Heç utanırsan, Ayxan?

Heç utanırsan, Ayxan?
15 iyun 2021
# 10:35

Kulis.az Ayxan Ayvazın “Anlaqsız gənc şairlər – Onlar kimlərdir?” yazısını təqdim edir.

Keçənlərdə bizim Hikmət Nazimlə - ünlü Nazim Hikmətlə qarışdırmayın, bu bizim qazaxlımızdır – gənc şairlər haqda danışırdıq. Mənə dedi ki, bir gənc şair var, şeirlərini kitab eləyəcəkdi, göndərdi baxdım...

- Sonra nə oldu?

- Bir şeiri var idi, yazdım ki, bu anlaqsız vəziyyətdə yazılıb.

- Necə?

- Yəni, heç nə başa düşmürsən.

Yəqin, özünüz bilirsiniz, anlaqsız vəziyyət nə deməkdir. Daha çox cinayət işlərində cinayətkarın törətdiyi cinayəti yüngülləşdirmək üçün deyilir.

Yəni, o adam bu işi anlaqsız vəziyyətdə törədib, bilə-bilə, qəsdən eləməyib. Hikmətin bu diaqnozu xoşuma gəldi və əlbəttə, onun da könlünü xoş etmək üçün qəhqəhə çəkdim.

Qədim vaxtlarda gənc şairlər haqda bir yazı yazmışdım. Yazıda gənc şairlərin uğursuzluğundan, yersiz eqoistliklərindən danışmışdım. Qəribə olan odur ki, yazı çıxan kimi, gənc şairlərin əksəriyyəti mənim haqlı olduğumu dedilər. Qaqaların təbirincə desək, heç kim tənqidi “özünə aid eləmədi”.

Üstündən birmi, ikimi ay keçdi, gördüm, umu-küsülər başlayıb. Bəs deməzsənmi, hamı mənim yazımı qərəzli hesab edirmiş.

Vay dədəm, vay!

Keçənlərdə Şərif Ağayarın statusunu gördüm. Yazmışdı ki, bəs Əsəd Cahangirə dedim, sənətkar, bu yazıda qərəzlisiniz. Əsəd Cahangir də özünəməxsus bir cavab verib: obyektiv qərəzdir!

İndi onun sözü olmasın, mənim o yazım qərəzli olsa da, obyektiv qərəz idi. Ancaq ən qəribəsi o idi ki, əvvəl yazını bəyənənlər sonradan mısmırığını sallamışdılar.

Olmaya, Hikmət demiş, ilk oxunuşda anlaqsız vəziyyətdə olublarmış?

Hər şey ola bilər.

Ümumiyyətlə, son dövrlər yaxşı şeir görmürəm. Bəlkə rastıma çıxmır.

Bəlkə, şeir artıq məni tərpətmir. Bilmirəm. Yaxşı şeirlərin hamısı elə bil çoxdan yazılıb. İndilərdə yaxşı şeir tapmaq çox çətin işə çevrilib.

Yadıma düşür, bir dəfə Aqşin Yeniseylə söhbət edirdik, mənə dedi ki, heç vaxt bir hislə şeir yazmamışam. Bəlkə də gənc şairlərimizin ən böyük səhvi budur. Bir qızdan ayrılırlar, o dəqiqə, kədərin acısı qurumamış şeir quraşdırırlar.

Bəli, bu, məhz şeir quraşdırmaqdır.

Şeir yazmaq ayrı şeydir. Çox adam bunu qarışdırır. Şeir yazmaqla şeir quraşdırmaq arasındakı fərqi görməyənlər naşı adamlardı. Bizdə, əslində, çox şeir yazılmır, çox şeir quraşdırılır. Çox şair yoxdur, çoxlu şeir quraşdıran var. Şairlər çox azdı. Həmişə olduğu kimi. İndi bir də görürsən, o şeir quraşdıranların da içində kiminsə yaxşı bir şeiri çıxır. Daha o sayılmır.

Hamının bu həyatda bir yaxşı şeiri var yüz faiz. Hətta, özünə şair deməyənlərin belə, bir də görürsən, elə gözəl şeiri ortaya çıxır ki...

Tutaq ki, xərçəngdən ölən müəllimənin yazdığı şeir mənim son illər oxuduğum ən yaxşı və qüssəli şeir idi.

Ümumiyyətlə, bu yazı gənc şairlərin hamısına şamil olunmur. Onsuz əsl şair olanlar bu yazını oxuyub, təbəssüm qonduracaqlar üzlərinə. Çünki söhbət onlardan getmir.

Yəni içiniz rahat olsun, hamınıza aid eləmirəm.

Gənc şairlərdən bir neçəsində Hikmətin dediyi anlaqsızlığı hiss eləmişəm. Şeir başlayır, söhbət ayrı söhbətdir, bir azdan gənc şair “priboyla”yır, nədən yazdığı özünə də məlum olmur.

Yaxşı misra ortaya çıxartmaq üçün, az qala, yarım metr sicilləmə qaralayır, ortada da nə şeir qalır, nə söz. Sən də baxırsan şeirə, deyirsən, vay, dədə, vay, bəlkə bu nəsə bir hikmətli fikir söyləyir, biz tuta bilmirik.

Ola bilər, hər şey ola bilər.

Mən elə də ağıllı adam deyiləm. Hərdən başım qaçır, düz-əməlli başa düşmürəm qarşımdakını. Olur, hə, məndə çox olur belə şeylər. Bilmirəm, müalicəsi var, ya yox.

Ola bilsin, yazıda gənc şairlərin adlarını da çəkmək lazım idi. Ancaq daha özümə gənc şairlərin adını çəkməyə qadağa qoymuşam. Çünki gənc şairlərin adını çəkəndən heç yarım saat keçmir, biri artıq başına çıxıb, bir də görürsən, hələ ayaqlarını da sallayıb, üstəlik damağında da siqaret tüstülədir. Ona görə, bu ad çəkmək məsələsini özlüyümdə yerli-dibli yığışdırmışam.

Tanış ifadədə deyildiyi kimi, istəmirəm ad çəkib, o şəxsi məşhurlaşdırım. Onsuz da aşağı-yuxarı əksəriyyət mənim dediyim vəziyyətdədir. Düzü, kimsə bunu tənqidi yazı da hesab etməyə bilər. Olsun. O şəxslə də razıyam. Çünki doğrudan da tənqidi yazı deyil bu. Tənqidi yazı belə olar? Heç utanırsan, Ayxan? Adam da belə dəxilsiz, səviyyəsiz, mənasız yazı yazar? Guya sən zorsan, bombasan da...

Sürüş burdan, gözüm səni görməsin.

# 2899 dəfə oxunub

Müəllifin son yazıları

# # #