Qəzaya düşən ziyalı, itən sırğalar, aparıcıları əsəbiləşdirən kişilər – "Dikdaban"dan Reportaj

Qəzaya düşən ziyalı, itən sırğalar, aparıcıları əsəbiləşdirən kişilər – <span style="color:red;">"Dikdaban"dan Reportaj
6 may 2019
# 09:01

Kulis.az Ayxan Ayvazın İctimai Televiziyanın “Dikdaban” verilişindən yazdığı reportajı təqdim edir.

Kadra düşməyən hissə

- Hansı verilişə gedirsiniz?

- “Dikdaban”...

Polisin üzündə təbəssüm:

- Belə də veriliş adı olar?

Efirdəyik

Polisin ironiya ilə verdiyi sualı üç xanımdan da soruşuram.

Vüsalə:

- Adı heç birimiz qoymamışıq. Bizdən əvvəl qoyulub. Yaradıcı qrupun tapıntısıdır. Biz çalışırıq ada fokuslanmayaq. “Dikdaban” deyəndə niyə hər kəsə elə gəlir ki, bu qadın proqramıdır? Yox. Birincisi, “Dikdaban” kişilərin bizə əmanətidir. “Dikdaban”ı ilk dəfə kişilər icad eləyib, geyiniblər. Sadəcə “Dikdaban”ın üzərində gəzmək məharəti var. Biz onu ram etmişik. Necə deyirdi Ekzüperi? Ram etdiklərindən dolayı məsuliyyət daşıyırsan. Biz dikdabanı ram edə bilmişik. Ona görə, bir geyim kimi dikdabanı türklər demiş, hak etmişik.

Səma:

- Biz addan narazı deyilik.

Sevinc:

- Çoxluq adı bəyənir. Daha yaradıcı hesab edir.

Vüsalə:

- Bununla bağlı çox ciddi iradlar da var, çox yaxşı rəylər də almışıq. İctimaiyyat arasında elələri var ki, deyir, mən adı “Dikdaban” olan verilişə çıxmaram. Həmin bu ictimaiyyat arasında nüfuzu olan o şəxs gedir başqa verilişə. Hansı ki o verilişin adı hətta folklordan götürülüb və özü də bu adı bəyənib. Ancaq ora çıxanda onun yanına iki müğənni qoşurlar və həmin adama danışmağa imkan vermirlər. Ona deyirlər ki, sənin danışmağın bizə reytinq gətirmir. “Dikdaban” verilişinə qarşı olan ziyalı həmin o iki müğənninin gündəminin içində əriyib gedir. Onun ziyası orda sönür.

Gülüşmə. Gözəl qadınların gülüşü də bir ayrı cür görünür. Düzü, onlar gözəl sözünə qarşıdırlar. Bu haqda az sonra...

Kadrarxası qeybət

İnzibatçı Mirxalid:

- Biri qonaq gəlmişdi, burda ayağı büdrədi, az qala yıxılacaqdı. İndiyə kimi yadımdan çıxmır.

- Nə oldu bəs?

- Heç nə. Təzədən özünü düzəltdi...

Anons

Üç xanımı əsəbiləşdirən nələr olub? Az sonra efirdə...

Reklamlar bitdi...

Vüsalə:

- Verlişi tək hazırlamırıq. Böyük bir komanda işləyir. Bizim orda cüzi payımız var. Mətbəxdə alırlar, hazırlayırlar, bişirirlər, biz podnosda süfrəyə gətiririk. Ən asan işi biz edirik. Mövzuları müəyyən etmək, qonaqların kimliyi və s. Təkliflərlə çıxış edirik, müzakirələr aparırıq. “Dikdaban” deyəndə üç xanımın zəhməti nəzərdə tutulur. Amma kadrarxasında 3 xanım da bu zəhməti çəkir.

Səma:

- Biz otaqda müzakirə edirik, mövzunu təyin edirik. Qonaqları müəyyənləşdiririk. Suallarımız redaktorlar tərəfindən təsdiqlənəndən sonra artıq verilişə hazırlaşırıq. Sonra fb-da aktiv olan izləyicilərin statuslarını oxuyuruq. Hərəmiz öz maraq dairəmizə uyğun xəbər tapıb onu tamaşaçılarla bölüşürük. Daha çox faydalı xəbərlərə üstünlük veririk.

Sevinc xanım gülümsünür:

- Hər zamankı kimi qızlar məni qabaqladı. Deməyə sözüm qalmadı.

Vüsalə xanımla Səma eyni anda:

- Bəsdi də...

Gülüşmə və reklama giriş...

Reklam

Əziz xanımlar, siz burda çox fərqli bir dikdaban görəcəksiniz. Bu sizin alışdığınız dikdaban deyil. Bu tam başqadır. Qiymətlər də sərfəli. Qaçırmayın!

Efirdə dava

İnzibatçı deyir:

- Kaş burda saçyolduya çıxardılar, reytinqimiz qalxardı.

Zarafata redaktor, yazar Jalə İsmayıl da qoşulur:

- Mən sənə burda olan dava-qırğınları danışaram. (Amma danışmadı...)

Yayındayız...

- Mən bunu geyinəcəm mübahisəsi düşmür bizdə. Əksinə indiyə kimi onu müzakirə etməmişik. “Dikdaban” qadın proqramıdır və düşünürlər ki, burda geyim müzakirəsi gedir. Bizim paltarlarımızı İctimai TV-nin stilisti Aysel Sadıqova müəyyən edir. Hazır olur qarderobda, gedib götürüb geyinirik.

- Vüsalə xanım, bəs deyilənə görə dava-dalaş düşür burda. Məndən gizlətməyin.

Gülüşmə düşür.

Səma:

- Saç, geyim – belə müzakirə ola bilməz. Bizim mübahisəmiz sırf suallarla, qonaqlarla bağlı ola bilər. Şoulaşan qonaqlar-filan... Elə qonaq çağıraq ki, peşman olmayaq onu çağırmağa.

Yıxılmaq təhlükəsi

- Deyirlər, bəs burda biri yıxılıb...

- Biz görməmişik... – Sevinc xanımın reaksiyası.

- Mən özüm də bu verilişə qonaq olmuşam. Az qala yıxılırdım. – mən deyirəm. – Amma yıxılmadım, ayaqdayam, dərdlərimlə baş-başayam.

Gülüş fasiləsi.

Sevinc:

- Pillə hündür olur deyə bəzən qonaqlar çətinlik çəkir...

Vüsalə:

- Bu gündən sonra kim “Dikdaban”da qonaq olacaqsa oranı ehtiyatlı düşüb, ehtiyatla qalxsın.

Efir zamanı

Səma:

- Daha çox evdar xanımlar baxırlar bizim verilişə. Elə vaxtda efirə gedirik ki, əksəriyyət işdə olur, televiziyaya baxa bilmir. Baxanlar da düşünür, adı “Dikdaban”dırsa, üç xanım da varsa, deməli, bunlar ya yemək bişirməkdən danışırlar, ya geyimdən, ya da kosmetikadan. Ancaq bizim verilişin məqsədi bütün mövzuları qadınlar üçün anlaşılan etməkdir. Biz burda psixologiyadan, marketinqdən, pedaqogikadan danışırıq. Yəni o qədər mövzu olur ki... Bəlkə də heç vaxt toxunmadığımız mövzulardı əksəriyyəti.

Vüsalə:

- Mən əminliklə deyə bilərəm ki, Azərbaycan televiziya məkanında heç vaxt müzakirə olunmayan məsələləri verilişimizdə müzakirə etmişik.

Sevinc:

- Təsəvvürləri yıxan bir proqramdır. Adı ilə, üç xanımla bağlı olan təsəvvürlər. İçində olan mövzularla ad və üç xanım ziddiyyət yaradır burda. Heç kim üç xanımdan bu cür mövzularda veriliş hazırlanacağını gözləmirdi.

Vüsalə:

- Biz də göstərmək istəyirik ki, qadınlar bu mövzularda danışa bilirlər.

Sevinc:

- Kişilərin cəsarət etmədiyi mövzuları müzakirə etmək özü də...

Bu da kişilərə “kapak” olsun. Gülüş işarəsini qoyub xanımların səsinin “xodu”nu qaldıraq. Öz aramızda qalsın, qadınları susdurmaq olmur, yaman məntiqli danışırlar.

Səma:

- Səhər saat 10-da çıxırıq efirə. Ən azı iki mövzunu müzakirə etmək və Azərbaycan standartlarında mövzuya uyğun qonaq tapmaq. Mövzunu və qonağı təkrarlamamaq. Bu çox çətindir. Qonaqlarımız daha çox kişilər olur və bizim yanımızda sıxılırlar.

Sevinc xanımın ironiyası:

- Günümüz də belə başlayır: səhər saat 6-da yuxudan dururuq, hazırlaşırıq, qaça-qaça düşürük...

O, mənə gününün nizam qaydasını daşıyır. Elə bil əsgərlikdəki nizam qaydasıdır. Hər şeyin öz vaxtı var. Qadınlıq da bəlkə bir növ əsgərlikdir.

Sitatının sonu:

- Həyat tərzimiz “Dikdaban” olub.

Səma:

- Mövzuları dəfələrlə çək-çevir edirik. Çünki istəmirik ki, çeynənmiş mövzulara toxunaq, dəfələrlə addımlanmış yolla getməyək.

Kişi qonaqlar.

Vüsalə:

- Kişilərin içində dikdaban qorxusu var: qadın xofu... Özlərini müdafiə mexanizmidir bəlkə də bu. 142 veriliş eləmişik, hər kişi qonaq gələndə cümləsinə belə başlayır: “Üç gözəl xanımın yanında danışmaq...” Artıq biz gözəl sözündən bezmişik. Bu sözlərdən dəliyə dönmüşük.

Səma:

- Biz istəmirik ki, söhbətimizdə qabardılacaq mövzu bizim zahiri görünüşümüz olsun.

Sevinc:

- Biz gözəl yox, ağıllı olmaq istəyirik. Gözəl sözü bizi qıcıqlandırır. Heç bir məna kəsb etmir bizə bu söz.

Vüsalə:

- Söz xətrinə sözdür. Üç qadının sualına cavab vermək çətindir bunlara, amma şəriətə qalanda 4 qadınla evlənə bilirlər.

Bu da növbəti Thug life. Tək mənə yox, bütün kişilərə getdi bu. Özünüzü necə hiss edirsiniz?

- Nə desinlər bəs? Gözəl yox, çirkinsiniz desinlər?

Bir uğultu yarada bildim. Ora-bura baxdılar, sonra bir-birilərinə təbəssüm də oldu əl-əlbət.

- Bizi qızışdırmaq istəyir. – yenə Vüsalə xanım gülləmin qabağına keçib onu zərərsizləşdirir.

- Klişe komplimentdir, Ayxan. Bütün kişilər eyni şeyi deyir. Fərqli fikir deyil. – Sevinc xanımın cavabı.

Səma:

- Bilirsiniz, onlara elə gəlir ki, qadınlarda dəyərləndiriləcək, diqqət çəkəcək sanki yeganə xüsusiyyət gözəllikdir. Gözəllik də qadının özünün bacarığı deyil. Gözəlliyi insana Allah, yaxud da təbiət verib.

Vüsalə:

- Qadını gözəl göstərən kişinin baxışıdır.

Səma:

- Hə.. Amma ağıl, mədəniyyət, tərbiyə, intellekt – bu, insanın bacarıqları, qazandıqlarıdır.

- Maraqlı gələn, kişi qonaqlar kimlərdi bəs?

Vüsalə:

- Gözəl ifadəsini işlətməyən bütün kişilər.

Səma:

- Şəxsən mənim bəyəndiyim Nəriman Qasımzadə, Rafiq Haşımovla olan müsahibələr idi.

Vüsalə:

- Elçin Şıxlı, Etibar Əliyev. Aqil Abbas bizə gözəl demədiyi üçün onu çox sevdik. Ümumiyyətlə, bizə gözəl deməyən bütün kişiləri çox sevirik. Bu da bizim devizimiz!

Hər biri döyüşdən qalib gəlmiş əsgər kimi gülümsəyir. Mən ağ bayraq qaldırıram.

Vüsalə qalibiyyətini bir az da təsdiqləmək üçün əlavə edir:

- Biz gözəl olduğumuzun fərqindəyik. Çünki bizim arxamıza güzgü qoyulub. Anons olanda dönüb baxaq və gözəlliyimizdən əmin olaq. Sonra da söhbətə davam edək.

- Ayna, ayna məndən gözəli varmı bu dünyada.

- Bəli! Bəli! – üçü də xorla deyir...

Maraqlı kadrlar...

Səma:

- Qonağımızın biri gəlmədi, digəri qəzaya düşdü. Və biz 1 saat dayanmadan danışdıq və xəbər oxuduq.

Vüsalə:

- Biz 1 saat 20 dəqiqə yalnız üçümüzün danışmağına hazır deyildik. Vatsap qrupunda danışmışdıq. Demişdim ki, bəlkə ifrat söhbətinə görə qonağımız gəlməyə bilər, nəsə bir şey fikirləşək.

Sevinc:

- Qonaq da elə-belə qonaq deyildi. Ziyalı adam idi.

Vüsalə:

- Hamımız gəldik, qonaq gəlmədi...

- Qəzaya düşən kim idi? Nə oldu onun axırı? – həyəcanla soruşuram.

Xanımlar təbəssümlə cavab verir:

- O gəldi axırı.

Vüsalə:

- Sonlara yaxın gəldi və biz o gələndə nəfəs dərdik.

Səma:

- Aaa... Bir dəfə də Sevincin sırğası düşüb.

Xanımlar əvvəl-əvvəl bilməyiblər nə etsinlər. Sonra düşünüblər ki, efirdə sırğa düşəndə, ya qələm dığırlanıb masa altında özünə məskən salarsa, bunu tamaşaçıdan gizlətməsinlər.

Sözü verək Vüsalə xanıma:

- Canlı yayım elə bir şeydi ki, biz bəzən mikrofonları bağlayanda da bunun fərqində olmuruq. Deməli, qonaqlardan danışırdıq.

Sevinc:

- Mikrofon da açıq.

Səma:

- Dedim ki, o hansı Azərdi. Qara, gombul Azər?

Vüsalə:

- Tanıyırsız da Azər Nəzərovu?

- Əlbəttə...

- Azər hər yerdə status yazdı bu haqda. Hələ də deyir-gülür.

“Dikdaban”lı günlərin birində Səma xanım efirə gecikibmiş. Dəhşətli tıxacdan qurtula bilməyən xanım aparıcıya zəng gəlir.

- Alo.

Səma:

- Qızlar efirdəydi. Dedilər, hadisə yerindən selfi göndər. Mən də göndərdim. Hazırlıq işlərini taksidə gördüm. Makyaj işlərini. O qədər tələsirdim ki... Arif Quliyev kimi qaça-qaça gedirdim, birdən yıxıldım. Durdum, heç nə olmamış kimi yenə qaçdım.

Sevinc:

- Dizi palçığa batmışdı.

Vüsalə xanım Səma xanımın həmin anını aktyor kimi göstərə-göstərə:

- Efirdə ayağını ayağının üstünə aşırdı. Düz axıra kimi elə qaldı ki, çirk görünməsin.

Sevinc:

- Mən də bir dəfə gecikmişdim. Yollar bağlanmışdı.

Səma:

- Jaketlə efirə çıxmışdı.

Vüsalə:

- İlk dəfə canlı yayıma gecikmişdi.

Sevinc:

- Tıxacdaydım. Heç cür çatdıra bilmədim. Ordaca makyajımı elədim. Çatanda da paltarımı dəyişməyə vaxt olmadı. Jaketlə efirə çıxdım.

Vüsalə:

- Sevincin bir istedadı var. Görəndə ki, gecikir, çantasından güzgünü çıxarır, başlayır makyaja. Və həmin gün də jaketdə çox gözəl görünürdü.

Mən:

- Gözəl sözü təhlükədir.

Hamı gülüşdü.

Efirin sonları...

Səma:

- Bizi danışdırıb, indi susdura bilmir...

Vüsalə:

- Ümid edirəm, özünüzü dikdaban altında hiss etmədiniz...

Sevinc xanım susur və təbəssümlə rəngarəng efir məkanını daha da parlaq edir.

Yazımın finalını tapa bilmirəm və televiziyanın mühafizəçiləri məni qoltuqlarına vurub aparırlar.

# 9965 dəfə oxunub

Müəllifin son yazıları

# # #