq salıb peşman-peşman evə dönürdüm. Nənəmdən qalma, rəngi bir az soluxmuş keci cecimi silib təmizlədiyim balkona sərib səvərirdim üstünə. Göyü gözümlə qarış-qarış, baxış-baxış ölçürdüm, işaran, bozaran ulduzların arasında bircə dənə tanış ulduz tapa bilmirdim. Mənim kənddəki ulduzlarım doğma, yanımcıl, məni tanıyan, halımı duyan idilər, məndən işıq paylarını, pıçıltılarını əsirgəməzdilər; ancaq şəhərin adamları kimi ulduzları da mənə ögey gəlirdi, üzümə baxmaq, qəlbimi yoluxmaq istəmirdilər...

Bütün günü ev telefonunun yanını kəsdirib dururdum, zəng çalınan kimi dəstəyi qapırdım. Aqil bunun üstündə bir dəfə dərsimi yaxşıca verdi:

- Ay qız, - dedi, - elə bil telefonun üstündə yatırsan, qoy bir əməlli səs eləsin, sonra dəstəyi götür.

Telefon qulağımda udqundum, qızardım:

- Elə bilirəm gec götürsəm narahat olarsız, elə bilərsiz evdə deyiləm.

- Əl telefonun var, indi adamı tapmaq asandı. Rahat ol, içindəki qorxuları aç burax, çıx dükan-bazarı gəz, get qadın salonlarında özünə qulluq elətdir.

- Cavid gəlib məni evdə görməz, bağrı yarılar.

- Heç nə olmaz, açarın birini də ona ver, gedəcəyin yeri de, çıx evdən. Paltar almırsan, get heç olmasa kitab al özünə.

- Buralarda kitab dükanı yoxdu axı.

- Kitabxanalara get.

Bir dəfə də Hakim məni danladı. Bizə bazarlıq gətirən qardaşım zəngi basan kimi yubkamın balağı əlimdə qapını açdım. Hakim gah üzümə, gah da dartışdırdığım ətəyimə baxıb dedi:

- Əynini geyinməmiş, saçına-başına əl gəzdirməmiş heç kimə qapı açma.

Qardaşlarım məni şəhər mühitinə alışdırmaq üçün hər fürsətdən yararlanırdılar, bununla belə mən öz vəhşi adətlərimi çox gec tərgidə bildim.

***

Eyvanda yağ əridirdim, Cavid də universitetdəydi. Gördüm qapımız bərk döyülür, arada zəngi də basırlar. Bilmirəm nəyə görəsə xoflandım, tez Laləgilin ev nömrəsini yığdım. Bacım:

- Nədən qorxursan, - dedi, - irəli dur gözlükdən bax, qapını aç.

Gözlükdən baxanda qapını döyənin iri gövdəli kök bir qadın olduğunu gördüm. Bacıma onun nəm-nişanını isnad verəndə Lalə dedi:

- Telefonu yerə qoyma, aç görək nə istəyir.

Qorxa-qorxa qapını azca araladım – qənşərimdə gülərüz, xoşsifət bir qadın dayanmışdı:

- Ay qızım, mənim yastığımın üzü sərəndə düşdü sizin balkona, onu mənə ver zəhmət olmasa.

Lalə xəttin o başında arxayınlaşıb dilləndi:

- Telefonu qoy yerə, get xalxın malını gətir ver özünə.

Arvadı qapının ağzında saxlayıb balkona yüyürdüm, eyvanın qulağından sallanan güllü-güllü yastıqüzünü götürüb qapıya qayıdanda onu görməyib duruxdum, başımı işlətməyə macal tapmamış arxadan gələn səsə diksindim – qadın içəri keçib qonaq otağımızdakı divanda kamali-ədəblə oturmuşdu. Heyrətləndiyimi görəndə tez dilləndi:

- Ay qızım, ayaq üstə dura bilmədim, bir az dincəlim, qalxacam evə. Gəl otur sən də.

Deyir qonaq həddini aşanda ev yiyəsini yeməyə dəvət eləyər. Ürəyimdə bu misalı çəkə-çəkə onunla üzbəüz stula çökdüm. Yarımca saatdan sonra özüm, ailəm haqda bütün məlumatları bitdə-bitdə arvadın ovcuna qoymuşdum.

Handan-hana o, mətbəxlə evin arasında qaldığımı görüb, çayını da götürüb özünü verdi mətbəxə. Mən əritdiyim yağın tortasını zibilə atmaq istəyəndə qadın əlimi havada qurutdu:

- Atma! Ver mənə, sənə yaxşı peçenye bişirim.

Tortanı bankaya töküb qoydum qabağına:

- Aparın özünüzə bişirin, bankanı qaytarmasanız da olar.

- Yəni durum basım bayıra, hə? - deyib cingiltiylə güldü.

Qadının çox qəribə ləhcəsi, maraqlı görkəmi, uşaq səsinə bənzər avazı vardı. Utanırdım ona dur get deməyə, günün Cavid gələn vədəsiydi deyə həm də qorxurdum – axı bacım-qardaşım, hətta atam-anam belə mənə heç kəslə qonşuluq eləməmək barəsində ciddi tapşırıq vermişdilər. Odu ki, arvada xoş üz göstərmədim, onu yola salıb qapını bərk-bərk kilidlədim. Ancaq o güllü yastıqüzü artıq öz işini görmüşdü...

Gecə qonşunun ağır qədəmləri başımın üstündə tappıldadıqca ona özüm haqda çox məlumat verdiyimi fikirləşib üşürgələnirdim, bir belə sıyıq olduğuma görə utanıb xəcalət çəkirdim.

***

Səhər gün eyvanımı döyməmiş yenə qapının zəngi basıldı. Gözlükdən baxdım, o idi. Evin dərinliyinə çəkilib qulaqlarımı barmaqlarımla tıxadım – səs uzandıqca mən sıyılacaqdım. Qapını açmadım, dedim özü başa düşüb bir də məni narahat eləməz. Qapı zəngi kiriyəndən az sonra ev telefonu zingildədi. Qaçaraq dəstəyi qapdım, onun cingiltili səsini eşidəndə duruxdum.

- Bircəcik, niyə qapını açmırsan, sənə peçeyne bişirmişəm.

Pörtdüm:

- Zəhmət çəkməyin, şirin şey yeyən deyiləm.

- Sən yeməzsən oğlun yeyər. Qapını arala verim, mənim də işim çoxdu bu gün.

Ardınca qapım yenə başladı guppuldamağa, ürəyimdə bu axırıncı olsun deyib qapını araladım. Boşqab dolu peçenye burnumun qabağına gəldi:

- Mənim reseptim bir başqadı, bunu yeyəcəksən.

- Gözləyin qabınızı boşaldım verim.

Boşqabı qadının əlindən alıb mətbəxə qaçdım, peçenyeləri tavaya boşaldıb boşqabı ləpə, xurma, şokoladla doldurub geri qayıtdım. Qadın yenə qapıda deyildi, divanda oturub üzümə gülümsəyirdi. Bilmədim nə deyim, qayıtdım ki:

- Siz bizim ev nömrəsini hardan bilirsiz?

- Bircəcik, - dedi, - sizin nömrəylə bizim nömrənin arasında bircə rəqəm fərq var.

Bu gün də o öz həyatını, ailəsini mənə tanıtdı. Əri sağıydı, bir oğlu, bir qızı vardı, hər ikisi boşanmışdı, hərəsinin də bir oğlu. Boşanma söhbəti məni çox həyəcanlandırdı, həm də təəccübləndirdi.

- Niyə axı ikisi də boşanıb, - soruşdum, - kimin, nəyin ucbatından?

Qadın güldü:

- Allah bilən məsləhətdi. Ərimə deyirəm elə belə yaxşıdı, uşaqlarımızın ikisi də özümüzə qaldı.

Oğlu boşanandan sonra Moskvaya köçmüşdü, orda tanınmış diş həkimiydi. Qızı uşağıyla birgə atası evində yaşayırdı.

Tez bir zamanda Nüşabə xalayla canbirqəlb olduq, amma gizlicə. Di gəl, dostluğumuzu vur-tut ikicə ay gizli saxlaya bildik, bir gün elə süfrə başındaca Hakim bizi yaxaladı. Qardaşım onu görəndə suçuxdu, məni öpürmüş kimi ağzını qulağıma yaxınlaşdırıb dedi:

- Bu kələ kimdi sərilib divana?

Duruxdum, qızardım, uçalandım:

- Nuşu xaladı, irəli dur görüş.

Nüşabə xala ətli əndamını güclə divandan qaldırıb bizə sarı gələ-gələ:

- Sənə tapşırmayıblar təzə evdə qonşu-monşu olmasın? - deyib Hakimi qucaqladı, üzündən öpdü.

Qadının ərki, mehribanlığı qarşısında Hakim də yumşalıb ona sarıldı:

- Hə, tapşırmışıq.

- Amma mən qonşu deyiləm, Bircənin üstündə oluram.

- Allah sizi bunların üstündən əskik eləməsin, - qardaşım güldü, - biz qonşu demişik ey, üstdə yaşayanı deməmişik ha.

Mən qaldım qıraqda, Hakimlə Nuşu xala tarixdən vurub ədəbiyyatdan çıxdılar. Qardaşım gətirdiklərini qoyub çıxanda qadın yenə sallaşdı onun boynundan:

- Sən Allah Bircəni danlama, mən üzümə it üzü geyib bu evə soxulmuşam.

Hakim mənə bir turş kəlmə demədi, ancaq bacı-qardaşlarıma, anama, gəlinlərə Nüşabə xalanı isnad verdi. Kənarda məni danladılar, gəlib arvadı görüb tanıyandan sonra onun bizə ayaq açmağına etiraz eləmədilər. Nüşabə xalanın sonradan tanıdığım qızı məni ilk dəfə görəndə dedi:

- Bircə, anam sənlə tanış olmaqdan ötrü yastıqüzünü qəsdən sənin balkonuna atmışdı. Ona qədər iki dəfə corab da atmışdı sizin eyvana, amma corablar hədəfə dəyməmişdi.

Tanışlığımızın üçüncü ayında Nuşu xala nəslimizdə-kökümüzdə hamının adını, yaşını, tərcümeyi-halını əzbər bilirdi. Bu arsız arvadın (anam ona belə deyirdi) heyrətamiz yaddaşı vardı...

***

İçi pas atmış poçt qutusundan bir xəbər çıxmasa da, telefonum yatmırdı, qalanlar bir yana, hər günün səhəri atam, axşamı da Səməndər mütləq zəng vururdu. Bir gün atam hal-əhval tutandan sonra məndən soruşdu:

- Kəndə gəlmək istəmirsən?

- Niyə gəlim, nəsə olub?

- Yox, nə olasıdı, elə belə soruşdum.

Kənardan Aytacın səsi gəlirdi. Atam qızı genitməyə çalışıb telefonu qapatmaq istəyəndə uşağın xəttə sıçrayan sözləri beynimə mismar kimi batdı:

- Baba, niyə Bircə mamaya demirsən ki, Validə öldü.

O gün axşama qədər ağladım. Yazıq qızın əzabdan qurtulduğuna sevinsəm də, bu sevincin kədərdən bir fərqi yoxuydu, çünki mayası dərddən tutulmuşdu. Nənəmin bayatılarıyla ürəyimin hovunu almağa çalışırdım:

Hilal qaşın əyrisi,

Dərdin çəkməz qeyrisi.

Döy başına hey ağla,

Olduq illər ayrısı.

Məktəb şəkillərimizi ortalığa töküb bir az da özümü onlarla ovutdum. Əziz Xuraman müəllimənin yadigarı Aygün halımdan halı olub məni tək buraxmadı, tez-tez qoluma girib məni dəniz qırağına apardı, adıma qazan asıb məni uşaq kimi yedizdirdi.

Validənin ölüm xəbərini eşidəndən az sonra bərk azarladım, quru öskürək məni nəfəs çəkməyə qoymadı. Səməndər dərsini, işini, evini-eşiyini atıb on gün yastığımın dibini kəsdirdi, bu müddətdə Nuşu xalayla da dostlaşdı. Hərəsi öz bölgəsinin mətbəxinə aid bir şey bişirməklə yarışırdılar, Aygünlə məni münsif tutub yeməkləri bizə daddırırdılar, bu fəndlə, bu bicliklə məni ac qalmağa qoymurdular. Süfrə başına hər keçəndə Səməndər deyirdi.

- Allah sizə can sağlığı versin, ay Nüşabə xala, o yastıqüzünü gətirin mənə, aparıb öz tarix muzeyimdən asacam.

Nuşu xalaya bu sözlər nuş olurdu, ləzzətlə gülə-gülə:

- Şəhər uşağıyam da, - deyirdi, - hər ciqanlığı bacarıram...

***

Şənbə günləri Aqilin işi tez qurtarırdı, vədələşib saat bir tamamda ana-bala olurduq onun çalışdığı ofisin yanındakı iri, modern mağazada. Qardaşım hərəmizə bir təkərli araba verib bizi qatırdı qabağına:

- Ürəyiniz nə istəyir yığın içinə.

Mən utandığımdan istədiyimin birini götürəndə birini götürmürdüm. Cavid mənə dil çıxara-çıxara arabasını bahalı şirniyyatla, şirələrlə, ekzotik meyvələrlə doldurub dayanırdı kassanın böyründə. Arada onu yanlayıb deyirdim:

- Fındıqburun, nə devikirsən, yığdıqlarının pulunu ver çıx.

Cavid üzümə baxıb suçuxurdu:

- Ana, mənim pulum var?

- Pulun yoxdusa bəs dükanı niyə şəllənmisən, - deyib onu cırnadırdım.

Duzdan tutmuş sabuna qədər Aqil hər yükümüzü tutub bizi taksiylə evə yola salırdı. Evdə bazarlığımızı Nuşu xala yerbəyer eləyirdi:

- Yaxşı vaxtında özümü yetirdim, yoxsa bu qədər xuşkəvəri kim yeyəsiydi, - deyib ürəkdən gülə-gülə ovcuna yığdığı sarı kişmişi ağzına basırdı.

Arvad lap düz deyirdi, biz ana-bala ikimiz bir belə bazarlığı bir aya da yeyib qurtara bilməzdik. Nuşu xala, Aygün, beşinci mərtəbədə yaşayan ailənin üç şikəst övladı, həyətimizi süpürən Həlimə – hamısı Aqilin qazancından barınırdı. Artıq Nuşu xala köhnə çörəklərə də əncam çəkmişdi, boyatımış çörəyi doğrayıb ocaqda qızardıb qurudurdu. Mən də onun hesabına tez-tez bacı-qardaşıma suxari paylayırdım.

***

Bir gün Cavid dərsdən bir ayrı havayla gəldi:

- Ana, Sami Yusif Bakıda konsert verəcək, mən də getmək istəyirəm.

- O kimdi elə?

- Orda-burda desən sənə gülərlər. Sami Yusif Londonda yaşayan azərbaycanlıdı.

- Doğrudan, Bakıdan gedib?

- Yox, Tehranda anadan olub, sonradan İngiltərəyə köçüblər. Bakıya ilk dəfədi gəlir.

- Xoş gəlir.

- Sağ ol, ancaq mənə bilet lazımdı.

- Gör harda satırlar, get al.

- Ana, onun bileti neçə ay əvvəldən satılıb qurtarıb.

- Qurtarıbsa mən hardan sənə bilet ala bilərəm?

- Qardaşına de, dayım tapar.

- Qardaşım ac qarnımızı doyursun, yoxsa bizə konsert versin? Mən deyə bilmərəm, üzün gəlirsə özün de.

Bundan sonra Cavidin yenə məndən üzü döndü, bir evin içində yenə qanlı-bıçaq olduq. Bu bilet, konsert məsələsinin evimizdə yaratdığı gərginlik o həddə çatmışdı ki, mən o nurlu oğlanı ekranda görcək söyməyə başlayırdım. Aqildən başqa hamıya ün saldım, bilet söz verən olmadı. Eşitmişdik dayım qızlarından biri o konsertə bilet alıb, Cavid nə illah elədisə ona da mən ağız açmadım, çünki dayımgillərdən ürəyim çoxdan sınmışdı. Heç yadımdan çıxmaz, peşə məktəbinə getdiyim ilk gündə dayımın arvadı mənə nota verdi:

- Dayın dedi sənə çatdırım, birdən o naqqal Əhmədin üzüyanıq oğlu buralara gəlib eləyər ha!

- Haralara?

- Bizim küçəyə.

- Nə vaxt gəlsə onda dayım deyən olar.

İllər ötdü, ərim öldü, qucağımda uşaq bir müddət dayımızla qonşuluqda yaşayan Hakimgildə qalası oldum. Onda yenə dayım arvadı o vaxt dediyi sözləri təkrarlayıb yenə mənə nota verdi. Onun üzünə alaqolay baxıb dedim:

- Xalxın ailəsi, arvad-uşağı var, onun sənin küçəndə nə iti azıb.

Araşdırmağa həvəsim də olmadı ki, o tapşırığı dayımmı vermişdi, yoxsa məni yaralamaq üçün arvadı özündən uydurmuşdu. İndi yaddaşımın alt qatından qaynayıb püskürüb boğazıma dirənən belə-belə xatirələrin təhrikiylə bir parça kağızdan ötrü onlara əl-ağız açmağı özümə sığışdırmırdım...

O tutqun günlərin birində Cavid dərsə gedəndən sonra geyinib düşdüm həyətə, metro ətrafındakı, keçidlərdəki dükanları dolaşmağa başladım. Metroya enən pilləkənin başında bir yeniyetmə əlindəki kağızı yelləyə-yelləyə:

- Bir gün qaldı, o möhtəşəm günə bircə gün qaldı, - deyib boğazını yırtırdı.

Maraq mənə güc gəldi:

- O hansı gündü elə?

- Xala, sabah Sami Yusifin konserti olacaq. Anam xəstədi, rayona getməliyəm, biletimi satıram.

Əlimlə oğlanın ağzını qapadım:

- Qadan alım, səs salma, biletini sat mənə.

- Əlli manat ver, bilet olsun sənin.

Pulqabımı eşələdim, içindən otuz səkkiz manat çıxdı.

- Oğlum, olanım budu, nolar qırma məni, - dedim.

- Yox, ay xala, o qiymətə verə bilmərəm, - deyib uşaq daha bərkdən car çəkməyə başladı.

Oğlanı dilə tutub binamıza yaxın yerə apardım, evdən pul gətirib bileti aldım, sürpriz olsun deyə onu Cavidin otağındakı üçtağlı güzgünün bir tağından asdım. Nuşu xala bileti görəndə dedi:

- Nə bilirsən, bəlkə bu elə yalançı bir kağızdı, barı birini də özünə alaydın.

Sonra arvad bileti götürüb üzünə-astarına diqqətlə baxdı, qaytarıb yerinə qoydu:

- Yox, qondarma şeyə oxşamır. Dəyənək dəlinin, süpürgə gəlinin, qoz-kişmiş də xanımın, qoy getsin.

İkimiz də güldük.

- İndi dəli kim oldu, xanım kim oldu, gəlin kim oldu?

- Dəli Caviddi – gedəcək konsertə, xanım mənəm – sənin stolunun üstündəkiləri basıb yeyəcəm, gəlin də sənsən – zibilimizi süpürəcəksən.

Cavid bileti bir az gec gördü. Demək istəmirdim, istəyirdim özü qəfildən görsün. Gecənin yarısı Nuşu xala özünü saxlayammadı:

- Bir otağına yaxşı bax, gör ordan nə tapırsan?

- Nə tapasıyam ki?

- Birdən ordan sabahkı konsertə bilet tapsan neylərsən?

Cavid gözlərini bərəldib mənə baxdı, mən sakitcə oturmuşdum.

- Ələ salırsız məni? Birdən bizə də gələr ey Sami Yusif, - deyib otağının qapısını üzümüzə çırpdı.

Otağına girəndən bir neçə dəqiqə sonra Caviddən qopan bağırtı indi də qulağımdadı:

- Anaaaa, sən neyləmisən! Anaaaa, sən məni doğrudan sevirmişsən! Anaaaa, canım anaaaa!..

Oğlum o bileti bu günəcən saxlayır...

# 12940 dəfə oxunub

Müəllifin son yazıları

# # #