#

“Bir şeir” yarışmasına əsərlərin qəbulu davam edir – Yeni mətnlər

“Bir şeir” yarışmasına əsərlərin qəbulu davam edir – <span style="color:red;">Yeni mətnlər
20 sentyabr 2019
# 12:01

Kulis.az "Bir şeir" müsabiqəsinə göndərilən yeni şeirlərdən nümunələr təqdim edir.

Eminquey

Qeyd: “Bir şeir” müsabiqəsində iştirak üçün deyil, dəstək üçün göndərilir.

İsa çarmıxa çəkilməsəydi,
bilməyəcəkdik,
biçarədi
mıxlanan qolları, ayaqları
Allahın hər yerdə olduğuna işarədi.

sonra Gün kimi batdı,
sonra bir də doğulmadı İsa.

Musa gəlməsəydi,
bilməyəcəkdik,
Allahın çomağı var,
ayırır sevdiklərimizlə yollarımızı
dənizlər kimi.

Məhəmməd gəlməsəydi,
bilməyəcəkdik,
hörümçəklər tək adamların cangüdənidi,
Allah - Musanın çomağıdı,
Məhəmmədin hörümçəyidi,
İsanın bədənidi.

sonda
heç vaxt hörümçəkləri öldürməyən adam
çomağa söykənib
İsanı gözlədi.
sonra Gün kimi batdı,
sonra bir də doğulmadı adam...

***

İntiqam Yaşar

Torpaqların vətən olan tərəfi


Torpaqların vətən olan tərəfi,
qan azlığından əziyyət çəkir həmişə.
Qanını torpağa verir övladlar,
son cümləsinəcən...

Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür.
Taqətsiz vətənin üstünü örtməksə,
buluda düşür, ağaca düşür, yarpağa düşür...
Yoxsa...

***

Aynur Haqverdi

Çərçivədəki şəklimizin sən olan tərəfin kəsib,
təyyarə düzəldib
uçurmuşam lap uzaqlara.

Bəlkə də, bir sevinc payı göndərmişəm
Göydə təyyarə görəndə sevinən uşaqlara.

Dağları, çayları sülənib gəzən küləklərdən
Daha istəmirəm ətrini sənin.

Səni boğulmaqdan qurtaran
köpəyin tək daha istəmirəm xətrini sənin.

Məni sularına daş atdığım
Balıqların ahı tutdu.
Amma balıqlar atdığım daşları unutdu.
Daha darıxmıram, deyim biləsən.
Otağımın pəncərəsinə
Günəş şəkli çəkmişəm.
Gecələr qorxmayım deyə.
Şəkil deyirəm…
Şəklin…
Çərçivədə yerin bomboş qalıb.
Üstəlik məzartək qaralıb.

***

Nigar Şəmsəddin

Bir ömür yolumu gözləyəcəksən...

Hər şey üçün çox sağol...
Bu da məndən sənə,
Əlvida məktubu, vida məktubu.
Unutma!

Sən də unudacaqsan sevilməyi,
Mən necə ki, unutdum xoşbəxtliyi.
Araya girəcək aylar, fəsillər,
sənə dərd olacaq bu ötən illər.
Daha olmayacaq,

sənə məhəbbətlə baxan, o gözlər,
sənə nəvazişlə sarılan əllər...

O zaman xatırlayacaqsan,
Çarəsiz, çarəsiz sızlayacaqsan.
Bir anlıq boylanıb ötən illərə,
Keçdiyimiz hər yerə...
Birgə gəzdiyimiz bağlar, bağçalar,
Dinlədiyimiz nəğmələr,
Oxuduğumuz kitablar,

Daddığımız təamlar...
Məni sənə xatırladacaq hər şey!..
Ancaq və ancaq....
Mən olmayacam.

Məhv etdin sevginlə yanan ürəyi,
Duymadın sən ona şəfa gərəyi.
Məhv olmuş hissimin ünvanı oldun,
Gələn əcəlimin fərmanı oldun...

Yalnız qalacaqsan,
İndi mənim sənsiz qaldığım kimi.
Acıyacaqsan...
Acılıyacaqsan kimləri isə.
Daha mən olmayacam,

Məni axtaracaqsan...
tapmayacaqsan.
Və o zaman peşman olacaqsan,
O zaman sən məni axtaracaqsan.
O zaman dərk edib olub-keçəni,

Məni sevdiyini anlayacaqsan.
O zaman əl açıb Uca Allaha,
Məni diləyəcəksən, istəyəcəksən.
Bir ömür yolumu gözləyəcəksən...

***

Tural Türksoy

Seyyid Nəsiminin və Hafiz Şirazinin mübarək ruhlarına ithaf olunur

Minacat

Etdim istiğfarü tövbət,
Çəkdim nəfsimə riyazət.
Gəldi mənə öylə halət;
Həqqə məzhər oldu canım!

Eyləmədim həyavü ar,
Qıldım fəğanü ahü zar.
Vücudum mənə gəldi dar;
Qalmadı tabım-təvanım!

Gəl, meylə doldur badəmi,
Sirab eylə ləblərimi.
İmtahan etmə səbrimi,
Ey saqiyi-mehribanım!

Qoy şərabdan sərxoş olum,
Vüsalından bihuş olum.
Eşqindən od tutmuş olum,
Alışım, yaxılıb-yanım!

Kaş rəhmətin gələ cuşa,
Məğfirətin coşub-daşa;
Rəhm edəsən bu naxoşa!
Ya Qafurum, ya Rəhmanım!

Cihad üçün riyazət şərt,
Riyazət üçün xəlvət şərt,
Xəlvət üçün təriqət şərt;
Budu təriqi-rəvanım?!

Əgər Sən salmasan nəzər,
Nəfsi Türksoylunu əzər.
Məğlubiyyətdən dad-həzər!
Hanı zəfəri-zişanım?!

sirab eylə - islat
saqiyi-mehribanım -mehriban şərabpaylayanım
təriqi-rəvanım - hamar yolum
zəfəri-zişanım - şanlı zəfərim

Şərtlər

Göndərilən mətnlər

# 4239 dəfə oxunub

Müəllifin son yazıları

# # #