Ata-anası Məkkəyə gedəndə ölən küçə uşağı - REPORTAJ

Ata-anası Məkkəyə gedəndə ölən küçə uşağı - <span style="color:red;">REPORTAJ
1 sentyabr 2015
# 08:30

Ayxan Ayvaz

Bəzən yanından keçib getdiyimiz, bir anlıq dayanıb baxdığımız adamların həyatı ilə tanış olmaq istəmir, sanki qorxur, onlardan uzaq durmağa çalışırıq. Əslində bir az yaxına gəlsəniz, müharibədən sonra dağıntılar arasında qalmış şəhərin görkəmi kimi küçələrə səpələnmiş səfillər də sizə doğma və yardıma möhtac gələcək.

Küçə...

Küçələr ədəbiyyatla, onun sakinlərinin ürək döyüntüsü ilə doludur. Keçdiyimiz yerlərdə o insanlarla söhbət etmək hansısa bağlı bir qapını açmaq, hansısa yazılmamış romanı dilləndirmək, hansısa yaralı ürəyi sağaltmaq deməkdir.

Həyatda seçim şansı bizim əlimizdə deyil. Sənə verilən bir tale var və ən çətini isə o taleylə yaşamaqdır. Küçədə ömür sürən, gecələrini hansısa skamyada, kafelərdə, parklarda keçirən adamları xilas etmək bəlkə də olar. Ancaq o, küçədə öz həyatını yaşayır, sən isə evində. Eyni acını, kədəri fərqli məkanlarda yaşayırıq. Sadəcə bir-birimizi tanımırıq. Onlar bizdən qorxur, biz də onlardan. Axı kimsə bir addım irəli atıb tanışlıq verməli, aramızdakı bu boşluğu doldurmalıdır.

Küçə uşağı Orduman

İçəri Şəhərdə keçiddən keçərkən gördük o küçə uşağını. Çantası yanında, çömbəlib, dizlərini qucaqlayıb irəli baxır. Qarşısından saysız-hesabsız adamlar keçib gedir: ona şaşqın baxanlar, gülənlər, acıyanlar və s. Geyim-keçimi elə də pis deyil, çantası da eynən. Onun oturuşunda bu mesaj da yoxdur: mənə pul verin, acam. Heç nə istəməyən ifadələr, susqun görünüş, çantası ilə bərabər yox kimi oturan bu yeniyetmə oğlanı görəsən, taleyin hansı şilləsi bura, keçidə, alışmadığı bir həyata atıb?

- Salam, qaqa. Nə olub? Niyə burda oturmusan?

- Evim yoxdur. Atamla anamı itirmişəm.

Adı Orduman, sısqa, sümükləri göz qamaşdıran yeniyetmə. Tərtər rayonunda nənəsinin himayəsində qalan bu uzunsifət, irigözlü oğlanı bir gün yetimxanaya aparırlar. Nənəsi ona şirniyyat alır, əzizləyir, başını tumarlayır və iri, zəhmli qapının ağzına qoyub çıxıb gedir.

- Onda 9 yaşım vardı.

“Atamla anam Məkkəyə gedəndə ölüblər”

Orduman yetimxanada heç kimlə isinişə, danışa, deyə-gülə bilmir. Bunun bir səbəbi də var: “Mən ruhi xəstəyəm. Anadan belə doğulmuşam. Heç kimlə danışa bilmirəm. Bəzən çox pis oluram. Özümü itirirəm. Əsəbiləşirəm. Buna görə heç kimə yaxın dura bilmirdim”.

- Bəs heç dostun olmadı?

- Bir-iki nəfərlə dostluq etdim orda. Çıxanda da arada görüşürük.

Yetimxanada yeməklərin dadı ayrı gəlir ona, ətrafındakı insanlar kənddəkilərdən fərqlənir, onu əzizləyən, sevən, şəfqət dolu baxışlar artıq yoxa çıxıb. Yay keçir, qış gəlir və qarlı günlərin birində nənəsi onun yanına gəlir.

- Əslində çox qohumumuz var. Prosto heç biri gəlmədi. Mən uşaqlıqdan nənəmin yanında qalmışam. İndi də o boyda ildən sonra nənəm gəldi. Amma...

Nənəsi əlində kökə, isti pal-paltardan başqa bir şey də gətirib Ordumana. Çölə çıxanda qarı yeniyetmə oğlana acı xəbəri verir.

- Onda bilmirdim mən. Ruhi xəstəydim axı. Bilmirdim məni niyə bura gətiriblər. Nənəm dedi ki, atanla anan avariyada ölüblər.

Yetimxana divarları bir az da sıxlaşır, adamlar bir az da qəddarlaşır onun gözündə. Yeməklər acı, dadsız-duzsuz, gecələr yuxusuz.

- Atamla anam Məkkəyə gedəndə ölüblər. Biz dindar ailəyik. Mən özüm də indi namaz qılıram. Qəfil maşın toqquşub, ikisi də ölüblər.

- Xatırlayırsan onları?

- Uşaq vaxtı nənəmin yanında qalmışam, az-az görürdüm, indi isə heç yadıma düşmür. Elə bil heç atam-anam olmayıb. Xatırlaya bilmirəm üzlərini...

Küçələrə səpələnən uşaqlar

On iki yaşına çatanda o iri, zəhmli qapı üzünə açılıb və deyiblər ki, artıq həddi-buluğa çatmış adamsan, get işlə, çalış, özünə gün-güzəran yarat. Ordumanla bərabər xeyli uşaq küçələrə səpələnib, hərəsi bir yerə dağılıb. Gedəcək bir yerləri yox, onlara baxacaq qohum-əqrəba yox, işə götürəcək kimsə. Bəzisi çörəkpulu qazana bilir, özünü oda-közə vurur, bəzisi isə taleyinə boyun əyib küçələrdə ac-yalavac yaşayır.

- O uşaqlarla görüşürsüz?

- Hə. Bir ikisi ilə.

- Necə tapırsınız bir-birinizi?

- Taksafonla.

- Sən heç işləməmisən?

- İşləmişəm. Bir xeyli yerdə işləmişəm. Amma indi heç yerdə iş yoxdur. Qalmağa evim də yoxdur.

“Mənə xəyanət edib”

Sevdiyi qız olub Ordumanın uşaq vaxtı, on beş yaşında. Gözəl-göyçək, nağıllardan gəlmiş bir qız. Onun haqqında danışmaq, o xatirələrə qayıtmaq istəmir. Sadəcə əlini yelləyir:

- Mənə xəyanət edib sevgilim. – deyir.

Düşünürəm ki, hələ onun xəyanətin nə olduğunu bilməsi çox-çox uzaqlardadır. Bəlkə də o yazıq qızın da heç bir günahı yoxdur, bəlkə indi hardasa oturub onu düşünür, bəlkə heç belə birisi də yoxdur. Ordumanın xəyallarında yaratdığı bir qadındır.

- Hardadır indi o qız?

- Tərtərdə, rayonumuzda.

- Bəlkə rayona gedəsən? Orda qohumlar-filan...

- Hə, düz deyirsən. Amma mənə ruhi xəstə deyirlər, dəli deyirlər, qovurlar məni. Niyə gedim ora?

- Məktəb oxumusan?

- Yox, heç, heç oxumamışam.

“Gülə bilmirəm... Dişlərim mırıqdır”

Küçələrdə yaşamaq onun üçün çox əzablıdır: sataşanlar, incidənlər, gəlib söz atanlar, yerindən qovmaq istəyənlər. Qalmağa, sığınmağa, xəyallar qurub bir günü daha yola verməyə isə imkanı var.

- Burda, yaxınlıqda internet klubdu. Sağ olsun, oranın yiyəsi. Dedi, gəl axşam qal. Orda qalacam bu gün. Görək sabah neynirik?

Küçələr vəhşi heyvan kimi ağzını açıb onu gözləyir, əlində çanta, arıq, sısqa bədəni ilə sağ qalmaq, yaşamaq üçün heç vaxt görmədiyi bir həyatın içinə atılır.

- Bu vaxt nə istəyərdin, Orduman?

- Evim olsun qalmağa...

- Başqa?

- Siqaret...

Onun ikinci istəyini yerinə yetirirəm, çıxarıb siqaret yandırıb səssizcə çəkirik.

- Səni harda tapa bilərəm?

- Hər axşam burda oluram.

- İş tapsam, gəlim deyim sənə?

- Hə. Çox sevinərəm. Allah razı olsun.

Orduman donuq nəzərlə ətrafına nəzər yetirir, gəlib-keçən adamlar ona aydan gəlmiş biri kimi baxır.

- Orduman, gül bir dəqiqə. – fotoqraf dostumuz deyir.

- Gülə bilmirəm axı. – Orduman belə desə də, dodağı qaçır. – Dişlərim mırıqdır.

Hardansa zəng səsi gəlir, saat gecənin biridir. Ordumana bizimlə getməyini təklif edirik, o isə razı olmur. Başa düşürəm ki, hər kəs öz həyatını yaşamalıdır: biri evdə, biri ofisdə, biri küçədə, biri də Allah bilir harda...

Fotolar: Nihad Qulamzadə

# 1488 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #