Seksdən yaz, dinə qarşı çıx, meyxananı söy!

Seksdən yaz, dinə qarşı çıx, meyxananı söy!
15 avqust 2019
# 10:30

Kulis.az Ayxan Ayvazın “Azərbaycan oxucusuna açıq məktub”unu təqdim edir.

Əziz və sayğıdəyər oxucular! Bu məktubu yazmaqda məqsədim heç də kiməsə ağıl öyrətmək, kimdənsə üstün olduğumu nümayiş etdirmək deyil. Sadəcə çoxdandır istəyirdim ki, külü göyə sovrulan körpülərimizin yanğınını söndürək və təzədən yaxınlaşaq. Çünki razılaşarsınız ki, biz bir-birimizdən xeyli aralı düşmüşük.

Mən oxucu deyəndə hər sferaya aid oxucunu nəzərdə tuturam. Bu mənada siz üç yerə bölünürsünüz:

- Sayt oxucuları

- Qəzet, jurnal oxucuları

- Kitab oxucuları...

Hamınızın ortaq bir cəhəti var: çox ənənəvisiniz. Həddindən artıq ənənəçi. Ona görə də yenilik adına hər şeyə qarşısınız. Elə bilirsiniz ki, yenilik əxlaqsızlıqla, mənəviyyatsızlıqla sinonimdir.

Bəzilərinizin bir az dünya görüşü böyükdür, söhbətlərdən xəbəriniz var. Ancaq o biliyi yanlış yerdə istifadə edirsiniz. Göstəriş verməyə, standartları nəzərə almadan bizi dünya səviyyəsinə çatmamaqda günahlandırırsınız.

Bir qisim oxucular da var ki, sırf kimisə alçaltmaq məqsədi ilə oxuyur. Ya da ona nəsə öyrətmək istəyi ilə. Müəllifi qabağına qoyub danlayır. Sizə elə gəlir ki, yazsanız, bizdən daha üstün şeylər yazarsınız. Siz dahisiniz, sadəcə, bəzi qüvvələr sizin üzə çıxmağınızı istəmir.

Gəlin, daha açıq söhbət edək...

Getdik...

Əziz sayt oxucuları!

Əvvəl sizdən başlayaq. Sizin dərdiniz nədir? Anlamış deyiləm. Yaxşı bir yazıya elə şərhlər yazırsınız ki, adamın lap başı gicəllənir. Başlığa baxıb ehkam kəsirsiniz. Müəllifə Azərbaycan dilinin incəliklərini öyrətməyə cəhd edirsiniz. Edirsiniz də yox ha, birbaşa qabağınıza qoyub uşaq kimi danlayırsınız.

Bekarçılıqdandır, nədəndir, bir az azad ruhlu yazı görən kimi, söymək yarışına girirsiniz. Elə bil ən yaxşı söyənə mükafat veriləcək. Biriniz söyməkdən geri qalmırsınız. Öyməyə qalanda isə it-bat olursunuz.

Ovunu gözləyən şir kimi sakitcə bir qıraqda qısılıb gözləyir və nə vaxt başlığı bir az açıq-saçıq yazı görsəniz, həmən üstünə çullanırsınız. Amma ciddi, ütülü-mütülü yazı gördünüzmü, səsiniz çıxmaz. Sizi qınamıram. Bəlkə də səhv elə bizdədir.

Başlıq siçana qoyulan tələdir. Siz pendiri götürüb yeyəndə bir də onda ayılırsınız ki, yazı maraqlıymış, gözəl imiş. Ancaq yenə də aldandığınızı özünüzə yedirə bilmirsiniz və başlayırsınız qəzəbinizi püskürməyə. Nə edək? Normal başlıqla oxuyan deyilsiniz axı. Sizi yaxşı tanıyırıq. Siz də özünüzü yaxşı tanıyırsınız. Bütün günü başlığa, açıq-saçıqlığa lağ edən, bunu milli-mənəvi zərər kimi gözümüzə soxan sizlər hər cür bayağı yazının oxunma sayında varsınız.

Bəs yaxşı hamı bunu lağ edirsə, niyə hamı da bunu oxuyur? Sizi oxutmağa nə var ki? Seksdən yaz, dinə qarşı çıx, meyxananı ya öy, ya da yıx sürü, vəssalam, oxunma aşıb-daşsın.

Ancaq belə yaramaz. Bunu ikimiz də bilirik. Yaxşı yazını niyə sənə əndrəbadi formada təqdim edək? Çıxış yolu nədir? Məsələ sadədir. Başlığa baxıb dilinə söyüş gətirmə, gir oxu, bax... Sonra münasibət bildir. Tələsmə. Yazını oxu. Bizim camaatın bir-birini dinləməyi, oxumadan fikir bildirməyi olmaya da. Yazını oxumur, başlığa görə söyüş söyür. Dünyanın harasında belə bir şey görünüb? Gəlin, körpüləri yandırmayaq.

Bir də sayt oxucuları, xətrinizə dəyməsin, sizin İQ səviyyəniz elə də yüksək deyil. Əlinizə bir telefon keçir, qəfil bir yazıya girirsiniz və başınız çıxdı-çıxmadı rəy bildirirsiniz. Məsələn, sərbəst şeir yazanlara “Elza kimi yazır” deyirsiniz, kimsə azad fikrini paylaşanda “namus-qeyrət əldən getdi" yazırsınız. Sizin əlinizdən adam bilmir fikrini ifadə etsin, ya etməsin. O dəqiqə möhürü basırsınız: gündəmə gəlmək istəyir.

Heyf ki, söhbətləri bilmirsiniz. Hələ çox şeylər öyrənməlisiniz. Müəllimlik etməyi bir kənara qoyun. Və öyrənin. İnanın, öyrənməkdən gözəl heç nə yoxdur.

Keçək, qəzet-jurnal oxucularına... Sayları çox azdır. Barmaqla sayılacaq qədər az. Ancaq etibarlı, sədaqətli oxuculardı. Qəzetdə yazdığım vaxtlar xeyli oxucu qazanmışdım və hesab edirəm ki, bu oxucular sayt oxucuları kimi “sürüşkən” oxucular deyil. Sadiqdirlər, necə ki, ağaclar sadiqdir bitdiyi yerə.

Amma onlar da köhnəlib. Onların müəllifləri keçən əsrlərdə qalıb. Yeniliyi qəbul edə, həzm-rabedən keçirə bilmirlər. Sayt oxucuları kimi söyməsələr də hərdən-hərdən başlarını bulayıb “Bu cavanların zayı çıxıb” deyərlər. Çox güman, onlar mənim bu məktubumdan xəbər tutmayacaqlar. Təbii, hansısa qəzet bu yazımı çap etməsə. Yenə də sözümün çatacağına inanıram. Siz qəzet-jurnal oxucuları, varsınız, amma yox kimisiniz. Lakin kağız mətbuata dəyər verməyiniz məni həmişə məmnun edib. Çünki hesab edirəm ki, kağızdan oxumaq daha gözəldir, daha tez yaddaşda qalır. Siz sayt oxucuları kimi “bir atımlıq” deyilsiniz, daimisiniz. Adamı yaddan çıxartmırsınız. Sadəcə köhnəsiniz, modern dövrlə ayaqlaşa bilmirsiniz. Heyf...

Kitab oxucuları! Ən yaralı yerimiz. Bunlar da söhbəti bilməyənlər sinfindəndir. Aralarında tək-tük ciddi kitablar oxuyanlar var. Elmi kitablardan, ümumiyyətlə, gen düşüblər. Bədii kitablardan isə yalnız Rövşən Abdullaoğlu səviyyəsində nələrsə oxuyurlar. Onlara yeni tendensiyalardan danışmaq çox, çox çətindir. Başa düşmürlər. Anlaya bilmirlər. Çünki oxumayıblar. Xəbərləri yoxdur. Ancaq real, olmuş hadisələr oxumaq istəyirlər. Bədii ədəbiyyatın təxəyyüldən ibarət olduğunu qavraya bilmirlər.

Bu sadalamanı sonsuza qədər uzada bilərəm.

Bu məktubu yazmaqda məqsəd sizi danlamaq deyildi, əziz oxucular, gözünüzü açmaq üçün idi. Daha doğrusu, dostcasına irad... Həmişə siz biz yazarlara irad tutası deyilsiniz ki... Bir dəfə də biz sizi qabağımıza qoyub danlayaq. Xahiş edirəm, qonşu ölkələrimizə baxın, ordakı oxucuların səviyyəsinə diqqət yetirin. Özünüzü inkişaf etdirməkdən çəkinməyin, insanları ittiham etməkdən, kimisə hədələməkdən uzaq durun. Yazarın biri sizin kimi düşünmürsə, onu söyməyin. Bir oxuyun, araşdırın, nəticəni çıxarmağa tələsməyin. Ümumiyyətlə, həmişə oxuyun. Çünki oxucu dediyimiz şey yalnız qabağına çıxanı oxuyana deyilmir. Oxucu araşdıran və hər şeydən xəbəri olan biridir. Elə biz də - yazarlar da oxucuyuq. Hamımız oxucuyuq. Və oxumaq gözəldir!

# 3510 dəfə oxunub

Müəllifin son yazıları

# # #