Güllələnəcəyini gözləyən uşaq – İKİ YAŞLI MÜŞFİQ

Güllələnəcəyini gözləyən uşaq – <span style="color:red;">İKİ YAŞLI MÜŞFİQ
12 iyul 2016
# 13:30

Bir fotonun əhvalı

Uzun illərdən sonra Nargin adasında, ləpələrin sahili döydüyü, küləklərin elədən-belə, belədən-elə əsdiyi bir yerdə güllələnməyi gözləyən Mikayıl Müşfiqin gözünə iki yaşında çəkdirdiyi bu şəkil görünəcək.

O şəkildə balaca Müşfiq özündən də böyük stulda əyləşib. Yerdəki köhnə xalça, köhnə divarlar. Nə vaxtsa bu uşaq böyüyüb Nargin adasında güllələnəcək. Şəkildə obyektivə baxmayan, şaşırmış gözləri ilə anasını axtaran bir uşaq. Sanki “ata” demək üçün şəklin çəkilib bitməsini gözləyən Müşfiqin donuq baxışları adamı üşüdür. Elə bil bu gözlər nə vaxtsa Xəzərin sahillərində ona tuşlanan silahları görüb qorxuya düşüb.

Balaca Müşfiqin qoltuğundakı oyuncağa baxın. Yəqin anası onun özündən böyük stuldan düşüb ağlayacağını zənn edib və oyuncağı verib ki, başını qatsın. Şəkil çəkdirməkdən qorxacağını düşünüb böyüklər. Nə vaxtsa fotoaparatın qarşısına keçən bu balaca uşaq şair olacaq və bu dəfə ona tuşlanan silahlar olacaq.

Qafasında işıqlı və gözəl günlərin mənzərəsini daşıyır bu uşaq, ancaq gözlərində qorxu çabalayır. Uzun illərdən sonrakı qara buludların hənirtisini hiss edir indidən. Ləpələrin, küləklərin səsini eşidir, qulaqlarına dənizin uğultusu gəlir. Sonra getdikcə xəyalında üfüq qızarır, günəş ona əl eləyir, üzünü güldürür. Arxası gəlmir xəyalının: qorxunc və tükürpədicidir bu filmin davamı.

Bu şəkil xorla bu şeiri oxuyur:

Məni gözəl xatırla!
Dizlərində yuxuya getdiyimi düşün
Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün
Sevincli olduğun anları gətir gözünün önünə
Alnından öpdüyüm dəqiqələri
Bir azdan qapını döyəcəyimi düşün
Təəccübləndirməyi sevirəm bilirsən
Buda sənə son sürprizim olsun
İndi səninlə yaşanan günləri atəşə verirəm
Məni gözəl xatırla!
Gedirəm…

Ləpələrin qumlu sahilə dəyib bəstələdiyi musiqinin altında güllələnəcəyini gözləyən şairin gözlərində iki yaşında çəkdirdiyi bu şəkil asılıb. O şəkil bütün güllələrə yox deyir.

# 2996 dəfə oxunub

Müəllifin son yazıları

# # #