Oğru dünyasının tarixi

Oğru dünyasının tarixi
26 noyabr 2013
# 13:22

Kulis.Az Bəhram Çələbinin oğru dünyası haqqında yazısını təqdim edir.

“Qanuni oğru” ifadəsinin dəqiq nə vaxt meydana çıxdığını heç kəs söyləyə bilməz. Kriminalistlərin və kriminoloqların bir çoxu belə hesab edir ki, qanuni oğrular Rusiyada 1930-cu illərin əvvəllərində meydana çıxıblar. Cinayət aləminin liderləri gənc Sovetlər İttifaqında həbsxana-lager rejiminin zirvəyə yüksəldiyi bir zamanda, repressiya illərinin başlanğıcında özünü büruzə verdi. Məhkumların aldıqları uzun müddətli cəzalar həbsxana və lagerləri onların doğma evinə çevirdi.

Minlərlə insanın yaşadığı yerdə qayda-qanun yaradılması zəruriyyətə çevrildi, “kriminal generallar”a ehtiyac duyuldu. Həmin “liderlər”in çekistlərin özlərinin yaratdığı ehtimalları həqiqətə daha uyğundur. Bu ideya çoxmilyonlu QULAQ yaradılanda NKVD kabinetlərində Kremlin razılığı əsasında həyata keçirildi.

Yeni tipli islah-əmək düşərgələrinin yaradılması ideyasını Stalinə türkiyəli yəhudi Naftali Frenkel verdi. Sovet İttifaqında insanları “əməklə islah edən” lager sistemi quruldu. 1929-cu ildə Frenkeli qəbul edən Koba ona yüksək səlahiyyət verərək Solovetsk adalarına göndərdi. Frenkelə görə, “zon”lardakı qayda-qanun içəridən, məhbus liderlər tərəfindən tənzimlənməli idi. Real güc, nüfuz və zəngin həbsxana təcrübəsinə yalnız urkalar, zakonniklər malik olduqlarından, belələrinin axtarışına başlanıldı. Az müddət sonra Belomor kanalı və Bam Laq-ın tikintisində göstərdiyi ideyaya görə Naftali Frenkel Lenin ordeninə layiq görüldü. Lagerlərdə isə “dövlət içində dövlət” yarandı.

"Dövlət içərisində dövlət"...

Kriminal aləmə aid olan bu ifadə heç də gəlişi gözəl kəlam deyil, real həqiqətdir. Əmrlərin müzakirə olunmadığı, güllənin biri bir qəpik dəyərindəki bu əzəmətli imperiyanın imkanlarını, hətta ən sadə adamlar belə artıq aydın təsəvvür edirlər. Yad adamın bu mühitə düşməsi, hələ bu azmış kimi orda hansısa tapşırığı yerinə yetirməsi ABŞ-ın Los-Alomosdakı gizli laboratoriyasına xarici kəşfiyyat agentinin işə düzəlməsindən də çətin olduğu hamıya bəllidir. Amma Sovet İttifaqında buna qüdrəti çatan bircə təşkilat vardı - KQB. İndi aydınlaşır ki, Dövlət Təhlükəsizlik Komitəsi hamının düşündüyü kimi yalnız xarici kəşfiyyatçılar və dissidentlərlə məşğul deyilmiş...

Ölkənin bir çox regionlarında qanuni oğrular dövlət strukturlarından da artıq gücə malik idilər. Daha dəqiq desək, kriminal aləm həqiqətən dövlət içində dövlətə çevrilir və öz əhatə dairəsinə yeni-yeni yaşayış məntəqələrini daxil edirdilər. Belə bir məntiqi nəticə çıxırdı: kriminal avtoritetlərin cəmiyyətdəki çəkisinin durmadan artması barədə informasiya mütləq həqiqətdir. Dövlətin diqqətindən kənarda qalan qanuni oğrular özləri dövlətə nəzarət etməyə başlayırdılar...

Həbsxanada cəza çəkən sabiq milis polkovniki Bazileviç Anatoli Fyodoroviçin ərizəsindən: "SSRİ KQB-si külli miqdarda rüşvət alan və dövlət əmlakını talayan səlahiyyətli rəhbər işçilərin fəaliyyətini öyrənən cinayət işi aparır. Xahiş edirəm bu taleyüklü məsələ ilə əlaqədar şöbənizin nümayəndəsinin mənimlə üzbəüz görüşməsinə sərəncam verəsiniz".

Ermənistana mafiya rəhbərlik edirdi

Bazileviçin dediklərindən: Moldaviya OBXSS-nin rəisi olarkən bir qanunsuz valyuta əməliyyatının istintaqı ilə əlaqədar turist sifəti ilə Yerevana getmişdim. Orda fəaliyyətim zamanı valyuta ehtiyatlarını Moldovadan Ermənistandakı sərhəd məntəqələri vasitəsilə xarici ölkələrə hansı kanallarla ötürüldüyünü aydınlaşdıra bildim. Araşdırmalarımdan məlum olurdu ki, həmin illərdə SSRİ-nin hər yerindən valyuta xaricə ötürülmək üçün məhz Ermənistana gətirilir. Qiymətli metalların, daş-qaşın xaricə keçirilməsində Ermənistan Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitləri iştirak edirlər.

Bu barədə SSRİ Daxili İşlər naziri Şelekova məruzə etdim. O isə mənə tapşırdı ki, bu işə qətiyyən qarışmayın, əks təqdirdə məni heç bir vəchlə xilas edə bilməyəcək. Şelekov onu da əlavə etdi ki, Ermənistan çoxdan bizim əlimizdən çıxıb, orda "oğru”ların hakimiyyətidir. Bütün bunları mənə şəxsi görüşümüzdə Şelekov özü danışıb.

Vəziyyət çox güman ki, tamamilə nəzarətdən çıxacaqdı. Lakin 1986-cı ildə kriminal aləm yenə də iki yerə parçalandı. Rus millətindən olan avtoritetlər ənənəvi oğru qanunlarını müdafiə edərək siyasətə qarışmamağa üstünlük verirdilər. Onlar hər şeydə sərt qayda-qanunun tərəfdarı idilər. Bu qəbildən olan oğruların ən parlaq siması məşhur Vasya Brilyant idi.

Solikamsk, “Beliy Lebed” Kiçmani

Qanuni oğru Vasili Brilyantla söhbətin memorandumu.

30 yanvar, 1986-cı il.

Bəlkə də inanılmaz görünə bilər, amma Qorbaçov perestroykasının başlanğıc dövründə məhz kriminal aləmin liderləri həyəcan təbili çaldılar ki, ölkənin milli təhlükəsizliyinə beynəlxalq mafiya təcavüz edə bilər. Qanuni oğruların klassik qanadı dönə-dönə bəyan edirdilər ki, beynəlxalq mafiya cəmiyyətin mənəvi cəhətdən darmadağın edilməsində, vətənpərvərlik duyğularının korlanmasında çox maraqlıdır.

Bu, klassik oğru qanadının atası sayilan Vasili Brilyantla müsahibədən də aydın görünür.

- Deduşka Vasiliy, Sizi çox çətinliklə tapa bildik. DİN-nin əməkdaşları Sizin “Belıy Lebed”dəki təkadamlıq kamerada saxlandığınızı danırdılar.

- Qırx ildir otururam və “xata”larda insanların beynini necə pozduqlarını yaxşı bilirəm. Məni “Belıy lebed”ə ona görə salıblar ki, guya “islah olunmuşam” və dilimdən yazı verəcəm ki, cinayət aləmi ilə qurtardım. Gülməlidir! Mən heç əllinci illərdə, operlərin biz oğruları kutuzkaya dolduraraq əllərimizə zorla kağız-qələm dürtüşdürəndə sınmadım. O vaxt “xozyain”dən yamanca pay almışdıq. Onda mən Saxalində srok sarıyırdım və biz bütün işgəncələrə baxmayaraq, sonadək dözdük, əqidəmizə sadiq qaldıq. İndi yetmiş yaşım var, yoldan dönmək axmaqlıq olardı.

Görün sizə nə deyirəm. Biz oğru həyatının təmizliyinin keşiyində durmuşuq. Mənim tək oturmağım təsadüfi deyil, “xozyain” tapşırıb ki, məni dostlarımdan gizlətsinlər. Qrevsiz otururam. Hamısı ona görədir ki, sxodka çağırmaq istəyirdim. Çalışırdım ki, bratvanı başa salım, bizləri bir-birimizin üstünə qısqırtmaq niyyətləri var. Külək hardan əsir? Qərbdən əsənə oxşayır. Bizim ideya birliyimizdən qorxaraq, aramıza nifaq salmaq istəyirlər. Antisovetçiklər düşərgələrimizi murdarlayandan sonra xaricə üz qoyublar. Və ora gedən kimi qərbdəkilərə anladıblar ki, Rusiyada oğru qardaşlığı necə əzəzmətli qüvvədir.

Elə buna görə də yaxamızdan əl çəkmirlər. Mən Vladimir sentralında Bukovski ilə görüşmüşdüm. O, bizim bratvanı siyasətə bulaşdırmağa çalışırdı. İstəyirdi ki, oğru dünyası dissidentlərin müdafiəsinə qalxsın. Ona dedim ki, oğruların xozyaini olmur, amma sizlərin ağaları Qərbdə əyləşib. Bizim mövqemiz siyasətçilərin ürəyincə olmadı. Elə ona görə də bizdən çəkinir və bizi qırdırmaq istəyirlər. Biz Qərb üçün boğazda ilişib qalan sümük kimiyik.

Arayış

İnanılmış şəxs M.B.N.xəbər verir ki, “Belıy lebed”in rəhbərliyi Vasya Brilyantın ətrafındakı şəxslər üzərinə qoyulmuş nəzarəti bilərəkdən zəiflətmişdir. Nəticədə qanuni oğrunu muzdlu qatil boğaraq qətlə yetirmiş, bu ölümü özünü asmaq kimi səhnə qurulmuşdur.

1986-cı ildən başlayaraq, zorakılıqdan müdafiə məqsədilə həbsxana və lagerlərdə yaradılmış oğru qardaşlığı qanuni oğruların qərəzli təqib olunması nəticəsində parçalanmağa doğru istiqamət aldı. Cinayət aləminin avtoritetlərinə qarşı yönələn təqiblər, ayrı-ayrı şəxsiyyətlərin süni olaraq hörmətdən salınması cəmiyyət üçün dəhşətli nəticələrə gətirib çıxardı.

Bütün bunların nəticəsində cinayət aləmi sürətlə inkişaf etdi, qəddarlaşdı və nəzarətdən çıxdı. Qanuni oğruların başına gətirilənlər çinlilərin sərçələrlə mübarizə kompaniyasına çox bənzəyir. Çin rəhbərliyi sərçələrin taxıl zəmilərinə vurduğu ziyanı nəzərə alaraq bu quşların məhvinə dair qərar qəbul edir. Az müddət sonra sərçələr qırılıb qurtarırlar. Lakin müxtəlif cür-cücü, həşərat o qədər artır ki, rəhbərlik xaricdən sərçə almaq zorunda qalır.

Bəlkə də ağılasığmaz görünür, amma Rusiya deyəsən hökumətin əlindən zinhara gələrək Qərbə üz tutmuş qanuni oğrularını vətənə qaytarmaq, vəziyyətin normallaşmasına çalışmaq niyyətindədir. Bu, problemin ən kəsə yolu ola bilərdi.

Cinayət aləmində sarsıntı yaradan dövlət Rusiya şəhərlərini tamamilə zəbt etmiş canilər ordusuna xidmət göstərdi. Bu ordu qarşısında oğru ittifaqı hələlik davam gətirir. Amma qüvvələr nisbəti yavaş-yavaş müqəddəs heç nə tanımayan qəddar və küt cani dəstələri tərəfə artmaqda, dəyişməkdədir. Oğru dünyası artıq parçalanmadan əvvəlki birliyini bərpa etmək iqtidarında deyil.

Klassiklər oğru həyatının əsas prinsiplərini müdafiə etməyə çalışır, kommersiyaya girişmir, müxtəlif təbəqələrdən olan vətəndaşlar arasındakı mübahisəli məsələlərdə hakim kimi çıxış edirlər. Onlar öz xidmətləri müqabilində haqq tələb etmirlər. Və haqlı olaraq inanırlar ki, hər hansı problemin həllində qanuni oğruya müraciət edən şəxs qarşı tərəfin də xahişini yerinə yetirməlidir. Mübahisəli məsələlərin həllində klassiklər yalnız satqınlara qarşı güc işlətməyi özlərinə rəva bilirlər. Güc tətbiq olunması barədə qərar isə oğru sxodkasında qəbul edilir.

Qanuni oğruları bir klan kimi hökumət səksəninci illərin ortalarına qədər qətiyyən saya salmır, nəzərə almırdı.

Lap qədimdən mövcud olan primitiv, yonulmamış oğru əqidəsini 19-cu əsrin əvvəllərində Jan Lyuk Düssen mənimsəyərək cilaladı, püxtələşdirib bir ideologiya səviyyəsinə qaldırdı. Düssen özü də peşəkar oğru idi və ömürlük həbs cəzasına məhkum edilmişdi. Məhbəsdə özünə tərəfdar, həmməslək toplayan bu şəxs ideyasını dünyaya yaymaq, ilkin əqidəni geniş bir hərəkata çevirmək üzərində düşünürdü. Avropanın şərq ucqarlarına etap göndəriləcəyindən xəbər tutan Düssen vəziyyətdən öz xeyrinə istifadə edə bildi. O dövlət məmurlarına, məxfi orqanlara satılaraq onları inqilabçılardan daha təhlükəli bir məhbus qrupunun mövcudluğuna inandırır, həmin etapa neçə vaxtdan bəri məşğul olub kamilləşdirdiyi şəxsləri də qoşur. Özü də məsləhət görür ki, həmin bu səkkiz nəfəri bir yerdə qoymayın, hərəsini bir ucqara atsanız yaxşıdır.

Rusiyaya gəlmiş Fransız etapı, başda Jan Düssen olmaqla, camaat arasında "smutyane" adlandırılan inqilabçılardın ibarət idi. Məhz həmin etap Rusiyaya inqilabi fikirlər də gətirərək sonralar dekabristlərin meydana çıxmasına şərait yaratdı. Etapdakı oğrular isə oğru əqidəsini yaymağa başladılar.

Altı nəfərin sonuncusu 1819-cu ildə vəfat edir. Əqidənin ana xəttinə baxanda, biz həmin insanların düşüncələrini, niyyətlərini, arzu və amallarını duyuruq. Hiss edirik ki, onlar ana xətdən bir zərrə də yayınmaya yol verməyiblər. Onların oğru olub-olmaması barədə konkret məlumat olmasa da, biz bu qənaətdəyik ki, öhdəsinə belə “müqəddəs” bir missiya qoyulmuş insanlar oğrudan başqa heç nə ola bilməzdilər.

Onlar bəlkə də Fransanın oğru elitasının ən say-seçmə nümayəndələri, əsl liderlər olublar.

Ardı var...

# 8265 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #