Dünyanı velosipedlə gəzən azərbaycanlı səyyahla söhbət - FOTOLENT

Dünyanı velosipedlə gəzən azərbaycanlı səyyahla söhbət - <span style="color:red;">FOTOLENT
6 iyun 2016
# 08:30

Səyahət edən adamlara həmişə heyran olmuşam. Onlar dünyanı gəzə-gəzə öyrənirlər, müxtəlif millətlərlə tanış olurlar. Gözəl mənzərələr, maraqlı hadisələr onların həyatına rəng qatır. Yol getmək insana hüzur verir, onu gərginlikdən, əsəbdən uzaqlaşdırır.

Belə insanlardan biri də velosəyyah Tural Abbasovdur. Onunla sosial şəbəkədə söhbətləşdik. Ora-bura o qədər gedir ki, bütün müsahibələrimi internetlə verir. Mənimlə söhbət edəndə də Tailandda idi.

Söhbətə başlayanda zarafatlaşıram:

- Suallarımı da velosipedin üstündə gedə-gedə cavablayarsınız. Sizin üçün bu elə də çətin olmaz.

O:

- Uşaqlıqda hamı məhlədə sovet istehsalı olan “Şkolnik”, “Desna” və s. velosipedləri necə sürübsə, mən də elə. Universitet illərində isə heç sürməmişəm. Yenidən velosipedə həvəs səyahətə çıxmazdan bir-iki il öncə oyandı. Aktiv pedal çevirməyə, hətta işə velosipedlə gedib-gəlməyə başladım. Onu da qeyd edim ki, velosiped idmanı ilə heç vaxt məşğul olmamışam və qətiyyən peşəkar deyiləm.

Səyyahlığa həvəs

Tural 1981-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetindən “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavr və magistr dərəcələri var. Doğma dildən əlavə, rus, ingilis, fransız və bir az da ispan dilini bilir:

“Səyahət etməyi, mütaliəni, günəşi, dənizi, dağları, dadlı yeməkləri, qəlyan çəkməyi, bir də Vladimir Vısotskinin yaradıcılığını çox sevirəm”.

Hələ məktəbli ikən Jül Vern, Rafael Sabati, Boris Jitkov və s. uzaq səyahətlər haqda yazan yazıçıların əsərlərini oxuyanda, dünyanı gəzmək, uzaq ölkələri görmək, həyatı boyu yadda qalacaq macəralar yaşamaq arzusunda olub:

“Amma bu arzum 30-dan sonra, özümü yetkin, maliyyə baxımından müstəqil, həyatda müəyyən təcrübə qazanmış insan kimi dərk edəndə reallaşdı. Öncə bekpeker stilində, yəni belimdə təkcə yol çantası səyahətə çıxmaq istəyirdim. Günlərin birində bir britaniyalı velosəyyah haqqında verilişə baxandan sonra fikrimi dəyişib, məhz velosipeddən “təkərli ev” düzəldib dünyanı dolanmağa qərar verdim”.

Tural suallarımı cavablandıra-cavablandıra həm də velosipedlə səyahətinə davam edir:

“Sırf bu velosəyahətimi götürsək, indiyə kimi Bakıdan Orta Asiyanı keçməklə Çinə, ordan da Cənub-Şərqi Asiyaya keçmişəm. Hal-hazırda Tailanddayam və Malayziyaya doğru gedirəm. Səfərin gələcək mərhələlərində Avstraliya, Amerika və Avropa var. Sonra da vətənə dönəcəm”.

- Ən çox hansı ölkəni bəyənmisiniz?

- Ömrümdə gördüyüm ən möhtəşəm və mənzərəli yol Tacikistanın paytaxtı Düşənbədən Qırğızıstanın Oş şəhərinə qədər uzanan Pamir traktıdır. Fantastik yoldur. Ümumiyyətlə, bu iki ölkənin təbiəti yaddaşımda dərin iz buraxdı. Çinin Yunnan əyaləti çox gözəldir. Vyetnam çox xoşuma gəldi - rəngarəng ölkədir. Tailandın isə dənizinə, xəfif bəyaz qumlu çimərliklərinə və cənnət adalarına vurulmamaq qeyri-mümkündür.

Qazaxıstanda başına gələnlər

Tural səyahət zamanı baş verən hadisələrdən vərəq-vərəq yaza, oturub saatlarla danışa biləcəyini deyir. Yolda başına o qədər maraqlı hadisələr gəlib ki... Tural bütün bunları yol qeydlərində yazır.

Dediyinə görə, velo səyahət heç də həmişə “günəş, dəniz və palmalar”dan ibarət olmur. Bəzən səyahət sənədlərlə çətinliklər, bürokratik kabinetlərdə gözləmələr, tarıma çəkilmiş sinirlər, pozulmuş planlar və digər iztirablarla müşayiət olunur.

Turalın da başına belə bir hadisə gəlib:

“Bilməməzliyim ucbatından Qazaxıstana girəndən sonra polisdə qeydiyyatdan keçməmişdim, ona görə sərhəddə saxladılar və təzədən şəhərə qaytardılar. Orda da bir sutka “KPZ”-də qaldım”.

Situasiyaya heç cür nəzarət etmək imkanı olmayan Tural özünü Kafkanın əsərindəki Yozef K. kimi hiss edir. Yol qeydlərində yazır:

“Saat 19.00 radələrində həbsxana nəzarətçilərinin otağına daxil oluram. Protokol yazan nəzarətçinin alın fənərindən yaman xoşu gəlir və mənə göz vurur, amma mən səmimi deyirəm ki, bax ikinci belə fənərim olsaydı mütləq ona bağışlayardım. Yavaş-yavaş şöhbətləşirik, onlar velosəyahət haqda, vağzalın yaxınlığında kafe işlədən azərbaycanlı Feyzullanı tanıyıb-tanımadığım haqda sual edirlər, mən onlara Bakı və Azərbaycan haqqında danışıram. Deyəsən bu yerdə ancaq qastarbayterlər olur, mən isə bəlkə də tarixdə bu təcridxanaya gəlmiş ilk veloturistəm, ona görə də onlar bir növ mənə simpatiya ilə yanaşan kimi görünürlər”.

İlk dəfə dəmir barmaqlıqlar görən Tural tezlikcə Qazaxıstandan çıxıb getməyi düşünür. Böyük yol onu gözləyir…

Gecə... Şaxtada tək-tənha... İtlərin hücumu

Çinə getmək üçün yenidən Qazaxıstandan keçən Tural velosipedi daha sürətlə sürməyə başlayır. Burda şaxta onu yaxalayır, çöldə birtəhər çadır tapıb gecələməli olur:

“Hava əleyhimə işləyirdi. Külək getdikcə şiddətlənir, qar dənəcikləri havada sanki vals gedirdi. Ən pisi isə dumanın yolu bürüməsi idi. Başa düşdüm ki, yolda görünmürəm, üstəlik özüm də köstəbək kimi görürəm. Ayaqlarım artıq iki soyuq daş parçasına dönmüşdü. Qan sanki onları birdəfəlik tərk etmişdi. Artıq yola davam etmək təhlükəli idi və mən sığınacaq axtarmağa başladım. Amma qatı duman ucbatından ancaq kiçik ətraf ərazi, bu ərazidə isə qarlı düzəngah və elektrik xəttinin dirəkləri görünürdü. Nəhayət, yolun solunda avtobus dayanacağı göründü. Ətrafına dolandım və arxa divarının dibində çadırımı qurmaq istədim. Buranı külək az tuturdu, yer qardan nisbətən təmiz idi, üstəlik də məni yoldan görən yox idi. Ağac parçası tapıb, divarın dibini nəcis topalarından və şüşə qırıqlarından təmizlədim. Cəld çadırı qurub şey-şüyü içəri atdım. Özüm də girdim, soyundum və yataq torbasına büründüm”.

Gecənin bir aləmində insan səsləri eşidib oyanır. Mənfi 5 dərəcədə şaxtada, gecə saat 3-də çadırın yanında bir neçə kişi dayanıb söhbət edir. Tural yerindən dikəlir, alın fənərini yandırmadan başına taxır, kiçik silahını – iti bıçağı əlinə alır və qulaq asmağa başlayır.

“Qazax dilində, əlbəttə ki, haqqımda danışırdılar. Maşın mühərrikinin səsi də eşidilirdi. Danışıq arasında bir-iki dəfə öskürdüm, yataq torbasını tərpədib xırıltılı səslə rusca “boje moyy”a oxşar nəsə dedim. Beləcə, deyəsən, aralandılar. İnanmayacaqsınız, sonra isə musiqi qoşdular. Dəli olmaq olar. Aşağı əyarlı yerli popçuların ifasında bir neçə əcaib mahnıya qulaq asmalı oldum. Bu nə iş idi belə? Bunlar dayanacaqda içib rəqs etmək üçünmü dayanıblar? Yoxsa mənə xoş olsun deyə belə edirlər? Xülasə, haradasa 15 dəqiqə keçdikdən sonra konsert bitdi və maşın getdi”.

Səhər yenə yola düşür, hər yerdə evlər və alaçıqlar görünür. Bu vaxt iki vəhşi it hürə-hürə üstünə gəlir:

“Dayanmağa məcbur oldum. Çünki itlər velosipedçiyə yalnız hərəkətdə olduqda əhəmiyyət verirlər. Onlar tezliklə sakitləşdilər və hətta, utancaqlıqla onlara nəsə pay atacağımı gözlədilər. Mənə onlar səhər dəmlikdən qurtarmaq üçün yolla keçənlərdən pul istəyən iki sərxoşu xatırlatdı”.

Daha bir az gedəndən sonra isə hey uzandıqca uzanan enişə düşür. Burda gözəl mənzərələr gözlərini qamaşdırır. Enişdən sonra yol ayrıcına, Şonjı istiqamətinə dönür. Deyir ki, bura bir qədər isti idi.

Mənzərələr dəyişmirdi. Uzun qara bağırsağı xatırladan yol və düzənliklər – ucsuz-bucaqsız düzənliklər… Bir də üzə əsən külək... Tural deyir ki, qəribədir, bu ölkədə hansı tərəfə getməyindən asılı olmayaraq, külək daim üzünə əsir.

Qazaxıstan səfəri haqqında yekun fikri elə də müsbət deyil:

“Qazaxıstan mənim üçün sonsuz çöllüklər, daim üzbəsurət əsən küləklər, sınıq-salxaq kiçik kənd və şəhərlər, bir də xidməti geyimdəki adamların ölkəsi kimi yadda qaldı. Mən ancaq periferik vilayətlərdə oldum, böyük şəhərlər isə marşrutdan kənarda qaldı. Burada baxılmalı və heyrətlənməli bir çox yerlərin olduğunu bilirəm. Amma Qazaxıstana bir də qayıdacammı? Düşünmürəm. Könüllü şəkildə, turist kimi, yəqin ki, yox. Ondansa, qonşu Qırğızıstana gedərəm”.

Velo səyyahın gözündə Çin

Çin işgəncələri barədə yəqin ki eşitmisiniz. Qanlı sənətin qədim mütəxəssislərinin zəkası insan bədəninə əzab verməyin çoxsaylı üsullarını icad edib. Beləcə, “bambuk işgəncəsi” məlumdur. Dünyada ən tez böyüyən bitkilərdən biri olan bambukun cücərtilərini elə itiləyirdilər ki, iti gövdəciklər alınsın. İşgəncənin qurbanı bu cücərtilərin üstündə üfüqi asılır və böyüyən bu iti oxlar yavaş-yavaş yazığın bədəninə daxil olurdu:

“Lənətə gələsən, bambuk səltənətindən keçərkən adamın ağlına daha nələr gəlmir. Bəzən insanlar məndən niyə özümə belə işgəncə verdiyimi soruşur. Yəni velosəyahətimi nəzərdə tuturlar. Yəqin elə burdan gəlir. Hava tutqun idi, gözlərimin qarşısında isə Çinin darıxdırıcı astarı uzanırdı: balaca dükanlar, avto-təmir sexləri, yeməkxanalar, kiçik boz qəsəbələr”.

Yolun sağında tənbəl Min çayı axır. Və atılmış köhnə ayaqqabılara oxşayan qayıqlar. Yollar hamar olan məntəqələrdə, hətta ən ucuz moped almağa imkanı olmayan kasıb camaat hərəkət etmək və müxtəlif şeyləri daşımaq üçün köhnə velosipedlərdən istifadə edir. Təpəlik olan yerlərdə isə velosipedlər yoxa çıxır. Əlbəttə, belə yüklənmiş arabanı hər gün yuxarı-aşağı sür görüm necə sürürsən.

Bambuk gövdələri əjdaha başları kimi düzülüb. Tural gecələmək üçün kiçik bambuk meşəsində dayanır. Yaxınlıqda kiçik çay axır və kənd yolu görünür.

Dumanlı səhər çağı, köhnə “Old Man River” mahnısını zümzümə edərək gözəl Yantszı çayına tamaşa edir. Qarşı sahildə domino daşları kimi yaşayış binaları düzülüb. Yol çay boyu axır, körpüləri adlayır, kiçik qəsəbələrə baş çəkir, şəhərlərə şaxələnir.

“Səhər erkən durub küçəyə çıxdım. Qapıya söykənib küçənin necə oyanmasına tamaşa etməyə başladım. Budur, bir nəfər piştaxtaya ət düzür, ikincisi təsərrüfat malları dükanını açır, digərləri böyük qazanlarda tofu pendiri qaynadır. Bu küçənin kiçik dünyasında hamı alverlə məşğul idi.”

Tural belə gözəl gəzərkən qəfil nə olsa yaxşıdır? Özü danışsın:

“Kunmindən təqribən 200 km aralı, növbəti dar hissəni keçərkən pis yıxıldım. Qarşıdan nərildəyən yük maşını gəlirdi və ona yol vermək üçün sağa buruldum. Bunu edərkən bir təpəciyə rast gəldim və yana yıxılmağa başladım. Bu zaman sol ayağımı tuklipsdən dərhal çıxara bilməyərək yerə çırpıldım. Yıxılarkən instinktiv olaraq sol əlimi qabağa verdim və elə onun üstünə yıxıldım. Biləyimdə kəskin ağrı ilə ayağa qalxdım. Əlimi və barmaqlarımı ehtiyatla tərpətdim. Yumruğumu sıxmaq və sükanı tutmaq ağrılı idi. Günəş artıq qürub edirdi. Qarşıda kiçik yoxuş və bir kəndə eniş görünürdü. Birtəhər velosipedi itələyib yoxuşa çıxdım, amma alaqaranlıqda belə yolda kəndə düşmək, özü də zədəli əllə manevr etmək riskli idi. Hansısa tərk edilmiş tikililərin yanındakı torpaq sahəsində dayandım. Görünüşündən bura keçmiş qarğıdalı sahəsi idi. Yerdən kəsilmiş qısa gövdələr boylanırdı. Bəziləri kifayət qədər iti idi. Bu iti olanları sındırdım, yeri birtəhər ayağımla hamarladım və çadırımı qurmağa başladım. Əlimi hərəkət etdirəndə ağrı daha da şiddətlənirdi. Düz yolun kənarında, yoldan keçənlərin gözü qarşısında olsam da, artıq vecimə deyildi”.

Çox gəzən çox bilər...

- Tural bəy, çox gəzən çox bilər deyirlər. Siz necə düşünürsünüz?

- Bu velosəyahətdən öncə də aktiv səyahət etmiş adam kimi tam məsuliyyətlə deyə bilərəm ki, bəli, məhz çox gəzən çox bilər. Bu atalar sözü yarananda televiziya və internet yox idi. Ona görə əlavə edə bilərəm ki, çox gəzən çox baxandan da çox bilər. Nə qədər internetdə gözəl məkanların professional çəkilmiş cəlbedici şəkillərinə, səyahət haqda televiziya proqramlarına baxsan da, bütün bu məkanların astarı var. Və bu astarı məhz özün, xüsusən də mənim kimi, bələdçisiz, standart turist proqramından xaric, gəzərkən görə və duya bilərsən. Mən burda “astar” sözünü mütləq mənfi mənada işlətmirəm. O ki qaldı mütaliəyə, səfər zamanı vaxtım daha çox olduğundan daha çox da mütaliə edə bilirəm. Bir vaxtlar Bakıda vaxt tapıb oxuya bilmədiyim bütün kitabları artıq oxumuşam. Nə yaxşı ki müasir texnologiya Kindle kimi elektron oxucular yaradıb. Bütün kitabxanamı bu kiçik cihazda özümlə daşıyıram.

- Səyahət etməkdən əlavə hansısa gəlir gətirən fəaliyyətlə məşğul olursunuz ya yox?

- Xeyr, belə bir fəaliyyətim yoxdur. Sadəcə səyahət və bu aylar ərzində yaşadığım həyatdan maksimum zövq almaqla məşğulam.

İran filmi “Velosipedçi” yadıma düşür. Yoldaşının əməliyyat pulunu ödəmək üçün yeddi gün bir dairənin başında velosiped sürməyə razı olan və bunu gerçəkləşdirən qəhrəman.

- Siz bunu bacara bilərdiniz?

- Subayam. Belə bir vəziyyətə də düşməmişəm. Bunu deyə bilmərəm. Hər halda bu orqanizm üçün ziyanlı bir şeydir. Üstəlik, inanmıram ki xüsusi kimyəvi preparatlarsız insan orqanizmi belə fiziki yükə tab gətirsin

- Sizə səyahət zamanı sponsorluq edənlər də var bildiyim qədəri ilə.

- Səfərə hazırlıq dövründə “2 təkər” velosiped dükanı, “Evrodesign” və “Max Systems” şirkətləri velosiped və bəzi əşyaların alınmasında mənə kömək etdilər. Bir ay bundan öncə isə bir mobil operator şirkəti roaminq xərclərimi öz üzərinə götürdü. Bütün digər xərcləri isə özüm ödəyirəm.

- Nə vaxta kimi səyahət etməyi düşünürsünüz?

- Böyük planım dünyanı dövrə vurub Azərbaycana qayıtmaqdır. Əgər hər şey planlaşdırdığım kimi getsə, hələ il yarım və ya iki il yolda olacam.

- Səyahət edən adamlar çox işdə bacarıqlı olur. Siz velosiped sürməkdən başqa nələr etməyi bacarırsınız?

- Utanc hissi ilə deyə bilərəm ki, yaxşı sağlıq demək və karaokedə oxumaqdan başqa xüsusi deyiləsi heç bir şey bacarmıram. Hə, bir də bolonez sousu ilə spaqetti və tiramisu hazırlaya bilirəm.

- Ailənizin, ətrafınızın sizə münasibəti necədir? Səyahət etməyinizə nə deyirlər?

- Mən çox xoşbəxtəm ki, əziz atam başda olmaqla, bütün yaxınlarım və dostlarım mənə aktiv dəstək verir və bu yolda yeni nailiyyətlərə həvəsləndirir. Arxa cəbhənin möhkəm olduğunu bilən döyüşçü və ya azarkeş dəstəyindən qələbəyə impuls alan boksçu necə ürəklə hücuma keçirsə, bax mən də özümü elə hiss edirəm.

- Səyahətlə rekordlar kitabına düşmək fikriniz yoxdur ki?

-Əlbəttə ki yox. Çünki qeyri-adi heç bir şey etmirəm. Əksinə, Alister Xamfri kimi digər velosəyahətçilərin nailiyyətlərinə və ya dünya ətrafında ən sürətli veloyürüş üzrə Ginnes rekordunu qırmış Mark Bomont, Maykl Boutorp kimi adamlara baxanda mənim nəyəsə iddia etməm gülməli olar. Sırf Azərbaycan çərçivəsindən baxsaq, dünyanı velosipedlə tam dövr etmiş birinci azərbaycanlı ola bilərəm. Amma bu barədə danışmaq hələ tezdir, axı yolun heç yarısını getməmişəm.

# 3238 dəfə oxunub

Müəllifin son yazıları

# # #