Elşad Miri: “Peyğəmbərin meracı uydurmadır” - MÜSAHİBƏ

Elşad Miri: “Peyğəmbərin meracı uydurmadır” - <span style="color:red;">MÜSAHİBƏ
5 sentyabr 2017
# 09:00

Kulis.Az Elşad Miri ilə ədəbiyyat söhbətini təqdim edir.

- Elşad bəy, gün ərzində mütaliəyə nə qədər vaxt ayırırsınız?

- Açığı, vaxtla eləmirəm. Özümün meyarım var ki, mütləq gün ərzində 40 səhifə oxuyum. Hətta elə olur, cümə namazına gedəndə də özümlə kitab aparıram. Ona görə ki, imamın bəzi həm bildiyim, həm mənalı olmayan məsələlərdən danışdığını eşitməyim, kənarda ayaqlarımın arasında o kitabı oxuyum. Oxuyanda qeydlər aparıram. Bəzi nəşriyyatlarla danışıram ki, kitabın pdf variantını əldə edim. Elə kitablar var ki, onları planşetimə yazıb səfərlərdə oxuyuram. Öz sahəmə aid kitabları daha çox oxuyuram, bədii ədəbiyyata aid kitabları nadir hallarda mütaliə edirəm. Ancaq vaxtı ilə çox oxumuşam. Məsələn, Məmməd Səid Ordubadinin romanlarını çox qısa vaxtda oxuyub bitirdim. Nizami Gəncəvinin “Xəmsə”sini oxumuşam. Mən sevdiyim müəlliflərlə tez-tez əlaqə saxlayıram. Azərbaycan müəllifləri deyil amma onlar. Bir dəfə çox sevdiyim bir müəlliflə görüşdüm, ona çoxlu suallar verdim. Sonra dedim ki, deyəsən sizi yordum. O da dedi ki, bəli, yordunuz. Mən də həmin müəllifin bir videosuna baxdığımı xatırlatdım. O videoda müəllif gecənin bir vaxtı öz müəlliminin evinə getməyindən danışırdı. Müəllimi də əsəbiləşib ki, bu vaxta ancaq sənin kimi dəli gələr bura. Mən də həmin müəllifə dedim ki, inciməyin, mən sizdən də dəliyəm (gülür).

- Bədii ədəbiyyatda hansı janrda oxumağı sevirsiniz?

- Orta məktəbdə oxuyanda özəl müəssisələrin birində tədris alırdım. Gördülər ki, çox kitab oxuyanam, məni kitabxanaya rəhbər təyin elədilər. Həmin ərəfələrdə mən daha çox tarixi romanlar oxumağa üstünlük vermişəm. Tarixi hadisələrlə bağlı, tarixi faktlara əsaslanıb səhnələşdirilən, bədiiləşdirilən əsərləri oxuyurdum. Gənclik dövründə Azərbaycanın bütün dastanlarını oxumuşdum. Bioqrafiya oxumağı sevirəm. Məsələn, İsaak Nyuton haqqında yazılanlar, həyatından bəhs edən kitablar, həmçinin alimin ortaya çıxmayan kitablarının, əlyazmalarının internetdə çıxan versiyalarını oxuyuram. Bundan əlavə, Apple şirkətinin qurucusu Stiv Cobsun bioqrafiyasını oxudum bu yaxınlarda. Araşdırma yönümlü kitabları daha çox oxuyuram.

- Yəni təxəyyülə önəm vermirsiniz. Çünki bədii ədəbiyyat daha çox müəllifin təxəyyülüdür...

- Deməzdim. Bəzən bədii ədəbiyyatda elə müəlliflər olur ki, onun təxəyyülü dardır. Və niyə özünü onun təxəyyülünün içində yaşadasan ki? Mən mistik, fantastik kitablar çox oxumuşam, filmlərə də baxmışam. Ancaq insanın təxəyyül dediyimiz anlayışı aşa biləcək kitablar. Məsələn, mən Quranla bağlı kitabları niyə daha çox oxuyuram? Çünki bu gün oxuduğum bəzi Azərbaycan yazarlarının təxəyyülü müəyyən istiqamətə yönəlir. Halbuki Quranla bağlı oxuduğum kitablarda təxəyyülü aşa biləcək məqamlar var. Qurandakı qissələri günümüzün real həyatı ilə əlaqələndirib insanlara təqdim eləmək olur. Niyə də yox? Məsələn, bu gün insanlarımızın bir çoxu Vedalardan, Upanişatlardan heç nə oxumur. Halbuki bu Hinduizmin əsas kitablarıdır. Düşünürəm ki, bu kitablardan istifadə edib daha gözəl bədii ədəbiyyat nümunələri ortaya çıxara bilərlər.

- Bədii ədəbiyyat fiksiyadır, yəni gerçəkdə olmaya da bilər. Müəllifin yaratdığı bir dünya kimi qəbul eləmək lazımdır bunu. Sizə bu cür əsərlər təsir etmir?

- Təbii ki... Məsələn, qızımın 15 yaşı var, ona “Hərb və sülh”ü vermişəm, rus dilində oxuyur. Bəziləri etiraz elədi ki, uşağın oxuyacağı kitab deyil.

- “Hərb və sülh” 15 yaş üçün həqiqətən də ağırdır.

- Ancaq qızım da 15 yaşın üzərində bir insan olduğuna görə oturub onu mütaliə edə bilir, daha sonra müzakirə etməyi bacarır. Çox gözəl effektin olduğunu görürəm. Rus ədəbiyyatının bəzi nümunələrini oxuyanda orda nikbinliyin deyil, bədbinliyin olduğunu görürsən. Mən həmişə belə əsərlərdən çəkinmişəm. Məsələn, Qurani-Kərimdə iki cür anlayış var: qissələr və zərbi-məsəllər. Qissələri baş vermiş hadisədir, biz onu hekayət kimi tərcümə edirik. Zərbi-məsəllər isə olmuş hadisə də ola bilər, olmamış da. Mənim oxumaq istədiyim kitablar ona görə bu yönümlüdür. Uşaqlarıma bədii kitablar verirəm. Bu da dil baxımından və fərqli müəlliflərlə tanış olsunlar deyə.

- Füzuli, klassiklərin çoxunun poetikası Qurandan gəlir. Kökü Quranla bağlıdır.

- Klassikləri oxumuşam. Nizami, Füzuli və s. Məsələn, Füzulinin çoxlarına məlum olmayan “Su” qəsidəsini... “Leyli və Məcnun”u müqayisəli şəkildə bizə öyrədirdilər.

- Dediniz ki, öz sahəmdən olan kitabları oxuyuram. Ancaq bədii ədəbiyyat da dindən əsinlənir. O cür əsərlər var ki, dini kitablara söykənir...

- Var. Ancaq onlar elmi araşdırma deyil. Onların götürdüyü mənbə olur. İcazə olarmı ki, mən o mənbənin özünü oxuyum? Bu gün hansı müsəlman İncili, Tövratı oxuyur? Heç biri. Xəbərləri yoxdur. Məsələn, İsaak Nyutonla bağlı çox maraqlı kitablar oxudum. Təsəvvür eləyin ki, fizika ilə bağlı Nyutonun yazdığı 1 milyon kəlmədirsə, dinlə bağlı yazdığı 3 milyon kəlmədən ibarətdir. Bunu bilirdikmi? Ya da Yerin cazibə qüvvəsinin nə ilə əlaqələndirdiyini bilirikmi? Dinlə əlaqələndirib, İncildəki materiala əsaslanıb. Bəzən Nyutonu deist kimi təqdim eləsələr də, ancaq onun həyatını oxuyanda görürəm ki, Nyuton bu günlər xristianlığın üzərində qurduğu dini anlayışı rədd edib. Baxıram ki, onun dediyi İslamın dedikləri ilə uyğundur. Ancaq mən İslamı da fərqləndirirəm. Bir var, insanların bizə uydurub təqdim etdiyi İslam, bir də var Allahın Quran vasitəsi ilə bizə göndərdiyi İslam. Bugünkü İslama baxdığımız zaman nə görürük? İnsanlara təqdim olunan İslam nədir? Məhərrəmlik ayının girməsi ilə bağlı fətva verildi, Qurban bayramının tarixi müəyyənləşdi, qurban kəsərkən bunu etmək lazımdı. Ancaq mahiyyət qalıb bir kənarda. Ona görə mən istəyirəm ki, hər bir məsələdə sorğulayaq. Təəssüf ki, bədii ədəbiyyatda bəzən bu olmur, mütaliə edə bilmirsən. Məsələn, bir müasir Azərbaycan yazarının kitabını oxudum, adını çəkməyəcəm. Mən o kitabda bu günə qədər eşitmədiyim ədəbsiz ifadələri görəndən sonra həmin müəllifin başqa kitablarını oxumaqdan imtina etdim. Yəni bu məni soyutdu. Özü imzalayıb vermişdi, hətta düşünürdük ki, müzakirə edək kitabı.

- Elşad bəy, amma qəbul eləyək ki, bədii ədəbiyyatda həyatdan götürülür. Biz realda ədəbsiz ifadələr işlədirik...

- Siz ola bilər, mən işlətmirəm.

- Söhbət məndən getmir. Ümumiyyətlə, ətrafımızda bunu eşidirik. Yazar da onu görüb öz əsərində yazır.

- Siz bunu normal qarşılayırsınız?

- Əlbəttə, normal qarşılayıram.

- Amma mən elə baxa bilmirəm. Çünki o kitabı mənim ailəm oxuyur. Ailəmin yığışıb oxuduğu günlər var. Biz həmin kitabı oxuyarkən şoka düşməliyik? Niyə? Heç vaxt ailədə, ətrafımızda o cür sözlər eşitməmişik. Elə danışan adamlardan da həmişə özümü kənarlaşdırmışam. Onun söz ehtiyatı yoxdurmu ki, nalayiq, ədəbsiz, əxlaqsız sözlərdən istifadə edir?

- Onda siz düşünürsünüz ki, ədəbiyyatın missiyalarından biri də tərbiyələndirməkdir.

- Mütləq! Əgər o tərbiyələndirmirsə, mənə nikbinlik, ümid aşılamırsa, məni bədbinliyə, ümidsizliyə aparırsa niyə o kitabı oxumalıyam? Oxuyub özümü öldürəcəmsə, bunun mənə nə faydası olacaq? Yox, əgər oxuyub öldürmək fikrindən bir insanı daşındıracaqsa, bu alqışlanası ədəbiyyatdır. Ümidsizliyin, problemin içinə atırsa, onu niyə oxumalıyam? Oxuduğum kitab məni ümidsizlikdən ümidə aparmalıdır. Biri siqaret çəkərək özünü bədii ədəbiyyatda fərqli şəkildə özünü təqdim etmək istəyir, digəri qəlyanla, o birisi başqa yolla. Ancaq bu deyil axı ədəbiyyat. Əsas sənin yazdığın kitabdır, mənim ondan nə öyrənəcəyimdir. Məsələn, Qurban bayramı yaxınlaşır. Deyir ki, kəsdiyiniz qurbanın nə əti, nə qanı Allaha çatmır. Çatan nədi bəs? Təqva? Təqva nədir? Sizin şüurlu şəkildə elədiyiniz əməllərdir. Mən nə üçün bunu edirəm anlayışıdır.

- Elşad bəy, dinin əleyhinə və yaxud dini yanlış təqdim edən kitabları oxuyursunuz?

- Əlbəttə. Məsələn, fransız şərqşünas Andre Matenin peyğəmbərlə bağlı kitabını oxudum. Çünki peyğəmbərin həyatıyla bağlı bir kitab yazmağı planlaşdırıram. Niyə? Baxıram ki, bizə təqdim olunan peyğəmbər anlayışı tamamilə yanlışdır. Biz peyğəmbəri ancaq möcüzələr yaradan, barmağından sular gələn, barmağı ilə Ayı yaran biri kimi tanıyırıq. Quran isə peyğəmbəri ali insan kimi təqdim edir. Peyğəmbəri insanlardan fərqləndirən yeganə xüsusiyyət Allahdan gələni çatdırmaq olub. Peyğəmbər yeyib də, içib də, evlənib də, yatıb da, durub da, dalaşıb da, istirahət edib də, əsəbiləşib də. Bütün bunları bir kənara qoyub peyğəmbərin üstündə bulud gəzir, peyğəmbərin kölgəsi yoxdur, peyğəmbəri yuxu tutmaz, peyğəmbər əsnəməz, asqırmaz kimi təqdim olunursa bu artıq insan deyil ki. Və ona görə peyğəmbərlə, dinlə bağlı olan kitabları mütləq oxuyuram.

- Bu yaxınlarda Məcid Məcidinin peyğəmbərlə bağlı çəkdiyi film nümayiş olundu. Baxdınız o filmə?

- Mən o filmə Türkiyədə baxdım və çox təəssüfləndim.

- Niyə?

- Çox uydurma idi. Yəni bu qədər uydurma gözləmirdim. Film gözəl, səs effekti gözəl...

- Yəni sənət kimi filmi bəyəndiniz?

- Sənət kimi söz ola bilməz. Ona heç nə deyə bilmərəm. Amma dini baxımından, həqiqətlər baxımından çox uydurma idi.

- Bəzən filmlərdə Məhəmməd peyğəmbərlə bağlı qadağalar olur. Bu filmdə də üzü görünmürdü. Siz nə düşünürsünüz bu haqda?

- Cəlil Cavanşirin bir yazısını oxumuşdum, Əyyub qissəsi ilə bağlı. Həmin ərəfədə övladım gələcəkdi və adını Əyyub qoyacaqdım. Və yazını oxudum, ağladım. Quran qissəsini müasirləşdirib elə gözəl təqdim eləmişdi ki, mənim hislərimi oyatdı. Ona görə sevindim. Kaş bunu davam etdirə bilsə. Yusif peyğəmbərlə bağlı film çəkildi, neçə seriya çəkdilər. Fikir verdinizmi, Azərbaycanda o filmdən sonra ən çox qoyulan ad Yusif oldu. Yəni hər yerdə bunu düzgün təqdim etsək, niyə də olmasın? Üzün görünməsi ilə bağlı soruşursunuz. Məsələn, İsa peyğəmbər haqqında nə qədər film çəkilib. Üzü də görünür, anası da. Bu bizim peyğəmbər deyilmi ki, müsəlmanlar etiraz eləmədi? Necə olur, Musa peyğəmbərdən, İsa peyğəmbərdən film çəkiləndə etiraz eləmirsən, amma Məhəmməd peyğəmbərdən çəkiləndə etiraz eləyirsən ki, görünməməlidir, bu olmamalıdır, İmam Əli görünməməlidir. Bu absurd bir şeydi. Mustafa Akkad peyğəmbərdən film çəkdi. Mustafa Akkad kim idi? Hollivud rejissoru. Bəs maliyyəni kim verdi? Qəddafi verdi. Sonra təsəvvür eləyin ki, bu cür adam öz qızı ilə partladıldı. Yəni bunu da Hollivudda çəkiblər. İstəyirsənsə yenə çək, Hollivud olmasın, Bollivud olsun, çək, problem yoxdur. Bu gün Səudiyyə Ərəbistanı 300 milyardlıq müqavilə bağlayır. Ancaq gəlin görək, kino məsələsinə bircə milyon pul ayırırlarmı? Niyə ayırmırlar? Çünki kinoya çəkilmək haramdır deyə fətva verirlər. Mən ona görə dindarların bəzilərini “dini dar” adlandırıram. Çünki dini dar çərçivədə görürlər. Nə qədər soruşmaq olar ki, Qurban bayramında ət kəsəndə neçə yerə paylamaq lazımdır. Neçə dəfə soruşmalıdırlar, qurban kəsəndə hansı sözü demək lazımdır. Nə qədər soruşmaq olar, Ramazan bayramında saqqız çeynəmək orucu pozur, ya yox. Qurtarın da bunları. Mahiyyət qalır kənarda. Bunu görən adam dinə gələrmi?

- Qərb ədəbiyyatında həmişə ruhanilər, dindarlar müsbət təsvir olunur, mütərəqqi adam kimi göstərilir, ancaq bizim ədəbiyyatda həmişə mollalar tənqid hədəfi olurlar.

- Razı deyiləm. Çünki Qərb ədəbiyyatında da tənqid ediblər.

- Bizdə müsbət dindar obrazı demək olar, yoxdur.

- Amma Qərbdə də heç yoxdur. Əgər elə olmasaydı, katoliklər, pravoslavlar, protestantlar ayrılmazdılar. Martin Lüterin həyatına baxın. Görün necə etiraz elədi, ayağa qalxdı. Sadəcə orda bu gün nə etdilər? Dini dövlətdən ayırdılar. Vatikanı ayırdılar Romada, dedilər, otur burda. Dünyaya da katoliklərin lideri olaraq təqdim edirlər. Vatikan da bizim kəndimizdən balaca yerdir. Təqdimat çox önəmlidir. Mən bu gün bədii ədəbiyyat yazsam, din adamlarını dəfələrlə lağa qoyardım. Bu gün dini kəbini - əslində belə bir şey dində yoxdur – robota kəsdirirlər. Kəbin var, dini kəbin deyilən anlayış yoxdur. Gəlin görək bu gün din Azərbaycanda hansı formada təqdim olunur? Yas mərasimlərində ora robot qoysaq, qapının girişinə, çıxışına da sensor. İçəri girənlərə bir dua oxuyacaq, oxuduğu duanı da qrammatik cəhətdən düzgün edəcək. Çıxanda da yenə duasını oxuyacaq. Nə itirirsən? Uzaqdan da pultla idarə edirsən. Məsələn, bu gün İranda namaz qılan robot düzəldiblər. Və o, istənilən sürəni də oxuyacaq, Quranı da əzbər biləcək, hər bir şeyi də. Bəs bunun mahiyyəti nə olur o zaman? Bu gün din adı altında bir peşə ortaya çıxarılıb. Din xadimi peşəsi. Buna axund demisiniz, qazi demisiniz və s. Halbuki İslamda belə bir anlayış yoxdur. Din xadimi anlayışı yoxdur. Din nədir? Sənlə Allah arasında olan münasibətlər və Allahdan öyrəndiyin nikbinliyini insanların içində yaymaqdan ibarətdir.

- Onda bizim ədəbiyyata doğru yansıyıb?

- Təbii ki... Klassiklərimizin həyatını oxuyanda görürük. Cəlil Məmmədquluzadə boşu-boşunamı etiraz edirdi bütün bunlara? Yəni o “Ölülər”i heç nədənmi yazdı, sizcə? Mənim elə bir qabiliyyətim olsaydı, eynən Cəlil Məmmədquluzadənin yazdığı kimi bir “Ölülər” yazardım. Yaxud digərləri. Haqverdiyevin “Pir” hekayəsi. Yaxud Sabirin həcvləri. Boş-boşunaydı? 100 il əvvələ baxın, bir də 100 il sonraya. Yaxşı ki, sosial media var və bəzi məsələlərdə insanları oyadır. Düzdü, bəzən insanımız buna görə bilmədən deizmə, ateizmə sürüklənir. Çünki cavabını tapa bilmir. Kimə, hara, hansı quruma müraciət etsin ki, məsələnin məğzi, əsası necədir? Onu da bilmədiyindən özünü deist, ateist, aqnostik kimi adlandırır və həyatını o cür yaşayır. Ancaq bir az danışdıranda deyir ki, sizin dediyiniz din bu deyil axı. Çünki o insanların yanlışlıqlarını görüb və dindən də o cür çıxıb. O gün biri mənə yazır ki, artıq dindən çıxmışam. Dedim, üzr istəyirəm, siz nə vaxt dinə girmişdiniz. Cavabında deyir, bunu heç vaxt düşünməmişdim. Bu adam dinə girməyib. Dindar olaraq doğulduğunu düşünür. Azərbaycanda doğulubsa, müsəlmandır, Çində doğulubsa buddistdir, Hindistanda doğulubsa hinduistdir, Avropda doğlubsa xristiandır... Çünki bunu vəftiz suyuna batırıblar. Bu anlayış hakimdir. Araşdırma yoxdur. Baxın, Quranın ilk əmri nədir? Qurban kəs deyil, namaz qıl deyil. “Oxu!” Nəyi oxu? Yaradılışı oxu. Quran oxu yox. Onda başqa sürələr yox idi. İlk gələn ayədir. Ancaq BMT-nin apardığı statistikaya görə, ən az oxuyan əhali müsəlman ölkələrindədir. Təəssüf ki...

- Elşad bəy, Axundova münasibətiniz necədir?

- Axundovu oxudum. Həm həyatını, həm də əsərlərini. Bizə təqdim edildiyi kimi deyil. Axundov nəyi oxuyub onları yazdı? Gördüklərini yazdı. Şahidi olduqlarını yazdı. Gördü ki, dinlər budur və ona görə yazdı ki, dinlər puç və əfsanədir. Yəni Axundovu oxuyanda başa düşürəm ki, bu yazıq nələr çəkib. Axundov elə təqdim olunub, sanki...

- Konkret “Kəmalüddövlə məktubları”nı götürək...

- Elə orda da yazılıb. Bir qüsuru var Axundovun. Kaş yazarkən bir araşdıra bilsəydi deyirəm, o zaman çox gözəl nəticələrə gəlib çıxacaqdı. Amma elə bilin ki, bir yerdə qırılıb. Və yaxud da bizə bəlli deyil. SSRİ vaxtı Axundovu bizə elə təqdim ediblər ki, indi də biz onu o cür bilirik. Ancaq araşdırılsa, əlyazmalarına baxılsa, fərqli bir Axundov çıxar ortaya.

- Sizcə, Axundovu oxumaq dini baxımından zərərlidir?

- Mən dinşünasam. Onun yazdığı əsərlərdən ateistlər sitatlar gətirirsə niyə də oxumamalıyam? Yaxud da Karl Marksı. Mən həmin o kitablarda yazılmış fikirlərlə tanış olmalıyam ki, bəlkə mənə kontekstən çıxarılaraq deyilir. Həqiqətən baxıram ki, Karl Marks dinlərlə bağlı bir tərəfdən onların dediyini deyib, digər tərəfdən izah edib. İzah verir ki, sosioloji baxımdan dinlərdən necə istifadə etmək olar. Baxırsan ki, hər kəs özü təqdim etmək istədiyi kimi təqdim eləyir. Məsələn, ateistlər bu gün Darvini əllərində bayraq edirlər. Halbuki Darvin heç vaxt ateist olduğunu deməyib. “Növlərin mənşəyi”ni yazanda da bu insan ateist olmayıb. Hər kəs öz təxəyyülü çərçivəsində təqdim edir. Yəni mən filankəsləri arxama aldım, güclüyəm, gör indi səni neyləyəcəm. Araşdırsaq, bizə təqdim olunanların yanlış olduğunu görəcəyik. Məsələn, mənim mətbuatda ilk çap olunan yazım Meracla bağlı olub. Ancaq bu gün o həqiqətə gəlirəm ki, Merac uydurmaymış. Heç Merac sözünün Quranda adı belə çəkilmir.

- Elşad bəy, şeiri sevirsiniz?

- Oxuduğum şeirlər var. Özüm gənckən şeirlər yazmışam. Yadımdan çıxmışdı o şeirlər, qızlarım tapıb ortaya çıxarmışdılar. Sevdiyim, indiyə qədər əzbər bildiyim şeirlər var. Gözəl şeir olanda, dinləməyi sevirəm. Özü də fon musiqisi ilə... Amma mənası, məğzi olanda. Nikbinliyə aparan şeirləri sevirəm.

- Müasir yazarlarımızdan kimləri oxuyursunuz? Sevdiyiniz imzalar var?

- Bəzi yazarlar olub ki, sosial mediada onların yazdıqlarını kopyalayıb atmışam özümə, internet olmayanda oxumuşam. Hamısı dostluğumdadır, ad çəkmək istəmirəm. Amma konkret hansısa birinin kitabını oxuduğumu xatırlamıram. Kitablarını almışam, paylamışam, bundan yazarın özünün xəbəri olmayıb. Ancaq konkret olaraq bizim yazarlardan oxuduğum kitabı xatırlamıram. Dəstək üçün almışam, amma oxumamışam. Dediyim kimi, bir dəfə çox hörmət elədiyim müəllifin kitabında o təhqiramiz ifadələri görəndən sonra oxumamağa başladım.

- Bir sözlə, küsdünüz müasir yazarlardan...

- Davakar gördüm. Anarla mübarizə aparmaq, filankəslə o biri tərəfdə savaşmaq... Yəni bu ədəbiyyat deyil. Mənim istədiyim ədəbiyyat deyil. İstəyərəm ki, Azərbaycanın bir Puşkini, Tolstoyu yetişsin. Bunun olacağına da inanıram, ümidliyəm.

Müsahibəni video formatda da izləyə bilərsiniz:

# 3163 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #