İstedadsız yazıçını necə öldürdülər?  - AYXANIN YENİ HEKAYƏSİ

İstedadsız yazıçını necə öldürdülər?  -  <span style="color:red;">AYXANIN YENİ HEKAYƏSİ
29 fevral 2016
# 09:00

Kulis Ayxan Ayvazın “Kağızda ölmək” hekayəsini təqdim edir.

Qəzetdə yazıçının ölüm xəbəri çıxmışdı. Yazıçı isə sağ idi.

Həmişəki kimi yerindən durub gərnəşdi, tez-tələsik əynini geyinib küçəyə çıxdı. Onun adətiydi: kafelərin birində səhər yeməyini yeyər və mütləq ona xidmət edən ofisianta öz kitabından hədiyyə edərdi. Yazıçının çiyninə aşırdığı çantada üç şey olurdu: öz kitablarından iki-üç nüsxə, qalın dəftər, bir də qəzet. Səhərlər tezdən durub şəhərin mərkəzinə çıxır, parkda, küçələrdə dolaşa-dolaşa adamları müşahidə edir, eşitdiyi əhvalatı da elə isti-isti hansısa kətilin üstündə ağ vərəqə köçürürdü.

Hə, qəhrəmanımız təzəcə kafedə oturub çay sifariş verməkdə olsun, siz isə “Aydınlıq” qəzetinin xəbərini oxuyun:

“Amansız ölüm gözəl insan, istedadlı nasir Yaşar Şahsevəni aramızdan apardı. Yaşar Dadaş oğlu Şahsevən 1960-cı ilin avqust ayının 4-də Lerik rayonunun Nabələd kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır”.

Deyəsən, bizim yazıçı qəhrəmanımız hələ bu xəbəri oxumamışdı, çayını yudumlaya-yudumlaya xoşbəxtcəsinə gülümsəyirdi.

“...Onun qələmindən çıxan “Pəncərəni bağla” romanı, “Dağlar qırağa çəkil”, “Nəfs pis şeydir”, “Mal təzəyi”, “Örüş”, “Balaşın inəyi”, “Qəlbimizdə tikan var” və digər əsərləri ədəbi mühitdə geniş rezonans doğurmuşdur.

İstedadlı, səmimi, təvazökar qələm yoldaşımız Yaşar Şahsevənin işıqlı xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!”

Başımız xəbərə qarışdı, fikir verə bilmədik, yazıçı qəhrəmanımız hövlnak ayağa durub cibindəki pulu masaya atdı və tez özünü eşiyə atdı. Qaşları çatılmış, yumruqları düyünlənmişdi. Elə bil qarşıdan çoxala-çoxala gələn adamları vurub yerə yıxacaqdı.

Oxucuları yormadan deyək ki, qəzəblənmiş və bir yerə sığa bilməyən qəhrəmanımız qəzetin əlaqə nömrəsinə zəng vurub telefondakı səsə qulaq verdi.

O gözləməkdə olsun, sizə bir sirr açım: yazıçı dostumuz siz düşündüyünüz kimi söyüşcül deyil. Hətta bir dəfə dostu ona beləcə də demişdi: “Adam bu qədər tərbiyəli olmaz. Bu tərbiyəsizlikdir”. – məclisdə oturanlar qaqqıldamışdılar bu sözlərə.

-Alo – aha, deyəsən qarşı tərəf telefonu götürdü. – Bağışlayın, mənim ölümümlə bağlı xəbər gedib.

- Siz kimsiniz? – yoğun bir səs gəldi.

- Yaşar Şahsevən.

- Hə, bəli, tanıdım. Bəli, bizə belə bir xəbər gəldi, biz də yazdıq. Qəzetimizin çox yaxşı əməkdaşları var. Elə yaxşı ölüm xəbəri yazdılar ki, necə deyərlər, rəhmətliyin ruhu da şad olar yəqin.

- Axı, məlumat səhvdi...

- Nə danışırsınız? – redaktor idi deyəsən danışan, səsi gur-gur guruldayırdı. Hər halda yazıçı qəhrəmanımızın qənaəti belə idi. – Bizim qəzetdə heç vaxt səhv gedə bilməz. “Aydınlıq” qəzeti bizim vicdanımızın səsidir. Hətta mən bu gün Yaşar Şahsevənin evinə jurnalist göndərdim ki, gedib ordan reportaj hazırlasın.

- Bilirsiniz...

- Yox, e, a kişi, bir dayan. Biz sizin o tualet kağızı elədiyiniz qəzetlərdən deyilik. Biz ciddi qəzetik. Sabah reportajı da oxuyarsınız, mərhumun ailəsi ondan danışacaq.

Vəssalam, səs kəsildi. Yazıçının sonrakı cəhdləri də uğursuz oldu, zəng çatmadı. Belə olanda o tələsik taksi tutdu və “düz evə sür” deyib yerini rahatladı. Hə, qəhrəmanımız siz bilən o kasıb yazarlardan deyildi. Müharibədən sonra yaxşı yerlərdə işləmişdi, zavod, fabriklərdə tər tökmüşdü, qəpiyi qəpiyin üstünə qoyub özünə obyekt açdırmışdı. Sonra ordan gələn gəlirlə şəhərin üç yerindən ev almışdı. Hələ bu harasıdır? Get-gedə obyektlərinin sayını artırıb hamısını kirayə vermişdi. İndi cavanlıqda yaza bilmədiklərini yazaraq canından çıxarırdı. Bütün günü əlindən qələm, son vaxtlar isə təzəcə öyrəndiyi noutbuk düşmürdü. Di gəl ki, mərdimazarlar imkan vermir: onun haqqında gör nə şayiə yayıblar.

Yazıçının həyatı ikiyə bölünürdü: ev və ədəbiyyat. O deyirlər e, adam var, başı aşağı universitetə gedir, başı aşağı da geri evinə qayıdır. Yaşar Şahsevən də belə adam idi.

Ailəsi onu həmişə xoş qarşılayırdı. Elə bil neçə ildi yolunu gözlədikləri doğmaları gəlirdi evə. Pulu-parası var idi deyə arvad həmişə onunla yaltaqcasına danışırdı. İki qızı da elə bir-birinin tayı idi. Atası evə ayaq basan kimi onun kitablarından birini götürüb vərəqləyir, üzlərinə təbəssüm qondururdular. Yazıçı bu mənzərəni görəndə ürəyi dağa dönürdü, yaxınlaşıb qızlarının alnından öpürdü. Düşünürdü ki, nə vaxtsa onlardan biri onun yolunu davam etdirər.

Hamı yazıçının ağzından çıxan sözə bənd idi: “Çay gətirin! Yemək! Külqabı!” O dəqiqə qabağında qulluqçu kimi dim-dik dayanardılar. Hətta arada qızlar bir-biri ilə çay gətirmək üstündə öcəşirdi. Yazıçı onlara baxıb ürəklənirdi, dodağı qaçırdı və özünü çox xoşbəxt hiss edirdi.

Yazıçının arvadı da onu çox istəyirdi. Düzdü, o vaxt anası qulağına sırğa eləmişdi ki, evlənəndə belə pullu kişilərdən yapış, sonra mənim kimi ömrün onun-bunun evində qulluqçuluq eləməklə keçər. Ancaq toy günündən sonra arvadın ona qanı qaynamışdı. Belə sakit, ürəyi təmiz, üzüyola adamla dolanmağa nə var ki? O gün bu gündür, arvadı başına pərvanədir. Hərdən yazıçı onun bu canfəşanlığını daha da artırmaq üçün qızlarına üzünü tutub gülümsəyərək deyirdi: “Dəmir almışdım, qızıl çıxıb”. Arvadı bu sözdən yaman xoşallanırdı, yanaqları qızarırdı, təzə gəlinlər kimi əzilə-büzülə danışırdı onunla. Yazıçı da belə vaxtlarda gözəl ailə başçısı kimi qızlarına nəsihət verirdi: “Baxın, arvad belə olar e. Siz də sabah, birigün evlənəcəksiniz. Çalışın, yoldaşınıza belə qulluq edəsiniz. Mənim kitablarımı da həmişə dua kimi oxuyun. Onlar sizə lazım olacaq nə vaxtsa”.

Yazıçının ədəbiyyat həyatı da iki hissəyə bölünürdü: onu tərifləyənlərə və lağ-lağı edənlərə. Orta hədd yox idi.

Məsələn, gəlin tərifləyənləri eşidək:

“Mən ölüm, Yaşar keçən dəfə sənin o “Balaşın inəyi” romanını oxudum, çox əlaydı. Bütün günü ağladım e... Araq gətir, cavan oğlan... Hə, vallah. Çox təsir elədi”

“Mən hələ sənin qədər yaxşı yazan görməmişəm”

“Kaş kitabların çox ola, biz də həmişə beləcə oturub şirin-şirin söhbət edək”

Yazıçının, maşallah deyin, hər il kitabı çıxırdı. Təqdimatlarda da bu iki tərəf iştirak edirdi: tərifləyənlər və lağlağı edənlər. Tərifləyənlərin gəlməkdə məqsədi: ondan pul qopartmaq, qonaqlıq boyun olmaq. Lağlağı edənlərin məqsədi: həm qonaqlıqda iştirak etmək, həm də Yaşar la məzələnmək.

“Sizin fəlsəfi romanınız “Mal təzəyi” adlanırdı?” – bu lağlağı edənlərin ikinci rumkadan sonra soruşduqları ənənəvi sualı idi.

“Yaşar müəllim, düzünü deyin, sizi kim aldatdı ki, yaza bilirsiniz?”

Bu lağlağılar arağın miqdarına görə artıb-azalırdı. Get-gedə gəmisi batan Yaşar müəllimi tərifləyənlər ordusu xilas edib adaya çıxarırdı. Özü də bu tərifləyənlər o qədər idi ki... Hətta bir də görürdün dəstədə yeni biri peyda olurdu. Onun da özünəməxsus üslubu, dəsti-xətti olan tərifləri Yaşar Şahsevənin ürəyinə yağ kimi yayılırdı.

Tamam-kamal dəmlənən şair, yazıçılar Yaşar Şahsevəni dolamaqda az qala yarışa çıxırdılar. Özü də tərifləyən tərəf də tutduğu mövqedən uzaqlaşırdı. Kimin sözü kimin ağzından çıxırdı bilinmirdi, aləm dəyirdi bir-birinə. Onların bir-birinin sözünü kəsə-kəsə danışmağı bazarı xatırladırdı. Yazıçı peşman idi ağzını açmağa, o dəqiqə hərəsi bir tərəfdən hücuma keçirdilər. Qalırdı ortada. Tərifləyənlərə baxıb təəccüblənirdi, qaşları qalxırdı, gözləri irilənirdi.

- Gəlin, romanımdan danışaq. Görün, mövzu necədi? Aktuallıq var? Məncə bu romanda postmodernizm də var. Siz zarafat eləməyinizdə olun. Məndən hamınız dərs almalısınız.

Onun bu sözləri qəfil işlək küçəyə düşən bombanı xatırladırdı: əvvəlcə ölü bir sükut çökürdü.

Heç onca dəqiqə keçmirdi ki, səssizlik aradan götürülür, qəhqəhənin biri bir qəpiyə olurdu.

- Təzə romanından nə danışırsan ? Guya bilmirik mövzu nədir?

Yerbəyerdən hərə bir söz atdı:

“Mal-peyin”

“Ya da igid-igid adamlar, rəşadətli oğullarımız, qeyrətli bacılarımız. Hahaha...”

“Sən danış romanı. Onsuz da oxuyan deyilik”

- Özü də, ay Yaşar , içmirsən, siqaret çəkmirsən. Ver qara ciyərini istedadlı adama, qoy kef eləsin... - gülüşlər güllə kimi yazıçıya dəyirdi.

Yazıçı bu mərəkədə də özünü xoşbəxt hesab edirdi. Nə yaxşı ki, həyatdaydı, nə yaxşı, yığışıb söhbət edə biləcəyi adamlar vardı. Və nə yaxşı, Allah ona böyük istedad əta eləmişdi.

- Mən sizi gördüyümə bir daha sevindim. – əlində qazlı su doldurulmuş badə olan yazıçı sağlıq deyirdi. – Yazıçı olmaq mənə rahatlıq gətirir. Bu böyük xoşbəxtlikdir. Ürəyim hər sözə, hər cümləyə həssasdır. Sevinirəm ki, oxucularım var, məni Facebookda izləyirlər. Hərdən yazırlar ki, Yaşar müəllim, təzə romanınız nə vaxt çıxacaq...

Onun həmişə bu cür çıxışları yazıçı dostları arasında pıçhapıç yaradırdı: “Yəqin demək istəyib ki, nə vaxt canımız qurtaracaq səndən”. “Kimdir ay bədbəxt, sənə nəsə yazan?” “Bu nə vaxt biləcək ki, istedadsızdır”.

Gecə düşəndə hamı evinə dağılışmaq üçün hazırlaşırdı. Hər zaman hesabı yazıçı ödəyirdi, hələ dostlarının cibinə pul basmağı də unutmurdu. Taksiylə evinə qayıdanda şəhərin xatirələr kimi aydın küçələrinə tamaşa edə-edə içi işıqla dolur, o möhkəm inanırdı ki, bu balaca şəhərdə hamı onu tanıyır, yazdıqlarını oxuyur, gecələr kitablarını başlarının altına qoyub yatır. Yazıçı ona sataşan, ikibaşlı sözlər deyən dostlarından inciməz, çox vaxt onların dediklərini də belə yozardı: “Bunlar da hər şeyi zarafata salırlar”.

Yazıçının bir əyləncəsi də Facebook idi. Bütün günü “online” olar, cavan yazıçıların yeni hekayələrini oxuyub onlara məsləhətlər verərdi. İş onda idi ki, əvvəl-əvvəl ona inanan gənclər sonradan Yaşar Şahsevənin necə yazıçı olduğu ilə maraqlanmış və bütün tanınmış yazıçıların bu suala ironiya ilə cavabından belə qərara gəlmişdilər ki, bir də onun dediyi ilə oturub durmasınlar. Amma təbii ki, Yaşar Şahsevənin bundan xəbəri yox idi: yenə əvvəlki adətini tərgitməmişdi, oxuduğu hər yazıya mütləq rəy bildirərdi. Bəzən bu rəylər cavan yazıçıların söhbətinin məzəsi olardı. Hərdən bir yığışıb boğazlarını yaşladıqları kafelərdə Yaşar Şahsevən adı həmişə məzə obyekti kimi çəkilirdi. Məsələn, kimsə “böyük yazıçı” deyirdisə, başqa birisi onun sözünə qüvvət vermək üçün “Yaşar u deyirsən” deyə atmaca atırdı.

Yaşar Şahsevən isə təzə tanıdığı cavan yazıçılara öz romanını verib mütləq bunu əlavə edirdi: “Get oxu, gör necə yazmışam”. Ancaq düşünməyin ki, o bunu yekəxanalığından edirdi. Qətiyyən, axı dedik ki, o çox saf və təmiz biridir. Belə adamlar heç vaxt özünü göylə aparmırlar. Öz yazdıqlarını bəyənməyində bir səbəb vardı: gənc vaxtı “Bakı” jurnalına romanını aparmışdı. Şöbə müdiri romanı bəyənməmiş, o isə redaktora şikayət eləmişdi. Jurnalın məşhur yazıçı olan redaktoru romana gözucu baxıb tapşırıq vermişdi: “Bu romanı çap edin getsin”. Dodağının altında da mızıldamışdı: “Özün də si.dir eləyin, getsin”. Bu cür başqa bir işıqlı xatirəsi də vardı: Xalq şairi Səlim Sahib onun ilk kitabı haqqında “uğurlu yol” yazmışdı. Hərdən dostları zarafatla deyirdi ki, səni o iki kişi bədbəxt etdi, o vaxt desəydilər, yaza bilmirsən, birdəfəlik yaxamızdan əl çəkərdin.

Üzünə deyilən bu sözlər qarşılığında Yaşar Şahsevən gülümsünür və bu rəylərin hamısının paxıllıqdan yarandığını düşünürdü.

Yaşar Şahsevənin hərdən ürəyi sıxılanda otağının pəncərəsini açar, göy üzündə müştəri gözləyən fayton kimi işım-işım işıldayan aya baxıb düşüncələrə dalardı. Sonra tanınmış yazıçının otuz il əvvəl onun haqqında yazdığı məqaləni oxuyardı: “Gələcəyinə ümid bağladığım gənc yazıçı Yaşar Şahsevən...” Bu yazı təzyiq dərmanı idi, atmasa həkim danlayardı.

İndicə ölüm xəbərini almış yazıçı evə çataçatda bir an düşündü ki, gör dostları nə vəfasız çıxdı. Lap deyək, yalan məlumatdı, adam bir arayıb axtarmaz ki?! Birdən öz fikrini göydəcə redaktə elədi: axı ölü adamın telefonuna niyə zəng eləsinlər? Bu tapıntısına sevindi, gülümsədi, dostlarının evdə olacağını düşünüb addımlarını yeyinlətdi.

Darvazanı açanda gördü ki, çöldə masa açılıb, samovar qalanıb, iki qızı, arvadı cavan bir oğlanla üzbəüz oturub. Onun gəlişindən heç kim xəbər tutmadı: arvadı əl-qolunu sallaya-sallaya danışır, ancaq səsi gəlib yazıçıya çatmırdı. Birdən masanın kənarından qızlar ayağa durdu, arxası ona tərəf olan jurnalist oğlan çönüb yazıçı görəndə əvvəl-əvvəl heç nə anlamadı. Arvadının üzü dümağ olmuşdu, elə bil sifətinə un bulanmışdı.

Yazıçı dediyimiz kimi, çox sakit, üzüyola bir adamdı, heç nə demədi, eləcə başını buladı. Bu dəm arvadı onun üstünə şığıdı, arxasınca da toyuğun cücəsi kimi qızları özünü yetirdi.

- A kişi, biz nə bilərdik? Dedilər, yola çıxıbsanmış, “avariya” olub. Bir azdan meyidi gətirəcəklər. Səni verənə şükür! Balalarım atasız qalmadı. – arvad köynəyinin qırağı ilə burnunu sildi, gözlərindən yaş axdı. Qızları da onu qucaqladı. Yazıçı bu mənzərədən qürrələndi, sinəsini şişirtdi.

Bu dəm jurnalist oğlan kəkələyə-kəkələyə sözə başladı: “Yaşar müəllim, üzr istəyirəm... Mən heç sizi tanımırdım. Qəzetdən göndərdilər. Nə bilərdim belə olacaq? İnanın, şokdayam. Biz hardan bilərdik ki siz ölməmisiniz? Amma gəlin, bu belə də qalsın”.

- Necə yəni belə qalsın? – yazıçının qaşları bir dırnaq boyda yuxarı qalxdı.

- Mən burda həyat yoldaşınız və qızlarınızdan müsahibə götürdüm. Demək olar, xeyli danışdıq. Qalanını özüm düzüb-qoşaram. Demək istədiyim odur ki, bunu verərəm çapa. Sonra saytlara da göndərərik. Mənim Facebookda aktiv dostlarım var, deyəcəm paylaşacaqlar. Özüm də təzəcə jurnalistikaya başlamışam. Bu mənim birinci reportajımdır. Xahiş edirəm.

Yazıçı bilmədi bu cavan oğlana nə cavab versin. Ancaq bir anlıq öz ölümünü xatırladı: yasının səssiz-səmirsiz keçəcəyini gözünün qabağına gətirib kövrəldi.

Jurnalist təkid edirdi:

- Müəllim, vallah şöhrət olarsınız. Düzünü deyirəm. Telefonunuzu söndürürsünüz. Evdəkilər də telefonu götürüb deyirlər ki, hə, Yaşar Şahsevən ölüb. Vəssalam. Olursunuz məşhur.

- Öləndən sonra neyləyirəm məşhurluğu? – yazıçı bir anlıq şöhrət olmağı gözünün qabağına gətirib sevindi, amma ürəyində bardaş quran sualı dilə gətirməkdən də özünü saxlaya bilmədi.

- Müəllim, əvvəl ölümünüzü yayacağıq, sonra da qəfil xəbər verəcəyik ki, ölməyibmiş.

Bu fikir yazıçının ağlına batdı.

Sabah oldu, jurnalistin hazırladığı reportaj əvvəl “Aydınlıq” qəzetində, sonra isə saytlarda çıxdı. Yazıçı yazıya baxıb fərəhləndi: “Qəfil ölüm ədəbiyyatımızı yetim qoydu”.

Facebookda isə hamının başı intihar edən gənc tələbəyə qarışmışdı. Adda-budda reaksiyalar gözə dəyirdi:

“Düzdü, elə də yaxşı yazıçı deyildi. Amma Allah rəhmət eləsin”

“İndi qara ciyərini bir istedadlı adama versələr yaxşı olar”. – bu zarafatı statusun müəllifi az qala min dəfə eləmişdi.

“Kimdir ki bu yazıçı? Heç kim də tanımır. Amma insandı, ölübsə Allah rəhmət eləsin”.

Bu vaxt qızı içəri girdi:

- Ata, camaat yasına gəlib. – bunu deyəndə onu gülmək tutdu, ancaq birtəhər özünü saxladı. Bircə üzündəki təbəssüm onu ələ verirdi.

Yazıçı hər şeyi hazır eləmişdi: çadır açılmışdı, qulplu qazanlar qoyulmuş, hələ qonşudan ağı deyən arvadlar da tapıb gətirmişdi.

“Ölü yazıçı” evin zirzəmisində gizlənmək istəsə də orda çox otura bilmədi. Gözünə qara eynək taxıb, üzünə şərf dolayıb çadıra girdi.

“Axır bu istedadsızın da ehsanını yedik”

“O dovğanı bəri ver görüm. Noxudlu dovğaya oxşayır”

“Özü istedadsız olsa da, yası yaxşı keçir ha”

“Aşı da yaxşı bişiriblər ha. Deyəsən, ocaqda bişib”

“Bir az sakit olun. Özünüzü görməmiş kimi aparmayın. Elə bilərlər sevinirsiz öldüyünə”

“Yaşara Allah rəhmət eləsin, gözəl insan idi. Kim nə deyir e ona? Amma bilirsən də, ədəbiyyatda yaxşı oğlan söhbəti yoxdu”

“Allah o dünyasını versin, amma yazdığı bir p.x da deyildi”

Mollanın səsi eşidildi.

“Vızqırd e burdan...” Bunu ateist yazıçı dedi, yoldaşları da gülüşdülər.

“Bu Molla da istedadsız molladı deyəsən”.

“Sən canın mollaya bir bax. Aşdan nə qədər yeyibsə tərpənə bilmir”.

“Guya sən az yedin? Bayaq qabağına qoyduğun boşqab deyildi e, bulud idi”

“Ehsan yemək üçündü də”

“Allah Yaşar a rəhmət eləsin! O qara tikədən bir az qoy mənə. Qalxacam indi”.

“Araq alaydıq gərək bura gələndə. Mən dedim pendir-çörək olar. Qonaqlıq varmış ki, burda”

“Üçündə də mütləq iştirak eləmək lazımdır”

“Məncə üçündə küftə-bozbaş verərlər. Bəlkə soruşaq?”

“Həəə, qırxında da dana basdırması verərlər”

“Araq vermirlər e. Faciə budu”. Bunu “paxmel”ini açmağa macal tapmamış yazıçı dedi.

Bu söhbətləri eşidən Yaşar Şahsevənin dişi bağırsağını kəsmirdi. Tez çölə çıxıb jurnalistə zəng eləyib dedi ki, elə bu saat xəbər qoysun: “Ölən yazıçı sən demə sağ imiş”.

Evə girdi, noutbukunu açıb internetə girdi və gördü ki, oğlan xəbərin linkini göndərib. Girib özü paylaşdı: “Mən sağam” yazdı üstünə. Arvadına da dedi ki, get mollaya de ki, ölməmişəm. Özü də arvadın dalınca çadıra girdi.

Mollanın xəbərdən elə bil qulaqları irilənib, gözləri kəlləsinə çıxdı.

- Xortdayıb?

Arvadı mollaya telefondakı xəbəri göstərdi. Saqqalına sığal çəkən molla boğazını arıtlayıb dedi: “Qardaşlar, indicə mənə dedilər ki, Yaşar Şahsevən ölməyib. Qorxmayın, dirilib eləməyib. Sadəcə səhv xəbər verilib qəzetdə”.

Yeməyini ağzında gəvələyən yasa gələnlər mollanın dediklərini bir qulağından alıb o biri qulağından buraxdılar. Yaşar onların tükünün tərpənmədiyini görüb çaş-baş qaldı. Bu dəm ateist yazıçı belə düzəliş verdi:

- Molla dayı, indi mən də baxdım o xəbərə. Belə saytlar var, reytinq yığmaq üçün deyirlər ki, yalandır, ölü dirildi, nə bilim nə. Hamısı şeytan əməlidir! – son sözlərinə yanındakı dostları gülüşdü. Yas camaatı təzədən yeməyə girişdilər, elə mollanın özü də əlini yellədi.

“Paxmel” yazıçı yenə də narazı idi: “Yalan xəbər imiş! Pah! O çoxdan ölüb getmişdi. Yazığı bədbəxt elədilər ki, yaza bilirsən. Bu da düşmüşdü ortalığa. Deyəndə də, vecinə almırdı. Yazmağa başlayan gün bunun fatihəsi oxunmuşdu. Nəsə, ordan “Bonaqua”dan süzün bura... Sağ ol, Vaqif, tədbirli adam imişsən... Sənin bu istedadının sağlığına”.

# 1781 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #