Kulis.az "Bir şeir" müsabiqəsinə göndərilən yeni şeirlərdən nümunələr təqdim edir.
Rəhim Fərzili
Hicran oyunu
İstədin həyatda bir rol oynayaq,
Dönüb ovçu oldun, mənsə ov oldum.
Bir toxunum deyə atdığın ayaq
Altında torpaqtək mən də ovuldum.
Mahir bir ovçuydun gözlərin tələ,
Kipriyin altında boğuluram mən.
Gecələr şəklinlə ölmək az hələ
Səhərlər fikrinlə doğuluram mən.
Bu kiçik səhnədə kiçik insanlar
Gör, necə böyük rol ifa edirlər.
Amma ki, dinləyən, bizə baxanlar
Maraqsız-deyərək çıxıb gedirlər.
Sonuncu səhnə lap gözümün üstə-
Söylədin aramca, incə-Unutdum.
Mənsə qayıdaraq sözünün üstə
Söylədim-Mən səndən öncə unutdum.
De, biz bu rola niyə girmişik?
Özümüz ağladıq, kimlərsə güldü.
Səhnə oyununda vaxt itirmişik,
Axı, o pərdələr daha söküldü.
Sökülüb həyatın pərdə, səhnəsi,
Daha reallara gedək, hardayıq?
Ey həyat oynumun ilki, köhnəsi,
"Unutdum"- dediysək niyə dardayıq?
Yenə də birlikdə qala bilərdik,
Gözəl bitirərdik filmin sonunu.
Sonadək bir yerdə ola bilərdik,
Oynamasaydıq hicran oynunu.
Tale də, bax, yaman oynadı bizlə,
Bilmədik oynadıq, oyuncaq olduq.
Min cildə girdiyimiz həmin o üzlə
Sevirəm-deyəndə utancaq olduq.
***
Əjdər Məlik
Fələstinli körpəyə
Salam, sonuncu mərmidən
sağ qalmış körpə
Bu gün taleyimdən
şikayətlənmək istəyərkən
sən yadıma düşdün
Qaldığın daxmanın
üstünə düşən mərmi kimi...
Bu gün qonşudakı uşağın
ad günü hədiyyəsi üçün
az qala ürəyi partlamışdı
Sənin ilk ad günündə
səmada fişənglər əvəzinə
mərmilər partladığı kimi...
Sağ cibimdən itirdiyim
pul üçün qanım qaralanda
İki yaşında itirdiyin
sağ ayağın yadıma düşdü,
dilim qısaldı
Partlayan evinizin alovundan
yanıb qısalan saçların kimi...
Bir gün sevgilisindən
ayrılmış gənclərin intihar istəyi
Ananı itirərkən yanağından
axan iki damlada boğulub öləcək...
Bir gün bütün mərmilər
səndən üzr istəyəcək...
Bizim Tanrıdan xoşbəxtlik istədiyimiz kimi.
Bir gün bütün baş daşları
bacının olmayan
məzarından utanacaq
Bizim sevgi etirafı e
dərkən utandığımız kimi...
Bir gün bacını itirərkən
atanın çəkdiyi fəryad
Yatarkən körpəsinin səsindən
oyanıb deyinən ataların səsini batıracaq...
Bir gün iftar süfrəsində
təngiyən nəfəsimiz
Partlayışdan qaçarkən aldığın
nəfəsindən utanıb əbədi dayanacaq...
Bir gün vəhdət deyən bütün dillər
Ana dediyin dilindən qısa olacaq
Bir gün bütün ümmət sənə
"Bizi bağışlama" deyib
yalvaracaq
Sən isə bizi
bağışlayıb cəzalandıracaqsan...
***
Məmmədli Nəzrin
Yaşamaq istəmirəm daha
Yaşamaq istəmirəm, daha
Yordun məni, ey həyat.
Al canımı, qoy, dincəlim,
Bəlkə, o dünyada
Xoş bir gün görərəm,
Sevinərəm, gülərəm,
Bəlkə, o dünyada
Sevərəm, sevilərəm.
Yaşamaq istəmirəm, daha..
Üz tuturam dost adıyla
Zərbə vuran insanlara,
Vurun, o zərbənin birini də
amma ki, bu zərbə ölücü olsun,
Vurun o zərbənin birini də,
Bu zərbə dünyadan köçücü olsun.
Üz tuturam sükan arxasında
əyləşən o sürücü adama,
Möhkəm sür, o maşını bu dəfə,
amma diqqət eylə,
möhkəm sür, ancaq
mən keçdiyim yerlərə.
Başqasına vermə zərər,
amma mənə ölüm gətir...
Mənim bu dünyadan səssiz-səmirsiz
bir vuruşla işimi bitir.
Apar, götür..
Yaşamaq istəmirəm,daha..
Yorulmuşam, ikiüzlü insanlardan,
Yalanlardan, paxıllardan,
Üzümə baxan saxtalardan,
Gələnlərdən, gedənlərdən,
Sonu puç olan,
sonu puça çıxan ümidlərdən
Yorulmuşam...
Bəsdir daha!!
Yaşamaq istəmirəm...
Sonu gəlsin bu günlərin
Bəlkə, biraz, biraz mən də dincəlim.
Yordun məni, ey həyat
Tökdürdüyün göz yaşı,
Vurduğun zərbələrinlə.
Yordun məni, ey həyat
Həyatımı yazdığın
ucu kirli qələminlə.
İndi bitir məni, apar, götür
Bu dünyadan o dünyaya
yalvarıram, tez yetir.
Yaşamaq istəmirəm, daha..
Ey həyat, yalvarıram
Hazırla özünü, mən hazıram,
Zamanımız azdır axı,
Anla məni, tələs biraz..
Yalvarıram, tez bir anda gəl qaçaq,
Gecikməyək, izin ver,
Qoy ölüm qatarına vaxtında çataq...
***
Vüsal Əliyev
Yalan
Yox əzizim, yox
Bu bu cürə yalan olmur,
Yüz cürə yalan olsa, doğrunun yeri dolmur.
Yalan olur balaca, yalan olur gizlincə,
Bəzisi kobud olur, bəzi isə ipincə.
Eləsi unudulur, yaddaşlardan silinir.
Eləsi ən sevdiyin şeir tək yadda qalır.
Bəzisi çiçək açır, nübarlıq meyvə verir,
Bəzisi tez yetişir, çürüyür, lap qaralır.
Yalan olur nağılda, lampalardan cin çıxır,
Yalan olur ailədə, kiminsə evin yıxır,
Oyunda yalan olur, aldadıb kimsə udur.
Kimsə aldandığını oyundan qabaq tutur.
Eləsinin dilindən yalan yalandan axır,
Gözlərinin içində doğrular fəryad edir.
Gözlərə baxa bilmir özü özünə baxır,
Öz özünün içində mənliyini yad edir.
Yalan olur sevgisi daşa dəyən insanın
Göz yaşını sıxıb yad ovuca saxlaması
Gecə gündüz dərd çəkib ürəkdən ağlayanın
İndi guya o ürəyi özgəyə bağlaması.
Bu cürə yalan olmur, özünü yorma nahaq.
Gözlərin də inanmır, sənin sözünə, gülmür.
İnanmırsan? Güzgüdə bircə an özünə bax,
Öz yalanın heç sənin özünü saya salmır
***
Rövşən Məmmədli
Kino-şeir
Auschwits, 1942
Əynimizdə zolaqlı pejamalar
Gecə yarısı.
Yatmağa yox, ölüm yuxusuna hazırlaşırıq bu dəfə
Üzümüzdə eyni məşum ifadə -
Ölüm sarısı.
Hamının ayağı yalın, başı açıq.
Hamı zəif, hamı xəstə, hamı arıq.
Hamı eynidi burda:
Berlində bank müdiri olmuş mister Azel də
Varşava küçələrinin dilənçisi Samuel də...
Yaşamaq yox, sağ qalmaq istəyən
10 min canlı meyit
Düşərgədə veyil-veyil gəzən bir zabit.
Boynunda parıldayan xaç,
İsanın xaçıdır bəlkə də
Bəlkə İsanı da biz yox, o çəkib çarmıxa...
Amma yox, konslagerdə çarmıx olmur
Əvəzində duşdan isti su yerinə gələn soyuq "Zyklon B"
Əvvəlcə səsini,
Sonra iradəsini
Sonra da ümidini boğur adamın.
Axx lənətə gəlmiş Fuhrer
Lənətə gəlmiş 4 min illik tale.
Xatırladaq ki, müsabiqənin şərtlərinə görə, 35 yaşa qədər olan hər müəllif bir şeir, özü haqqında qısa məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir fotoşəkillə müsabiqədə iştirak hüququ qazanır.
Mükafat fondu aşağıdakı kimidir:
Birinci yer: 500 manat
İkinci yer: 300 manat
Üçüncü yer: 200 manat
Əsər qəbulu sentyabrın 16-dan oktyabrın 10-dəkdir.
Qeyd: Şərtlərlə uymayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaq.