Gözümü arxadan bağladılar - Bakıdakı “Açıq kitabxana”dan REPORTAJ

Gözümü arxadan bağladılar - Bakıdakı “Açıq kitabxana”dan <span style="color:red;">REPORTAJ
1 sentyabr 2016
# 08:30

Şəhərin mərkəzində, Milli Kitabxananın arxasında “Açıq kitabxana” fəaliyyətə başlayıb. Mədəniyyət və Turizm Nazirliyi ilə M.F.Axundzadə adına Milli Kitabxananın birgə layihəsi əsasında gerçəkləşən “Açıq kitabxana” gənclər arasında mütaliəyə marağın artırılması məqsədi ilə açılıb.

Milli Kitabxananın Rəşid Behbudov küçəsi tərəfdəki bağçasında oxucuların sərbəst kitab oxumağı üçün şərait yaradılıb. "Açıq kitabxana"nın görünüşü kitab guşələri, masalar və oturacaqlardan ibarətdir. Burda müxtəlif kitablar var, ancaq daha çox bədii ədəbiyyata üstünlük verilir.

Direktor müavini Ədibə İsmayılovanın dediyinə görə, gün ərzində bura 100-200 oxucu gəlir. "Açıq kitabxana"dakı işçilər Milli Kitabxananın əməkdaşlarıdır. Onlar üç növbə ilə burda fəaliyyət göstərirlər.

İş vaxtı bitdikdən sonra mühafizəçilər tərəfindən qorunan "Açıq kitabxana" 24 saat oxucuların üzünə açıqdır.

Direktor müavinin adına fikir verin: Ədibə. Sizin də gözünüzün qabağınıza kitab gəldi? Gəlmədisə, özünüz bilərsiniz. Adını Ədibə qoyurlar, illər sonra belə bir kitabxanada direktor müavini olursan. Burda yüz faiz bir mistika var...

- Heç burda oğurluq halları olub? – Ədibə xanımdan soruşuram.

- Xeyr, belə bir hadisə ilə rastlaşmamışıq. Burda oxucular öz kitablarını gətirib başqaları ilə dəyişə bilirlər – direktor müavini bunu deyib “Mən oxudum, sən də oxu” devizi altında olan “Kitab dəyişmə” guşəsini göstərir.

- Bütün oxucular üçün sərbəst bir məkandır... Burda kim istəyir gəlib kitab oxuya bilər. Açıq kitabxanadır, sərbəstdir. – Ədibə xanım gülümsəyərək əlavə edir.

Bu vaxt nə olsa yaxşıdır? Kimsə gözlərimi qapayır. “Kimdir” - deyəndə gözlərim həbsdən xilas oldu və qarşımda qız dostumu gördüm. O da yazı-pozu ilə məşğuldur, jurnalistdir, yaxşı da oxucudur.

Direktor müavini və işçi xanımlar təəccüblə bizə baxdılar. Yəqin ki bizi sevgili hesab etdilər.

- Çoxdandır bir-birimizi görmürdük... Bağışlayın... – utana-utana izah etdim.

Hə, sərbəstlik veriləndə belə hallar da müşahidə olunur. Kod adı “Dəli qız” olan bu jurnalist dostum da görüb ki, açıq kitabxanadır, giriş sərbəstdir, üstəlik çoxdan görmədiyi dostu ilə rastlaşıb və mühitin sərbəstliyindən cəsarətə gəlib gözlərimi qapayıb. Öz aramızdı, bir az ağını çıxartdı, direktor müavini və işçi xanımların gözü qabağında ciddiliyimin üstündən qalın bir xətt çəkildi.

Nə isə, bir az keçəndən sonra gülümsədilər və “Dəli qız” da sağollaşıb getdi.

“Açıq kitabxana” 15 iyulda açılıb. Açılış günündə Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Yazıçılar Birliyinin sədri Anar, Nizami Cəfərov, Qənirə Paşayeva və başqa tanınmışlar iştirak edib, öz ürək sözlərini deyiblər.

Ədibə xanım deyir ki, bağçada poeziya gecələri, tanınmış şair və yazıçılarla görüş, kitab təqdimatları da yaxın günlərdə nəzərdə tutulub.

- Gənc yazarlarla görüş bəs? – özümü düşünüb soruşuram.

- Əlbəttə.

- Bura daha çox kimlər gəlir?

- Gənclər. Tələbələr. Ancaq yaşlılar da gəlirlər. Bura hamı üçündü. Sərbəst kitabxanadır.

- Kitablar kitabxananın öz kitablarıdır?

- Xeyr. Burda ancaq yazıçı, şairlərin öz imzaları ilə hədiyyə etdikləri kitablardır. Bədii kitablar yəni. Ancaq müxtəlif sahələrə aid kitablar da var.

- Gənclər daha çox hansı kitabları oxuyurlar?

- Gənclər bütün sahələrə aid kitab oxuyurlar. Ən çox da bədii kitabları.

Bağçada üç masa ətrafında oxucular var. Yaşlı bir xanım kitab oxumasına ara verib sevgi ilə nə işlə məşğul olduğumu soruşur. Cavabım onu qane edəndən sonra kitabı oxumağa davam edir. Bundan başqa iki-üç uşaq da gözümə dəyir.

- Bizdə “Uşaq guşəsi” var. – Ədibə xanım izah edə-edə guşəni mənə göstərir. – Uşaqlar gəlirlər bura, nağıllar, onlara aid kitablar oxuyurlar.

Bu cür layihələrin sayı artırılmalıdı deyə düşünürəm. İnsanlar kitabla qarşılaşırlar, kitab üzü görürlər. Ən azından yoldan keçənlər də maraq göstərib kitablarla tanış olmaq istəyəcəklər.

- Neçəyə oxumaq olur kitabları? - bu vaxt bir qadın rus dilində işçidən soruşur.

İşçi təəccüblənir:

- Bizdə pulsuzdu.

Bundan gözəl nə ola bilər ki? Artıq bəhanə yeri də qalmır. Kitab pulsuz, oxumaq sərbəst. Özü də 24 saat açıq. Axşam sərinliyində istirahət etmək üçün burda otura və kitab götürüb vərəqləyə bilərsiniz. Məndən olsa sevgilinizi də götürün özünüzlə. Bir sevgi romanı oxuya bilərsiniz bərabər. Təbii sevgiliniz varsa...

“Açıq kitabxana”dan ayrılanda düşünürəm ki, yəqin yaydan sonra bura bağlanar.

- Xeyr – direktor müavini etiraz edir - biz bütün fəsilləri işləyəcəyik.

- Qışda, yağış yağanda açıq havada necə kitab oxunulacaq bəs?

- Yəqin ki şərait yaradacaqlar... – deyir Ədibə xanım.

Bir sözlə, darıxanlar, evdə oturmaqdan bezənlər, cansıxıcı gündən xilas olmaq istəyənlər üçün bundan gözəl xəbər ola bilər? Gedin, açıq havada kitab oxuyun, quşların, küləyin yellətdiyi ağacların səsini eşidin. Həm də özünüzü intellektual göstərmək üçün əntiqə məkandır. “Açıq kitabxana”da kitab oxuyan yerdə şəklinizi paylaşsanız, məncə, sosial şəbəkələrdə ciddi reaksiya doğurarsınız...

# 1299 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #