“Stand up Baku”nun Ülvisi: “Şəxsi söhbətimi yayan adamı tanıyıram” – Müsahibə

Ülvi Həsənli, aktyor-standapçı

Ülvi Həsənli, aktyor-standapçı

15 noyabr 2021
# 09:00

Kulis.az “Stand up Baku”nun standapçıları ilə silsilə müsahibələrə başlayır. İlk qonağımız tanınmış aktyor Ülvi Həsənlidir.

- Ülvi bəy, “Azdrama”dan niyə çıxmışdınız?

- Mən “Azdrama”da ştatda deyildim, müqavilə ilə işləyirdim. Bizim orda studiyamız vardı. Universiteti bitirəndən sonra dəvət etdilər məni ora. Elə oldu ki, orda haqsızlıqlar gördüm. Mən də haqsızlıqlara dözməyən biriyəm.

- Nə haqsızlıqlar oldu ki?

- Bu bizim mətbəx məsələlərimizdi. Ona görə istəmirəm qırağa çıxaram. Sonra bir neçə yerdən təklif aldım. Bizim gözəl rejissorumuz Nicat Kazımov məni “Azdrama” səhnəsinə gətirdi. Sözsüz bir rol idi. Ancaq plastik həlli var idi. “Azdrama”da balet oynayan adamam mən. O tamaşadan sonra Mehiban Ələkbərzadə məni Əmir Teymur tamaşasına çağırdı. Ramiz Novruz da “Silindr” tamaşasına dəvət etdi. Başqa təkliflər də oldu, elə-elə, hardasa bir ilin içində səkkiz tamaşada rol aldım. Təbii, bunu həzm eləməyənlər də vardı.

- Sizin və başqa gənc aktyorların yaşlı nəslə münasibətinin xoşagələn olmadığını da söyləyənlər vardı... Deyirdilər, yaşlı aktyorlara hörmət etmirlər.

- Hörmət eləmək məsələsi deyil. Birincisi, hörmət eləmədiyimiz aktyorlar özləri özlərinə hörmət qoymurdular. Biz də gənc olaraq özünə hörmət qoymayanı necə saya bilərdik? Necə olurdu ki, biz Fuad Poladovu sayırdıq?

- Ümumiyyətlə, bu cür bir fakt var idi? Hörmətsizlik nümayiş etdirmək...

- Xeyr. Əksinə mən orda özümdən yaşca böyük aktyorları görəndə ayağa qalxırdım. Şəxsən özüm haqqında deyirəm. Ramiz Novruz, Füzuli Hüseynovla münasibətim çox yaxşıydı. Düzdü, İsrafil İsrafilovun vaxtında “Azdrama”da başqa teatrların aktyorlarına münasibət bir az fərqli idi. Vidadi Həsənov, Pərviz Məmmədrzayev də başqa teatrdan gəlmişdilər, biz də onların tələbəsi olduğumuz üçün bizə bir az fərqli baxırdılar. Həm də çıxdım bir-iki tamaşada el arasında desək, tutuzdurdum, ondan sonra mənə qarşı qısqanclıqlar yarandı.

- Deyirlər ki, teatrlarda gənclərə şərait yaradılmır. Sizin getməyinizə səbəb bu amil oldu?

- Mən “Azdrama”dan gedəndə bir çox aktyorlar dedi ki, teatr gələcəyin gözəl bir aktyorunu itirdi. Tamaşaların birində Anar Heybətov dedi ki, mən bu oğlanla eyni səhnəni paylaşmaram, çünki o səhnədə Messidir. Fuad Poladov gəlib əlimi sıxmışdı ki, nəhayət, artıq biri var. Hətta “Nazlı” filmində biz Fuad Poladovla tərəf-müqabili olmuşuq – ata və oğlu oynamışdıq. Orda bir səhnədə Fuad Poladov mətn qurtarandan sonra improvizəyə keçmişdi, mən də ona qoşulmuşdum. Ondan sonra rejissora demişdi ki, bu uşaqdan muğayat ol. Ümumiyyətlə, mən teatr dəlisiyəm. İndi mən illərdir sevdiyindən uzaq düşən biri kimiyəm. 6-cı sinifdən teatrdayam mən. Rəhman Əlizadə mənim ilk müəllimim olub. 8-ci sinifdə, Teatr festivalında ilin ən yaxşı aktyoru olmuşam. Mən nə ailə, nə pul istəyərəm – təki teatrda qalım. Ancaq bəzi insanlar məni sevdiyim teatrdan uzaq saldılar.

- Və bunlar sənət adamları idilər...

- Bəli. Teatrın öz içində olan adamlar. Məsələn, İsrafil İsrafilov qalsaydı, belə olmazdı.

- Ancaq İsrafil müəllimdən də narazı qalanlar olmuşdu...

- Məncə, İsrafil müəllimdən narazı olanlar hal-hazırda ona dua oxuyurlar. İsrafil müəllim elə rejissor idi ki, yeniliyə açıq idi, gənclərə yol açırdı. Məsələn, şəxsən mən istəməzdim ki, Əmir Teymuru Nürəddin Mehdixanlı oynasın. Nürəddin Mehdixanlı çox gözəl aktyordu, ustaddır. Hər dəfə onu səhnədə görəndə yeni şeylər kəşf etmişəm. Amma Əmir Teymur üçün Nürəddin bəy yaşlıdır. Elə rollar var ki, onlar üçün gənclərə yer verilməlidir.

- Siz və sizin kimi bir çox gənc aktyorlar haqqında deyirlər ki, dağıdıcısınız, inqilaba meyllisiniz.

- Həmişə hər yerdə başıma bəla olan bir şey var. Mən heç vaxt rəhbər qarşısında təzim eləməmişəm. Məsələn, mənə rejissor deyəndə ki, bu səhnədə çay içməlisən, bunun səbəbini bilməliyəm. Kukla deyiləm axı. Çay misaldır burda. Yəni bəzən bizdə aktyor rejissordan çox şey bilir. Yaxşı rejissorlarımız da çoxdur. Mehriban Ələkbərzadə, Nicat Kazımov. Ancaq elə rejissorlar da vardı ki, baxıb deyirdim, mən səndən daha çox bilirəm. Bizim inqilabımız da bu yerdə ortaya çıxdı. Bizə imkan vermədilər ki, istədiyimizi eləyək.

- Başqa teatrlara dəvət ediblər?

- Muzkomediyaya çağırdılar. Orda da ilk səsi yoxladılar. Məndə də səs o qədər güclü deyil. Mən də ikinci planda olmaq istəmirəm.

- “Stand up Baku”ya gəlişiniz necə oldu?

- Layihə rəhbərimiz Mürsəl Mahmudovdur. Mürsəllə görüşdük. O mənə dedi ki, ayda dörd çıxış olmalıdır, ancaq sən birində iştirak elə. Çünki mənə güvənmirdilər. Bəzi standapçı dostlarım vardı, deyirdilər, standap alınmaz səndə. Bəlkə də qısqanırdılar. Mən isə orqanik adamam, səhnə də görmüşəm. Standap da həm aktyorluq qabiliyyətidir, həm də zarafat. Bunlar da mən də var. Niyə də alınmasın? Mürsəl mənə bir dəfə çıxış eləyəcəksən deyəndə ona dedim ki, Mürsəl, sən mənə bir dəfə də çıxış üçün icazə ver, alınmasa, mən sən deyən kimi eləyəcəm. Dedi, yaxşı. Birinci çıxışda özümə görə 100 faizdən hardasa 40 faiz alındıra bilmişdim. İkinci çıxışda isə, necə deyərlər, partlatdım. Üçüncü, dördüncü, beşinci çıxışdan sonra isə zala adamlar Ülvi Həsənliyə baxmaq üçün gəlirdilər. Özü də həmişə mənim çıxışımı axıra saxlayırdılar ki, zalda adam qalsın. Düzdü, dostlarımızdan yaxşı çıxış eləyənlər çox idi. Sadəcə orda bir kütlə vardı ki, onlar yalnız mənim çıxışıma baxmağa gəlirdilər. Hə, beləcə mən standapçı kimi tanındım, böyük bir kütləm yarandı. Ümumiyyətlə, mən standap üçün çox əziyyət çəkmişəm. Bu gün “Stand up Baku”nun qalmağında böyük səbəblərdən biri mənəm. Elə günlər olub, sponsor olmayıb, pulsuz çıxış eləmişik, rayonlara getmişik. Təki layihəmiz qalsın. Həqiqətən də, “Stand up Baku”dakı uşaqlar da təsdiq edə bilərlər. Mən orda necə əziyyətlərlə bu səviyyəyə gəlmişəm. Gəlib bir pilləyə qalxdım, sonradan o pillədən məni yıxdılar. İndi təzədən o pilləyə qalxmaq üçün çalışıram.

- Necə yıxdılar o pillədən?

- Bunu hamı gördü. Kimlərinsə tələsinə düşdüm. Haqqımda anti-piar getdi.

- Şəxsi söhbətləriniz üzə çıxmasını deyirsiniz yəqin...

- Bəli, bəli. Şəxsi söhbətləri üzə çıxardılar. Hansı ki, bu çoxdan olan bir şey idi.

- O şəxsi söhbəti kim çıxardı üzə?

- Mən bildim kim çıxardı. Sadəcə o adamın kimliyini açıqlamadım. Heç yerə də açıqlamaq istəmirəm.

- Bəs, özünüz şəxsi hesab çəkdiniz aranızda?

- Xeyr. O elə biri deyil ki, mən onunla hesab çəkim. Biri var, kişidir, kişiylə oturub söhbət edirsən. Biri də var, kişilik titulundan da uzaqdadır. Onunla nə söhbət edəsən?

- Belə başa düşdüm ki, hansısa tanış bir kişi yayıb bu söhbəti...

- Bəli.

- Çevrənizdə olan biri idi?

- Hə, çevrəmizdəydi. Tək mənim yox, hamının tanıdığı insanlardı.

- Bir yox, bir neçə şəxs olub yəni?

- Bəli. Allah köməkləri olsun. Mən həmişə Allahı tərəf tutmuşam. Allah hər şeyin yaxşısını da, pisini də bilir. Mən reytinqlərdə də yüksəkdəydim, xeyli populyarlıq qazanmışdım. Həm standaplarda, həm seriallarda idim. Buna görə dəhşətli qısqanclıq yarandı.

- Sizi bəyənənlər çoxdu, ancaq bəyənməyənlər də az deyil. Tez-tez də haqqınızda sərt tənqidlər olur. Bir dəfə də bloggerlərin biri ilə mübahisəniz üzə çıxmışdı... İmran Əsədov adlı bloggerlə. Sanki sizi bir az qəzəbli gördük orda...

- Qəzəbli deyildim. Sadəcə mənim bir səhvim oldu ki, kiməsə cavab verdim. O dediyiniz İmrandı, Gümrandı, mən heç onu tanımırdım. Sonra onun videolarına baxdım, gördüm ki, bu adam istəyir kimlərsə buna söysün və o da bundan reytinq qazansın. Gördüm ki, bu adam eyni şeyi Fərdaya da eləyib, Kənan MM-ə də. Xaricdə oturub bizim dövləti pisləyənlər var ha, bunlar da onların taylarıdır. Azərbaycanda olsa onlar, heç biri bizimlə üzbəüz gələ bilməz. Oturub xaricdə kimisə söyürlər ki, o da bunu görüb onlara söysün. Axırda da buna baxış gəlsin. Siz də məni bağışlayın, tüpürüm o baxışa ki, sənin insanlığın, kişiliyin, oğlanlığın ortadadır, söyülürsən. Tənqidə mənim həmişə yaxşı münasibətim var. O oğlanın videolarına da baxmışam, öz yanaşması var. Pisləmirəm də bunu. Tənqid olar, ancaq təhqir...

- Sizi təhqir etmişdi?

- Bəli, orda mənim haqqımda söyüş işlətmişdi. Mən ona görə cavab verdim. Yoxsa mən tənqidə dözümlü adamam. Yüz adam yazır ki, “əşşi, bu nədi”, mən onların heç birinə cavab vermirəm. Ümumiyyətlə, düşünürəm ki, biz cəmiyyət olaraq çərçivələr içərisindəyik. Mən də o çərçivələri sevməyən biriyəm.

- Sizi tənqid edənlər daha çox kişilər olur. Qadınların sizi sevdiyini müşahidə edirik. Ola bilərmi ki, qadınların sizə sevgisini qısqandıqları üçün kişilər sizi hədəf seçir?

- Qısqanclıq ən birinci nədən yaranır? Açıq danışım da. Mən standaplarımın çoxunda qadınlardan danışıram. Bizim kişilərin əksəriyyətində də qadın xəstəliyi var. Adi bunu Tik-Tokda da görə bilərsiniz. Qadın mini geyindi, canlı açdı, ooo, vəssalam, baxış qalxdı. Baxırsan buna, hərdən istəyirsən mini geyinəsən (gülür). Yəni o həddə çatdırırlar adamı. Hə, bu çevrənin kişiləri də gördülər ki, mən xanımlardan danışıram və yaxşı reaksiya alıram. Hansı xanımları ki, hədəfə alırdım, o xanımlar mənim zarafatlarımı tuturdu, paylaşırdılar. Yanıxlı qaldığı rəfiqəsinə acıq vermək üçün paylaşırdılar özü də. Bir sözlə, xanımlar tərəfindən daha çox rəğbət qazandım. Xanımlar məni görəndə şəkil çəkdirirdilər və s. Bizdə də belə düşüncə var axı – “yəqin bunda babat qızlar olar” (gülüşmə). Elə-elə kişilərdə aqressiya yarandı. Belə zamanlarda fikir verirdim ki, çox adam deyirdi, ay Allah, bir dənə bunun ayağı büdrəsin. Büdrəyəndə də o təpikləri görürdüm. Sənət adamlarının təpiklərini görürdüm e. Mənimlə bir yerdə olan, çörək kəsən sənət adamları, aktyor yoldaşlarım. Mənə mesajlar göstərirdilər. Mənə dəstək olanlara yazıblarmış ki, niyə ona dəstək olursunuz.

- Ümumiyyətlə, bu şeylərdən sınan adamsınız?

- Mən sınsaydım, bu dəqiqə intihar etmişdim.

- Məşhur aktyorlar haqqında da bu cür anoloji hadisələr olur. Onların şəxsi həyatları paylaşılır, haqlarında yazılır və s. Sizə təsir eləyir bunlar?

- Təsir eləyir e, sadəcə mən ona reaksiya verəcək adam deyiləm. O adamları yaxşı tanıyıram. O adamlar heç bir uğuru olmayıb kimlərəsə komment yazanlardı. Kommentmenlərdi də onlar. Onlar üçün bir paltar düzəldib üstünə “K” yazmaq lazımdır. Yəni yazdım partlatdım. Onlar səhər durub hansı məşhuru təhqir edim ki, kommentimə layk gəlsin eşqi ilə yaşayırlar. Mənə maraqlı deyil belə adamlar. Ancaq bir şeyin əleyhinəyəm. Həm efirdə, həm mediada. Kimlərinsə şəxsi həyatını üzə çıxarmaq. Mən özüm yoldaşımla video çəkib səhifəmdə paylaşıram. Bu cür şeylərə pis baxmıram. Ancaq kimlərsə min uğurumuzu görmür, onu paylaşmır, biri təhqir edən kimi onu o dəqiqə paylaşır. Bu yaxınlarda bir verilişdə oldum. Orda maraqlı çıxış elədim, İzzət Bağırovla duet də oxudum. Heç biri paylaşılmadı. Ayağım bir azca sürüşmüşdü, bütün media götürüb onu paylaşmışdı. Əməlli-başlı trend olmuşdu.

- Razılaşaq ki, məşhur adamın şəxsi həyatını öyrənmək istəyən fanatlar da var...

- Şəxsi həyatı öyrənsin e, amma kiminsə şəxsi həyatına təhqirlər olunmasın. Məsələn, mən yoldaşımla canlı açıram, orda xoş sözlər də yazanlar çox olur, ancaq bir də görürsən, biri söyüş yazıb. Bu adam düşünmür ki, həyat yoldaşı olan yerdə mən niyə söyüş söyüm? Ancaq vallah, həmin adamlar üzbəüz gələndə mənimlə şəkil çəkdirib üzr istəyiblər.

- Sizə bu cür sərt ifadələr yazan, söyüş söyən biri ilə realda görüşdüyünüz olub?

- Görüşdüyüm olmayıb, ancaq telefonda danışdığım olub. İki dəfə olub hətta. Biri demişdi ki, mən sənin fanatınıydım, istəyirdim səninlə danışım, ona görə belə eləmişəm.

- Vay-vay...

- Biri də 15 yaşında uşaq idi. Çoxusu da bu yaşlardan olan insanlar olur. Ya xaricdədir, ya da rayonda oturub. Bilir ki, söysə də, bir şey olan deyil. Biri təhqir yazmışdı. Dedim, gəlirəm rayona, gözlə. Dedi, yox, sabah mən çıxıb gedirəm Moskvaya.

- Ülvi bəy, indiki tamaşaçı sizdən nə istəyir?

- Əksəriyyəti düşünmək istəmir. İndi o layihələrə baxırlar ki, orda kişi burcudur, qəribə-qəribə hərəkətlər eləyir. Yəni aktyorlar qalıb kənarda, aktyor olmayanlar meydandadır. Ancaq bu cür şeylərə baxırlar. Necə deyərlər, qara camaat olmuşuq e. Çox üzdən zarafatlara, səhnədə yıxılmağa, bambılılıq eləməyə gülürlər.

- Ancaq “Stand up Baku”da yumorun o plankası da var da...

- Bizim fərqimiz odur. Yəni bizdə yumor fərqlidir. Aşağı yumor bizdə yoxdur. Varsa da, o da azdır.

- Kütlə sizin yumoru qəbul edə bilir?

- Orda hərənin bir kütləsi var. Ad çəkmək istəmirəm, orda da elə standapçılar var ki, ancaq qara camaata işləyirlər. Təhqir mənasında demirəm. Sadəcə düşüncədən daha çox bu istiqamətə köklənirlər.

- Sizin özünüzün “qara camaat”a işləyən standaplarınız olmayıb?

- “Qara camaat”a işlədiyim yox, camaatın içindən işlətdiyim zarafatlar olub. Onları da tənqid mənasında eləmişəm ki, belə şeylər eləməyin. Əslində bizim işimiz də budur: cəmiyyətə özümüzü göstərmək.

- Sizcə, qalıcı sənət növüdür standap?

- Qalıcı sənət növü deyil deməzdim. Dövrünə görə dəyişən sənətdir. Yəni mən bu gün öz dövrümdə olan hadisəni danışaramsa, o danışdığım 10 il sonra olmayacaq. Məsələn, bu gün Tik-Tok var, sabah ola bilsin olmayacaq. Mən bu gün Tik-tokdakı bəzi şeylərdən danışıram, sabah isə Mik-Mok çıxacaq, ondan danışacam.

- Standapda danışdıqlarınız nə qədər real olur, nə qədər uydurma?

- Hamısı başımıza gəlir, sadəcə bəzəyirik. Sxem realdır amma. Biz içini doldururuq zarafatlarla.

- Ülvi bəy, siz seriallarda da oynayırsınız. Maraqlıdır, film təklifləri gəlirmi sizə?

- Bilmirəm, mən rejissorlarımıza neyləmişəm, mənə film təklifi olunmur.

- Yaşınız da gedir və təkliflər də gəlmir. Sizi bu ağrıtmırmı?

- Məni o ağrıdır ki, istədiyim işlərdə ola bilmirəm. Və inanmıram yaxın 10 ildə də bu reallaşsın. Elə ürəyim partlayır ki... Bu yaşda oynamaq istədiyim o qədər obrazlar var, hansı ki o obrazları türklər çəkirlər, biz də ağzımızın suyunu axıda-axıda onlara baxırıq. Özümüz bunu çəkmək istəyəndə ağız əyirik.

- Belə bir fikir də var ki, serial aktyorunu filmdə çəkmək çətindir.

- Bu fikri deyən adam, deməli, rejissor deyil.

- Yəni seriallarda çəkilmək aktyoru sanki monotonlaşdırır...

- Mel Gibson gedib qəbilənin içindən adamları yığıb aktyor eləyibsə, deməli, o rejissordur. Sən öz əlindəki serial, teatr aktyoru kinoya uyğunlaşdıra bilmirsənsə, demək, problem sənin özündədir.

- Serialda özünü çox xərcləmək məsələsi də var axı...

- Mənə rola görə 200 min, lap 100 min versinlər, mən qələt edərəm başqa yerə gedərəm. Vermirsiniz axı onu. Mən film istəyirəm, elə bir rol istəyirəm ki, başımı keçəl eləyim. Ən çox arzuladığım obraz Jokerdir, mən onu oynamaq istəyirəm. Joker həyatımın obrazıdır.

- Özünüzdə də Jokerlik var sanki...

- Mən xarakter olaraq sevirəm Jokeri. Joker axına qarşı gedən adamdı. Mən də o cürəm. Heç vaxt axının dalınca getmirəm, ona qarşı gedirəm. Ona görə də çox adam məni qəbul etmir. Mən onların getdiyi yerə getmək istəmirəm, onlara qarşı getməyi sevirəm.

- Qorxmursunuz?

- Qorxsaydım, hər halda bu işin arxasınca düşməzdim.

- Çünki insan taleyinin əksinə gedəndə nəyinsə əvəzini verir...

- Bizim bədbəxtliyimiz odur ki, insan dünyadan köçəndən sonra deyirlər, o əjdahaymış. Dövründə Sabirin qiymətini bilmədilər, indi onun yazdıqları hər yerdə gəzir. Nəsiminin dərisini soyduq, Babəki doğratdırdıq. Biz öldürüb sonra deyirik ki, heyf ondan.

- Dəyər qazanmaq üçün mütləq kimsə ölməlidir...

- Yüz faiz. Bu haqda standapda da danışmışam. Mən həsəd aparıram ölən sənətkar haqqında deyilən sözlərdən ötrü.

- Ülvi bəy, ciddi məsələləri yumor dilində vermək çətin deyil ki? Elə danışdığımız bu ciddi mövzu kimi...

- Çox çətindir. Mən Nəsimi haqqında standapda danışmışdım, instaqram səhifəmi 1 ay spama atmışdılar. Özü də Nəsimini metrostansiya adı kimi tanıyanlar.

- Nəsimi ilə bağlı hansı sözünüz onları incitmişdi?

- Afət Fərmanqızı Nəsiminin qəzəlinə mahnı oxumuşdu axı. Hamı da onu qınamışdı. Mən də çıxıb demişdim ki, bunu qınayanların çoxusunun heç Nəsimidən xəbərləri yoxdur. Ən azından Afət Fərmanqızı sayəsində 1 milyondan çox adam bu qəzəllə yenidən tanış oldu.

- Ülvi bəy, Türkiyəyə getmək, orda bir filmdə oynamaq haqqında bir dəfə demişdiniz. Hələ də bu fikirdəsiniz?

- Bəli. Getmək istəyirəm. Çox sıxılıram burda. Sadəcə orda hər şeyə sıfırdan başlamaq lazımdır. Burda heç olmasa bir səviyyəyə gəlib çıxmışıq. Evli olmasaydım, bəlkə də çoxdan çıxıb getmişdim. Özümüzü pisləmək üçün demirəm. Sadəcə burda dəhşət sıxılıram.

- Bu sıxıntının səbəbi nəylə bağlıdır?

- İstədiyim işlərə qol qoya bilmirəm. Getmək istəyirəm, ona görə ki, bəlkə getdiyim yerdə mənə bu işlərə görə bilməyim üçün şərait yaradarlar. Nə qədər olar e, ancaq serial, serialda da qadın dır-dırı, ailə söz-söhbəti və s.

- Standapdan yorulmursunuz?

- Hərdən yoruluram. Adiləşməyindən qorxuram.

- Standapdan qazandığınız sizi qane edir?

- Çəkdiyim əziyyətin qarşılığında çox-çox aşağıdır. Tək standapla yaxşı qazansaydım, başqa iş görməzdim, ancaq standapla məşğul olardım. Çünki sevdiyim işdir. İndi isə təkcə standapla məşğul olsam, aylıq kirayə pulumu ödəyə bilmərəm.

- Getmək istəyinizdə maddi məsələ də var?

- Yox. Mən bu mühitdən sıxılıram. İnsanların geri düşüncədə olması məni sıxır. Günü-gündən dala getməyimizə, yumorumuzun inkişafdansa, geriyə getməsinə görə sıxılıram. Adlarını yumorist qoyan adamlara görə daha da geriyə gedirik. Çox geriyə gedirik.

- Sizin də yumorunuzu zaman-zaman tənqid edirlər...

- Şəxsi fikirdir o. Kimsə bəyənmirsə, mən ona bir şey deyə bilmərəm.

- Yumor baxımından özünüz özünüzə necə qiymət verərdiniz?

- Mən hələ inkişafdayam. Özümə tam inkişaf eləmiş yumorist demək doğru olmaz. Mən hələ axtarışdayam. Yazıram, pozuram, özümü inkişaf elətdirirəm. O biri yumoristlərdən fərqim odur ki, mənim yazım, şeiriyyatım var.

- Meyxana da deyə bilirsiniz, deyəsən...

- Bəli. Mən vaxtilə kəndlərdə meyxana da demişəm. Meyxana deyənlər də məni yaxşı tanıyır. Hamısı ilə yaxşı münasibətim var. Amma sonradan gördüm ki, mən bu işin dalınca gedə bilmərəm.

- Meyxanaçılarla yumor eləsəniz, sizdən inciməzlər ki?

- Məncə, inciməzlər. Çünki başqaları eləsə, təhqirə keçərlər. Ancaq mən heç vaxt təhqir eləmərəm. Hamısı ilə də aram yaxşıdır.

- Ülvi bəy, sizi Bayram Nurlunu parodiya elədiyinizə görə aktyorlar qınamışdılar, demişdilər, ayıbdı bu cür şey eləmək. Necə baxırsınız bu cür reaksiyalara?

- Biz hələ ayıbın nə olduğunu bilmirik. Ayıbdı deyirik, amma Bayram Nurlunun 500 min izləyicisi var. Ayıbdı deyib Bayrama aylıq 4000-5000 pul qazandırırıq. Mən Bayramı tərifləməmişəm ki? Deməmişəm ki, o zordur. Mən parodiyamla onu tənqid etmişəm. Bu videonu da bütün saytlar götürüb qoydu. Tutanlar tutdu ki, nə demək istəmişəm. Bayaq dediyim geridəqalmışlıq bax budur, parodiyanın nə olduğunu bilmədən başlayır qınamağa. Başa düşmür ki, o adam orda nə demək istəyib.

- Ümumiyyətlə, bu cür əsassız hesab elədiyiniz tənqidlər çox olur?

- Mən bir dəfə Prezidentə müraciət eləmişdim ki, gənc aktyorların evlə təmin olunmağına köməklik göstərsin. O gənc aktyor ev məsələsini həll edib mədəniyyətə daha yaxşı töhfələr verə bilər. Bəzi “zurlanistlər” çıxmışdı ortaya ki, bu Bayram Nurlunun parodiyası ilə tanınır, amma prezidentdən ev istəyir, nə haqla. Onlar haqqında demişdim ki, bir jurnalist mənim Akademik Milli Dram teatrındakı rollarıma, Bakı Estrada teatrındakı oyunlarıma, çəkildiyim səkkiz seriala (hansı ki yeddisində baş rolda oynamışam), rol aldığım dörd bədii filmə, danışdığım standaplara, videoblogger kimi çəkdiyim videolara baxmayıbsa, yazdığım şeirləri oxumayıbsa və məni Bayram Nurlunun parodiyası ilə tanıyırsa, deməli, problem o jurnalistdədir və jurnalist bizim jurnalistikamıza ləkədir.

- Maddi sıxıntılarınızın və ev probleminizin olduğunu söylədiniz. Məndə belə bir təsəvvür var ki, “Stand up Baku”ya gələn izləyicilərin əksəriyyəti imkanlı adamlardı.

- Bəli. Çoxları da dostlarımızdı.

- Sizə hər hansı dəstəkləri olurmu?

- Dəstək eləyənlər də, hansısa şərait yaradanlar da olub. Ancaq böyük dəstək var ha... Məsələn, o dostlardan biri görür ki, Ülvinin ev problemi var və dəstək olur. Sizə bir şey deyim. Mən bir il kirayədə qaldım, sonra vəziyyətim pisləşdi. Adını çəkmək istəmirəm, evində kirayədə qaldığım dostum üç aylıq körpəm ola-ola bir aylıq kirayəmi keçmədi mənə, çıxartdı evdən məni. Bir il onun-bunun evində qalmışam. Çox adam bilmir bunu, mən ailəmdən uzaqda qalmışam. Ailəm öz ata-anasıyla qalırdı, mən öz atam anamla. Ailəli adamlar, kirayədə olanlar məni yaxşı başa düşərlər. Bax, o imkanlı adamların heç biri sənətçiyə bu mənada dəstək olmurlar. Təzə çıxmış xanım müğənniyə maşın alırlar, ancaq sənətçiyə yaxın durmurlar. Mən onsuz öz əziyyətimlə onları əldə edəcəm. Ancaq onların mənə dəstək olması mənim üçün böyük bir şey olardı. Vallah, mənim o cür imkanım olsa və görsəm ki, gənc aktyorun vəziyyəti pisdir, ona maşın da, ev də alardım.

- Ülvi bəy, siz populyar bir adamsınız. Xüsusən də xanım fanatlarınız çoxdur. Yoldaşınız qısqanmır ki?

- Mənim yoldaşım, ümumiyyətlə, xaraktercə qısqanc adamdır. Amma o ailə quranda bilirdi ki, kiminlə ailə qurur. Onun özü də bizim sferaya yaxın adamdır deyə o qədər də problem olmur. Təzə-təzə çox qısqanclıqları olurdu. İndi yavaş-yavaş düzəlir (gülür).

- Sizi sevənlərlə bərabər çoxlu sayda sevməyənləriniz də var. Müsahibə boyu biz bu haqda danışdıq. Sadəcə soruşmaq istəyirdim ki, bu qədər neqativlə yüklənəndən sonra standapda adamları güldürmək çətin olmur ki?

- O kloun həyatı deyilən bir şey var e, üzdə gülən, içdə ağlayan. Çox adam mənim içimi bilmir. Təbiətcə şən, pozitiv adamam, çıxıb camaatı güldürürəm. Ancaq özüm tək qalanda çox ağlamışam. Mənə olunan haqsızlıqları unuda bilmirəm. Bizim sferada çox adam var ki, başını aşağı salır, bu üzünə tüpürəndə, o birini çevirir. O tüpürməkləri mən qəbul edə bilmirəm. Gedim həcinin yanına, güldürüm onu, nə var-nə var 10 manat pul verəcək mənə - mən o adam deyiləm. Onlar haqsızlıqları udurlar ki, işləri getsinlər. Mən udmuram. Sözü birbaşa deyirəm. Ona görə də çox adam məni qəbul edə bilmir.

- Haqsızlıqlara necə dözürsünüz?

- O haqsızlıqlar məni çox yükləyir, çox. Amma yıxılmıram. Yıxılmıram və çıxıb standapda o neqativləri yumor halına salıb danışıram. Ancaq kənarda mənə bu haqsızlıqlar çox təsir edir. Niyə axı? Niyə məni rejissorlar bəyənmir? Nə etmişəm onlara? Mənim haqqımda belə bir şayiə buraxmışdılar ki, Ülvi komanda dağıdandır, Ülvi kimlərinsə dalınca danışandır. Mən birinə soruşuram ki, görmüsən mənim arxaca danışmağımı? Deyir, yox, amma kimsə deyir. Deyirəm, a kişi, kimsə məni istəməyən adamdır da. Soruşuram, hansı komandanı dağıtdığımı görmüsən? Dörd il Bakı Estrada teatrını çiynimdə daşımışam, dörd il də “Stand up Baku”nu çiynimizdə daşıyırıq. Hansını dağıtmışıq? Hansı adamın arxasınca danışmışam? Mən birinin üzünə deyə bilməyəcəyim şeyi arxasınca danışmıram. Kimsə mənə haqsızlıq eləyəndə birinci onun üzünə deyirəm, sonra beş adamın yanında deyirəm ki, o belə-belə adamdı. Çox adam özünü pis eləməmək üçün heç nə demir, ancaq mən deyirəm. Mən istəyirəm o adamı tanısınlar. Niyə yaxşılar çıxsın, pislər qalsın? Qoy elə yaxşılar üzdə olsun da. Bizdə çoxusu rejissora xoş söz deyir ki, onu filmdə çəksin. Rejissorlarımızın səhv tərəfi də odur ki, sənətə görə yox, şəxsi keyfiyyətə görə onu filmə çəkir. Yaxşı, tutaq ki, mən pisəm, sən məni sənətimə görə çək də. Bizim ən böyük bəlamız budur.

# 4878 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #