“Ailə həyatı əsirlikdən də betərdir”

“Ailə həyatı əsirlikdən də betərdir”
11 yanvar 2013
# 15:45

Diplomat

Məhkəmə məmurunun arvadı Anna Lvovna Kuvaldina canını tapşıranda qohum-əqrəba və tanışlar yığışıb məsləhət tökdülər:

- Yaxşı, indi nə edək? Hər halda ərinə xəbər vermək lazımdır. Ayrı yaşamalarına baxmayaraq, o, rəhmətlik arvadını sevirdi. Bir də görürdün gəlib qadının qarşısında dizin-dizin sürünərək elə hey: «Annacan! Axı, mənim bu ötəri əyləncəmi nə zaman mənə bağışlayacaqsan?» - deyə yalvarır və ya buna bənzər şeylər söyləyirdi. Hər halda olaydan onu xəbərdar etmək lazımdır…

Ağlamaqdan gözləri şişən yaşlı bir qadın evə toplaşanlardan polkovnik Piskaryova üz tutdu:

- Aristarx İvanoviç! Siz Mixail Petroviçlə yaxınsınız. Yardımınızı bizlərdən əsirgəməyin, iş yerinə gedib, başımıza gələn bu müsibəti ona söyləyin! Amma, canım-gözüm, hər şeyi birdən-birə açıb deməyin ha, yoxsa halı fənalaşar, çünki o zavallı da xəstədir. Əvvəlcə onu bu xəbər üçün bir az hazırlayın, sonra isə...

Papağını geyinən polkovnik Piskaryov dul qaldığından xəbərsiz olan dostunun çalışdığı Yollar İdarəsinə üz tutdu. Otağa daxil olduğu zaman dostu balans hesabatıyla məşğul idi.

Kuvaldinin masasına yaxın bir yerdə əyləşib, tərini sildi və:

- Salam, mənim canım-ciyərim, Mixail Petroviç, - deyə sözə başladı. – Bu küçələrdəki toz-torpağı görürsən də, sən Allah! Yazını yaz… Sənə mane olmayacağam… Bir az oturub gedirəm… Buradan keçirdim, fikirləşdim ki, Mişa bu binada işləyir, gəlsənə gedib bir ona baş çəkim! Həm də ki… bir işim var idi səninlə…

- Aristarx İvanoviç, bir bura keçin… Bir az səbrinizi basın… Əlimdə beş-on dəqiqəlik bir iş var, onu qurtarım, söhbətimizi edərik…

- Yaxşı, sən yazını yaz… Mən dedim axı, yolum buradan düşmüşdü… İki kəlmə sözümü deyim sonra… yolçu yolunda gərək!

Qələmini yerə qoyan Kuvaldin ona qulaq kəsildi. Polkovnik boynunun ardını qaşıyıb sözə başladı:

- Otağınız yaman bürküdür, bura ilə müqayisədə küçəni cənnət saymaq olar… Günəş çıxıb, yüngül meh əsir, lap kefin istəyən… Hələ quşlar… Bahar gəlib! Bulvara gedəndə, bilirsən, adamın ürəyi necə açılır? Dul olsam da, özümü quş kimi sərbəst hiss edirəm… Könlüm nə istəyirsə, onu da edirəm… İstəyəndə dərzixanaya baş çəkirəm və ya atlı vaqona minib, o baş, bu başa gedirəm, heç kəs mənə hesab sormur, evdə heç kim dalımca donquldanmır… Yox, qardaş, görünür, doğrudan da subaylıq sultanlıq imiş… Sərbəstsən! Azadsan! Sinədolusu nəfəs alırsan! Bax, indi, evə döndüyümdə də eləcə… Kimin həddi nədir haradan gəlib, haraya getdiyimi soruşsun?.. Çünki bütün ixtiyarım öz əlimdədir… Hə-ə, qardaş, hərçənd çoxları ailə həyatını tərifləyirlər, mənə görə o, əsirlikdən də betərdir… Bütün bu son dəblər, dəbdəbələr, şayiələr, hay-küylər… məclislər… sonra da ard-arda dünyaya göz açan körpələr… Hamısı sadəcə israfdır, vəssalam… Tfu!

Əlini qələmə uzadan Kuvaldin mızıldandı:

- Bir dəqiqə, bunu bitirim, sonra…

- Hə, sən yazını yaz… Əgər evləndiyin qadın dişi iblis çıxmadısa, hesab et ki, bəxtin gətirib. Amma belə olmasa nə edəcəksən, hə?! Allahın ver günü səhərdən axşama kimi mır-mır mırıldasa, nə eləyəcəksən?! İnan ki, çərləyərsən! Elə bax, səni götürək… Nə qədər ki, subay idin, mağıl bir az adama bənzəyirdin. Elə ki arvad aldın, həmin gündən qəm dəryasına batdın… Səni bütün şəhərdə abırsız eləməyi bir yana, üstəlik, evdən də qovub çıxartdı… Bunun nəyi yaxşıdır ki, hə?! Bu cür arvadın başına bir müsibət gəlsə belə, adamın zərrə qədər ona ürəyi yanmaz…

- Amma bu ayrılığımızın günahı onda yox, məndə idi, - deyə Kuvaldin köks ötürdü.

- Qoy görək, sən Allah! Onu mənə tanıtma! Deyingənin, özündən müştəbehin, hiyləgərin biriydi! Hər sözü bir - zəqqum, hər baxışı - soyuq xəncər idi… Rəhmətlik elə əfi ilan idi ki, anlatmaq üçün adam uyğun söz də tapmır!

Kuvaldin gözlərini çevirərək:

- Necə yəni «rəhmətlik»? – deyə xəbər aldı.

Piskaryov pörtsə də, tez özünü ələ aldı:

- «Rəhmətlik» sözünü kim işlətdi ki? Şəxsən mənim dilimdən elə söz çıxmadı… Sən Allah, buna bir baxın… Rəngi-ruhu da ağardı! Hi, hi, hi!

- Siz bu gün Anyutaya baş çəkmisiniz?

- Sabah-sabah getmişdim… Uzanmışdı… Yenə qulluqçuları burunlayırdı… Nəyi isə belə eləyiblər, elə etməyiblər… Çəkilməz qadındır! Vallahi, heç anlaya bilmirəm ki, sən onun nəyini sevibsən, axı?! Sən zavallının yaxasını da bir boşlamır ki, bir az sərbəst yaşayıb, ağzının dadını dəyişəsən… bir başqasıyla tapışasan… Yaxşı, yaxşı, mumlayıram! Ancaq burnunu sallama! Mən bunu öz aramızda söylədim, dostyana… Bilirsən, mənə qalanda… Özün bilərsən, istəyirsən sev, istəyirsən sevmə… Sənə ürəyim yandığı üçün belə dedim… Səninlə yaşamırsa, səni yaxınına buraxmırsa… bunun nəyi arvad sayıla bilər ki? Çirkindir, sısqadır, zəhər tuluğudur… Bir dənə də könülaçan cəhəti yoxdur… Boşla onu, sən Allah…

- Sizin üçün bunları söyləmək asandır, Aristarx İvanıç! – deyə Kuvaldin köks ötürdü. – Məhəbbəti ürəkdən birdəfəlik qoparıb atmaq asan iş deyil.

- Amma adam niyə sevdiyini də bilməlidir! Sən yazıq indiyədək ondan acı dildən başqa nə görmüsən ki?! Dostun olduğum üçün məni bağışla, amma, düzü, mənim onu görən gözüm yox idi… Yox idi, vəssalam! Evinin yanından keçəndə də gözlərimi yumurdum ki, birdən qəfildən gözüm ona sataşar… Allah bilən məsləhətdir! Allah ona rəhmət eləsin, qəbri nurla dolsun, amma onu sevmədiyim üçün Allah mənim də günahımdan keçsin!

- Aristarx İvanıç, bura baxın… - deyə rəngi qaçmış Kuvaldin dilləndi. – Artıq siz ikinci dəfədir ki, bunu təkrar edirsiniz… Doğrudanmı o, ölüb?

- Kim ölüb yəni? Heç kəs ölüb-eləməyib, mən sadəcə onu, o rəhmətliyi sevmədiyimi açıqlayıram… Lənət şeytana, rəhmətliyi yox ey, yəni onu… Sənin Annuşkanı deyirəm…

- Deyin: doğrudanmı o ölüb? Aristarx İvanıç, məni üzməyin! Bəlkə də həyəcanlı olduğunuzdan gah nala, gah mıxa vurursunuz… Bayaqdan mənə subaylığı tərifləyirdiniz… Ölüb, ya yox?

Piskaryov öskürərək dodaqaltı mızıldandı:

- Hə, həqiqətən də ölüb! Qardaş, sənə də bir söz deyən kimi… Tutalım lap elə ölüb! Hamı əvvəl-axır öləcəyi üçün onun da ölümü normal hadisə sayılmalıdır… Sən də öləcəksən, mən də…

Kuvaldinin qızarmış gözləri yaşla doldu. Sakitcə xəbər aldı:

- Nə vaxt ölüb?

- Heç vaxt… Deyəsən, sən lap sərsəmlədin ha! O, ölüb-eləməyib! Onun öldüyünü sənə kim söylədi axı?!

- Aristarx İvanıç, mən … sizdən çox rica edirəm. Mənə rəhminiz gəlsin!

- Yox, qardaş, adam səninlə kəlmə kəsdiyinə də peşman olur. Lap uşaq kimisən. Məgər mən sənə onun dünyasını dəyişdiyi barədə bir şey dedim?! Söylə də, dedim, ya yox? Bəs onda bu nə ağlaşmadır burda qurubsan? Mənə inanmırsansa, get, özün gör – qadın sağ və salamatdır! Mən onlara baş çəkəndə xalası ilə dilləşirdi… Keşiş Matveyin oğlu ölü duası oxuyurdu, sənin arvadının səsi isə evi başına götürmüşdü.

- Bəs ölü duası kimdən ötrü idi? Kimin üçün oxunurdu ki?

- Ölü namazını deyirsən? Onu elə-belə… mərasim xətrinə də oxuya bilərlər. Yəni əslinə qalanda… dəfn mərasimi-zad yox idi, ona bənzər bir şey… Heç nə yox idi əslində.

Aristarx İvanıç yaratdığı bu həngamədən birtəhər yaxa qurtarmaq üçün qalxıb, üzünü pəncərəyə tutaraq öskürməyə başladı.

- Yaman öskürürəm, qardaş… Harada soyuqladığımı da bilmirəm…

Kuvaldin də ayağa durub, masanın ətrafında var-gəl etməyə başladı. Titrəyən əliylə saqqalını tumarlayaraq:

- Məni tovlamaq istəyirsiniz, - dedi. - Deməli, belə… Hər şey aydındır. Amma bu diplomatiya nəyə gərək imiş, bax, bircə onu anlamıram! Hər şeyi adam kimi, açıqca söyləmək olmazdı bəyəm? O ölüb, ya yox?

- Hm… Heç bilmirəm ki, necə deyim? - Piskaryov çiyinlərini çəkdi. - Ölməyinə ölməyib, elə-belə də… Amma bax, sən artıq ağlayırsan! Hamı öləcək! Ölüm əmri təkcə onun alnına yazılmayıb, hamımız o biri dünyaya yollanacağıq! Bu qədər camaatın içində ağlamaq əvəzinə bir yol onun xatirəsini yad edəydin də! Bircə yol xaç vuraydın barı!

Sonrakı yarım dəqiqə ərzində küt baxışlarını Piskaryova dikən Kuvaldinin bət-bənizi kağız kimi ağardı və o, kresloya çökərək hönkürtü ilə ağlamağa başladı… İş yoldaşları iş-güclərini buraxaraq, onun naləsinə qaçıb gəldilər.

Peysərini qaşıyan Piskaryov üz-gözünü turşutdu. Əllərini şana kimi yanlara açaraq:

- Vallahı, belə cənabların işi lap Allaha qalıb! - deyə donquldandı. - Bunun hönkürtüsünə bax… Bir soruşan gərəkdir ki, axı nədən ötrü belə zarıyırsan? Mişa, sənin ağlın başındadır? Mişa! - deyə o, Kuvaldini silkələməyə başladı. – Axı, o, hələ ölməyib! Kim sənə dedi ki, ölüb? Əksinə, həkimlər dedi ki, yaşayacağına ümid var! Mişa! Ay Mişa! Sənə deyirəm ey: o, ölməyib! İstəyirsən, qalx, birlikdə onlara gedək. Bəlkə dəfn mərasiminə də yetişərik… Mən nə danışıram? Yəni «dəfnə» deyil ey, «nahara» deyəcəkdim. Mişacan, and içirəm ki, o hələ sağdır! Yalançıya lap Allah qənim olsun! Bax, bu iki gözümdən olum! Yenə inanmırsan? Onda gəl, onlara gedək… Əgər mən yalan deyirəmsə, onda dişinin dibindən çıxanı deyərsən mənə… Heç başa da düşə bilmirəm ki, bu fikir haradan bunun ağlına sızdı? Mən özüm bu sabah rəhmətlikgildə idim, yəni rəhmətlik yox ey… Lənət şeytana!

Polkovnik əlini yelləyərək yerə tüpürdü və idarə binasını tərk elədi. Mərhumənin evinə girən kimi özünü divana yıxıb, əlləriylə saçlarını xışmaladı. Dilxor halda:

- Onunla özünüz gedib danışın! - dedi. - Özünüz onu bu acı xəbərə hazırlayın və mənim yaxamdan əl çəkin! İs-tə-mi-rəm! Elə ağzımı açmağımı gördüm… Elə bircə eyham elədim, onun nə oyun çıxartdığını kaş özünüz görəydiniz! Ağlı-huşu başından çıxdı! Özündən getdi!.. Bir də belə iş üçün mənə heç ağız da açmayın! Başınızın çarəsini özünüz qılın!..

Çevirdi: Azad YAŞAR

# 3672 dəfə oxunub

Müəllifin son yazıları

# # #